Milli dövlətçilik düşüncəsinin işığında

 

Yunus Oğuzun "Atabəy Eldəniz" romanı haqqında

 

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tarixi roman janrına yenidən qayıdış xalqın milli-mənəvi özünüdərk proseslərinin dərinləşdirilməsinə, çoxəsrlik təcrübə və ənənə əsasında müasir mərhələdə müstəqil dövlətçiliyin daha da möhkəmləndirilməsinə xidmətin ifadəsidir. Müxtəlif ədəbi nəsillər bu ənənəvi janrda tarixə müasirlik işığında yanaşmağın fərqli örnəklərini nümayiş etdirirlər. Bu baxımdan tarixi roman janrına ardıcıl olaraq müraciət edən Yunus Oğuzun yaradıcılığı xüsusilə diqqəti cəlb edir. Əvvəla, Yunus Oğuz müstəqillik dövründə Azərbaycan ədəbiyyatının ümumi mənzərəsində tarixi roman janrının mövqeyinin möhkəmlənməsi sahəsində mühüm addımlar atır. İkincisi isə o, Azərbaycanın dövlətçilik tarixinin böyük ədəbi salnaməsini yaradır, tarixi şəxsiyyətlərin xidmətlərinin yaddaqalan bədii vasitələrlə xalqa çatdırılmasına geniş meydan açır. Son onillikdə bu janrda yazdığı əhəmiyyətli bədii əsərlərlə Yunus Oğuz yeni dövrün müasir tarixi romançısı kimi böyük ad qazanmışdır. Yunus Oğuz "Nadir şah", "Təhmasib şah", "Əmir Teymur - Zirvəyə doğru", "Əmir Teymur - Dünyanın hakimi", "Şah arvadı və cadugər", "Sultan Arp Aslan" və sair romanlarında Azərbaycanın və türk dünyası tarixinin müxtəlif dövrlərini bütün yönləri ilə əhatəli şəkildə təsvir etməklə müasirlərimizin milli gen yaddaşının oyanışına və dövlətçilik təfəkkürünün qüvvətlənməsinə məsuliyyətlə və şərəflə xidmət edir. Yazıçının romanlarındakı milli dövlətçilik ideyası və azərbaycançılıq ruhu tarixi mövzuların müasir dövrlə, yeni tarixi epoxa ilə üzvü surətdə əlaqələndirilməsinə geniş imkan yaradır. Onun hər romanı ümumtürk tarixinin və Azərbaycan gerçəkliyinin böyük bir epoxasının mahiyyətinin açılmasına, dövlətçilik ənənələrimizin reallıqlarının diqqət mərkəzinə çəkilməsinə işıq salır. Yunus Oğuz Azərbaycan tarixində mühüm yer tutmuş görkəmli dövlət xadimlərinin romanını yaratmaqla yeni nəsillərdə köklər və budaqlar haqqında obyektiv və dolğun təsəvvürlərin formalaşmasına böyük töhfə verir. Beləliklə, Yunus Oğuzun tarixi romanları Azərbaycan dövlətçilik tarixinin mənşəyi, inkişaf mərhələləri, böyük şəxsiyyətləri və ibrət dərslərinə həsr olunmuş bədii əsərlər silsiləsi kimi mühüm əhəmiyyət kəsb edir. Onun tarixi romanları Azərbaycan dövlətçiliyinin XX əsrdə meydana çıxması haqqındakı uydurmalara tutarlı cavabın ifadəsi kimi də ciddi maraq doğurur. Bütün bunlar müstəqillik dövrünün oxucusunun tarixi ənənələrlə təmasda müasir mərhələdə qarşıda duran vəzifələrin mahiyyətini və məsuliyyətini daha aydın surətdə dərk etməsinə şərait yaradır.

 

Yunus Oğuzun növbəti "Atabəy Eldəniz" romanı onun yaradıcılığında tarixi roman janrının davamlı inkişaf proseslərində olduğunu göstərir. Əsərdə, tarixdən paytaxtı Naxçıvan şəhəri olmaqla "Atabakani-Azərbaycan" adı ilə tanınan Azərbaycan Atabəyləri dövlətinin (1136-1225) yaranması, fəaliyyəti, bu dövlətin qurucularının hünər və qəhrəmanlığı bütün tarixi miqyası və ictimai-siyasi qüdrəti ilə əksini tapmışdır. Azərbaycan anlayışının yalnız coğrafi ərazi deyil, mənəvi vətən və torpaq, cəmiyyət və dövlət kimi təşəkkülü, formalaşması, yüksəlməsi roman boyu oxucunun gözü qarşısında canlı lövhələrdə əksini tapır. Müəllif sonda: "Eldəniz ilk Atabəy oldu ki, Azərbaycan atabəyliyini dövlət səviyyəsinə qaldırdı və "Azərbaycan" sözü çoğrafi məna ilə yanaşı, siyasi mənada işlədilməyə başlandı..." vurğulayır. Bununla da oxucunun diqqətini Azərbaycan Səfəvilər dövlətindən daha dörd əsr əvvələ çəkir, "Xətainin qılıncının suvardığı" ərazilərin hələ XII əsrdə Atabəy Eldəniz tərəfindən Azərbaycan atabəyliyində əhatə olunduğunu bəyan edir.

Romanın əsas qəhrəmanı Azərbaycanın I Böyük Atabəyi Şəmsəddin Eldənizdir. Tarixçilər adətən qeyri-adi istedada malik bu tarixi şəxsiyyətin Səlcuq sultanı Mahmudun sarayına bir qul kimi satılıb, möhkəm iradəsi, güclü xarakteri, misilsiz bacarığı sayəsində hökm sahibinə - Atabəyə çevrilməsini məxsusi vurğulayırlar. Roman qıpçaq türklərindən olan Şəmsəddin Eldənizin həyat yolunu izləməklə, həm də belə bir tarixi versiyanı bədii şəkildə təsdiqləyir ki, Eldəniz əsir düşmüş hökmdar nəslindəndir və qəhrəmanın ali dövlət mərtəbəsinə yüksəlməsində qan yaddaşının şəksiz rolu vardır: "O, Uran tayfasının əsilzadələrindən idi. Elə uşaqlıqdan hər şeyə diqqətlə fikir verir, olanları və söylənənləri yaddaşına həkk etməklə o biri yaşıdlarından fərqlənirdi. Amma, atasının uduzduğu döyüşlərdən birində qənimət kimi bacılarını, anasını və onu əsir götürdülər. Sonradan onu anasından, bacılarından ayırıb qul kimi Dərbəndə apardılar. Tale onun ömrünə nə yazıb o bunu bilmirdi. Bildiyi o idi ki, hara getməyindən asılı olmayaraq çox çalışmalı, ağlı və zirəkliyi sayəsində özünü göstərməlidir".

Romandakı belə bir məqam da qiymətlidir ki, müəllif Eldənizin Dərbənd qıpçaqlarından olduğunu bədii şəkildə əsaslandırır. Bununla da gələcəkdə Azərbaycanın Atabəyi olan qəhrəman bu torpağa heç də fateh kimi qədəm qoymur, doğma Vətənə, yurduna dönmüş olur və burda Azərbaycan türk dövlətini təsis edir. Ümumən yazıçının bədii təxəyyülü tarixi həqiqətləri bədii cəhətdən daha da zənginləşdirməklə uğur qazanır. Roman Abbasilər dövründə Yaxın Şərqdə hakim olan Səlcuqlar imperiyasının reallıqlarına, bu imperiyanın ərazilərində meydana çıxan məmlük dövlətlərinin xəritəsinə güzgü salmaqla, Səlcuq imperiyasının gücünü və gücsüzlüyünü əyani olaraq göstərir. Yazıçının uğurudur ki, o əsərində Azərbaycan türk dövlətinin meydana çıxmasını da məhz həmin tarixi kontekstdə işıqlandırır. Tarix kitablarından alınaraq bəlli həqiqətlərə çevrilmiş hadisələr roman boyu həm süjetin əsasında durmaqla, həm də xronoloji mozaika şəklində haşiyələrdə yer almaqla oxucunun tarixi yaddaşını oyadır, tarixin xəritəsini müasirliyin mənzərəsinə çevirir.

Bu baxımdan romanın kompozisiyası maraq doğurur. Əsər sanki xronologiya şəklində qurulmuşdur. Bədii parçalarda 1118-ci ildə Şəmsəddin Eldənizin Dərbənddən ayrılaraq, Səlcuq sarayına daxil olmasından 1187-ci ildə oğlu Cahan Pəhləvanın Azərbaycan Atabəylər Dövlətini zirvəyə çatdırdığı məqamadək tarixin rəqəmləri vurğulanır. Amma heç də hadisələri ardıcıllıqla təsvir etməklə yox, tariximizin bu şərəfli dövrünə müxtəlif bucaqlardan işıq salmaqla oxucunu özünə cəlb edir. Tarixin mənzərəsi gah irəliyə qaçıb, gah da geriyə dönməklə (1118, 1136, 1133, 1136, 1187, 1136 və s.) artıq bəlli bir anlayışın - Azərbaycan Atabəyinin tədricən formalaşan obrazını müxtəlif məqamlardan göstərməyə xidmət edir. Yunus Oğuzun bu tip mozaik kollaj üsulunu son illər romançılığımızda işlənən uğurlu və orijinal bədii forma hesab etmək olar.

Bununla belə, roman heç də tarixin kölgəsində qalmayıb, həm mövcud hadisə və şəxsiyyətlərin fəaliyyətinə dair məlum faktların və təfərrüatların bədiiləşdirilməsi, həm də yazıçı fantaziyasından doğan və əsəri tamamlayıb daha da zənginləşdirən əlavələrlə inkişaf etdirilir. Bu baxımdan romanda təqdim olunan əsas süjet xətti Eldəniz - Mömünə Xatun münasibətləri ailədaxili proseslərin sədlərini aşaraq, hakimiyyət və şəxsiyyət problemlərinin işıqlandırılmasına səbəb olur. Romanın əsas konfliktini də Sultan Toğrulun ölümündən sonra tale ulduzları qovuşmuş bu iki tarixi şəxsiyyətin qüdrətli siyasi-mənəvi birliyi ilə onlara qarşı çevrilmiş düşmən qüvvələr arasındakı münaqişə və mübarizə təşkil edir. Qardaşının ölümündən sonra taxta çıxmış sultan Məsudun Eldənizi II Toğrulun oğlu şahzadə Arslanşaha Atabəy təyin etməsi və Arranın paytaxtı Bərdəyə hakim göndərməsi münaqişənin düyününü vurur. Eldəniz-Mömünə Xatun tandeminin məqsədlərinə doğru zəfər yürüşləri bir yandan Bağdad xəlifəsinin hakimiyyətə can atan səlcuq şahzadələri və onların atabəylərini daim qızışdırması, bir-birinə qarşı qoyması şəraitində, digər tərəfdən isə daha qorxunc qüvvə - xilafəti və Səlcuqları gizli şəkildə təqib edən, qətllər vasitəsilə vahimə yaradaraq saraylardan xərac toplayan, özünü "batinilər" adlandırmış, lakin xalq arasında daha çox "xaşxaşilər" adı ilə tanınan dini terror təşkilatının daimi hədə və təzyiqləri mühitində davam edir.

Şəmsəddin Eldənizin Möminə Xatuna sədaqətinin əsası ilk dəfə hələ sultan sarayında, onu xaşxaşi sui-qəsdindən qurtarması ilə qoyulur və daha sonra xaşxaşilər tərəfindən hər iki qəhrəmana qarşı dəfələrlə hazırlanmış qətllərin qarşısı alınır. Xaşxaşilərin başçısı Sahibi-əzəmi Nurəddin Məhəmməd Saninin uzaqgörənliklə Şəmsəddin Eldəniz və Mömünə Xatunu ayırmaq niyyəti ürəyində qalır: "Bu, o deməkdir ki, iki ağıllı adam birləşib, tezliklə nəinki Arran və Azərbaycana hakim olacaqlar, həm də o biri Atabəylərə təsir gücünü əllərində saxlayacaqlar. Bizə də xərrac verməyəcəklər." Beləliklə, möhtəşəm türbəsi bu gün də qədim Azərbaycan torpağı Naxçıvanda ucalan Mömünə Xatunla Eldənizin az qala qırx illik birgə həyatı və ayrılmaz ittifaqı, nəticədə Azərbaycan Atabəyləri dövlətinin qurulması tarixi simvola çevrilir.

Şəmsəddin Eldəniz və Möminə Xatun romanda xarakter səviyyəsində təqdim olunan surətlərdir. Yazıçı Şəmsəddin Eldənizin sadəcə zahiri portretini cızmaqla qalmır, obrazı bütünlüklə daim hərəkətdə, əməli fəaliyyətdə, hadisələrin gedişi prosesində yeni cizgilərlə zənginləşdirir və tamamlanır. "Atabəy Eldəniz" romanındakı aşağıdakı müəllif təqdimatı oxucunu Atabəylər dövlətinin başçısını yaxından tanımağa hazırlayır: "Saray mühiti ona çox şeyləri öyrətmiş, çox mətləblərin sirrini açmışdı. Birincisi, qaradinməz olmaq, heç kimə qoşulmamaq və sirr verməmək. İkincisi isə ağana, sahibinə sədaqətlə qulluq etmək. "Tülkü öz yuvasına hürsə qotur olar". Belədə həm başı salamat qalar, həm də hörmətli olarsan. Bütün bunları o sarayda əxz etmişdi." Bundan başqa, Yunus Oğuz Şəmsəddin Eldənizin saray mühitində düzlüyü və sədaqəti hər şeydən üstün tutması ilə nüfuz qazandığını göstərir. Onun əvvəlcə sultan Toğrulun mətbəx başçısı (əl xivan salar), daha sonra mühafizə xidmətinin əmiri olması məhz həmin əxlaqi-mənəvi keyfiyyətlərin sayəsində mümkün olmuşdur. Sultan Məsud tərəfindən Atabəy təyin edildikdən sonra da düzlüyünü, sədaqətini qoruyub saxlaması Şəmsəddin Eldənizi ucaldır. Saray intriqalarından, Atabəylər arasındakı çəkişmələrdən özünü kənarda saxlamağa çalışması tarixi məqam yetişdikdə qılıncını işə salıb qələbələr qazanmasına şərait yaradır. Beləliklə, müəllif dövlətçilikdə müdriklik, sədaqət və məsuliyyəti əsas prinsiplər kimi müasir oxucunun nəzərinə çatdırır.

Romandan görünür ki, Şəmsəddin Eldənizin Möminə Xatuna sevgisi və sədaqəti intəhasızdır. Müəllifin təqdimatından aydın olur ki, Şəmsəddin Eldəniz hər zaman xatununu qorumaqla, xəyanətdən tam uzaq olmaqla yanaşı, bütün dövlət tədbirlərində də onunla məsləhətləşir, onsuz addım atmır. Bu sevginin gücü o qədərdir ki, Şəmsəddin Eldəniz Möminə Xatunun vəfatından sonra allahından onları ayırmamağı istəyir və duası müstəcəb olur. Şəmsəddin Eldəniz bir Atabəy kimi himayəsində olan oğulluğu şahzadə Arslanşaha da sədaqətlidir. Buna görə də o, Arslanşahı həm qoruyur, həm də gələcək taxt-tacın sahibi kimi hərtərəfli yetişdirməyə çalışır. Bir ata kimi istər Arslanşaha, istərsə də oğulları Cahan Pəhləvan və Qızıl Arslana münasibətində Atabəy Eldəniz əsl türk xarakteri nümayiş etdirir: səhvlərinə həssasdır, arxalarında durur, onlara döyüş təlimləri verir, ova aparır, hünərlərindən böyük qürur duyur. Sultan taxtına oturduğu zaman Arslanşah bədxahların təhriki ilə, ölkəni idarə edən Atabəyindən şübhələndiyi zaman Mömünə Xatun onu bu yanlışdan daşındırır: "Bunların heç birinə fikir vermə, oğlum! Atabəy həyatını neçə dəfə təhlükəyə atıb, neçə dəfə sənin həyatın uğrunda mübarizə aparıb. Sən sultan olmaq üçün o yaxın ətrafını və qulamlarını ölümə göndərib. Səndən yaşça böyük şahzadələr onun sayəsində kənarda qaldı. Sultan taxtına o səni çatdırdı. İndi həm o, həm də oğlanları sənin xidmətindədir. O sənin düşmənlərinlə döyüşür, mübarizə aparır, onlara sarsıdıcı zərbələr vurur. Sənə imkan verir ki, belə şeylərə fikir verməyəsən. Sənin qəlbinsə belə şeylərdən azaddır. Atabəy kiməsə bəxşiş verir, yaxud nəyisə geri alırsa, bu yalnız sənin hakimiyyətinin möhkəmləndirilməsi üçündür..."

Ağıllı, siyasətcil və qurucu bir hökmdar kimi Şəmsəddin Eldənizin xarakteri ölkəyə hakim olduğu illərdə qabarıq şəkildə üzə çıxır. Sultandan əvvəlcədən dikbaş əmirləri yerinə oturtmaq iznini almış Eldəniz ona biət etməmiş Beyləqan əmirinə divan tutmaqla tezliklə ölkədə qayda-qanun yaratmağa nail olur. Hakimiyyətdə o ədalətli olduğu qədər də qətiyyətlidir. Düşməni duyuq salmadan qabaqlayıcı tədbirlər görür. Böyük uzaqgörənliklə bütöv Azərbaycanın sabahına baxaraq, ölkənin paytaxtını Bərdədən əvvəlcə Gəncəyə, daha sonra Naxçıvana köçürür və bununla Azərbaycanı alınmaz qalaya çevirir. Şəmsəddin Eldəniz bu addımları atarkən baş məsləhətçisi Mömünə Xatunun fikirlərinə yüksək ehtiramla yanaşır:"- Belə düşünürəm ki, bir necə ildən sonra Gəncəni özünə paytaxt seçəcəksən. Əgər belə edəcəksənsə, o zaman Naxçıvan da paytaxt olsun. ...Atabəy təəccüblə soruşdu:

- Gəncəni başa düşdüm, amma niyə məhz Naxçıvan?

Möminə Xatun, elə bil ondan bu sualı gözləyirdi.

- Ona görə ki, Naxçıvan qalası dörd tərəfdən - Əlincə, Sürməri, Dağmar və Fağnan kimi güclü qalalarla əhatə olunub. Gəncə qalasını almaq asandır, çünki düzənlikdə, yol üstündədir. Naxçıvan qalasını isə almaq çox çətindir, ona görə ki, Naxçıvanı almamışdan öncə, gərək sıldırımlarda yerləşən bu qalaları keçəcən. Bir də gələcək xəzinənə yaxın olasan, yəni Əlincə qalasını deyirəm. Onu heç almaq mümkün deyil. Yuxarıdan bir daş buraxsan, bir qoşun qırılar.

Eldəniz yenə təəccüblə soruşdu:

- Sən bunları nə zaman öyrəndin, Xatunum! Dediklərini heç mən də bilmirdim.

- Bəs, mən kimin Xatunuyam... Atabəyin. Bizim qəlbimiz təkcə bir yerdə döyünməli deyil, həm də ağıllarımız bir yerdə işləməlidir..."

Yazıçı göstərir ki, dövlət xadimi və sərkərdə kimi Şəmsəddin Atabəy Eldənizin hünəri taxt-tacın varisi Arslanşah sultan taxtına çıxandan sonra parlayır. İlk Böyük Atabəy titulunu alan Eldəniz qanuni Sultan hakimiyyətini ayrı-ayrı separatçı sultanlıqlara parçalanmış dağınıqlıqdan xilas etmək üçün ağıllı siyasətlə qılıncının kəsərini birləşdirir. Xəlifənin onun əleyhinə olan qüvvələri birləşdirməsinə imkan vermədən əleyhdarlarını bir-bir məğlub edir; kimisi ilə qohumluq, kimisi ilə dostluq münasibətləri qurur, xəyanətkarlara qarşı isə amansız olur: "Beləliklə, Böyük Atabəy çox qısa müddətdə geniş bir ərazini - Qafqaz dağlarından tutmuş, ta Kəngər (Fars) körfəzinə qədər yerləri öz hakimiyyəti altında birləşdirdi. O, Azərbaycanı, Arranı, Şirvanı, Tiflis qapılarına qədər əraziləri, Həmədanı, Gilanı, Mazandaranı, İsfahanı, Reyi həm idarə edir, həm də o hakimləri, atabəyləri təyin edirdi. Xəzinə xərclərinə o nəzqrət edir, orduya çağırış da yalnız onun icazəsi ilə həyata keçirilirdi. Sultan və xəlifədən sonra sultanatlıqda onun adına xütbə oxunurdu. Mosul, Kerman, Xuzistan, Xilat, Arzan ər-Rum, Marağa atabəyləri və Şirvan hakimi onun vassalı sayılırdı. Belə şəraitdə, yəni hakimiyyətin bir əldən idarə olunması, çox tez bir zamanda sultanatlıqda daxili hərc-mərcliyi, qarşıdurmaları, müharibələri aradan qaldırdı və bu ərazilərin iqtisadi inkişafı sürətlə artmağa başladı... Yerin əsl sahibi Böyük Atabəy idi"

Romançı bununla sanki tarixlə yanaşı, müasir dünyanın geopolitik mənzərəsinə də nəzər salır, böyük türk birliyinə önəm verməklə, həm də hər cür separatçılığa qarşı dövlətin güclü və möhkəm olması ideyasını təcəssüm etdirir.

"Atabəy Eldəniz" romanında Möminə Xatun obrazı möhtəşəm Azərbaycan qadınlığının simvolu kimi verilmişdir. O, ağıl və tədbiri ilə Atabəy Eldənizdən şəxsiyyətin bütövlüyünə və hakimiyyətinin qüdrətinə böyük dayaq olan Möminə Xatunu aradan götürmək üçün müxtəlif tədbirlərə əl atılır. Əks tərəfin məkrli siyasətinin və hiyləgər simasının fonunda Möminə Xatun müdrikliyi və ayıqlığı ilə daha əzəmətli görünür. Yunus Oğuzun təqdimatında Mömünə Xatun geniş dövlətçilik təfəkkürünə malik olan sədaqətli Azərbaycan qadınlarının ümumiləşmiş obrazı kimi canlandırılmışdır.

Yunus Oğuz Möminə Xatunun mənşəyinin qədim türk qövmü ilə bağlı olduğunu oxucuya təqdim edir. Müəllif romanda bunu Baş Dədənin diliylə Oğuz xaqan haqqındakı miflə bağlayır: "Oğuz Xaqanın kökü Nuh əleyissalamın oğlu Yafəs xanın oğlu Olcay xandan gəlir və deyilənə görə taciklərin Əfrasiyab, bizim də Alpər Tonqa adlandırdığımız xaqanın vaxtında olub. Deyilənə görə, türkman dilinin ən gözəl və düzgün ləhcəsi Xaqaniyyə ləhcəsi olub. Xaqandan doğulan bütün qız uşaqlarına Xatun deyərdilər.

Nəticə dərhal sual verdi:

Deməli, baba, Möminə Xatun Alp Ər Tonqa nəslindəndir?

Baş Dədə gülümsündü:

-​ Belə çıxır..."

Mömünə Xatunun mənşəyi və şəcərəsi haqqındakı fikirlər nəticə etibarilə Azərbaycan dövlətçiliyinin tarixi köklərinə və milli ictimai-siyasi təməllərinə aid ümumiləşmiş qənaətlər kimi mühüm əhəmiyyətə malikdir.

Ümumən romanda qədim türk əfsanələri bədii qaynaqlarla tarixi hadisələrə uğurla sintez olunmuşdur. Batini və batil elmlərdən söhbət gedərkən Xızır peyğəmbər və İbrahim peyğəmbər haqqında rəvayət, Hun hökmdarı Mətə - Mete barəsində Dədənin söylədikləri cərəyan edən hadisələrin ruhuna tam uyğun gəlir. Eyni zamanda, Mete xanın dilindən səslənən torpaq həqiqəti haqqındakı qənaətlər bu günün aktual idealını ifadə edir, oxucuda dərin vətənpərvərlik hissləri oyadır: "Mətə xan hay vurur, obanın, elin igidlərinə xəbər yollayıb onları toplayır. Deyirlər xeyirdirmi? Deyir bəs, yarağa sarılmalıyıq. Bizim eldən torpaq istəyirlər. Deyirlər Xaqan, atın getdi dinmədin, yəhərin getdi dinmədin, yüyənin getdi dinmədin, ay sağ olmuş, indi deyirsən bir qarış torpaqdan ötrü dava eyləyək? Vəzir-vəkil, igidlər bunu deyəndə, Mətə xan qayıdır ki, at da, yəhər də, yüyən də özümünküydü. Bunlar yalnız mənə aiddir. Torpaq elin-obanındı. Hünərim nədir, ondan kiməsə bir qarış verim. Bunun qarşısında söz var? Haydı atlanın davaya!.."

"Atabəy Eldəniz" tarixi romanındakı Baş Dədə obrazı bədii təxəyyülün məhsuludur, sanki özündə Dədə Qorqud obrazını rəmzləşdirir. Tarixdən ismaililər kimi məlum olan, özlərinə gizli elmlərin sahibi - batinilər deyən təriqətin üzvləri romanda şər qüvvələri təmsil etdiyindən Baş Dədə əsl batin elminin bilicisi kimi buna qarşı qoyulmuşdur. "Biz "batinlər"deyilik. Biz batin elmi ilə məşqul olan insanlarıq. Xaşxaşilər ona görə özlərini "batin" adlandırırlar ki, guya xəlvəti iş görürlər, xəlvəti qərar verirlər, xəlvəti xərac istəyirlər, alınmayanda xəlvəti qətlə yetirirlər. Bax, o "batin" deyilən xaşxaşilərin fəaliyyətinin məğzi, mahiyyəti bundan ibarətdir. Biz isə, yəni batin elmi ilə məşğul olanlar xəlvəti qərar çıxarmır, nəinki xəlvəti xərac almırıq, ümumiyyətlə heç kimdən xərac istəmirik. Bizim elmimizdə qətl deyilən anlayış yoxdur, Allah-Təalanın verdiyi cana qətllə qıymaq küfrdür və bu, bizə yaddır". Zaman və müdriklik kimi şərəfli bir missiyanı uğurla daşıyan Baş Dədə türklərin, ulu əcdadlarımızın qədim zamanlardan müasir dövrümüzə qədərki şanlı tarixini oxucuya çatdırır. Səlcuqların ictimai-siyasi mövqeyini və aqibətini Baş Dədə obyektiv şəkildə dəyərləndirir. Görüşünə gəlmiş Mömünə Xatun və Atabəy Eldənizin gələcək taleyini də, Arslanşahın 25 il sonra taxt-taca yiyələnəcəyini də əvvəlcədən bildirib onları uğurlayan da Baş Dədədir. Əsərdə Baş Dədənin görüşünə gəlmiş dahi Nizami Gəncəvinin obrazı Atabəylər dövlətinin ədəbiyyat və mədəniyyətin inkişafındakı böyük rolunu diqqət mərkəzinə çəkir. Eyni zamanda romanın finalında Əcəmi obrazının meydana çıxması Azərbaycan tarixinin Atabəylər dövrünün əzəmətini əks etdirməyə zəmin yaradır. Müəllifin çox yığcam şəkildə memar Əcəmi haqqında təqdim etdiyi bədii material bu böyük dühanın yüksək mənəvi dəyərlərini və qeyri-adi sənət qavrayışını oxuculara çatdıra bilir. Doğrudur, romanda Nizami və Əcəmi obrazları geniş yer tutmur. Bununla belə, görünür ki, yazıçı XII əsr Azərbaycanından söz açarkən mövcud reallıqları əsas götürərək Nizami Gəncəvi və Əcəmi Naxçıvani faktorundan yan keçmək istəməmişdir. Bu mənada Nizami və Əcəmi obrazları romanda Atabəylər epoxasının bütöv mənzərəsini canlandırmağa xidmət edən mühüm bədii vasitədir.

"Atabəy Eldəniz" tarixi romanının "Baş Dədə indi zaman və məkandan kənardadır, axtarmağa dəyməz!" sözləri ilə bitməsi Azərbaycan dövlətçiliyini əbədi olacağından xəbər verən ədəbi bəyanatdır. Əslində romanın təhkiyəsi Baş Dədənin əbədiyyətə qovuşduğu nöqtədən - 1187-ci ildən qurulmuşdur. Keçmiş əhvalatları da, gələcək tarixi hadisələri də Nəticəyə danışan əfsanəvi Baş Dədə obrazı Azərbaycanın milli dövlətçiliyinin rəmzidir. Bununla yazıçı romana simvolik məna vermişdir. Baş Dədənin tarixi həqiqətləri Nəticəyə ötürməsi ciddi ictimai mahiyyət daşıyır. Nəticə - yeni nəsillərin ümumiləşdirilmiş obrazıdır. Fikrimizcə, Nəticə adı da təsadüfi seçilməyib, həm konkret olaraq "Atabəy Eldəniz" tarixi romanının məntiqi yekununu, həm də yazıçının Azərbaycan dövlətçiliyinin nəsillərdən-nəsillərə keçəcək gələcəyi ilə bağlı idealını ifadə edir.

"Atabəy Eldəniz" - Azərbaycan dövlətçiliyinin qədim tarixə və böyük ənənələrə malik olduğunu bədii həqiqətlər vasitəsilə təsdiq edən roman kimi mühüm əhəmiyyət daşıyır. Milli dövlətçilik düşüncəsi ruhunda yaranmış bu əsər müstəqil dövlətimizin müasir inkişaf yoluna da gur işıq salır.

 

Xalq cəbhəsi.- 2017.- 27 aprel.- S.12-13.