“Yaşlı aktyorların maaşından kəsilən
vəsait gənclərin əməkhaqqına əlavə
olunacaq”
Gənc
Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovun
APA-ya müsahibəsi
- Mübariz müəllim,
Gənc Tamaşaçılar Teatrının
çağdaş Azərbaycan teatr məkanındakı yerini
necə qiymətləndirmək olar?
- Gənc
Tamaşaçılar Teatrının nəinki respublika teatr məkanında,
beynəlxalq teatr məkanında da yerini artıq görürəm.
2006-cı ildən bu günə qədər ölkədə
aparılan teatr islahatları Gənc Tamaşaçılar
Teatrından başladı. Ölkə
başçımızın müvafiq sərəncamı ilə
teatrlarda və ümumilikdə mədəniyyət müəssisələrində
əsaslı təmir və bərpa işləri
aparıldı. Yeganə bizim qonşuluğumuzda yerləşən
Akademik Opera və Balet Teatrıdır ki, o da növbəsini
gözləyir. Bizim teatrda təmir gedəndə ölkə
başçımız işlərlə tanış olub,
daha sonra açılışda iştirak edib. Dünyanın
bir çox teatrlarına gedirik, müqayisə aparırıq.
Sizi inandırım ki, bizdə olan şəraiti digər
ölkə teatrlarında görə bilmirəm. Bunu tək mən
demirəm, qonaq gələn xarici teatr truppaları da deyir.
- Xatırlayıram,
teatrlar birləşəndə böyük qalmaqal,
narazılıq yaranmışdı...
- Bilirsiniz, yenilik həmişə birmənalı
qarşılanmır. Deyirdilər, yeni teatrlar açaq.
Yaxşı, yenilərini yaradaq, amma binası yox, maddi-texniki
bazası yox, adı var. Birləşəndən sonra isə
yeni bina, müasir texnika, isti salon, isti-soyuq su, kondisioner və
s. hər şey var. Aktyor mürəkkəb quruluşlu
tamaşadan sonra gedib rahat əl-üzünü isti su ilə
yuyur, qrimini silir, lazımdırsa, yuyunur. Bütün bu şəraitlər
var. Bura birləşdirilən teatrlar qeyri-millətin
teatrları deyil ki? Və bizim teatr mütəxəssisləri
hazırlayan bir ali təhsil ocağımız var: Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti.
- Belə bir fikir
var ki, Azərbaycan kimi ölkələrə gəlib
tamaşa hazırlayan rejissorlar ““A” kateqoriyalı” olmurlar.
Adı, nüfuzu olan rejissorların 5-6 illik planı əvvəlcədən
dolu olur, növbədənkənar gəlsələr də,
elə bir məbləğ tələb edirlər, həmin
pula bizim on rejissorumuz tamaşa hazırlayar...
- Bizim
dəvət etdiyimiz Sergey Fedetov Rusiyanın Perm şəhərində
fəaliyyət göstərən teatrın bədii rəhbəridir
və “Qızıl maska” mükafatını alıb. Mən
onu teatrımıza dəvət etdim. Sizin dediyiniz kimi onun
beş illik planı dolu idi. Amma o dedi, məmnuniyyətlə
razılaşıram, hər tamaşamdan 10-15 gün vaxt
ayırıb sizin teatrda “Müfəttiş”
tamaşasını hazırlayaram. Göstərərəm ki,
rus dramaturgiyası necə qoyulmalıdır. Əslində,
onun sözündə böyük həqiqət var, qrafiki
çox sıxdır. Mən bilirdim ki, Sergey Fedetov bahalı
rejissordur. Gəldik çıxdıq qonorar söhbətinə,
dedi, yəqin bilirsən, mən bahalı rejissoram. Bir
tamaşamın qiyməti 15 min avrodur. Mən də dedim, bu
teatr üçün böyük məbləğdir.
Bilirsiniz, cavabı nə oldu? Dedi, sizə hansı məbləğ
sərf edir, o qiymətə hazırlayacağam. Çünki
Azərbaycan mənə əzizdir, qastrolda sizin
tamaşaları sevdim. Üç min manata
razılaşdıq. Yaxud Kalmıkiya teatrının bədii
rəhbəri Boris Manciyev Rusiya Teatr Xadimlər
İttifaqının katibidir. O, bizdə iki tamaşa
hazırladı.
Hər bir tamaşasına 3 min
beş yüz manat ödədim, narazılıq etmədi.
Halbuki, başqa teatrlarda qat-qat baha hazırlayır. Moskva Gənc
Tamaşaçılar Teatrının çox məşhur
rejissoru var: Kama Ginkas. Bizim bina təmirdən sonra təzə
təhvil verilmişdi. Mən onu dəvət etmək istəyirdim
ki, tamaşa hazırlasın. Çətinliklə tapdım və
məlum oldu, beş illik planı tutulub. Amma o da məmnuniyyətlə
razılaşdı ki, Azərbaycanda tamaşa hazırlayaram. Təəssüf,
baş tutmadı, amma fikrimdə var, onu dəvət edəcəyəm.
- Mübariz müəllim,
ümid edirəm, bu sualımı ritorik diletant
yanaşması kimi qiymətləndirməzsiniz. Sizin
teatrın rejissorları necə, onlar da ölkədən kənarda
rahatlıqla “qiymət oxuya” bilirlər? Məsələn,
götürək rəhbəri olduğunuz teatrın baş
rejissoru Bəhram Osmanovu. Kama Ginkas, yaxud Sergey Fedetovun
qonorarını Bəhram Osmanov da rahatlıqla istəyə
bilərmi?
- Əlbəttə. Bəhram Osmanov
Kalmikiya Teatrında iki tamaşa hazırlayıb. Bəhram
müəllimin Azərbaycan teatr məkanındakı statusunu,
imzasını nəzərə alınıb dəvət ediblər.
Dəvət edən adam bilir ki, Bəhram Osmanovun Azərbaycan
teatrındakı yeri və çəkisi hansı səviyyədədir.
Çünki onun tamaşalarını görüblər,
qiymətləndiriblər. Bəhram Kalmıkiyada Əli
Əmirlinin “Sevən qadın” tamaşasını
hazırlamışdı və hələ də
nümayiş olunur. Direktor deyir, mənim repertuarımda olan ən
gözəl tamaşadır. Təbii, Bəhram onu qane edən
məbləği rahatlıqla deyir. Yaxud bizim teatrın
quruluşçu rejissoru Nicat Kazımov Moldovada iki il əvvəl
tamaşa hazırlamışdı, maraqla
qarşılanmışdı.
- İstərdim dramaturq probleminə
toxunaq. Teatr rəhbəri olaraq gənc dramaturq
azlığından siz də əziyyət çəkirsiniz?
Ədəbi Hissəyə yeni əsərlər daxil olurmu?
- Aktual
problemdir. Bəli, Azərbaycan Gənc Tamaşaçılar
Teatrının bir missiyası da o olub ki, yeni müəllifləri
axtarıb tapsın. Bilirsiniz ki, Abdulla Şaiq bizim teatrda ədəbi
hissə müdiri olub. Daha sonra görünür, məcburiyyətdən
uşaqlar üçün pyeslər yazıb və həmin
tamaşalar səhnəyə hazırlanıb. Abdulla Şaiq o
zaman yazıçı və şairləri teatra cəlb edib,
onlara pyeslər yazdırıb. Məsələn, Mirmehdi
Seyidzadəni, Əşrəf Abbasovu, Rauf İsmayılovu,
İsgəndər Coşqun və başqalarını. Bəli,
bu gün dramaturq problemimiz var. Baxın, əksər
teatrlarımızda Əli Əmirlinin və Elçinin
tamaşaları qoyulur. Hərdən Firuz Mustafanın əsərlərinə
müraciət olunur. Ardı gəlmir. Əli Əmirlinin ilk əsəri
olan “Ərizə”ni bizim teatrımız hazırlayıb.
Çox uğurlu tamaşa olub. Üç il əvvəl mənim
tövsiyəmlə Əli Əmirli həmin əsəri
başqa adla “MSS – Mən Səhəri sevirəm” adı ilə
yazdı, tamaşaya qoyuldu. Yaxud Elçin müəllimin
çox maraqlı pyesləri var, gözəl nəsr əsərlərinin
müəllifidir. Elçinin, Anarın əsərlərini
biz məktəbdə oxuyanda sevə-sevə oxumuşuq. Bu
gün də mənim kitabxanamda o kitablar var.
Qayıdaq gənclərin cəlb
olunmasına. İki il əvvəl Milli Elmlər
Akademiyasının Ədəbiyyat İnstitutu, “Hədəf”
Nəşrlər Evi və bizim teatrın təşkilatçılığı
ilə “Anamın kitabı” adlı ədəbi müsabiqə
keçirildi. Həmin müsabiqədə Sevinc Elsevərin
“Ürəyində arzu tut” adlı pyesi qalib gəldi və biz
onu tamaşaya qoyduq. Bu, Sevinc Elsevərin ilk pyesi idi. Deyim ki,
dramaturji nöqteyi-nəzərdən çox güclü idi,
yox. İlk pyesi idi, həmin əsəri tamaşaya qoyanda yenidən
işlədik. Müsabiqəyə yüz əsər təqdim
olunmuşdu. Əlinə qələm alanların bəlkə
də hamısı əsər təqdim etmişdi. Hətta
ssenarini, hekayəni pyes kimi verənlər də var idi. Ondan əvvəl
Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan
etmişdi, birinci yerin qalibi olmadı. Düzdür, bizə əsərlər
təqdim olunur, oxuyuruq, amma inanın, nəinki tamaşaya
qoymalı, heç Bədii Şuraya çıxarmalı bir
şey yoxdur. Ona görə məcbur olub dünya
dramaturgiyasına, bizim klassikaya müraciət edirik. Mən
“Kulis.az”ı oxuyuram. Yaxşı şeirlər, hekayələr
yazanlar var, amma səhnə əsəri tam başqadır.
Dramaturgiyanın qaydalarını bilmək lazımdır ki,
ortalığa kamil iş çıxsın.
- Bilet
satışı haqqında soruşmaq istəyirəm. Bu
gün Azərbaycan teatrı kassadan satılan bilet hesabına
yaşamaq iqtidarında deyil. Məktəblərdə,
universitetlərdə bilet satışı təşkil
olunmasa, vəziyyət çox çətin olar...
- Deyim sizə. Sabiq təhsil nazirinin
vaxtında məktəblərə tapşırıq
verilmişdi ki, hər cür pul yığımına
qadağa qoyulsun. Bu tapşırıq indi də var. Əslində,
mən bununla tam razıyam. Çünki məktəblərdə
o zaman təkcə bilet satılmırdı. O zaman qadağa
qoyulanda ən çox əziyyət çəkən məktəblərlə
işləyən teatrlar oldu. Vaxtilə özəl teatrlardan əlavə,
“xəkəndaz truppaları” dediyimiz truppalar var idi,
üç-beş nəfər yığışıb məktəblərdə
teatr sənətini layiq olmayan tərzdə təbliğ
edirdilər. Yeni təhsil naziri təyin olunandan sonra mətbuatdan
oxudum ki, bilet satışı qadağasına görə
naziri tənqid edirlər. Mikayıl Cabbarovun müsahibəsini
oxudum ki, hansı teatr bizə müraciət edib, biz “məktəblərə
bilet verməyin” demişik? Çox xoşuma gəldi,
Mikayıl müəllimə müraciət məktubu
yazdım. Azərbaycan teatr rəhbərləri arasında məktəblərdə
məcburi bilet satışının əleyhinə olanlardan
birincisi mənəm. Bu gün də əleyhinəyəm,
sabahda belə olacaq. Niyə? Çünki tamaşaçını
məcbur bir dəfə gətirərsən, ikinci dəfə
gəlməyəcək. Məktəb şagirdi özü
könüllü gəlirsə, deməli, sənin
tamaşaçın olacaq. Mikayıl Cabbarovdan xahişim o oldu
ki, könüllük prinsipi ilə teatrın məktəblərlə
işləməyinə şərait yaradasınız. Bir həftə
sonra çox hörmətlə cavab yazdılar ki, etiraz
etmirik. Sizə deyim ki, bizim teatr şənbə və bazar
günləri olan gündüz tamaşalarını yalnız
kassa ilə işləyir.
- Yəni satılır və zal
dolur...
- Təbii. Amma axşam
tamaşaları haqqında bunu söyləmək düz olmaz.
Düzdür, axşam tamaşaları da satılır, amma
gündüz tamaşaları qədər satılsın, zal
dolsun, onu demək olmaz.
- Bir müddət əvvəl Gənc
Tamaşaçılar Teatrında yaşlı aktyorlar
maaşlarının azaldılması ilə bağlı
narazılıq etdilər. Bu məsələnin mahiyyətində
nə dayanırdı?
- Həmin
adamlar bu gün mənim ən yaxın həmkarlarım,
dostlarımdır. Onların hər biri ilə 30 il
çörək kəsmişik, bu gün də kəsirik.
Bilirsiniz ki, dövlət başçımızın 65
yaş həddini keçmiş insanlar haqqında fərmanı
var. Əgər aktyorun fəxri adı, statusu varsa, teatr rəhbəri
bir il-bir il müqavilə bağlaya bilər.
Biz bunu etmişik. Həmin
aktyorların 70-75 yaşı var, hər biri dövlət tərəfindən
təqaüd alırlar, təmin olunublar. Evləri var, 1300
manat təqaüd alırlar, fəxri ada görə əlavə
məbləğ ödənilir, maaşları da o cümlədən.
Tutalım, onlar yüz faiz maaş alırdılarsa, indi
alacaqlar əlli faiz. Söhbət 140-145 manatın söhbətidir.
Hamısı gəlib dedi ki, müəllim, elə bil, bizi
şeytan yolda çıxardı. (Gülür). Qənaət
olan vəsait teatrın repertuarını çiyinlərində
aparan gənclərin əməkhaqqına 15-20 manat əlavə
olunacaq. Çünki onların əksəriyyətinin nə
evi, nə fəxr adı var, nə mükafat alırlar, nə
təqaüd. Amma bu gün onlar teatrda 4-5 tamaşa
oynayırlar. Bununla demək istəmirəm ki, yaşlı nəsil
oynamır, yox, onlar da səhnədədirlər, öz yerləri
var. Bütün hallarda gənclərə dəstək
olmalıyıq. Onların hər birinin maaşına 10-15
manat əlavə ediriksə, bunun özü köməkdir. Məsələnin
məğzi budur.
Xalq cəbhəsi.- 2017.-15 aprel.- S.13.