Türkmənçay – 1828: Tarixi xronika

 

3-cü yazı

 

1816-cı il 29 iyul. Peterburq. I Aleksandrın Yermolova təlimatından: - Rus-İran əlaqələrini orada olan ingilis nümayəndəliyi zəiflədə bilər. Bütün Avropa ölkələrindən ancaq İngiltərə İran dövləti ilə əlaqələri möhkəmləndirməyə çalışır, bu əməldə onlar o qədər irəliləyib ki, hətta daxili işlərə qarışır. Böyük Britaniya hökuməti ilə mənim əlaqələrim möhkəm olsa da, mən razı deyiləm ki, mənimlə qonşu olan ölkədə onun təsiri böyüsün, mən çalışmalıyam ki, bu dövlətdə Avropa ölkələrinin təsiri heçə ensin. İngiltərə çalışmalıdır ki, İran hökumətinin bütün fikri ancaq şimala yönəlsin, bizə qarşı yönəlsin onun fikrini cənubdan ayırsın. Mənim fikrim yoxdur ki, İran dövlətinin əli ilə ingilislərin Hindistanda olan hakimiyyətini zəiflədim, həm mən çalışmalıyam ki, ingilislərin Qafqaza təsirini yox edim. Bu xəbərlər sizə aydınlaşdırmalıdır, niyə ingilislərin İran dövlətinə təsirini azaltmalı vaxt keçdikcə heç etməlisiniz [AKAK, т. VI, ч II. Тифлис, 1875, с. 122-127].

Əslində bu təlimatın Yermolov üçün elə bir əhəmiyyəti yox idi, çünki o, hər şeyi özü bildiyi kimi həll eynəyə üstünlük verirdi. Yermolov oktyabrda Tiflisə gəldi. Köhnə baş komandanın bəzi kadrlarını etibarlı adamları ilə əvəz etdi. Noyabr ayında müqavilə üzrə müəyyən edilmiş sərhədləri nəzərdən keçirdi. Bundan sonra fövqəladə səlahiyyətli nazir vəzifəsini həyata keçirməyə başladı.

Yermolovun 200 nəfərdən çox adamı əhatə edən missiyası 1817-ci il aprelin 30-da İrəvanda, sonra Naxçıvanda oldu.

 

1817-ci il 11-12 may, Naxçıvan

 

Yermolovun missiyası mayın 11-də Naxçıvana yetişdi. Mayın 12-də onun Naxçıvan xanı ilə görüşü oldu. Kəlbəli xan Kəngərli (?-1823) 1787-1820-ci illərdə Naxçıvan xanı olmuşdu. Ağa Məhəmməd Qacara tabe olmaqdan imtina etdiyinə görə şah tərəfindən gözləri çıxarılmış hakimiyyətdən uzaqlaşdırılmışdı. Lakin sonralar yenidən Naxçıvan xanlığında hakimiyyətə qayıtmağa nail olmuşdu.

Kəlbəli xanYermolova: -Ağa Məhəmməd xan mənim gözlərimi çıxarıb. Mənim güclü əllərim qisas almağa hazırdır... Vaxtilə Araz çayı vadisinin gözəlliyi zənginliyinə heyrətlə baxırdım, gözəl bağları meşəlikləri olan vadini çoxsaylı əhali canlandırırdı. İndi mənə deyirlər ki, vadi boş səhralığa çevrilib, keçmiş zənginliyindən əsər belə qalmayıb. Yaxşı ki, tale mənim gözlərimi bağladı, vadinin belə bədbəxt gününü tarmar olmasını görmürəm. Bu vadini üç əsr mənim nəslim idarə etmişdir...

[Журнал посольства в Персию генерала А.П.Ермолова. Чтение в Императорском обшестве истории и древностей российских при Московском Университета. Апрел-Июнь, кн.2, М., 1863,с. 180-181]

Kəlbəli xanın İran tabeliyində olmasına baxmayaraq Yermolovla görüşü siyasi cəhətdən müstəqilliyi kimi qiymətləndirilir. Elçilik mayın 19-da Təbrizə çatdı. YermolovAbbas Mirzə arasında ilk görüşün təşkili barədə danışıqlar başladı. Mirzə Bozorg İngiltərə və Fransa tərəfindən də əməl olunan İran qaydalarına görə onun vəliəhdlə çəkmədə deyil, qırmızı corabda görüşməli olduğunu bildirdi.

Mirzə Bozorg Fərəhani – Abbas Mirzənin valiliyi dövründə Azərbaycanın qaimməqamı olub. Abbas Mirzənin fəaliyyətində rolu yüksək qiymətləndirilir. Sonralar qaimməqam vəzifəsini oğlu Mirzə Əbülqasım Fərəhani yerinə yetirmişdi [Nasir Nəcmi. Abbas Mirzə, s. 6-8].

Yermolov bu təklifi rədd etdi. “Corab diplomatiyasının” pozulması danışıqların qarşılıqlı etimad şəraitində keçirilməsinə ciddi zərbə vurdu. Abbas Mirzə Yermolovu adətən olduğu kimi xalısı üzərində oturmuş halda yox, ayaq üstə qarşıladı. Yermolov Təbriz görüşündə torpaq güzəşt edilməyəcəyini açıqca bildirdi, bunun müqabilində 1804-1813-cü illər müharibəsinin əsirlərin geri qaytarılmasında və Rəştdə rus konsulluğunun açılmasında heç bir nailiyyət əldə edə bilmədi. Ümid şahla görüşə qalırdı...

Fətəli şahla görüş onun yay iqamətgahında – Sultaniyyədə oldu. Bu görüş də istənilən nəticəni vermədi.

Şah Yermolovu Şiri-Xurşid ordenilə təltif edərək görüşlərin başa çatdığını onun nəzərinə çatdırdı. Yermolov yenidən Təbrizə döndü.

Yermolov Təbrizdə hökumətin ona verdiyi təlimatı bir daha kobudcasına pozdu və şahın rəsmi vəliəhdinin Abbas Mirzə olmasına baxmayaraq Kirmanşah valisi Məhəmməd Əli Mirzə ilə gizli görüşdü. Elçinin bu cür düşmənçilik hərəkəti əbəs keçmədi. Məhəmməd Əli Mirzə sui-qəsd nəticəsində öldürüldü...

Elçinin səhvini aradan qaldırmaq məqsədilə çar 1819-cu il 8 may aktı ilə Abbas Mirzəni vəliəhdi kimi tanıdığını elan etdi.

 

***

XVIII yüzilin sonu – XIX yüzilin əvvəllərində Cənubi Azərbaycan İranın siyasi mərkəzi oldu. Xarici dövlətlərin diplomatik missiyaları da Təbrizdə yerləşirdi. İngilis diplomatik missiyası 1816-cı ildən burada idi. Bu vaxtlar İngiltərənin işlər vəkili Henri Uillok idi. Təbrizdə işlər vəkilinin qardaşı Eduard, mühəndis Vilyam Montis, həkim Kormikb. çalışırdı.

Rusiya 1918-ci ildə Təbrizdə diplomatik misiyasını təsis etdi. Missiya həm Xarici işlər kollegiyasının Asiya departamentinə, həm də Yermolova tabe idi. Rusiyanın işlər vəkili Mazaroviç təyin edildi.

Mazaroviç Semyon (Simon) İvanoviç (?-1852) - əslən venesiyalı olub, 1807-ci ildən Rusiyada diplomatik xidmətə başlamışdı, ixtisasca həkim idi, Yermolovun İran elçiliyində bu vəzifəni yerinə yetirirdi. İranda həkimlərin diplomatik işə göndərilməsi ingilis ənənəsi idiRusiyada bu üsula əl atmışdı. Həkim – diplomatik şah hərəmxanasına asanlıqla daxil olur və hərəmlər vasitəsilə şaha təsir imkanı əldə edə bilirdi.

Missiyanın digər əməkdaşları A.S.Qriboyedov, A.K.Amburger və tərcüməçi Ş.F.Bəylərov (Məlik Bəylərov) idi.

Qriboyedov Aleksandr Sergeyeviç – nə qədər təəcüblü olsa da anadan olduğu il dəqiq məlum deyil. Daha çox, 1790 və 1795-ci illər xatırlanır. Hər il insanın həyat yolunu öyrənmək üçün bu beş ilin necə böyük rola malik olduğu heç bir şübhə doğurmur. Anadan olduğu il kimi digər həyat hadisələri də mürəkkəb, ziddiyyətli və mübahisəlidir. Bütün bunların müqabilində onların birmənalı qiymətləndirilməsi cəhdi əsəbdir. Həyatının son onilliyinin Qafqazla bağlı dövrləri zamanı yazdığı əsərlər, yol qeydləri, rəsmi və qeyri-rəsmi yazışmalarından geniş istifadə olunub, lakin subyektiv yanaşmalar tədqiqatların əhəmiyyətini azaldıb. Demək olar ki, Qriboyedovun qələmindən çıxan bütün xidməti qeydlər, təsvirlər, düşüncələr yeganə həqiqət kimi qəbul edilib. Qriboyedov isə xidməti qeydlərində daim öz rolunu şişirdib. Onun rəisi Paskeviçin adından özü barədə qeyri-təvazökar məktublar tərtib etməsi elmi cəhətdən sübut olunub [Эйделман Н.Я. Быть может за хребтом Кавказа (Русская литература и общесмивенная мысль первой пловина XIX в Кавказский контексм)., 1990,с. 33-34]. Qafqaz xristianlarının böyük dostu, müsəlman xalqlarına münasibətdə isə Yermolovun, sonra isə Paskeviçin siyasətinin tərəfdarı olmuşdu.

Ədəbi yaradıcılığı da mübahisəli olmuş, bir əsərin – “Ağıldan bəla”nın müəllifi kimi tanınıb. Bu əsərin süjetini 1820-ci ildə Təbrizdə yuxuda görməsi haqqında fikir geniş yayılıb. ...1817-ci ilin iyununda Xarici işlər kollegiyasında xidmətə başlamış, sonra yeni təşkil olunmuş Təbriz missiyasına təyin olunmuşdu. O, 1818-ci ilin payızında Tiflisə gəlmiş, burada Yermolovonun ətrafı ilə tanış olmuşdu. Tiflisdə olarkən Yermolovun İran elçiliyi haqqında xatirələrinə qulaq asmış, ondan diplomatiyaya dair nəsihətlər almışdı. Bu nəsihətlər faciəli ölümünün səbəblərindən olmuşdu. Bu hadisə 1829-cu ilin fevralında baş vermişdi.

 

1818-1826-cı illər.

Rusiyanın İran missiyası. Təbriz

 

Missiya Təbrizə gələrək burada Abbas Mirzənin yanında akkreditə olunmuş, sonra şaha təqdim olunmaq üçün Tehrana yola düşmüşdü. 1819-cu ilin mart-iyul aylarında Tehran səfərini başa vuran missiya Təbrizə dönmüş, Qriboyedov Yermolovla görüşmək məqsədilə sentyabrda Çeçenistana gəlmiş, diplomatik tapşırıqla yenidən Təbrizə qayıtmışdı.

...Rus missiyasının başlıca vəzifələrindən birirus batalyonu”nun geri qaytarılması idi. 1804-1813-cü illər müharibəsi zamanı əsir düşmüş rus əsgərləri Təbrizə gətirilmiş, burada onlardan xüsusi batalyon yaradılmışdı. Batalyona Borisoqleb polkunun vaxmistri Samson Yakovleviç Makinsev komandanlıq edirdi. Batalyonun döyüşçüləribahaderanda adlandırılırdı. Qriboyedov bahadırların qaytarılmasına xüsusi canfəşanlıqla girişmişdi. Abbas Mirzə ilə görüşdə bu məsələni vurğulamışdı.

Qriboyedov əsirlərdən 70 nəfəri geri qaytarmağa nail olmuşdu. Lakin rus əsgərləri yalnız müharibə zamanı deyil, dinc dövrdə fərarilik edirdi. Eduard Uillok erməni Sadıq vasitəsilə Qarabağdakı 42-ci yeger polkunun bəzi əsgərlərinin İrana qaçmasına nail olmuşdu. Bu fakt da Qriboyedovu qəzəbləndirmiş naşılıq göstərərək ingilis missiyasına nota ilə müraciət etmiş, diplomatik dairələrdə narazılıq yaratmışdı.

Rus missiyası, xüsusilə Qriboyedov 1821-1823-cü illər İran-Türkiyə müharibəsinin baş verməsində mühüm rol oynadı. Qriboyedov 1828-ci ildə yazırdı: “Хорошо бы его (Аббас Мирзу – K.Ş.) вооружать против турок... В 1821 году я это очень успешно произвел в действие и получил головомойку от Нессельроде, хотя Ермолов вполне одобрил меня". [Tərcüməsi: Yaxşı olardı ki, onu türklərə qarşı silahlandıraq... Mən 1821-ci ildə bunu uğurla həyata keçirdim. Yermolovun məni tamamilə bəyənməsinə baxmayaraq, Nesselrodedən qulaqburması aldım].

Bu, diplomatik uğursuzluq kimi qiymətləndirildi. Nesselrodenin təşəbbüsü ilə Qriboyedov 1821-ci ildə Yermolovun dəftərxanasında xarici bölmə üzrə katib təyin edilərək Tiflisə dəyişdirildi...

İran-Türkiyə müharibəsi ingilis diplomatiyasının yaxından iştirakı ilə 1823-cü il iyulun 28-də Ərzurum müqaviləsilə başa çatır.

 

***

...Gülüstan müqaviləsində sərhədlərin ümumi şəkildə göstərilməsi müəyyən vaxtdan sonra onun dəqiqləşdirilməsini tələb edirdi. İran sərhədlərin dəyişdirilməsinə ümid etdiyindən bir müddət bu məsələyə qayıtmadı. Rusiyanın İrana güzəştə getməyəcəyinin aydın olması və Gülüstan müqaviləsinin mətninin mətbuatda nəşri ilə sərhəd problemi ortaya çıxdı. İlk dəfə 1818, ikinci dəfə 1821-ci ildə onun həllinə cəhd edildi. Bu və 1823-cü ildəki növbəti cəhd uğursuz oldu. Bu danışıqlarda tərcüməçi kimi Bakıxanov da iştirak edirdi.

 

Kərim Şükürov

Tarix üzrə elmlər doktoru, professor

 

Xalq cəbhəsi.- 2017.-28 aprel.- S.14.