Ermənilərin Şamaxıda törətdikləri
qətliam və cinayətlər
1-ci yazı
1918-ci ildə
ermənilərin soydaşlarımıza qarşı vəhşilikləri
sırasında Şamaxıda törətdikləri cinayətlərlə
bağlı bilgi verən tarix üzrə fəlsəfə
doktoru Vaqif Abışov bildirir ki, Rusiya imperiyasında baş
verən 1917-ci il fevral burjua
çevrilişinin nəticəsi olaraq dünyada yeni bir tarixi
mərhələ başlamışdı. Müharibənin gətirdiyi
aclıq və səfalətlər, eləcə də
çarizmin uzun illər boyu yeritdiyi ayrı-seçkilik siyasətindən
cana doymuş millətlər azad olmaq arzusu
ilə mübarizəyə başlamışdılar. 1917-ci
ildə Rusiya imperiyasında siyasi hakimiyyətin bir neçə
dəfə dəyişməsi Azərbaycanda da təlatümlərə
gətirib çıxarmışdı: “Bu təlatümlər
içərisində ən çox əziyyət çəkən
Azərbaycan xalqı olmuşdu. Bolşevik
hakimiyyəti dövründə (1917-ci ilin noyabr - 1918-ci ilin
iyul ayları) yerlərdə sovet hakimiyyəti qurmaq adı
altında yeridilən antiazərbaycan siyasəti nəticəsində
bolşeviklər xalqımızın dərin nifrətini
qazanmışdı. Məlumdur ki,
Türkiyə, daha sonra Azərbaycan ərazisində
türk-müsəlmanların kütləvi surətdə qətlə
yetirilməsi və onların doğma torpaqlarından
qovulmaları erməni siyasi mübarizəsinin ana xəttini təşkil
etmişdi. Onların bu cinayətkar əməllərinə
maddi, siyasi və hərbi dəstək verən Rusiya dövləti
olmuşdu. Bolşeviklər hər cür
demokratik şüarlarla pərdələnsələr də,
Azərbaycanın milli maraqlarına cavab vermirdilər. Hadisələrin sonrakı inkişafı bir daha
göstərdi ki, ermənilər tərəfindən istiqamətləndirilən
bolşevizm xalqımıza sonsuz qırğınlar və faciələr
gətirmişdi. Sovet tarix elmi ermənilərin
bolşevik-sovet bayrağı altında azərbaycanlılara
qarşı törətdiyi dəhşətli
qırğınları bilərəkdən ört-basdır
etmiş və hadisələrə sinfi mövqedən
yanaşmaqla problemin tarixşünaslığı uzun
müddət sovet ideologiyasına xidmət göstərmişdi.
Erməni-rus bolşevik hökumətinin hərbi
qüvvələri tərəfindən Şamaxıda sovet
hakimiyyəti qurmaq adı altında türk-müsəlmanlara
qarşı törətdikləri dəhşətli
qırğınların üstündən sükutla
keçilmişdi. 1918-ci ilin avqustundan 1920-ci ilin aprelinədək
fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat
Komissiyasının Şamaxı şəhəri və
Şamaxı qəzası üzrə ermənilərin törətdikləri
vəhşiliklər haqqında qəbul etdiyi 23 qərar layihəsi
və 7 cild, 952 vərəqdən ibarət təhqiqat işlərində
toplanılmış materiallar ermənilərin burada törətdikləri
vəhşiliklər haqqında ətraflı məlumat verir. Bakıda azərbaycanlıların
soyqırımı hələ başa çatmamış,
ermənilər bu qanlı qırğınları qəzalarda
da həyata keçirməyə başlamışdılar.
Bununla əlaqədar
olaraq N.Nərimanov yazırdı: “Lakin belə bir dəhşətli
hadisədən sonra, onun qəzalar üzrə həyata
keçirilməsini davam etdirmək nəyə lazım idi. Bax, suala 1918-ci ildə Bakıdakı Sovet hakimiyyəti
cavab verməlidir”. Arxiv sənədləri arasında
1918-ci il noyabrın 22-də Fövqəladə Təhqiqat
Komissiyasının sədri Ə.Xasməmmədovun Azərbaycan
Xalq Cümhuriyyəti ədliyyə nazirinə Şamaxı
şəhəri və Şamaxı qəzasının azərbaycanlı
kəndlərinin talan edilməsi və müsəlman əhalisi
üzərində ermənilərin zorakılıqları
haqqında məruzəsi, həmin komissiyanın üzvü
A.Novatskinin bu məsələ haqqında komissiya sədrinə
məruzəsi və bu işdə günahkar olan şəxslərin
cinayət məsuliyyətinə cəlb edilməsi haqqında
Fövqəladə Təhqiqat Komissiyasının 1919-cu il 12
iyul tarixli qərarı və s. vardır. 1919-cu il aprel ayının 3-də Şamaxı qəza
rəisinin FTK-ya həmin qəzanın 3 polis sahəsi üzrə
(Qəbiristan, Mədrəsə və Kaşun) ermənilər
tərəfindən dağıdılmış kəndlərin
siyahısı göndərilmişdi. Həmin siyahıya Qəbiristan
polis sahəsi üzrə 19, Mədrəsə polis sahəsi
üzrə 41 və Kaşun polis sahəsi üzrə 26 kəndin
(cəmi 86 kəndin) adı daxil edilmişdi. Yelizavetpol Müsəlman
Milli Şurasının sədri Xasməmmədov martın
28-də Seymin və Cənubi Qafqaz hökumətinin sədrinə
göndərdiyi teleqramında yazırdı ki, martın 18-də
bolşeviklər tərəfindən Bakıdan 2000
yaxşı silahlanmış, top və pulemyota malik olan əsgər
dəstəsi Şamaxı qəzası istiqamətində
yola salınmışdı. Dəstə yol boyu
15-dən çox müsəlman kəndini məhv edərək,
Şamaxı şəhərini darmadağın etmişdi.
Minlərlə müsəlman, o cümlədən
qadın və uşaqlar qılıncdan keçirilmişdi.
Faciəni təsvir etmək olmur. Təhqir və zorakılıqlar həddini
aşmışdı. Təcili hökumətin
köməyi lazımdır. Lakin nə
Seym, nə də Cənubi Qafqaz hökuməti Xasməmmədovun
bu həyəcan dolu teleqramına cavab verməmişdi”.
1919-cu il
martın 30-da Bakıda nəşr olunan “Azərbaycan” qəzetində
(rus dilində) Şamaxı hadisəsi ilə bağlı
“Şamaxının son günləri” başlığı
altında çap olunmuş məqalədə ermənilərin
törətdikləri qırğınların səbəbləri
və bu qırğının gətirdiyi faciələr əks
olunmuşdu: “Qəzet yazırdı ki, cəbhədən
qayıdan erməni əsgərləri özləri ilə
bir, hətta iki silah gətirirdilər və bu silahları da
sonradan öz həmyerlilərinə paylayırdılar. Qəzetin məlumatına görə, 1918-ci ilin
yanvarından buraya Bakıdan emissarlar gələrək ermənilər
arasında müsəlmanların əleyhinə geniş əks-təbliğat
aparmağa başlamışdılar. Onlar
yalnız ermənilər arasında deyil, eyni zamanda malakan və
yəhudilər arasında da söhbətlər
aparmışdılar ki, guya müsəlmanlar sizi
qıracaqlar. Halbuki uzun illər boyu bir yerdə
yaşayan malakan və yəhudilərlə bir dəfə də
olsun yerli Azərbaycan əhalisi arasında qarşıdurma
yaranmamışdı. Belə bir
ağır vaxtda, Şamaxını tərk edən rus əsgərləri
də öz hərbi hissələri və silahlarını
ermənilərə təhvil verib gedirdilər. Bunun müqabilində Şamaxıda azərbaycanlıların
nə hərbi hissəsi, nə də silahlı dəstəsi
var idi. Hətta yerli ziyalılar, xüsusən
müsəlman dindarları hər hansı
qarşıdurmanın baş verməməsi üçün
bütün qüvvələrini sərf etmişdilər.
Lakin Şaumyanın rəhbərlik etdiyi
Bakı Soveti erməni hərbi hissələrini
Şamaxıya göndərərək yerli türk-müsəlman
əhaliyə qarşı dəhşətli
qırğınlar törətmişdilər. Şəhər sakinləri erməni və
malakanların şəhəri mühasirəyə
aldıqlarını görüb, gecə imkan tapan,
ayaqyalın, başıaçıq şəhərdən
qaçmış, didərgin düşmüşdülər.
Şamaxıya hücum edən erməni quldur dəstələrinin
başında Stepan Lalayev (Lalayan) dururdu (Lalayan
“Daşnaksütyun” və Erməni Milli Şurasının
üzvü idi. Bu həmin Lalayevdir ki, Bakıda 1918-ci il mart qırğınında minlərlə
dinc azərbaycanlının amansızcasına qətlə
yetirilməsinə rəhbərlik etmişdi). Stepan
Lalayevin cinayətlərini araşdıran Fövqəladə
Təhqiqat Komissiyasının topladığı faktik
materiallar sübut etmişdi ki, Şamaxıda törətdiyi
dəhşətli qırğınlara rəhbərlik etməsi
şahid ifadələrində də öz əksini
tapmışdı. Şahidlərin dediyinə
görə, Lalayev özünün cinayətkar
silahdaşları Samson Aspirov və Saatzazbekovla birlikdə
böyük bir erməni əsgər dəstəsinin
başında Şamaxıya gəlmişdi. Onun quldur dəstəsi
burada qadın, uşaq və qocaların gizləndiyi məscidə
od vurub yandırmış,
çıxıb qaçmaq istəyənləri isə
güllələmişdilər. On üç məhəllə
məscidi və Cümə məscidi
yandırılmışdı. Şamaxıda
böyük hörmət sahibi olan Axund Cəfərquluya
amansız işgəncələr verilmişdi. Ermənilər axunda pənah gətirmiş
saysız-hesabsız qadın və uşağı da
öldürmüşdülər. Azğınlaşan
ermənilər şəhər başçısı Teymur
Xudaverdovu, birinci Dövlət Dumasının keçmiş
üzvü Məmməd Tağı Əliyevi, o cümlədən
Hacıbaba Abbasov, Əşrəf Hacıyev, Hacı
Əbdül Xəlil Əhmədov, Hacı Əbdül
Hüseyn Zeynalovu üç qardaşı ilə, Hacı
İsrafil Məmmədov, Mir İbrahim Seyidov, Hacı
İbrahim Salamov, Ağa Əhmədov, Hacı
Əbdülqasım Qasımov, Əyyübağa Veysov, Zeynəb
xanım Veysova, Əliabbas bəy İbrahimbəyov, Ələkbər
Qədirbəyov, Əbdürəhim ağa Ağalarov, Məhiyyəddin
Əfəndizadə, Zəkəriyyə Əfəndi Mehdi Xəlil
oğlu, Ziyəddin Abdullayev, Hacı Molla Həsən Zeynalov və
onun arvadı, Mahmud Hacıağa oğlu, onun arvadı və
oğlunu amansızcasına qətlə yetirmişdilər.
Ermənilər təkcə qətlə yetirməklə kifayətlənməmiş,
eyni zamanda şəhərin ən abad, varlı və
tanınmış müsəlmanlarına məxsus evlərə
od vurub yandırmışdılar. Abbas Səhhətin,
M.Ə.Sabirin, S.M.Qənizadənin, C.Cəbrayılbəylinin,
Müslüm bəyin, Hacı Qulamın, Məmmədtağı
Əlizadənin, tacir Nurunun, Vahab bəyin, Murad Əfəndinin,
Məşədi Əsədin (şair, müəllim Gövhər
xanımın atası), Həqqi Veyisovun, Həbib bəy
Mahmudbəyovun, Hacı Məmməd Əfəndinin, Nəcməddin
Şirindilbəylinin və başqalarının evləri
dağıdılmışdı. Bu evləri,
mülkləri yandırmaqla erməni daşnakları Azərbaycan
elminə, maarifinə, ədəbiyyatına, incəsənətinə,
tarixinə ağır zərbə vurmuşdu. Belə ki, həmin evlərdə elə sənədlər,
kitablar, əlyazmaları məhv edilmişdir ki, onları nə
tapmaq, nə bərpa etmək, nə də yenidən yaratmaq
mümkün deyildi.
Fövqəladə
Təhqiqat Komissiyasının Şamaxı qəzasının
ayrı-ayrı kəndləri üzrə apardığı təhqiqatların
- şahid ifadələri, zərərçəkənləri
dindirmə protokolları, rəsmi idarələrin əhalinin
sayı və əmlaklarının dəyəri haqqında məlumatlar,
ölən və yaralananların siyahısı və s. əsasında
58 kənd üzrə tərtib edilmiş yekun aktlarında
ayrı-ayrı kəndlər üzrə ölənlərin
(o cümlədən kişi, qadın, uşaq) sayı və
hər bir kəndə dəymiş ümumi zərərin miqdarı
göstərilmişdi: Nəvahi kəndində 995 nəfər
azərbaycanlı öldürülmüşdü, onlardan da
555 nəfəri kişi, 260 nəfəri qadın və 140 nəfəri
uşaq idi. Kəndə dəymiş ümumi
maddi zərər 60 milyon manat olmuşdu. Yəhyalı kəndində
922 nəfər öldürülmüşdü ki, onlardan da
360 nəfəri kişi, 412 nəfəri qadın və 150 nəfəri
uşaq idi. Kəndə dəymiş ümumi
maddi zərər 22 milyon manat olmuşdu.
Bağırlı kəndində 370 nəfər
öldürülmüşdü ki, onlardan da 80 nəfəri
kişi, 150 nəfəri qadın, 140 nəfəri uşaqlar
olmuşdu. Kəndə dəyən ümumi zərər 12,5 milyon manat olmuşdu və s.
Qalan bütün kəndlər üçün tərtib
edilmiş aktlarda da rəqəmlər yuxarıda göstərilən
qayda üzrə aparılmışdı. Bütün
aktlar Fövqəladə Təhqiqat Komissiyasının
üzvləri tərəfindən imzalanmış və
möhürlə təsdiq edilmişdir. Ermənilər
1918-ci ilin mart-aprel aylarında Şamaxıya hücum
zamanı səkkiz min nəfərdən çox azərbaycanlını
öldürmüş, onlardan 1653 qadın və 965 uşaq
idi. Hətta, S.Şaumyanın
başçılıq etdiyi Bakı Soveti ermənilərin
Şamaxıda törətdiyi qırğınları
dolayısı ilə etiraf etməyə məcbur
olmuşdular. 1918-ci il aprelin 22-də
Bakı fəhlə, əsgər və matros deputatları
Soveti İcraiyyə Komitəsinin iclasında Şamaxı qəzasında
vəziyyət haqqında qətnamə qəbul olunmuşdu”.
Uğur
Xalq Cəbhəsi.- 2017.- 1 aprel.- S.13.