Pişəvərinin Azərbaycan Milli
Hökumətinin yaranmasında rolu
2-ci yazı
«Azərbaycan»
qəzeti yazırdı: «İranın mərkəzi hökuməti
heç vaxt öz təcavüzkar məmurlarının cinayətlərinin
qarşısını almağa hazır olmur. Dodaq
kəsmək, dağ basmaq, qarın yırtmaq və bu faciə
ilə qətl və qarət etməyin orta əsrlərdə
belə az sabiqəsi var». Azərbaycanda xalq hərəkatını
boğmaq məqsədi ilə Həkimi hökuməti
(3.11.1946-20.01.1946) 1945-ci il noyabrın 17 və
18-də Azərbaycana getmək üçün Tehrandan Qəzvin
şəhərinə tərəf böyük bir qoşun dəstəsi
göndərdi. Hökumət bununla yanaşı Şərqi
və Qərbi Azərbaycanda bütün qoşun, jandarm və
polis quvvələrinin ixtiyarını da bir nəfərin -
general Ə.Dirəxşaninin əlində toplanmasına əmr
verdi. İran hökuməti 1945-ci il
noyabrın 25-də Təbrizdə Azərbaycanın bəzi
ruhaniləri, fabrik-zavod sahibləri, tacirləri, mülkədarları
və maarif xadimləri vasitəsilə Azərbaycan
demokratlarının başçıları ilə
«danışığa» girdi. Bu danışıqlarda İran
hökumətini təmsil edən şəxslər israrla tələb
edirdilər ki, jandarmların və dövlət məmurlarının
zülmündən cana doymuş və əlinə silah
götürüb azadlıq uğrunda vuruşan kəndlilərin
əlindəki silahları yığışdırmaq barədə
qərar qəbul olunsun və silahlar tezliklə toplansın və
yalnız bundan sonra «işlər haqqında müzakirə edək»
və «gözləyək görək Tehrandan dövlətin
nümayəndəsi nə göstəriş gətirir».
Hökumətin bu siyasi hiyləsi baş tutmadı.
Həmin günlər İran hökuməti Azərbaycanda
inqilabi hərəkat rəhbərləri ilə birbaşa danışığa
da girdi. Bu
iş üçün İran şah dövlətinin siyasi
xadimlərindən, o zaman Azərbaycana vali təyin olunmuş
Murtuza Bəyat (Səhamüssəltənə) şahın və
mərkəzi hökumətin rəsmi nümayəndəsi
kimi 1945-ci il dekabrın 7-də Təbrizə
gəldi. Dekabrın 8-dən 11-nə qədər
İran hökuməti və Azərbaycan xalqının
nümayəndələri arasında danışıqlar
getdi. Azərbaycanın nümayəndə
heyətinə S.C.Pişəvəri başçılıq
edirdi. İran hökumətinin bu
danışıqlarda da məqsədi baş qatmaqdan, vaxt
qazanmaqdan, xalqı aldatmaqdan ibarət idi. İran
dövlətinin nümayəndəsi Azərbaycan nümayəndələrindən
hökumətə göndərilmək üçün «Azərbaycan
xalqının tələblərinin siyahısını» istəmişdi.
Azərbaycan nümayəndələri 1945-ci il
noyabrın 20-də özünü Azərbaycan müəssislər
məclisi e`lan etmiş Azərbaycan Xalq Konqresinin
(20-21.11.1945-ci il Təbriz) deklarasiyasını, qərarlarını
və bəyannaməsini İran dövlətinin nümayəndələrinə
təqdim etmiş və bildirmişdi ki, Azərbaycan
xalqının əsas tələbləri bu sənədlərdə
göstərilmiş və vaxtında İran şahına, məclisinə
və hökumətinə göndərilmişdi. Həmin tarixi sənədlərə və İran
Konstitusiyasına müvafiq olaraq Azərbaycan xalqı Azərbaycanda
muxtar hakimiyyət orqanları yaratmağa
başlamışdı.
İran hökuməti nümayəndələri Azərbaycan
xalqının əsas tələbləri ilə heç
cürə razılaşmadılar, kiçik və əhəmiyyətsiz
məsələlərin müzakirəsinə israr etdilər
və milli muxtariyyətdən əl çəkilməsini irəli
sürdülər. Bunlara görə də müzakirə nəticəsiz
qurtardı. Murtuza Bəyat şaha və
hökumətə mə`lumat vermək üçün
dekabrın 11-də Təbrizdən Tehrana getməli oldu.
Azərbaycanda azadlıq uğrunda siyasi və sinfi mubarizənin
son dərəcə kəskinləşdiyi, İranın irtica
qüvvələri bütün vasitələrlə xalqın
inqilabi çıxışının
qarşısını almağa
çalışdığı bir vaxtda, S.C.Pişəvəri
xalq inqilabının yetişdiyini və onun üçün
böyük imkan yarandığını vaxtında
görmüşdü. O, yazdığı məqalələrində, nitq və
çıxışlarında dönə-dönə xəbərdarlıq
edirdi ki, inqilabi çıxış üçün
yaranmış fürsəti əldən vermək olmaz, əlverişli
şəraitdən vaxtında istifadə etmək
lazımdır. S.C.Pişəvəri 1945-ci il
sentyabrın 12-də deyirdi: «Fürsətdən istifadə edə
bilmək özu böyük istedad və ləyaqət istəyir.
Biz fürsəti əldən verməyə razı ola bilmərik, Əyalət Əncüməni
və Məhəlli muxtariyyət məsələsini əməli
surətdə həyata keçirməliyik». Sentyabrın 20-də
isə o «Azərbaycan» qəzetində yazırdı: «Biz hər
qiymətə
olur-olsun
cahan hadisələrinin verdiyi imkandan istifadə edib
azadlığımızı təmin edəcəyik».
Müttəfiq qoşunlarının İranda olması
irtica qüvvələrinin əl-qolunu müəyyən dərəcədə
bağlamışdı. Beynəlxalq şərait imperializmi Azərbaycanda
milli-azadlıq hərəkatı əleyhinə bilavasitə
çıxmaq imkanından məhrum etmişdi. 1945-ci ilin mayında SSRİ-nin faşist Almaniyası
üzərində tarixi qələbəsi dünyada qüvvələr
nisbətini milli-azadlıq, demokratiya və sosializm cəbhəsi
xeyrinə dəyişdirdi. İranda, o cümlədən
Azərbaycanda xalq kütlələrinə çox
böyük inqilabi tə`sir göstərdi və azadlıq hərəkatına
qüdrətli təkan verdi. Bu tarixi qələbə Azərbaycanda əhalinin
orta təbəqələrini - ortabab kəndliləri, sənətkarları,
azad peşə sahiblərini, ziyalıları və xırda
burjuaziyanı tərəddüddən çıxartdı,
öz hüquqları uğrunda social-siyasi mübarizəyə
cəlb etdi. Əhalinin daha geniş sinif və
təbəqələri mili-azadlıq və demokratiya
uğrunda mübarizəyə qoşuldu. İranın
istismarçı hakim təbəqələri isə ölkənin
demokratik qüvvələri üzərinə hücuma
keçdi. Belə bir şəraitdə
S.C. Pişəvəri Azərbaycanda milli-azadlıq hərəkatı
üçün yaranmış fürsətdən, əlverişli
imkandan vaxtında və təxirə salmadan istifadə etməyə
çağırırdı. O, 1945-ci il
sentyabrın 12-də «Azərbaycan» qəzetində
yazırdı: «İndi Azərbaycan xalqının əlinə
böyük bir fürsət düşüb. Bundan
istifadə etməmək xəyanətdir». İranın
liberal burjua dairələrinin fikrini ifadə edərək
1945-ci il oktyabrın 11-də 14-cü məclisdəki
nitqində doktor Məhəmməd Müsəddiq də
deyirdi: «Ən yaxşı mövqe biz istifadə etməli
indiki mövqedir. Mən yəqin edirəm ki,
xarici qoşunlar bu məmləkətdən gedəndən
sonra (hakim dairələr) bizim seçki qanunumuzun islah edilməsinə
razı olmayacaqlar».
Cənubi
Azərbaycanda siyasi partiyanın yaranması zərurəti
Rza şahın diktaturası dağılandan sonra Cənubi
Azərbaycanda siyasi partiya və ictimai təşkilatların fəaliyyətini
xüsusi qeyd etmək olar. O, cümlədən “Azərbaycan cəmiyyəti”,
“Azərbaycan zəhmətkeşləri təşkilatı”,
“Demokratiya tərəfdarları mərkəzi”, “Antifaşist cəmiyyət”,
“Azərbaycan fəhlə və zəhmətkeş həmkarlar
ittifaqı”, demokratik təşkilatlardan, mətbuatdan və
şəxslərdən ibarət olan “Azadlıq cəbhəsi”
və “İran Tudə partiyaisi” kimi ictimai və siyasi təşkilatlar
1941-1945-ci illərdə Azərbaycanın bütün vilayət
və mahallarında, şəhərlərində, iş və
yaşayış yerlərində geniş təşkilat
şəbəkəsi yaratmış, böyük təbliğat
və təşviqat işi aparmış, azadlıq,
demokratiya və zəhmətkeşlərin hüququ uğrunda
mübarizə edirdilər. 1945-ci ilin
sentyabrında Azərbaycan fəhlə və zəhmətkeş
həmkarlar İttifaqının 19 min nəfərdən
çox üzvü var idi. Yenə həmin
tarixdə Azərbaycanda İran Tudə partiyasının
üzvlərinin sayı 60 min nəfərə
çatmışdı. Azadlıq Cəbhəsi
adlı ictimai təşkilatın Azərbaycanın
böyük şəhərlərində nümayəndələri
var idi. Bu mütərəqqi siyasi-ictimai təşkilatlar
1945-ci ildə İranın irtica qüvvələrinin
azadlıq hərəkatı əleyhinə ümumi və
şiddətli hücumunun qarşısını almağa və
xalqın azadlığını tə`min etməyə qadir
deyildilər. Yalnız ümumxalqın
inqilabi qüvvəsi vasitəsilə bu işin öhdəsindən
gəlmək olardı. Bunun üçün cəmiyyətin
daha çox sinif və təbəqələrinin azadlıq
uğrunda mübarizəyə cəlb olunması, xalqın
inqilabi ənənə və təcrübəsindən
vaxtında və bacarıqla istifadə edə bilən, aqrar
münasibətlər məsələsini, İranda milli
zülm olunan xalqlara öz müqəddəratını təyin
etmək hüququ verilməsi məsələsini, orta təbəqələrə
və milli burjuaziyaya münasibəti ardıcıl inqilabi
mövqedən qoyan və sairə inqilabi tədbirləri həyata
keçirmək uğrunda mübarizə apara bilən partiya
lazım idi. Hələ 1927-ci ildə İran Kommunist Firqəsinin
2-ci qurultayı İranda imperializm və şahlıq
quruluşu əleyhinə mübarizədə geniş mənada
milli-inqilabi partiyanın yaranmasını mümkün hesab
etmiş və göstərmişdi ki, bu partiya fəhlələrin,
kəndlilərin və xırda burjuaziyanın inqilabi blokunun
partiyası ola bilər.
İKP-nin
bu barədə qərarında deyilirdi: «İran Kommunist Firqəsi
çalışmalıdır ki, mövcud olan bütün təşkilatlar,
fəhlələr, kəndlilər, sənətkarlar, habelə
xırda burjuaziyanın inqilabi dəstələri ilə rabitə
yaratsın. Bu rabitəni təşkilat üsulu
ilə möhkəmlətsin. Yuxarıdakı
təşkilatda fraksiya rolu oynayan sol dəstələr vasitəsilə
həmin dəstələr arasında etilaf (koalisiya)
yaratsın və bu yol ilə geniş inqilabi partiya təşkili
üçün zəminə hazırlansın».
İKP-nin bütün İran üçün nəzərdə
tutduğu ümumxalq mə`nasında milli-inqilabi partiyanın
yaranmasına ilk dəfə əməli olaraq S.C.Pişəvəri
başladı.
O, ilk növbədə Tehranda nəşr etdirdiyi «Ajir»
adlı qəzetdə (05.1943 - 11.1945-ci illərdə) və Təbrizdə
çıxan «Azərbaycan» qəzetində (1945-1946-cı illərdə)
marksizm-leninizm təliminə və konkret faktlara əsaslanaraq
İranda milli-inqilabi partiyanın milli (ümumölkə
üzrə) və sinfi vəzifələrini, təşkilat və
taktika əsaslarını təhlil edərək kütlələrə
çatdırdı. Bu sırada «Ajir» qəzetində
1944-cü ilin iyun ayında dərc edilmiş «Hansı partiya
doğru və düzgün partiyadır?»
başlıqlı silsilə məqalələr xüsusilə
qeyd edilməlidir. S.C.Pişəvəri bu məqalələrdə
cəmiyyətdə siniflərin və təbəqələrin
arasında ziddiyyət və mübarizənin partiyaların
meydana gəlməsinə səbəb olmasından, siyasi partiyaların
sinfi mənafe üzərində qurulmasından, bəzi şəraitdə
isə cəmiyyətin mənafeyinin vahid milli partiyanın
meydana gəlməsi lüzumunu qarşıya
çıxartmasından və milli partiyalarında da labüdən
sinfi mənafe əsasında qüvvətlənməsindən
geniş surətdə bəhs etmişdi. O, göstərirdi
ki, partiyaların bünövrəsi və əsası məhz
elmi nəzəriyyə üzərində qurulmalıdır. S.C.Pişəvəri məqalələrində
partiyanın əhəmiyyətindən geniş surətdə
bəhs edərək göstərirdi ki, partiya
yaradıldıqda tarixin təkamül və
sıçrayışı, zaman və məkanın
mövcud şəraiti və onların tə`sirləri, cəmiyyətin
ehtiyac və tələbləri nəzərə
alınmalıdır. Sağlam nəzəriyyə
və dəqiq elmi plan olmadan, siyasi-ictimai fəaliyyət
göstərilmədən nəticə əldə edilə
bilməz, partiya rəhbərliyi olmadan hərəkat və
üsyanlar cəmiyyət və xalq üçün xətərli
və zərərlidir. S.C.Pişəvəri
siyasi partiyaların sinfi mənafe üzərində
qurulduğunu nəzərə alaraq 1941-1946-cı illərin
konkret tarixi şəraitində İranda siniflərin vəziyyətini,
bir-birilə əlaqələrini, cəmiyyətdə
tutduqları mövqelərini dərindən tədqiq və təhlil
etmişdi. O, bu nəticəyə gəlmişdir: «Burada
(İranda - Ç.M.) siniflər heç də tərəqqi
etmiş ölkələrdə olduğu kimi klassik formada
gözə çarpmır. Siniflər hələ
bir-birindən çox da uzaqlaşmayıblar. Hər bir dəstə müəyyən şəkildə
sair dəstələrlə əlaqədardır. İran kimi geri qalmış ölkələrdə
cəmiyyətin müxtəlif dəstə və siniflərinin
mənafeyi bir çox hallarda bir-birinə uyğun gəlir və
eyniləşir. Bu siniflərin mübarizə
məqsədi bir çox hallarda bir və ya bir neçə
müəyyən sinif əleyhinə yönəlir. Bu cəhətdən
İran kimi ölkələrdə partiya tam mənası ilə
sinfi partiya ola bilməz. Bu əsl
üzrədir ki, Şərq ölkələrindəki
partiyaların bir çoxu milli (ümumxalq - M.C.) və
kütləvi xarakterə malik olur».
Cənubi Azərbaycanda 1941-1946-cı illərdə fəhlə
sinfi və diygər zəhmətkeş təbəqələr
təklikdə siyasi mübarizənin qələbəsini tə`min
etmək imkanına malik deyildilər. Qulluqçular, azad
peşə sahibləri, dükançılar və orta təbəqələrin
sair dəstələri bu və ya diygər sinif və təbəqə
ilə sıxı surətdə bağlı idilər. Şəhərlərdə, qəsəbə və
böyük kəndlərdə minlərlə xırda
emalatxana sahibləri eyni zamanda öz sahələrində fəhləlik
edirdilər. Torpaqsız kəndlilərlə
mülkədarlar arasında on minlərlə xırda torpaq
sahibləri var idi.
Mirqasım Cəşmazər
Xalq Cəbhəsi.- 2017.- 3 avqust.-
S.13.