Sən ey payız bənövşəsi,
sən ey bahar nişanəsi...
Musa Yaqubun poeziyası harmoniyası, ritmi və ahəngdarlığı
ilə xalq ruhunun tərənnümüdür. Xalq şeiri ilk
yarandığı gündən xüsusi ritm ilə, ifa şəraiti
ilə üzvi surətdə bağlı olub, insanın həyatını
və dünyabaxışını, zəhmət və nəşəsini,
arzu və əməllərini, məhəbbət və nifrətini
duzlu bir dildə, obrazlı şəkildə, yüksək,
yığcam, təsirli bir tərzdə ifadə edib.
Xalq şeiri şəklində yazıb-yaradan şairlər
öz bədii-estetik duyğularına xilaf
çıxmayıb, mənəvi aləmini zənginləşdirməyən,
ruhunu oxşamayan şeirlər yazmayıblar. M.Yaqub
şifahi xəzinəmizdən götürdüyü həyati
məzmun, yüksək bədii meyar əsl mənada
yaradıcılığının nüvəsini təşkil
edir. Şairin poeziyasında lirik mənin,
lirik duyğuların və məhəbbət motivlərinin təsvirində
təbii təşbeh və ifadələrin
üstünlük təşkil etdiyini göstərmək
üçün yüzlərlə folklor nümunələrindən
misallar gətirmək olar.
Təbiət təsvirləri, doğma vətənin
gözəllikləri, yazının, yayının,
qışının və payızının xüsusiyyətləri
xalq poeziyasında ən çox işlənmiş mötivlərdəndir. Bu cür
qoşmalar çox təbii, inandırıcıdır. Xüsusən “Dağlar” mövzusu geniş işlənib.
Görünür, yalnız ona görə yox
ki, torpaqlarının böyük hissəsi aran olan azərbaycanlı
üçün dağ yayda şəfalı yaylaqdır, sinəsi
qoyun sürülərinin bəsləndiyi, yeyib-kökəldiyi
otlaqlardır. Xalqın zəmilərinə,
bağlarına qüvvət verən tükənməz su mənbəyidir,
həm də dağlar xarici və daxili zülmkarlara
qarşı mübarizədə əsrlər boyu xalqa və
xalq qəhrəmanlarına təbii sığınacaq, təbii
qala olub. Həmişə insanın real
hisslərinə, real duyğularına əsaslanan M.Yaqub
poeziyası dağları tərənnüm edərkən elə
bil ki, sözlə şəkil çəkir, mənzərə
yaradır. Şair sözlə dağların təsvirini
verir, həmişə dağın dağ fəlsəfəsini
şərh edir:
Musa, bu
yerlərdən uzaq düşmə heç,
Təpə kölgəsində daldalanma, keç.
Arxa da
seçəndə dağdan arxa seç,
Ram edər
özünə dövranı dağlar.
O, dağ
mövzusunu “nəinki insanın psixoloji aləmi, hissiyyatı
ilə bağlı surətdə həm də onu ictimai cəhətdən
mənalandıraraq tərənnüm edir”.
M.Yaqub əfsanələrə öz əfsanəvi
poeziyasında xüsusi önəm verib. Bir çox əfsanələr
var ki, şair öz könül duyğularından pərvazlandırmaqla
onların boyat sevgisini təzələyir. Xalq yaradıcılığını təkcə tədqiqatçılar
araşdırıb üzə çıxarmır. Ən çox şairlər və
yazıçılar xalq folklorunun bir çox nümunələrini
təkrar-təkrar yazıya alıb, onları itib-batmağa
qoymayıblar. Görək görkəmli
şair əfsanələri necə “öz köynəyindən”
keçirir. Şairin çox sadə görünən
şeirindən bir bəndə nəzər salaq:
Azalıb
mehri dünyanın,
Kəmi yox qeyri dünyanın.
Yolları
əyri dünyanın
Keçidlərin bilərsənmi?
Folklor canlı yaddaşdır. Ağız ədəbiyyatı
yüz illər boyunca yaddaşdan aldığını
yaddaşa ötürür. Yaddaşlarda
miras olaraq qorunub saxlanan xalq xəzinəsi yazıya
alındıqca, yaşlı nəslin hafizəsindən
alınıb gələcək nəsillərə dəyərli
mənəvi sərvət olaraq yadigar qalır. Məlumdur ki, bədii-ədəbi nümunələr
yazılı və şifahi ədəbiyyat adı altında əsas
etibarilə iki yerə bölünür. Təbiidir
ki, yazılı ədəbiyyata məxsus olan ədəbi
yaradıcılıq janr spesifikasına görə şifahi ədəbiyyata
aid olmayan janrları və ədəbi qanunları
özündə daşıyır. Ancaq
buna baxmayaraq yazılı ədəbiyyatın da mühüm
hissəsi elə folklor janrları ilə əhatə olunur.
Folklor insanı doğumdan ölümə kimi
müşaiyyət edən yaradıcılıq prosesi
olduğu üçün yazılı ədəbiyyatın
da əsasında möhtəşəm təməl təşkil
edir. Bütün dünya xalqlarının
böyük sənətkarlarının əsərlərində
folklor nümunələri məhək daşı rolunda
çıxış edir. Atalar sözü və məsəllər,
tapmacalar, nağıllar, xalq dramları, əmək nəğmələri,
əfsanələr, lətifələr, bayatılar, xalq
mahnıları, uşaq folkloru, laylalar, nazlamalar, əzizləmələr,
Aşıq yaradıcılığı, epos, dastan, rəvayət,
hekayət, yediləmə, ağı və s. kimi xalq
yaradıcılığı örnəkləri bu və ya
digər şəkildə yazılı ədəbiyyatın tərkibinə
hoparaq özünü yaşadan mütəhərrik
düşüncə məhsulu kimi iştirak edir. Yazılı ədəbiyyatın ilk nümunələrindən
bu günə kmi yalnız o əsərlər yaşarı
olur ki, onlar özündə folklordan gələn bilgiləri
daşıyır. Əlbəttə, bu
inkar olunmazdır ki, xalqa söykənməyən sənətkar
xalq tərəfindən sevilə bilməz. Xəlqi yazarların böyüklüyü məhz
onların xalqa məxsus ədəbi örnəklərdən
qidalanması vasitəsilə olur. Təsadüfi deyil ki,
dünya poeziyasının zirvəsində dayanması az qala mübahisəsiz qəbul olunan
böyük şair N.Gəncəvi demək olar ki, “Xəmsə”sinin
bütün mövzularını folklordan alıb, əfsanə,
nağıl və hekayətlər əsasında solmaz əsərlər
yaradıb. Yazılı ədəbiyyatın görkəmli
klassikləri X.Şirvani, N.Gəncəvi, İ.Nəsimi,
Q.Bürhanəddin, Ş.İ.Xətai, M.Füzuli, M.V.Vidadi,
M.P.Vaqif, A.A.Bakıxanov, M.F.Axundov, Q.B.Zakir, S.Ə.Şirvani,
C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Səhhət,
Ə.B.Haqverdiyev, H.Cavid, S.Vurğun, M.Müşfiq, B.Vahabzadə
və s. bir çox sənətkarların əsərlərində
xalq yaradıcılığı ana xətt təşkil edir.
Bədii yaradıcılığı ilə
xüsusi çəkiyə malk olan dəyərli şairimiz
M.Yaqubun da ədəbi irsində folklor materialları qüvvətli
bir səviyyədə səciyyələnir. Biz bu səviyyələri
müəyyənləşdirmək üçün
şairin yaradıcılığını öz içərisinə
alan “Bu dünyanın qara daşı
göyərməz” kitab-külliyyatına (1997-ci ildə və
təkrar olaraq əlavələrlə birlikdə 2007-ci ildə
nəşr olunub) müraciət etməyi məqsədəuyğun
hesab etdik.
Şairin yaradıcılığında folklor bilgilərindən
irəli gələn şeir nümunələri aşkar
görünməkdədir. Təbiət qoynunda
yaşayan M.Yaqubun şeirlərində təbiət vahid
opqanizm olaraq canlı formada iştirak edir. Təbiətdə
olan su da, daş da, qaya da, torpaq da, ağac da, çiçək
də, quş da, böcək və s. də obraz olaraq insan
kimi canlıdır. Bizə məlumdur ki, bu
anlayış yazılı ədəbiyyatımıza
folklordan gəlir. Folklorumuzda suyla,
daşla, quşla, ağacla söyləşmələr yetərincə
yayğındır. Dastan və
nağıllarımızda bu obrazlı dialoq xüsusi səciyyə
daşıyır. Şairin bu cəhəti
özündə daşıyan motiv səviyyəsində
işarələnən, təbiətin al boyası olan lalələrə
müraciətlə yazdığı misralar da bu qəbildəndir.
“Lalə” şeirində şair elə bir canlı obraz ərsəyə
gətirib ki, sanki qarşımızda canlanan lalə tablosu
çiçəyi deyil, insanı səciyyələndirir:
Utancaq gəlin
tək çəkinib əvvəl,
Bürünər bir yaşıl duvağa lalə.
Yırtıb
örpəyini baş qaldıranda,
Bənzər təbəssümlü dodağa lalə.
Şair müşahidə etdiyi mənzərəni
metaforik olaraq hələ açılmamış lalənin
timsalında qələmə alır. Laləni utancaq gəlinə
bənzədən müəllif onun üzünə
yaşıl duvaq çəkməsini təsvir edərkən
hələ açılmamış çiçəyin
yaşıl tumurcuğunu bədii səviyyədə mənalandırır.
Daha sonra açılıb gözə
görünən laləyə rəng baxımından semantik
anlam yükləyib, onun duvağını götürərək
qırmızı dodağını göstərdiyini göstərir.
Gördüyümüz kimi şair
çiçəyə insana xas xüsusiyyətləri cəmləməklə
çiçəyi insanlaşdırır. Özü də
bu metafora şeir boyu davam edir:
Yel əsib
duvağı salar üzündən,
Görərsən xal qoyub yanağa lalə.
Yağışlar
yuyanda ləçəklərini,
Çəkər saçlarını darağa lalə.
Şair
digər bəndlərdə işarələdiyi bənd yekunu
rədif sırası misralarda “Verər sinəsini qabağa
lalə”, “Bənzəyər bir qərib qonağa lalə” və
s. şəkildə insani xüsusiyyətləri
çiçək örnəyində yüksək poetik səviyyədə
ifadə edir. Onu da qeyd etmədən keçmək olmur ki,
şair bu situasiyada məntiqi olaraq lalə çiçəyinin
ləçəyinə əsasən laləni sinəsi
dağlı, bağrı yanıq və s. kimi deyil, bir gəlinin
yanağına xal qoymasına bənzədir.
M.Yaqubun “Lalə” şeirində bu cəhət də
aydın sezilir ki, şairin bu mövzuya müraciəti
folklorumuzdan qidalanır. Təsadüfi deyil ki, “Abbas və Gülgəz”
dastanında Aşıq Abbas məhz baharın gəlişinin
müjdəçisi olaraq öncə lalələrdən bəhs
açır:
Budu gəldi
bahar fəsli,
Dağların lala vaxtıdı.
Açılıbdı
qızıl güllər,
Bülbülün bala vaxtıdı.
Aydındır ki, dastan poetikasını dərindən
bilən şairin əsərlərində dastanlardan gələn
bir çox mövzular, xüsusilə də təbiət
peysajları yeni bir formada əks olunmaqdadır. Bu baxımdan
“Qurbani” dastanı da bu kontekstdə diqqətdən kənarda
qala bilməz. Az qala bütün bədii
ədəbiyyatımıza bənövşə ətiri gətirən,
əsrləri aşıb gələn bu dəyərli dastandan
yayğınlaşan “Bənövşə mövzusu”
yazılı ədəbiyyata da böyük təsir göstərib.
Məlumdur ki, bu mövzu ən geniş səviyyədə
məşhur “Qurbani” dastanında poetik formul olaraq diqqət
çəkir. Qurbani şeiri bu mövzuda
yazılan şeirlərin zirvəsi hesab olunur. M.Yaqub da
bu mövzuda bir çox ədəbi-bədii örnəklər
ərsəyə gətirib: “Payız bənövşəsi”,
“Bənövşə gileyi”, “Bənövşə
ömrü”, “Bənövşə çəkisi”, “Bənövşə
sualı” və s. şeirlər də göründüyü
kimi şairin bu mövzuya nə qədər həssas
olduğunu göstərir. Folklorumuzu gözəl
bilən şair sanki Qurbani ənənəsini davam etdirərək
elə aşıq şeir üslubuna yaxın şirin bir dildə
bənövşəyə müxtəlif yönlərdən
yanaşmaqla bu mövzuya təkrar-təkrar qayıdır.
Bu ilk olaraq elə şeirlərin adından da
aşkar görünür. Şair “Payız bənövşəsi”
şerində bənövşə ilə dialoq qurur, bənövşənin
təbiət qoynunda vaxsız gələn qonaq kimi payız
vaxtında çıxmasını kövrək bir
narahatçılıqla ifadə edir:
İndi xəzan
çağıdır, ay bənövşə,
Axı xəzan
çiçəklərə yağıdır ay bənövşə!
Bəs nə əcəb indi üzə
çıxmısan?
Yoxsa çox darıxmısan?
Şair
“Lalə” şeirindəki kimi “Bənövşə
payızı” şeirində də bənövşə ilə
canlı ünsiyyət qurur, onunla söyləşir, folklor ənənəsindən
gələn bütün təbiətlə canlı varlıq
kimi dialoq qurma spesifikasını mənimsəyir, öz
şeirlərini bu xüsusiyyətlər üzərində
yaşarı edir.
M.Yaqubun bu şeri çox maraqlıdır ki,
Aşıq Qurbaninin söylədiyi “Bənövşəni” rədifli
dastan nəzmi ilə çox səsləşir. Qurbani də vaxtı
keçmiş bənövşə haqqında
danışır, onu gözəl Pərinin əlində
gördükdə buna işarə edir:
Başına
döndüyüm ay qəşəng Pəri,
Adətdi, dərərlər yaz bənəfşəni.
Ağ
nazik əllərnən dər, dəstə bağla,
Tər sinən üstünə düz bənəfşəni.
Səhər
olcaq nə bülbüllər oxuşdu,
Hökm oxundu, süleymanlar yerişdi.
Qurbani
der, gülün vaxtı sovuşdu,
Daha iyləmirik biz bənəfşəni.
Məhz bu şeirlərin yaxınlığı şairin
folklor mətnindən çıxış etdiyini aydın
şəkildə təzahür etdirir. Ancaq müəllif
bu şeirdə öz yeni baxışlarını
nümayiş etdirməklə təqlidçi
olmadığını, xalq xəzinəsinə xəlqi
şair olaraq yanaşdığını göstərir.
Bu şairin bənövşə mövzusunda
yazdığı digər şeirlərində aydın
görünür.
Qalib Sayılov
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2017.- 25 aprel.-
S.14.