İyirminci ildə Qarabağ
döyüşləri
(Sənədli povest)
Polkovnik Bəhram bəyin
igidliyi
2-ci yazı
Raportun son cümlələri nazir Mehmandarovda xüsusi
maraq oyatmışdı. General Həbib bəy Səlimov
yazırdı ki, Zati-Aliniz tərəfindən yaradılan
şanlı qoşunlarımız köhnə,
döyüşlərdə bərkimiş hissələrə
məxsus şücaətlə vuruşurdular.
Döyüşün
qəhrəmanları bunlar idi: şığıyaraq Daşkənd
yüksəkliyini ələ keçirən qubalılar və
bir neçə erməni basqınına baxmayaraq bir an da sarsılmayan və üzərinə
düşən hər mərmiyə görə dərhal
cavab atəşi açan podpolkovnik Bəhram bəy Nəbibəyovun
dördüncü dağ batareyası.
Yol boyu qələbənin havası ilə
öz-özünə danışan, ilk baxışdan
qaraqabaq nazirin ürəyi işıqlı arzularla dolu idi. Oğlu qədər
sevdiyi, istedadlı komandir Həbib bəy Səlimovun
uğurları ona elə bil qanad taxmışdı. Üstəlik də Həbib bəy kimi qoçaq
generalın Nəbibəyovun haqqında göndərdiyi raport
ona sonsuz sevinc bəxş eləmişdi.
İnişil
(1918-ci il, dekabrın 5-də) yenicə təşkil
olunan Azərbaycan ordusunun hissələrinə baxış
keçirən hərbiyyə naziri Səməd bəy
Mehmandarov Tərtərdə yerləşən Dağ
batareyasının əsgər və zabitlərindən tam
razı qalmışdı. Nazir 8 saylı əmrində
qeyd edirdi ki, yoxlanış zamanı batareya komandiri Bəhram bəy
Nəbibəyovun əsgərləri məndə xoş təəssürat
yaratdı. Hiss olunur ki, batareya komandiri zabitlərlə
birlikdə qüsurları aradan qaldırmağı
bacarır. Komandir Nəbibəyovun qısa
müddətdə etdikləri mənə qəti inam verir ki, ən
yaxın vaxtda bu batareyanı daha yüksək səviyyədə
görəcəyəm. Onun azsaylı
zabitlərinə və ko¬mandir Nəbibəyova yorulmaz zəhmətlərinə
görə təşəkkür edirəm.
“Demək, Həbib bəyin raportundan belə məlum olur
ki, daşnak Dəli Qazarın dəstəsini bizim Dəli Bəhram
bəy Nəbibəyovun batareyası mühasirəyə
salıb məhv edib. Yaxşıdır, çox
yaxşıdır”, – deyə öz-özünə
danışan nazir podpolkovniklə generalın döyüş
dostluğundan qürrələnirdi. – Qələbə,
ancaq və ancaq döyüş vaxtı əmr verənlə
icraçının başa düşməsi sayəsində
qazanılır. Nə yaxşı, Nəbibəyov haqqında
inişilki raportu yazanda zəndim məni aldatmayıb… Elə
biri Baş Qərargah rəisi onda, dolayısı da olsa, mənə
işarə verdi ki, Bəhram bəy
yaxşı komandirdir. Amma çox
çılğındır, bəzi məsələlərdə
özünü cilovlaya bilmir...
– Komandir
cəld və çılğın olmasa, əvvəla, əsgərlər
onu say¬maz. İkincisi də, döyüş
vaxtı özü zorla yeriyən komandirin əsgərləri
yerindən qalxana kimi düşmən onları haqlayıb məhv
edər, – cavabını vermişdi nazir Mehmandarov.
Mehmandarov Milli Orduda hərbiyyə naziri vəzifəsində
xidmətdə olandan ilk dəfə idi ki, təzə mundirini
geyinmişdi.
Təmtəraqlı geyimin o qədər də
aludəsi olmayan nazir bu dəfə akselbant və venzili1 də
taxmışdı. Yaxasında isə bircə orden
var¬dı: Cahan savaşında hər sərkərdənin ala
bilmədiyi “Ağ qartal” ordeni. O, 1915-ci ildə alman
generalı Makenzenin sürətli döyüş əməliyyatı
planlarını puça çıxartdığına
görə bu ali ordenlə təltif
olunmuşdu.
Qəhrəman
alay
Avtomobilin şeypuru təhlükə görmüş
qaz kimi həyəcanlı gəlirdi. Qışlanın
qabağında toplaşmış zabit və əsgərlər
naziri ta¬nıyıb “urra” deyə qışqırdılar.
Bəhram bəy irəli yeridi. Sərt səslə “sıraya
düzülün” komandası verdi. Zabitlər qabaqda, əsgərlər də onlardan
sonra nizami qıvraqlıqla sıraya düzüldülər.
Bəhram bəy sıra qabağında vü¬qarla dayanıb
ahəngdar səslə komanda verdi:
– Alay,
sağa – dön! Düzlən, düzlən, deyirəm, arxada
səs var…
Alay bir nəfər vücud kimi sağa dönüb
farağat dayandı. Maşından üç nəfər
düşdü. Qarabağın
general-qubernatoru Xosrov bəy Sultanov, Qarabağ ərazi
qoşunlarının komandanı general-mayor Həbib bəy Səlimov
və hərbiyyə naziri, tam artilleriya generalı Səməd
bəy Mehmandarov. Nazirin iti qartal
baxışları nizami qaydada düzülən əsgərlərə
zillənmişdi.
– Cənab
hərbiyyə naziri, tam artilleriya generalı, Sizin
gəlişiniz münasibətilə döyüşən
ordunun üçüncü artilleriya batareyasının zabit
və əsgər heyəti sıraya
düzülmüşdür. Batareya komandiri,
podpolkovnik Bəhram bəy Nəbibəyov.
Nazir Səməd
bəy Mehmandarov gur və məğrur səslə:
– Azad, mənim
Vətənimin qəhrəman əsgərləri, – deyib bir
neçə addım irəli yeridi, Bəhram bəyin əlini
sıxdı: – Mərhəba, alayına da, özünə də.
Sizin döyüşdə göstərdiyiniz
qeyri-adi qəhrəmanlıqlar artıq Azərbaycanın hər
yerində iftixarla söylənir. Komandanınız
general Həbib bəy Səlimov da buradadır. Əmr
edirəm! Üçüncü artilleriya
batareyasının hər bir əsgər və zabit heyəti
döyüşdə göstərdiyi igidliyə görə təltif
olunsun. Komandiriniz Bəhram bəyi isə təbrik
edə bilərsiniz. O, daha podpolkovnik yox, polkovnikdir…
Batareya üç dəfə “urra, urra, urra” deyə
komandirini alqışladı.
Nazir birdən sərt hərəkətlə yerində
dikəlib, pəncələri üstə qalxdı.
– Mərhəba,
yenə mərhəba, mənim Vətənimin xilaskarları!
Batareyanın
əsgər və zabitlərindən dalğa-dalğa
çıxan səs Qarabağ dağlarında əks-səda
verdi. Onlar bir nəfər kimi avazla: “Azərbaycan
xalqına xidmət edirik!” – cavabını
verdilər. Hərbiyyə naziri sıra
qarşısında var-gəl edib, tən ortada dayandı.
– Biz bu
gün səhər Şuşada bir yığıncaq
keçirdik. Mən orada da
qoşunlarımızı təbrik etdim. Əvvəlcədən
əmr vermişdim ki, sizin batareyanı oraya gətirməsinlər.
Sonra Bakıdan çıxanda
öz-özlüyümdə belə qərara gəldim ki,
sizi öz yerinizdə, döyüş bölgənizdə təbrik
edim. Siz buna layiqsiniz, bu hörmət və
ehtiramı qəhrəmanlığınızla
qazanmısınız. Bəli, Dəli
Qazar kimi generalı məhv edib, süvarisini də pərən-pərən
salan üçüncü Artilleriya batare¬yası Azərbaycan
bayrağını ilk dəfə Qarabağda
dalğalandırdı. Martın iyirmi
ikisindən iyirmi üçünə keçən gecə
saat üç radələrində düşmən ilk dəfə
güclü qüvvə ilə burdan, Əsgərandan baş
qaldırıb. Bizim əlli nəfər əsgərimizin
bir neçəsini məhv edib və əsir alıb. Siz də ilk dəfə düşmənin burnunu
Əsgəranda ovub, öz silahdaşlarımızın
qanını yerdə qoymadınız.
Qəhrəman
əsgərlər! Mən şəxsən
Almaniya cəbhəsində bir çox döyüşlərdə
oldum. Fəqət, sizin qədər qəhrəman
əsgərlərə nadir hallarda təsadüf etmişəm.
Siz mənim ümidlərimi qüvvətləndirdiniz.
Siz canınızla gənc Azərbaycan ordusunun
namusunu layiqincə müdafiə etdiniz. Eşq olsun siz və
sizə döşlərindən süd verən analara!
Əsgərlər sevimli komandanlarını
“yaşasın Azərbaycan!” sözlərilə
alqışladılar.
Ürəyini boşaldan nazir xeyli sakitləşdi. Yaşının
çox olmasına baxmayaraq o, özünü rahat və
gümrah hiss edirdi. Sıradakı əsgər
və zabitlərə yaxınlaşır, həmsöhbət
olur və hal-əhval tuturdu. Mehmandarov
cavan, sir-sifətdən göyçək zabiti göstərib
nəsə soruşdu. General Həbib bəyin işarəsilə
həmin zabit addımlarla qabağa çıxıb dedi:
– Möhtərəm Səməd paşa, mən Qafqaz
İslam ordusundan könüllü olaraq Sizdə
yardımçı qaldım. Çünki dilimiz
bir, inancımız bir, tariximiz də birdir. Azərbaycan həm sizin, həm də bizim vətəndir.
– İsminiz nədir? – nazir maraqla
soruşdu.
– Əfv edin, günahkar bəndəyəm. Unutdum, daha
doğrusu, şaşırdım. İsmim: yarbay
İsmayıl Həqqi əfəndidir.
General Həbib
bəy Səlimov nazirə bir az
yaxınlaşıb əlavə etdi:
– Cənab
nazir, yarbay əfəndi yaxşı şərqilər
qoşur. Döyüşlərarası fasilədə
əsgərlər üçün tarixdən, ədəbiyyatdan,
fəlsəfədən maraq¬lı söhbətlər eləyir.
Hər gün də yarım saat özü
yazdığı marşları əzbərlədir.
Nazir səmimiyyətlə:
– Afərin,
– dedi, – bu da gərəkdir. Çox gərəkdir.
Yüzillik rus hakimiyyətindən azad olunmuş
türk xalqlarına xatırlatmaq la¬zımdır ki, biz həmişə
boyunduruq altında olmamışıq. Hətta, Avropa və
Asiyaya öz tələblərimizi diktə etmişik... Xalq özünün ümumdünya tarixinin səhifələrində
yazılmış şanlı, mübariz keç¬mişini
bilməlidir. Əgər düşmənə
qalib gəlmək istəyirsənsə, xalqda sağlam milli
hissləri oyatmalısan. Cənab yarbay,
evlisinizmi?
– Xeyr, hələ
subayam.
– Nə
oldu, briqada komandanı Həbib bəy subay, diviziya komandiri
Cavad bəy subay, batareya komandiri Bəhram bəy subay, siz də
subay… Canım, atın bu subaylığın
daşını...
İsmayıl
Həqqi əfəndi:
– Möhtərəm
paşam, – dedi, – məstəvsiz gavurların axırına
çı¬xaq, sonrasına…
Nazir
general Həbib bəydən soruşdu:
– Yarbay
İsmayıl Həqqi əfəndi harada yaşayır. Bakıda?
– Xeyr, cənab
nazir, Şəkini özünə vətən kimi qəbul
edib. Bu da, bilirsiniz, kimə görədir?
O, Bəhram bəyin çox yaxın dostudur.
–
Çox əla, çox pakizə, – deyib nazir dübarə
sorğu-suala başladı:
– Yarbay İsmayıl
Həqqi əfəndi, cəlallı İstanbul
üçün darıxmırsınız ki?
– Xeyr, mən öz Vətənim Azərbaycandayam. Mən Qeysər şəhərində dünyaya gəldim. İstanbulda az, lap az yaşamışam. Qafqazda çox yerlərdə oldum. Dərbənddə, Teymurxan-Şurada, Axtıda, hətta İmam Şamilin köyünə də getdim. Amma oralarda bənd almadım. Çünki oralarda İslama, müqəddəs dinimizə, hörmət görmədim, orda şişpapaq bolşeviklər yabançı təbliğatlar aparırlar. Ötən il dostum Bəhram bəy məni Şəkiyə qonaq apardı. Şəkini Vətən kimi, Bəhram bəyi qardaş qədər sevdim, yenə sevəcəm. Oradan ev də aldım.
Nazir soruşdu:
– Şarkılarından birini oxuyarmısan?
– Baş üstə, icazə verin... Mən oxuyan kimi bütün batareya mənə qoşulacaq.
Biz əsgəriz – azəriyiz
Aləmdə ürfanlıyız.
Uca Qafqaz vətənimiz,
Qan axıdar məcfərimiz,
Pək şanlıyız!
Ata-ana əkbərimiz,
Allah, Allah rəhbərimiz,
Yaşa, yaşa sərdarımız,
Qan axıdar xəncərimiz
Pək şanlıyız!
Düşmənləri qəhr ediriz,
Ordusunu məhv ediriz,
Aslan kibi
cəng edəriz,
Biz bir tabur aslanlarız.
Mərdanlarız!
Şəmistan
Nəzirli
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2017.- 9 avqust.-
S.14.