Dilimizin tarixi xalqımızın tarixi kimi
minilliklərlə ölçülür
1-ci yazı
Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan
ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir. Arası kəsilmədən
yaşayış məskəni olmuş bu torpaq bəşər
tarixinin müxtəlif mərhələlərini özündə
əks etdirən zəngin abidələr ölkəsidir.
Söhbət ən azı 2 milyon illik bir tarixdən getsə də,
onun yalnız son 5 min ili yazılı mənbələrdə
bu və ya digər dərəcədə əks olunub. Ondan öncəki tariximizin mənzərəsini isə
arxeoloji abidələr və kökü minilliklərin dərinlikləinə
qədər uzanan zəngin folklor nümunələri əks
etdirir.
Dilimizin tarixi də xalqımızın tarixi kimi minilliklərlə
ölçülür və bu dildə yaradılmış
folklor nümunələrinin tarixi o qədər qədimdir ki,
bu qədimlik qarşısında heyrət etməmək
mümkün deyil.
İnsanlar arasında ən vacib və əvəzolunmaz
ünsiyyət vasitəsi olan dili insan cəmiyyətindən və
təfəkküründən kənar təsəvvür etmək
ağlasığmaz bir şeydir. Ünsiyyət, başqa sözlə,
kommunikasiya, hər hansı bir fikrin bir insandan başqa bir
insana ötürülməsidir ki, bu proses iki və ya daha
artıq insanın kommunikasiya fəaliyyəti zamanı baş
verir. Bu baxımdan dillə müqayisə oluna
biləcək ikinci bir arac yoxdur.
İnsanlar arasında ünsiyyət dilin ən
başlıca funksiyasıdır. Bu funksiyaya
"kommunikativ funksiya" deyilir. Dilin
ikinci funksiyası hər hansı bir fikri ifadə etməkdir
ki, buna da "ekspressiv funksiya" deyilir.
Məlum olduğu kimi, dil təkcə ayrı-ayrı
müsahiblərin fikrini ifadə etmir, yəni təkcə fərdi
təfəkkürün ifadəçisi deyil. O, eyni zamanda ictimai
şüur və fikrin də ifadəçisidir. Yəni dilin daha bir funksiyası da əsrlərlə
toplanmış təcrübə və biliklərin sonrakı
nəsillərə ötürülməsidir ki, dilin bu
funksiyası "akkumlyativ funksiya" və ya "qnoseoloji
funksiya" adlanır.
Heyvanlar üzərində aparılan təcrübələr
zamanı onlara danışmağı öyrətməyin
heç bir nəticə verməməsi nəticəsində
birmənalı şəkildə sübut olunub ki, dil və təfəkkür
cəmiyyətlə birbaşa bağlıdır və dili
insan cəmiyyətindən kənar təsəvvür etmək
mümkün deyil. Tədqiqatlar nəticəsində o da məlum
olub ki, dilin insan irqləri ilə bağlılığı
yoxdur. Məlum olduğu kimi, bu gün yer
üzündə mövcud olan dillərin sayı irqlərin
sayından dəfələrlə çoxdur, eləcə də
irqi xüsusiyyətlər mütləq mahiyyət
daşımır və tarixən mövcud olmuş və
mövcud olmaqda davam edən irqlər və keçid
formaları buna əyani sübutdur. Həm
də eyni irqə mənsub olan adamların ayrı-ayrı
etnoslara mənsubluğu və mənsub olduqları etnosun
dilində danışmaları ilə yanaşı,
ayrı-ayrı irqin nümayəndələrinin bir etnosun
nümayəndələri kimi eyni dildə
danışmaları faktı da günümüzün
gerçəkliyidir. Məsələn,
Sudan və Həbəşistan (Efiopiya) əhalisi eyni subneqroid
irqinə mənsub olsalar da, həbəşlər amhara,
sudanlılar isə ərəb dilində danışırlar.
Eyni zamanda, sudanlılar sami irqindən olan
digər ərəblərlə eyni etnosu təmsil edir və
onlarla eyni dili paylaşırlar.
Analoji olaraq, çinlilər kimi monqoloid irqinə mənsub
olan qırğız və qazax türkləri turanoid özbək
və uyğurlara, eləcə də, kaspi (oğuz) irqinə
mənsub Azərbaycan tükləri ilə eyni etnosun və dil
ailəsinin mənsublarıdır. Bu baxımdan tanınmış
fransız dilçisi A. Meyenin hələ 1911-ci ildə
söylədiyi aşağıdakı fikirlə
razılaşmamaq mümkün deyil: "Dil tarixi şəraitdən
asılıdır və onun fiziki anlayış olan irqdən
heç bir asılılığı yoxdur."
Məşhur
linqvist və etnoqraf, ümumi dilçilik və Amerikanın hindu dilləri üzrə görkəmli
mütəxəssisi E.Sepir yazırdı: "Dil, irq və mədəniyyət
mütləq mütənasib şəkildə üst-üstə
düşmür."
E.Sepirin bu fikri dilin irqdən asılı
olmadığını təsdiq etməklə yanaşı,
mədəniyyətdən də həmişə asılı
olmadığını göstərir. Bu fikir bir qədər
mübahisəli olsa da, fakt budur ki, mədəniyyət də
dil kimi ictimai hadisədir və eyni dildə danışan
xalqların eyni mədəniyyətə sahib olmaları da
şərt deyil. Bu baxımdan eyni dili
danışan, fəqət bir qismi xristian, digər qismi
müsəlman olan osetinləri, tatarları, abxazları, bir
neçə müxtəlif dinə sitayiş edən hindliləri
və b. misal göstərmək olar.
Dil cəmiyyətlə nə qədər
bağlıdırsa, hər bir konkret dil də konkret etnosla
bağlıdır. Bu baxımdan ana dilimiz də istisna deyil.
Dilin yaranması insan cəmiyyətinin təşəkkülü
ilə birbaşa bağlı olduğu kimi, hər bir milli
dilin ortaya çıxması da həmin dildə
danışan xalqın etnogenezi ilə birbaşa
bağlıdır.
İnsan nitqinin mənşəyi məsələsi elə
bir çətin məsələdir ki, bu məsələnin
həlli ilə təkcə dilçilik deyil, eyni zamanda
antropologiya, psixologiya, biologiya və etnoqrafiya kimi digər elmlər
də məşğul olmaqdadır. Dilin təşəkkülü
və ayrı-ayrı dillərin ortaya çıxması cəmiyyətin
və etnosların təşəkkülü ilə
bağlı olduğundan bu məsələ fəlsəfi
mahiyyət də daşımaqda və yuxarıda adı
çəkilən elmlərdən başqa fəlsəfə
üçün də tədqiqat obyekti rolunda
çıxış etməkdədir. Problemin əsas
çətinliyi ondadır ki, bu gün elmin düzgün qərar
çıxara bilməsi üçün lazım olan
birbaşa faktlar yoxdur və tədqiqatlar zamanı dolayı
faktlara – primitiv (ibtidai) tayfaların dili, uşaq nitqi,
heyvanların siqnalizasiya sistemi və s. bu kimi faktlara əsaslanılır.
Şübhəsiz ki, bütün bunlar ən
düzgün və qüsursuz cavabı tapmağa mane olur, nəticədə
fərqli-fərqli nəzəriyyə və ehtimallar
doğulur. Odur ki, insan nitqinin təşəkkülü
probleminin həlli çox zaman dilin yaranmasının səbəb
və şərtlərini, nitq aparatının və qədim
dillərin leksik və qrammatik vahidlərinin imkanlarını
nəzərdən keçirməkdən uzağa gedə
bilmir.
Ümumilikdə dilin yaranması və ayrı-ayrı
dil və dil ailələrinin ortaya çıxması problemləri
eyni dərəcədə vacib problemlər olsa da,
ayrı-ayrı mövzulardır. İnsan nitqi və
etnik dillər ayrı-ayrı vaxtlarda, ayrı-ayrı şərtlərdə
müxtəlif konkret səbəbər nəticəsində
yaranıb. Dilin təşəkkülü
məsələsi antropogenezlə birbaşa
bağlıdır.
Termin kimi qədim yunan dilindəki "antropo" (insan)
və "genezis" (mənşə) sözlərindən
yaranmış "antopogenez" termini ilə antropologiya
elminin əsas bölmələrindən biri
adlandırılmaqdadır. Bu elm bölməsi
insanın fiziki tipinin əmələ gəlməsinin, onun
şüurlu fəaliyyəti və dilinin, həm də cəmiyyətin
inkişaf mərhələlərinin
başlanğıcının tarixi təkamül prosesini, bu
prosesin amillərini, gedişini və
qanunauyğunluqlarını öyrənir. Antropogenezin əsas
problemlərini ən qədim insanların əmələ gəlmə
və ya yaradılma yeri və dövrü, insanın "əcdadı",
antropogenezin əsas mərhələləri, müxtəlif mərhələlərdə
əsas hərəkətverivici qüvvələri, insanın
fiziki tipinin təkamülünün, onun mədəniyyətinin
tarixi tərəqqisi, ibtidai cəmiyyətin və nitqin
inkişafı ilə əlaqəsi məsələsi aiddir.
"Antropogenez" termini ilə eyni elm sahəsi deyil,
eyni zamanda, insanın əmələgəlmə prosesi də
adlanmaqdadır. Antropogenez prosesinin ilk yeri və vaxtı
mübahisəlidir. Bəzi tədqiqatçılara
görə, ilk insan Mərkəzi və Cənub-Şərqi
Asiyada yaranıb. Lakin son 50-60 ildə Cənubi
və Şərqi Afrikada tapılan bəzi tapıntılar
insanın Afrika mənşəli olması fərziyyəsinin
üstünlük qazanmasına səbəb olub.
Yeri gəlmişkən,
onu da qeyd edək ki, insanın mənşəyi məsələsinə
münasibətdə bir-birindən köklü surətdə
fərqlənən iki məktəb var. Bunlardan birincisi
materialist-darvinist məktəbdir ki, bu məktəbin nümayəndələri
problemə mərhələlik prinsi¬pindən yanaşır və
əsasən üç mərhələnin olduğunu
bildirirlər:
1)
İnsanın antropoid əcdadı müntəzəm surətdə
təbii əşyalardan istifadə edən, iki ayağı
üzərində gəzən ali
primatlardır, yəni insanabənzər meymunlardır;
2) Ən
qədim və qədim insanlar ( arxantroplar
və paleantroplar) – süni surətdə hazırlanmış
və müəyyən həddə qədər mürəkkəbləşdirilmiş
əmək alətlərinin meydana gəlməsi, cəmiyyətin
təşkilinin ibtidai forması onlarla əlaqədardır;
3)
Müasir quruluşlu insanlar (neoantroplar) – bu mərhələnin
başlanması Son Paleolitə aiddir.
İkinci məktəb idealist-teoloji məktəbdir. Bu məktəbin
nümayəndələri insan tipinin yer üzündə
fiziki, bioloji bir təkamül prosesi keçdiyini inkar etmir, fəqət
insanın mənşəyinin meymunla bağlı olduğunu qəbul
etmir, insanın Tanrı tərəfindən
yaradıldığını bildirir.
Materialist-darvinist məktəbin nümayəndələrinə
görə, antropogenezin primat mərhələsindən əvvəl
"ali meymun"ların intensiv təkamülü olub bə
bu təkamül müxtəlif istiqamətlərdə gedib. Avropada, Cənubi
və Cənub-Şərqi Asiyada, Afrikada "ali insanabənzər
meymun"ların ağacda və yerdə yaşayan
formaları meydana çıxıb, onlardan ramapitek, oreopitek və
driopitek üçün "insanaoxşar əlamətlər"
səciyyəvi olub. Bir çox materialist –
darvinist alimlər driopitekləri qorilla, şimpanze və
insanın ortaq əcdadı hesab edirlər. Fəqət bu iddialar hələ də sübut
olunmamış qalır və hər keçən gün tərəfdarlarını
itirir. Səbəb də odur ki,
paleontologiya və genetika kimi elmlər bu fərziyyələri
birmənalı şəkildə rədd edir.
Ədalət naminə deyək ki, idealist – teoloji məktəbin nümayəndələrinin fikirləri də eyni dərəcə də arqumentləşdirilməmiş qalır. Yəni iki məktəbin təmsilçiləri arasındakı mübahisələr heç bir təkzibedilməz fakta əsaslanmayan fəlsəfi mübahisələrdən o yana keçə bilmir. Fəqət hər kəs bir fikirdə yekdildir ki, yerdə insanın peyda olması üçün, onun necə əmələ gəlməsindən asılı olmayaraq, Yer kürəsində zəruri şərait yetişməli idi və antropogenez yalnız bundan sonra baş verə bilərdi. Bu şərait isə antropogen sistemi dövründə yetişib.
Antropogen sistemi stratiqrafik şkalanın 4-cü, son sistemi olmaqla, Yer planetinin geoloji tarixində günümüzə qədər davam edən axırıncı dövrdür ki, bəzi mülahizələrə görə 700 min il - 1 mil¬yon il, digər mülahizələrə görə 2,5-3 milyon il, başqa mülahizələrə görə isə 5 milyon il öncə başlayıb. İlk dəfə 1825-1829-cu illərdə bu dövrün çöküntüləri görkəmli Fransa alimi J.Duanye tərəfindən müstəqil sistem kimi təsnif edilib və həmin çöküntülər öncə "4-cü sistem", 1922-ci ildən sonra isə akademik A.Pavlovun təklifi ilə "antropogen" adlandırılıb. Sistemin belə adlandırılmasında insanın mövcudluğu üçün, yəni yaranması və ya yaradılması üçün zəruri şəraitin ortaya çıxması əsas götürülüb.
Tədqiqatlar nəticəsində məlum olub ki, üçüncü sistemlə dördüncü sistem, başqa sözlə, neogenlə antropogen sistemlər arasındakı sərhəd Azərbaycanda Bakı mərtəbəsi çöküntüləri altından və İtaliyada Kallibri və kontenental Orta Villafrank çöküntüləri altından keçir. Bəzi mütəxəssislər kallibri çöküntülərinin Abşeron çöküntüləri ilə uyğun gəldiyini əldə əsas tutaraq, sərhədin Abşeron yarımadasının altından keçməli olduğu fikrini önə sürürlər.
Aparılan tədqiqatlar Antropogen dövründə Avropanın və Şimali Asiyanın paleocoğrafiyasının hazırkındən çox-çox fərqli olduğunu üzə çıxarıb. Belə məlum olub ki, o zamanlar Britaniya adaları Fransa ilə su ilə deyil, quru ilə birləşirdi. Rusiyanın şimal dənizlərinin yüzlərcə kilometr uzanan dayaz sahilləri quru idi, Şimali Amerika və Asiya arasında da okean yox idi. Heyvanlar da belə quru zolaqlar ilə bir materikdən digərinə keçirdi. Antropogen dövründə bitkilərin müasir bitki örtüyünə yaxın olduğu, sadəcə, bəzi sahələrdə daha intensiv olduğu müəyyənləşdirilib. Tədqiqatçıların böyük əksəriyyətinin yekdil fikrinə görə, Yer kürəsi iqliminin ümumi soyuqlaşması antropogen dövrünün ən xarakterik cəhəti olub. Alt Pleystosenin əvvəllərində Şimal yarımkürəsinin geniş sahəsində buzlaşma gedib, soyuq iqlim üzvi aləmin dəyişməsinə səbəb olub. Subtropik bitkiləri indikinə bənzər meşə və çöllər əvəz edib. Qərbi və Cənubi Avropa dənizlərində şimal dənizlərinin molyusk növləri meydana gəlib, neogen dövrü məməlilərinin əksəriyyəti qırılıb, onları tipik antropogen qrupları – fillər, öküzlər, atlar əvəz edib.
Bəxtiyar Tuncay
Xalq Cəbhəsi.- 2017.- 8 avqust.-
S.14.