“Şeşəngi” saz
havası
Yüksək
maddi-mədəni, mənəvi-ruh dəyərlərinə
malik olmayan xalq yaddaşı dastana, nəğməyə
çevrilməzdi, dastansız, nəğməsiz xalq da
öz keçmiş dünyasını dərk edə bilməzdi
1-ci
yazı
Türk ruhunun minilliklərlə yoğrulub sümükləşmiş
təkrarsız xüsisiyyətlərini müasir dövrdə
də olduğu kimi qoruyub saxlayaraq xalqı tərbiyələndirən
əsas ictimai-mədəni, mənəvi-ruh sahələrindən
biri, şübhəsiz ki, aşıq
yaradıcılığıdır. Həmin cəhətdən xalqın
keçmişi ilə bu günü arasında canlı əlaqə
yaratmağına, həm də bütünlüklə
özündə xalqın qədim mifopoetik
yaradıcılıq, arxaik, epik janrlarının xüsusiyyətlərini
cəmləşdirməyinə görə bu şifahi xalq
yaradıcılığı sahəsi milli-genetik yaddaş
üçün əfsanələrdən, miflərdən,
nağıllardan, inanclardan da çox ədəbi-tarixi, mənəvi
əhəmiyyət daşıyır.
Tarixdə fərqli etnik-genetik ailələrə aid
xalqların folklorunda da bənzəri yaradıcılıq sahəsi
mövcud olub.
Qədim keltlərdə bardlar; slavyanlarda bandura, dumanın
müşayiəti ilə bılina (mahnı, poema) söyləyən
kobzarlar; trubadurlar – fransızlarda qəhrəmanlıq
dastanları nağıl edənlər və s. Qeyd edilən
xalqlara aid həmin sahələr həm ədəbi-tarixi
inkişaf cəhətdən, həm yaşam müddətinə,
həm də daşıdıqları məqsədi tam
dolğunluğu, dərinliyi ilə əhatə etmələrində-müxtəlif
dövrləri canlı olaraq bir-biriləri ilə əlaqələndirib
qorumada və nəhayət elmi-texniki tərəqqinin hədsiz
dərəcədə güclənməsi nəticəsində
müasir dünyanın maddi-mədəni, mənəvi həyatında
yaranmış kəskin dəyişikliyin təzyiqindən
yayınmada türksoylu xalqlarda aşıq yaradıcılığının
saxladığı əhəmiyyəti təkrarlaya bilməyiblər.
Türk ruhunun genetik xüsusiyyətlərinin
canlı mənbəyi sayılan
ozan-bakşı-jırçı-akın-aşıq
yaradıcılığının mahiyyətdə dəyişmədən
hər dövrdə yeni çalarlar alması da həm ənənənin
qədimliyini, həm də daimi gəncləşən yeni
inkişaf mərhələlərini göstərir. Həmin təsir ifaçılıq tərzində
tədricən onlarla qədim qopuz-saz havasının
yaranmasına gətirib çıxarıb. Belə təkrarsız köklü saz havalarından
biri də “Şeşəngi”dir.
Hər hansı bir qədim maddi-mənəvi dəyərləri
özlündə dərin, yığcam mənada cəmləşdirən
qavrayışları incələyəndə, istər-istəməz,
genetik, tipoloji, semiotik, etimoloji və s. müqayisələrə,
təhlillərə ehtiyac yaranır. Bu yanaşmadan
baxdıqda onlarla, minlərlə saz, mahnı hava
adlarının çoxu daşıdıqları mənalarına,
yaranmalarına təsir etmiş səbəblərə görə
öz-özlüyündə bütün sualları
aydınlaşdırır. “Şeşəngi”də
isə həmin cəhət qeyri-müəyyənliyi ilə
seçilir. Bu hal da adın çox qədim
zamanlardan yaranmağa başlamasına dəlalət edir.
Epik janrlarda minilliklər, yüzilliklər ərzində
xalqların mifoloji görüşləri, inancları, maddi-mədəni,
mənəvi-ruh, ictimai-siyasi tarixləri təbəqələşərək
əks olunur. Fəlsəfi yöndən yanaşılsa,
atomda günəşi, günəşdə atomu dərk etmək
mümkün olduğu kimi, bütünlüklə şifahi
xalq ədəbiyyatının ədəbi-tarixi
inkişafı səviyyəsindən hər hansı bir
kiçik müstəqil sahənin, burada “Şeşəngi”nin, yaranmasını əsaslandırmaq olar. Eləcə də əks istiqamətdə ümumi
böyük ruh dünyasını qavramaq mümkündür.
Bu dialektik inkişaf cəhətdən də okean həcmində
geniş, dərin, şəffaf, aydın, daimi bərq vuran qədim
böyük türk şifahi xalq
yaradıcılığının kiçik bir hissəciyi
“Şeşəngi” qavrayışı mahiyyətdə aid
olduğu maddi-mədəni dünyanın müxtəlif təkrarsız
genetik xüsisiyyətlərini özündə yığcam
səviyyədə cilalayıb cəmləyib. Həmin
məsələni aydınlaşdırmaq üçün
“Şeşəngi”adı ilə hərfi, məna cəhətdən
oxşar, uyğun bir-sıra qavrayışları müqayisəyə
cəlb etməyə ehtiyac yaranır.
Tarixi Azərbaycan ərazisində yaşayan türklərin
maddi-mədəni, mənəvi-ruh dünyasında
"şeş", "şeşə" kökündən
yaranma qavrayışlar çox geniş yayılıb. Ağbaba – Şörəyel
– Qars ərazilərində, bir sıra başqa bölgələrdə
yerli şivədə “şeşələnmək”
sözü özündən güclünü,
gücsüzü təhdid etmək, mənəm-mənəmlik
etmək mənasında işlədilir. “Şeşə
gəzmək” - özündən razı, yersiz qürurlu, məğrur
gəzmək mənası bildirir. El
arasında həmin xüsusiyyəti daşıyan şəxslərə
lağama, ayama səviyyəsində Şeşə Filankəs
(adı çəkilməklə) deyilir. Onlara
həm də "çox şişgin adamdır" deyirlər.
“Şitəngi” - dinc durmayan, daima rahatsızlıq
yaradan, şuluqluq salan uşaq mə-nasında işlədilir.
Naxçıvanda bəzi yerli şivələrdə
qoyunların südlə dolan döşlərinə
“şeşələnib” deyilir.
M.F.Axundov
da öz məqalələrində məzmunca, mahiyyətcə
“şeşə” qavrayışına uyğun sözlər,
fikirlər işlədib: “Əgər ruhanilik idarəsinin əhkamına
əməl etmək barəsində şəşəli Rusiya
dövlətinin verdiyi qanun mənə yol versəydi, bu məsələnin
həlli üçün Kərbəla alimlərinə
müraciət edərdim; çünki onlar müctəhiddirlər
və xalq da onlara təqlid edir”.
Şəşəli Rusiya burada çar hakimiyyətinin
həmin dövrdə hərbi-siyasi səviyyəsini
vurğulasa da, müəllif bunu istehza, məcazi cəhətdən
kobud, qaba, özündən razı, kiminləsə
razılaş¬mayan, mənada işlədib. Burada həm də
“şeşəli” bəzi hallarda türk¬lər¬də
"qürurlu", "məğrur" mənasında
işlənməsindən fərqli olaraq, rəqib,
düşmən tərəf üçün mənfi
xüsusiyyətlərdə verilib.
“Şeşə” qavrayışı həm də
türk inanclarında (Azərbaycan) qeybdən gələn
quş adı bildirir. Şər ruhun daşıyıcısı
olan bu quş ancaq gecələr uçaraq oğlan
uşaqlarına zərər verir. İnanca
görə həmin quşdan qorunmaq üçün uşaq
altı aylığına çatana qədər onu tək
buraxmaq olmaz. Əgər şər quş
qırxlı uşağın üstündən uçub
keçərsə, çağa qaralıb boğular. Şeşə boğazdan öldürür.
Uşağın yanında “şeşə”nin
adı¬nı çəkməzlər, onun bələyinə
iynə-sancaq taxarlar. İnama görə
şeşəni tutan kimi öldürmək lazımdır.
Şeşəni öldürən quşun anası olur, həmin
adam da şeşə vuran hər hansı
bir uşağın boğazına əlini çəkərsə
çağa sağalar.
“Şeşəngi”
havası bütün cəhətlərdən aşıq
yaradıcılığı ilə əlaqəli olduğuna
görə, əsas məsələnin aydınlaşması
üçün bir az əvvəl incələnən
qavrayışların daşıdıqları nisbətən
yaxın mənalar güdülən məqsədi tam əlaqələndirib
ödəmir. Buna görə də mahiyyətcə
daha yaxın qavrayışlar müqayisəyə cəlb
olunmalıdır. Həmin yanaşmanı
mənəvi-ruh cəhətdən aşıq
yaradıcılığının özündə
qoruduğu müqəddəs, müdrik səviyyə də tələb
edir.
“Şeşəngi” ətrafında axtarılan əsas
xüsisiyyətləri tam mənasında həm ilk başlan-ğıc,
həm də müsbət ruh tərəfdən əsaslandıran
“Şeşəndik” qavrayışı Türküstan
(Qazaxstan) şifahi xalq yaradıcılığında
özünü göstərir. “Şeşəngi”,
“Şeşəndik” qavrayışları hərfi, məna cəhətdən
uyğun olmaları ilə bərabər həm də mahiyyətcə
çox yaxındır. Xalq yaddaşında həyat, təbiət
hadisələri üzərində müdriklərin
müşahidələrini məntiqli, öyüd verən,
qiymətli kəlamlar səviyyəsində yüz illər ərzində
nəsildən-nəsilə ötürərək daha səlis,
canlı şəkildə qoruyan “Şeşəndik”
qavrayışı mövzularıyla yarandığı
dövrü, mühiti, tarixi şəxsiyyətləri bəlli
etmək üçün çox qiymətli mənbələrdir.
Məsələn, "Ədəbiyyatşünaslıq
lüğəti"ndə qazax türklərində xalq hərəkatının
başçısı Srım Datov ətrafında
yaranmış tarixi hadisələr haqda “şeşəndiliy”ə
aid kiçik parçada verilir:
Srımın rəqibi Nürəli xan barışmaq
üçün onu yanına dəvət edir, lakin Srım
getmir. Xan adamlarını göndərib onu ikinci dəfə
dəvət edir. Onda Srım - Batır xanın
elçilərinə bu sualları verir:
– Deyin
görüm, quş uçub gölə qonur, ya göl
quşa? Xanın elçiləri cavab verirlər:
– Əlbəttə, quş uçub gölə qonur.
– Deyin
görüm, qonaq aula gəlir, ya aul qonağa?
–
Aydın şeydir ki, qonaq aula gəlir.
Srım
xanın elçilərinə deyir:
– Onda qoy
xan özü aula gəlsin. Çünki xalq
göldür, xan quş, xalq auldur, xan qonaq. Göl quşsuz da ötüşər, amma hünəri
var qoy quş da gölsüz, susuz ötüşsün?
Aul qonaqsız ötüşə bilər, amma
hünəri var qoy qonaq aulsuz, evsiz ötüşsün.
Bu kiçik qarşılıqlı deyişmədən,
mübahisədən hansı mənəvi, psixoloji vəziyyət
üzə çıxır? Srım xanın
yanına getməyib həm xalqın mənafeyini, həm
özünün qürurunu, məğrurluğunu qoruyur, həm
də insanlara yaxşı münasibət göstərməyən
xanı düz yola çağırır, onun eyiblərini,
günahını göstərməklə, müdrikcəsinə
tərbiyələndirib “şeşəndi”lik edir. Xan isə xalqın ayağına gəlməyib
özündən razı halda mənəm-mənlik,
“şeşəlik”göstərir. Bu cəhətdən
“Şeşəngi”saz havasının sədaları
altın¬da aşıqların müdrikcəsinə, məğrurcasına
oxunan mövzuya münasibətləri, bir-biri¬nin
çatışmayan müsbət keyfiyyətlərini
qarşıdakına sadalamaları da xüsusilə diqqət
çəkir. Eyni zamanda belə tarixi, nəsihətamiz
mövzulara malik mətnlər ümumilikdə ayrı janr
xüsisiyyəti kimi “şeşəndik” adı altında birləşir.
Məlumdur
ki, türksoyluların maddi-mədəni, ictimai-siyasi, mənəvi-ruh
həyatında xalqsız – aşıq, aşıqsız –
xalq, lidersiz – xalq, xalqsız lider, ağsaqqalsız xalq,
xalqsız – ağsaqqal ola bilməz. Əgər xalq min illərlə,
yüz illərlə şifahi surətdə yüzlərlə
dastanı, minlərlə nəğməni cüzi dəyişikliklərlə
də olsa, olduğu kimi nəsildən-nəsilə
ötürərək yaşadırsa, bu hal ona görə
yaranır ki, bütün bunlar xalqın keçmiş
dünyasına aid köklü yüksək dəyərlərdən
yoğrulub, qidalanıb təşəkkül tapıb. Yüksək maddi-mədəni, mənəvi-ruh dəyər-lərinə
malik olmayan xalq yaddaşı dastana, nəğməyə
çevrilməzdi, dastansız, nəğməsiz xalq da
öz keçmiş dünyasını dərk edə bilməzdi.
Tahir Nəsib
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2017.- 3 avqust.-
S.14.