Pişəvərinin milli hökumətin
yaranması uğrunda mübarizədə rolu
1-ci yazı
Cəmiyyət tarixində xalq kütlələrinin həlledici
qüvvə olduğunu göstərməklə yanaşı,
siyasi-ictimai xadimlərin də mühüm rol
oynadığı qeyd edilməlidir. Buna görə də görkəmli
inqilabçıların və siyasi xadimlərin inqilabi fəaliyyətini
öyrənməyin həm elmi, həm də siyasi-praktiki əhəmiyyəti
var. Seyid Cəfər Pişəvəri (1983-1947) Azərbaycan
və İran xalqlarının imperializm və şahlıq
quruluşu əleyhinə inqilabi hərəkatının
yetişdirdiyi görkəmli ictimai xadimdir.
Cənubi Azərbaycanda 1945-1946-cı illərdə Azərbaycan
Demokrat Firqəsinin (ADF) və Azərbaycan Milli hökumətinin
(AMH) yaranması və bir illik fəaliyyəti dövründə
S.C.Pişəvərinin yüksək nəzəri
hazırlığı və təşkilatçılıq
bacarığı özünü göstərib.
İranın
şahlıq rejiminə, irticaçı və imperialispərəst
hakimiyyətinə münasibət məsələsi
1941-1946-cı illərdə İranın siyasi-iqtisadi həyatında
şahlıq rejimi, iri mülkədarlar və kompador burjuaziya
hökmranlıq edirdi. 1941-ci ilin avqust-sentyabr aylarında
İranda Rza şah diktaturası (1925-1941) dağıldı.
Xalqın mübarizəsi nəticəsində
mütərəqqi siyasi partiyalara və təşkilatlara fəaliyyət
azadlığı, mitinqlər-nümayişlər
keçirilməsi və mətbuat nəşr olunması kimi
bir sıra demokratik azadlıqlar əldə edildi. Hətta
İranın ali qanunverici orqanı olan məclisin
14-cü çağrışına (26.01.1944-12.03.1946) fəhlə
sinfinin və digər zəhmətkeş təbəqələrin
partiyası İran Tudə partiyasının (ITP) üzvlərindən
8 nəfər və bir neçə azadxah deputat seçilməsinə
müvəffəq olunmuşdu.
1945-ci ilin əvvəlindən M.Bəyat, M.Sədr və
Həkiminin başçılıq etdiyi irticaçı
hökumət İranda azadlıq qüvvələri əleyhinə
ümumi hücuma keçərək proqressiv siyasi
partiyaları və ictimai təşkilatları, mətbuatı
bağlamağa və dağıtmağa başladı. Tehranda çıxan
demokratik «Armane melli» qəzeti 1945-ci il
avqustun 30-da yazırdı: «İranda azadlıq və demokratiya
tamamilə təhlükəyə düşmüşdü. Bu irticaçı hökumət davam etdikcə
ölkədə daxili müharibə, qan tökülməsi və
vuruşmalar gözlənilir».
Belə
bir şəraitdə şah başda olmaqla iri mülkədarlardan,
kompador burjuaziyadan, yüksək rütbəli hərbi və
mülki qulluqçulardan, 14-cü məclisin «əksəriyyət»
təşkil edən deputatlarından ibarət qatı
irticaçı qüvvələr və onlara mənsub
İradeye melli, Nehzəte melli, Ədalət, Vətən və
Mihən kimi partiyalar mövcud irticaçı quruluşu
saxlamaq və möhkəmlətmək məqsədilə
mümkün olan butün vasitələrlə xalqın
azadlıq uğrunda hərəkatını boğmağa
çalışırdılar.
İri
burjuaziyanın ölkənin iqtisadiyyatı ilə
bağlı olan hissəsindən, şəhərlərin orta
təbəqələrindən, 14-cü məclisdə
azlıq («əqəliyyət») təşkil edən
deputatlardan və doktor Məhəmməd Müsəddiqin ətrafında
birləşmiş şəxslərdən ibarət liberal
qüvvələr və onlara mənsub İran və Mərdom
partiyaları, ümumiyyətlə, istismarçı siniflərin
hakimiyyətinə toxunmadan iri mülkədarların hakimiyyətdə
rolunu bir qədər azaltmaq istəyirdilər. Onlar
qatı irticaçı qüvvələr tərəfindən
xalqa qarşı qeyri-məhdud zorakılıq işlədilməsinin
inqilabi çıxışlara səbəb olacağından
qorxurdular. Buna görə də irticaçı
hökumətlərin bu əməllərinə qarşı
çıxırdılar.
İranın
fəhlə sinfindən, kəndlilərdən, sənətkarlardan
və azadxah ziyalılardan və onlara mənsub İran Tudə
Hizbindən, İran Fəhlə və Zəhmətkeşlər
Həmkarlar İttifaqından (İFZHİ) və İran
Azadlıq Cəbhəsindən ibarət olan demokratik qüvvələri
ölkədə həqiqi demokratik rejim qurulması və
ictimai azadlıqlar uğrunda, diktatorluq, istibdad rejimi və
imperializm əleyhinə mübarizə edirdilər. 1945-ci ildə İranın irticaçı qüvvələri
bütün ölkədə xalqın azadlıq uğrunda hərəkatını
boğmaq üçün şiddətli hücuma keçdiyi
günlər İranın demokratik qüvvələrinin
azadlıq uğrunda mübarizə taktikası xalqın fikrini
işıqlandırmaqdan, öz təşkilatlarını,
genişləndirməkdən və parlament mübarizəsindən»
ibarət olmuşdu. Hətta Cənubi Azərbaycanda 1945-ci
ilin sentyabr-dekabr aylarında inqilabi xalq hakimiyyətinin
yaranmağa doğru getdiyi bir şəraitdə Tehranda
çıxan və İranın demokratik qüvvələrinə
mənsub olan çox nüfuzlu qəzetlərdən biri
yazıpdı: Həqiqi demokratik quruluş yaratmaq
üçün «Dövlət
hakimiyyətini irticaçılardan təmizləməkdən,
onları mühakimə və cəzalandırmaqdan başqa
heç bir yol yoxdur... hakim dairələri təmizləməkdən
başqa bir çarə yoxdur», göründüyü kimi,
söhbət İranın irticaçı hakimiyyətini
yıxmaqdan getmirdi.
İranın qatı irticaçı, liberal və
demokratik qüvvələrinin 1941-1945-ci illərdə
şahlıq rejiminə və irticaçı hakimiyyətə
münasibətinin əvvəldə nəzərdən
keçirilən yığcam təhlili göstərir ki, həmin
illərdə İranın siyasi qüvvələrinin
heç biri Azərbaycan və digər xalqların milli
azadlığını qarşıya məqsəd
qoymamışdı. Ümumi hücuma keçmiş
irticanın qarşısını almaq, İran azadlıq hərəkatına
dayaq yaratmaq və Azərbaycan xalqının milli və
demokratik azadlığını təmin etmək
üçün mövcud siyasi qüvvələrdən əsaslı
sürətdə fərqlənən siyasi təşkilatın
yaranması zəruri olmuşdu.
Belə bir siyasi qüvvə 1945-ci ilin ikinci
yarısında Cənubi Azərbaycanda yaranmaqda idi. Pişəvəri deyirdi:
«Biz uzun-uzadı mütaliə etdikdən sonra yəqin hasil
etdik ki, möhkəm bir təşkilat vücuda gəlməzsə,
gündən-günə qüvvətlənməkdə olan
selin (irticanın hücumunun - M.C.) qabağını sədd
etmək
mümkün olmayacaq. Ona görə də birinci
növbədə böyük bir firqə yaratmağa təşəbbüs
etdik».
Azərbaycan Demokrat Firqəsi belə bir siyasi partiya oldu. O zaman Cənubiq Azərbaycanda
yeni siyasi partiyanın yaranmasında fəal iştirak etmiş
məsləkdaşlarının da fikrini ifadə edərək
S.C.Pişəvəri deyirdi: «İranda məclis və dövlət
maşını tamamilə demokratizmin düşməni olan
müstəbidlərin əlinə düşüb. Onlar bu böyük vasitədən istifadə edərək
azadlığı və həqiqi demokratiya yolunda mübarizə
edən fədakar qüvvələri əzib məhv etməkdədirlər.
Tehranda kök salmış irtica və istibdad
qüvvəsi xaricdə (Tehrandan xaricdə - M.C.) vücuda gələn
azadlıq hərəkatlarını yatırmaq işində
heç bir cinayətdən geri durmayacaq. Bu
cinayətlərə xatimə vermək üçün
oranın (Tehranın - M.C.) qüdrətini məhəlli və
milli ixtiyarlar vasitəsilə sındırmaq lazım gəlir.
Bu işdə Azərbaycan həmişə
olduğu kimi indi də qabaqcıl olmalıdır. Tehrandan azadlıq ummaq böyük səhvdir». Bəhs olunan 1945-ci ildə İranın şahlıq
rejiminə və irticaçı hakimiyyətinə
qarşı S.C.Pişəvərinin tutduğu mövqe diygər
siyasi xadimlərin və qüvvələrin mövqeyindən
tamamilə fərqli idi. Pişəvəri
inqilabi mövqe tutaraq İranın mərkəzi hökumətindən
qanun, ədalət və azadlıq tələb edib intizarda
oturmağın qəti əleyhinə idi. Aşağıdan,
xalq kütlələrinin məhəlli və milli inqilabi
qüvvəsi ilə İranda iri mülkədarların və
kompador burjuaziyanın hakimiyyətini yıxmağı, əhali
kütləsinə və millətlərə geniş
hüquqlar verilməsi yolu ilə İranın dövlət
quruluşunu demokratikləşdirməyi irəli
sürürdü. S.C.Pişəvəri Azərbaycanda
böyük inqilabi imkanlardan istifadə olunmasını və
beləliklə hakimiyyət məsələsinin və milli məsələnin
inqilabi yol ilə həll edilməsini təklif edirdi.
İnqilabi şəraiti vaxtında müəyyənləşdirmək
və ondan istifadə etmək məsələsi, başqa
inqilabi hərəkatlarda olduğu kimi, 1941-1945-ci illərdə
Azərbaycanda milli-azadlıq və demokratiya uğrunda
mübarizə zamanı xalq kütlələrinin inqilabi
çıxış vaxtının düzgün seçilməsinin
də böyük əhəmiyyəti olmuşdu. 1945-ci ilin ikinci
yarısında Cənubi Azərbaycanda siyasi mübarizə:
mülkədarlarla kəndlilər, fabrik-zavod sahiblərilə
fəhlələr, dövlət idarələri ilə əhali
arasında idi. İranın hakim dairələrinin
Azərbaycandakı milli zülmünə qarşı
mübarizə son dərəcə kəskinləşmişdi.
Azərbaycanda irticanın hücumunun qarşısını
almaq və xalqın azadlığına nail olmaq
üçün çox böyük imkan var idi. Tehranda
çıxan və İran Azadlıq cəbhəsilə
bağlı olan «Bəşər» qəzeti 1945-ci il avqustun 23-də yazırdı: «Hakim siniflərin
özbaşınalığı həddini keçəndə
çarə xalqın mütəşəkkil
üsyanından ibarətdir. Bu üsyanın əlamətləri
İranda görünməkdədir. Azərbaycan
təlatümdədir və inqilaba hazırdır». Belə bir şəraitdə İranın həm
irticaçı, həm də liberal dairələri Azərbaycanda
xalqın inqilabi çıxışının yubanmasına,
bununla da tədricən soyunmasına və nəhayət
qarşısının alınmasına
çalışırdılar. Liberal
siyasi mövqeyə malik olan Bahar heç bir konkret fakt göstərmədən
iddia edirdi ki, İranın mərkəzi dövləti guya
başqa əyalətlərdən daha çox Azərbaycana tərəfdarlıq
edir. Tehranda çıxan və hakim dairələrlə
müəyyən dərəcədə bağlı olan qəzetlərdən
bəziləri isə yazırdı: “Azərbaycanlılar
öz ehtiyaclarını demişlər və mərkəzi
dövlətin diqqətini cəlb edəcək. Yaxşısı budur ki, azərbaycanlılar öz
milli mətləblərini və məqsədlərini dövlətdən
istəsinlər və səbr etsinlər. 14-cü
məclis rəisinin müavini Şiraz deputatı Sərdar
Faxer Hikmət isə sentyabrın 25-də məclisdəki
çıxışında tələb edirdi ki, Azərbaycanda
öz hüquqları uğrunda mübarizəyə
qalxmış şəxslərin «əlləri və dilləri
kəsilsin». İranın 14-cü məclisinin rəisi
S.M.Təbatəbai 1945-ci il dekabrın 25-də
məclisdə çıxışında deyirdi: “Fərz edək
ki, İranda gözə çarpan nöqsanlar var.
Bütün əyalətlərdə olduğu kimi, azərbaycanlıların
da gileyi və şikayətləri var. Lakin gərək
sözü öz vaxtında demək, belə bir mövqedə
yox”.
Həmin vaxt hökumət Azərbaycanda xalqın inqilabi
hərəkatını boğmaq üçün bir tərəfdən
silahlı qüvvələrdən istifadə etməyə
başladı, digər tərəfdən vaxt qazanmaq
üçün Təbrizdə inqilabi hərəkatın
başçıları ilə danışığa girdi. 1945-ci ilin
yayında M. Sədr hökuməti tərəfindən
(5.06-21.10.1945) Cənubi Azərbaycandakı jandarm qüvvələrinə
göstəriş verildi ki, mülkədarlarla kəndlilər
arasında baş verən ixtilaflara birbaşa müstəqil
olaraq qarışsınlar və bu yol ilə inqilabi hərəkata
qoşulan kəndlilərə divan tutsunlar. Bu məsələ
ilə əlaqədar Təbrizdə çıxan «Azərbaycan»
qəzeti yazırdı: «Tehran irticasının qara
barmağı Azərbaycan kəndlərində görsənməyə
başlanır. Bunlar kəndlərə
tökülən saysız-hesabsız jandarmlardan ibarətdir.
Mülkədarların torpaqlarını qorumaq,
bəhrə (torpaq rentası - M.C.) almaq bəhanəsilə kəndliləri
döyür, incidir və narahat edirlər”.
Mirqasım Cəşmazər
Xalq Cəbhəsi.- 2017.- 2 avqust.-
S.13.