“Türkmənçay
– 1828: Tarixi xronika”
“Xalq Cəbhəsi”
qəzeti professor Kərim Şükürovun “Türkmənçay
– 1828: Tarixi xronika” kitabından hissələri təqdim edir.
Kitabda çar Rusiyası ilə İran arasında Azərbaycan
torpaqlarının bölüşdürülməsini
başa çatdıran 1828-ci il Türkmənçay
müqaviləsindən bəhs olunur. Araşdırmalardan
aydın olur ki, Türkmənçay müqaviləsindən ən
çox qazananlardan biri ermənilər olub. Onlar Rusiyanın işğal etdiyi Azərbaycanın
Qarabağ, Naxçıvan, İrəvan və b.
xanlıqları ərazisinə köçürülüb,
bundan isrifadə edərək ərazi iddialarına, azərbaycanlılara
qarşı soyqırımlarına başlayıblar.
1-ci yazı
Azərbaycanın əlverişli təbii-coğrafi
şəraiti, geostrateji mövqeyi, təbii sərvətləri,
əməksevər insanlarının zəhməti hesabına
yaranan zəngin var-dövləti və s. bütün uzaq və
yaxında yerləşən dövlətlərin diqqətini
cəlb edib. Dostluq, əməkdaşlıq və
ticarət əlaqələrinə əsaslanan sülh
münasibətləri ilə birgə təcavüzkar,
iddialı niyyətlər də olub. Tarix
göstərir ki, ikincilər üstünlük təşkil
edib, Azərbaycan tarixində yadelli hücumlarına
qarşı mübarizə, zülm və əsarət əleyhinə
çıxışlar xətti başlıca yer tutub. Təəssüf
ki, bəzən düşmən güclü olub, öz niyyətlərini
həyata keçirməyə nail ola bilib.
Belə tarixi dövrlərdən biri də XVIII
yüzilin sonları - XIX yüzilin başlanğıcında
yaranıb, nəticədə Rusiya ilə İran arasında
bağlanmış Gülüstan (1813) və Türkmənçay
(1828) müqavilələri ilə tarixi Azərbaycan
torpaqları bölüşdürülmüşdü.
Lakin məsələ bununla bitməmiş, Azərbaycan
torpaqlarının Rusiya və İran daxilində
bölüşdürülməsi də davam etdirilmişdi.
Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni
inkişafı ciddi problemlərlə
qarşılaşmış, ölkənin və xalqın
yaradıcılıq və quruculuq potensialının həyata
keçirilməsi, dünya birliyində layiqli yerini
tutması, qüdrətli bir dövlətə çevrilməsi
yolunda ağlagəlməz əngəllər
yaradılmışdı. Gülüstan və Türkmənçay
dövründə yaşayan və bundan sonra dünyaya gələn
hər bir nəsil bunu öz üzərində hiss edib. Buna müxtəlif reaksiyalar olub. Lakin
bütün hallarda belə bir sual hər kəsi
düşündürüb: bu necə olmuşdu? Bu barədə müxtəlif kitablarda bəhs olunub,
ədəbi-bədii əsərlərdə söz
açılıb. Ermənistan Respublikasının gizli
müttəfiqləri ilə birlikdə Azərbaycana
qarşı işğalçı müharibəsi və
Dağlıq Qarabağı qoparmaq cəhdləri bu sualı
bir daha aktuallaşdırır, tarixdən nəticə
çıxarmağı zəruri edir...
Hörmətli oxucu, artıq
aydın olduğu kimi Sizə “Türkmənçay – 1828. Tarixi xronika”
adlandırdığımız bir əsər təqdim edirik.
Bu çoxtərəfli və geniş bir əsərdir.
Burada başlıca müəllif ideyası əsas
hadisənin baş verməsini təmin edən olaylar,
onların baş verdiyi yer, tarix, iştirakçıları və
onların baxışları haqqında ilkin məlumatları
bir araya gətirmək, oxucunu onların “müşahidəçisinə”
çevirməkdən ibarətdir. Bu zaman
hadisələrin şərhinə müəllif müdaxiləsi
minimuma endirilir, oxucu hadisələr barəsində söz
sahibinə çevrilir. Yermolov,
Paskeviç və başqalarının xatirələrindən
sətirlər, Qriboyedovun Abbas Mirzə ilə Qraziədin kəndində
danışıqlardan (1827, 20-25 iyul) verdiyi dialoq nə dərəcədə
səmimidir və digər suallara oxucu özü də cavab
tapa bilər.
Rusiyanın Azərbaycan
torpaqlarındakı işğalçı müharibəsi və
1804-1813-cü illər Rus-İran müharibəsi başa
çatmaqda idi. Hərbi əməliyyat meydanındakı
uğursuzluqlar və Napoleonun məğlub olması (1812-ci il Vətən müharibəsi - K.Ş.) ilə
rus qoşunlarının Avropaya yürüşü nəticəsində
beynəlxalq münasibətlərdə yaranmış dəyişikliklər
İranın Rusiya ilə müqavilə bağlamasını
sürətləndirdi. Sülh haqqında son
danışıqlar başlanmışdı. Danışıqlar üçün Qarabağın
Gülüstan kəndini Rtişşev seçmişdi.
Rtişşev Nikolay Fyodoroviç - general-leytenant. 1812-1816-cı illərdə Qafqaz xəttində və
Gürcüstandakı rus qoşunlarının baş
komandanı olmuşdu.
1813-cü il oktyabr. Qarabağ.
Gülüstan kəndi
...Gülüstanda Rusiya tərəfini
Rtişşevin nümayəndə heyəti təmsil edirdi. İran tərəfdarı
Mirzə Əbülhəsən xanın 354 nəfərlik
nümayəndə heyəti iştirak edirdi. Mirzə Əbülhəsən xan Şirazi -
İranın London və Peterburqda səfiri işləmiş,
xarici işlər naziri olmuşdu. Rus
tarixşünaslığında A.S.Qriboyedovun qətlinin təşkilatçısı
kimi qələmə verilir. Fətəli
şahın razılığı ilə həmin tərkibə
daxil olan ingilis müşavirləri Qor Ouzlinin rəhbərliyi
ilə vasitəçilik missiyası yerinə yetirirdilər.
Fətəli şah Qacar (Baba xan) (1766-1834) -
İran hökmdarı. Ağa Məhəmməd
şahın qətlindən sonra hakimiyyətə gəlmişdi
(1797-1834). Rus-İran müharibələrinin
aparılmasını vəliəhd Abbas Mirzəyə həvalə
etmişdi. Rusiya tərəfi qüvvədən
düşən rus-İran müqavilələri istisna olmaqla
digər müqavilələrin də yeni sülh müqaviləsində
bir daha təsdiqini vacib sayırdı. İran
elçisi əvvəlki dövrlərdə Rusiya və
İran arasında bağlanmış müqavilələrin
şah arxivlərində olmadığına görə (?!) məzmunundan
xəbərsizliyini əsas tutaraq müqaviləyə
onların təsdiqi barədə xüsusi maddə daxil
olunması haqqında Rusiyanın iddiasını qəbul etmədi.
Bütün bunlar müqaviləyə daha
çox preliminar - ilkin səciyyə verir, onun dəyişdirilməsi
və ya bu işdə diplomatik fəallığa şərait
yaradırdı.
Qoşun sıralarından hər iki
tərəfin əsirlərinin dəyişdirilməsi
haqqında məsələ müzakirə olunub rəsmiləşdirilərkən
diplomatiya tarixində daha bir nadir hadisə baş verdi. Müqavilənin rus nüsxəsindən
fərqli olaraq fars nüsxəsində əsirlərin
qaytarılması (3 ay müddət qoyulurdu) ilə fərarilərin
qaytarılması (könüllülük əsasında idi)
eyniləşdirildi. Ruslar bundan yalnız sonralar,
həmin maddələrin reallaşdırılması ortaya
çıxanda xəbər tutdular. Rtişşev
danışıqlar zamanı hökumətinin təlimatında
Lənkəran xanlığının müstəqilliyinin
tanınması haqqındakı göstərişi ölkəsinin
mənafeyinə əlverişli şəkildə dəyişdirərək,
xanlığın Rusiya himayəsində qalmasına nail oldu.
Fətəli şahın
İran şahı (vaxtilə II Yekaterina (1762-1796) Ağa Məhəmməd
şahın (1795-1797) bu hüququnun tanınmasından imtina
etmişdi), oğlu Abbas Mirzənin vəliəhd kimi
tanınmasında razılıq olmasına baxmayaraq müqaviləyə
ayrı maddə daxil etmədi. Abbas Mirzə (1789-1833) - İran
hökmdarı Fətəli şahın oğlu. 1799-cu ildə vəliəhd elan olunmuş, Azərbaycana
(Cənubi- K.Ş.) vali təyin edilmişdi. Dövrün tarixi hadisələrində fəal
iştirak etmişdi. 1804-1813, 1826-1828-ci illər
rus - İran, 1821-1823-cü illər İran-Osmanlı
müharibəsində orduda komandanlıq etmişdi. Hər iki rus-İran müharibələrində məğlub
olmuş, Türkmənçay müqaviləsini
imzalamışdı. İslahatçı,
mütərəqqi dəyişikliklərin tərəfdarı
olmuşdu. Nasir Nəcmi onun haqqında
xüsusi kitab yazıb (Nasir Nəcmi. Abbas Mirzə. Bakı, 1993).
İngilis diplomatiyası
İrana gələcək sülh müqaviləsinin nəticələrinə
yenidən baxılması hüququ verilməsinə
çalışırdı. Rusiya Xarici İşlər
Nazirliyi isə sülh müqaviləsinə yenidən
baxılması ideyasına hər vəchlə müqavimət
göstərir, ona qəti və son sənəd kimi baxmaq istəyirdi.
Lakin Rtişşevlə XİN-in mövqeyində
uyğunsuzluq yarandı. O, Ouzlinin belə bir xahişlə
müraciətinə cavab məktubunda güzəştə
getdi və İran hökumətinin elçiləri vasitəsilə
bu barədə çara müraciət etmək
hüquqlarının saxlanmasının
mümkünlüyünə işarə etdi. İngilis
diplomatına bu işarə də kifayət idi və o, bundan
məharətlə istifadə etdi. Sonrakı
yazışmalarda bu fikrin ayrıca maddə kimi deyil, Separat akt
şəklində imzalanması barədə razılıq əldə
olundu. Xarici işlər naziri sülh
danışıqları haqqında Rtişşevin məlumatını
aldıqda baş komandan səhvə yol verdiyini gördü, vəziyyəti
düzəltmək məqsədilə oktyabrın 21-də ona
rəsmən müraciət etdi. Rtişşev
göstərişi aldıqda artıq gec idi. Gülüstan müqaviləsi preambula, 11 maddə və
Separat aktdan ibarət idi.
Birinci maddədə dəbdəbəli
ibarələrlə bildirilir ki, tərəflər arasında
“mövcud olmuş düşmənçilikvə
narazılığa həmin müqavilə ilə bu gündən
etibarən və gələcəkdə son qoyulur”.
İkinci maddə tərəflər
arasındakı sərhədləri müəyyən edirdi. Müqavilənin
qüvvədə olduğu müddətdə Rusiya ilə
İran arasında ən mübahisəli maddə ikinci maddə
oldu. Maddə özü də dəqiqliyinə
görə diplomatik standarta cavab vermirdi. Bu
maddə Sperat aktla birlikdə sərhədlərin dəyişdirilməsinə
cəhd edilməsinə əsas verirdi.
Üçüncü maddədə İran, Gəncə,
Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Lənkəran
xanlıqlarının, Şərqi Gürcüstan və
Dağıstanın Rusiyanın hakimiyyəti altına
keçməsini etiraf edirdi. Üçüncü
maddə də ikinci maddə ilə əlaqədar idi, burada da
Lənkəran xanlığının torpaqları
üçün mübahisəyə əsas qalırdı.
İranda taxt-tac uğrunda şahın
oğlanları arasında mübarizə adi hal idi. Buna yol verməmək üçün müqavilənin
dördüncü maddəsində şahın müəyyən
etdiyi vəliəhdə lazım gəldikdə Rusiya
çarı tərəfindən kömək göstərilməsi
nəzərədə tutulurdu. Lakin Rusiya
İranın daxili işlərinə geniş müdaxiləsinə
yol verməmək üçün belə bir kömək
yalnız xahiş etdikdə göstərməli idi. Beşinci maddə ilə Xəzər dənizində
yalnız Rusiyaya hərbi donanma saxlamaq hüququ verildi. Bu maddə ilə Baltik dənizi, Qara dəniz Xəzər
dənizinə sahib olmaq uğrunda Rusiyanın
apardığı məqsədəyönlü
işğalçılıq planının həyata
keçirilməsində yeni qələbəsi təsdiq
olundu. Bu maddənin İngiltərə əleyhinə
çevrilməsi mülahizəsində də müəyyən
həqiqət var. Altıncı maddə ilə əsirlər
və fərarilər məsələsi həll edilməli
idi.
Yeddinci maddə ilə
diplomatik heyətlərin qarşılanması, konsulluqlar
açılması dəqiqləşdirildi. Bu maddəyə
əsasən İranda rus səfirliyi təşkil
edilmişdi.
Səkkizinci, doqquzuncu və onuncu maddələr
ticarət və gömrük məsələlərinə həsr
edilmişdi, yalnız ticarət sahəsində müəyyən
dəyişikliklər özünü büruzə verdi. Müqavilənin sonuncu, on birinci maddəsində
deyilirdi: “Bu müqavilə imzalandıqdan sonra hər iki ali dövlətin müvəkkilləri
qarşılıqlı surətdə və tarixə
salınmadan bütün yerlərə onun haqqında
lazımi xəbər və hər yerdə hərbi əməliyyatların
dərhal dayandırılması barədə əmrlər
göndərsinlər.
İki bərabər hüquqlu
nüsxədə (fars dilinə tərcüməsi
ilə birlikdə) yazılmış və saziş
bağlayan ali tərəflərin yuxarıda göstərilmiş
Müvəkkilləri tərəfindən imzalanaraq onların
möhürləri ilə təsdiq edilmiş və
qarşılıqlı surətdə dəyişdirilmiş
bu ədəbi sülh Müqaviləsi Əlahəzrət
Bütün Rusiya İmperatoru və Əlahəzrət
İran Şahı tərəfindən bərqərar ediləcək
və Əlahəzrətlərin öz əlləri ilə
imzalanmış təntənəli Ratifikasiyalarla təsdiq
olunacaqdır. Bu müqavilənin həmin təsdiq
olunmuş nüsxələri bu Ali Saraylardan,
qarşılıqlı surətdə göndərilməklə,
onların yuxarıda adları çəkilmiş Müvəkkillərinə
üç ay müddətindən sona çatdırılacaq”.
Kərim Şükürov
Tarix üzrə elmlər doktoru, professor
Xalq cəbhəsi.-
20175.-26 aprel.- S.14.