Pişəvərinin Azərbaycan Milli
Hökumətinin yaranmasındakı rolu
4-cü yazı
Azərbaycan Demokrat Firqəsi yarandığı gündən
baş xəttin qorunması uğrunda mübarizə
aparmışdı. ADF-nin ilk bəyannaməsi yazılarkən
bu partiyanı yaradanların bir qrupu fəqət mədəni
muxtariyyət şüarı irəli sürmüşdülər
və bu birinci maddədə belə də əks olmuşdu.
Bu barədə S.C.Pişəvəri belə yazır: «Biz
bilirdik ki, əlimizdə dövlət təşkilatı,
siyasi qüdrət və ixtiyar olmazsa fars mütəəssibləri
bizə mədəni muxtariyyət verməyəcəklər. Mədəni muxtariyyət ibarəsi məhdud
olduğu... üçün daxili azadlıq və öz
müqəddəratını özü təyin etsin
sözü ilə muxtariyyət sözünü əvəz
etdik». O zaman İran hökuməti bütün vasitələrlə
ADF-nin və milli-azadlıq hərəkatının baş xəttində
əyintilər yaratmağa çalışırdı. Urmu
vilayətində Təbrizə-Azərbaycanın mərkəzinə
tabe olmayaraq Tehranla əlaqə saxlayan;
muxtariyyət, milli-mədəni tərəqqi, Azərbaycan dilində
maarif və idarə kimi xalq üçun həyati əhəmiyyəti
olan məsələlərdən imtina edən Demokrat Firqəsi
yaratmağa cəhd olundu. Bəziləri ADF-yə
daxil olmaq üçün qeyd və şərt qoyur, Azərbaycanın
İrandan ayrıldığı və ilhaq məsələsi
kimi yalan xəbərlər yayır, prezident seçkisi
keçirildiyini uydurur, bütun torpaqların bölünməsini
və sərmayədarların məhv edilməsini və i.a.
irəli sürürdülər. Digər
tərəfdən isə mülkədarlardan bəzisi jandarm
qüvvələri vasitəsilə kəndlilər üzərində
zülmü son həddə çatdırıb, bəzi
fabrik-zavod sahibi isə fəhlə sahibkar münasibətini
son dorəcə gərginləşdirirdi. Bütün
bunlar ADF-nin baş xəttinin əleyhinə idi,
milli-azadlıq hərəkatını zəiflədirdi.
Ona görə də partiya qəti surətdə
onların əleyhinə çıxdı. ADF-nin
orqanı olan «Azərbaycan» qəzeti partiya yaranandan 15 gün
sonra yazırdı: «Şüarlarımızın əleyhinə
sol şüarlar ilə özlərini pəhlivan göstərmək
istəyən lovğalara Demokrat Firqəsində meydan verilməyəçək».
S.C.Pişəvəri
partiyanın orqanında qətiyyətlə bildirirdi: «Bəyannamədə
göstərilən şüarları islah etmək
mümkündür. Lakin onların əsas və
prinsipini dəyişmək olmaz». S.C.Pişəvəri
partiyanın baş xəttini inqilabi mövqedən və
ardıcıl surətdə müdafiə edirdi. O, partiya
qurultayında çıxışda deyirdi: «Biz İranın
istiqlaliyyətini və Azərbaycanın daxili muxtariyyətini
istəyirik. Kimin bu məramlara əlaqəsi var
qalsın. Kim bu şüarlar ilə müxalifdir,
indidən getsin». S.C.Pişəvərinin səyi
nəticəsində partiya qurultayında partiyanın baş xətti
qətiyyətlə müdafiə olundu. Partiya
qurultayının müzakirəsinə verilən partiya
proqramı layihəsinin birinci maddəsində (ümumi siyasi
məsələlər bölməsində) Azərbaycana
ixtiyarat əldə etmək əsas vəzifələrdən
hesab olunurdu. Bu, partiyanın ilk bəyannaməsində e`lan olunmuş baş xəttdən geri çəkilmək
demək idi. «İxtiyarat» sözü hakimiyyət
uğrunda mübarizəni və öz müqəddəratını
təyin etmək hüququnu özündə əks etdirmirdi.
Milli-azadlıq qüvvələri onun ətrafında
birləşməzdilər. Buna görə
də ADF qurultayının nümayəndələri ilk
çıxışlarından Azərbaycanın daxili
muxtariyyəti tələbini irəli sürdülər.
S.C.Pişəvəri də öz
çıxışında göstərirdi: «Hökumət
xalqın əlində olmalıdır. Bu da məhəlli və
milli muxtariyyət vasitəsi ilə ola bilər».
Müzakirələr nəticəsində
qurultay yekdilliklə partiyanın proqramında «ixtiyarat»
sözunün muxtariyyət ilə əvəz edilməsini qərara
aldı. Azərbaycandan gedib və Azərbaycanın
azadlığı əleyhinə mübarizə aparan mülkədarların
torpaqlarının kəndlilər arasında bölünməsi
məsələsi qurultayda müzakirə edildiyi zaman
iki-üç nəfərin çıxışında
partiyanın baş xəttini əymək meyli
özünü göstərdi. Nümayəndələrdən
biri bütün torpaqların bölünməsini təklif
edirdi. S.C.Pişəvəri qurultayda müzakirə olunan
bu məsələ barədə çıxışında
demişdi: «İndiki vəziyətdə torpaq bölgusü
(bütun torpaqların bölgüsü - M.C.) məsələsini
meydana atmaq səhih deyil. Bu fikir çox məntiqi
və adilanədir, amma bugunkü şərait ona icazə
vermir».
Nümayəndələrdən
bir neçəsi Azəpbaycandan gedib azadlıq əleyhinə
mübarizə aparan mülkədarların torpaqlarının
kəndlilər arasında bölunməsi əleyhinə
çıxaraq, bu torpaqlardan gələn gəlirin
partiyanın
ehtiyaclarına sərf olunmasını və ya bu gəlir ilə kənd
təsərrüfatı bankı yaradılmasını təklif
etdilər.
Qurultay bu
təklifləri də rədd etdi və o dövr
üçün daha düzgün olan yol seçdi: azadlıq
düşməni olan mülkədarların
torpaqlarının musadirə olunub kəndlilərin
ixtiyarına verilməsi və qalan mülkədarlarla kəndlilər
arasında münasibətin xüsusi qanunla müəyyən
edilməsi qərara alındı və partiyanın
proqramına daxil edildi.
Bir
müddət sonra S.C.Pişəvəri torpaq
bölgüsü barədə ADF-nin tutduğu mövqe
haqqında izahat verib belə yazmışdı: «Azərbaycanda
torpağın ən mühum hissəsi iri mülkədarların
ixtiyarındadır. Yüz minlərə qədər
xırda mülkədar və aztorpaqlı kəndlini kənar
etmək olmaz. Biz Azərbaycanda olan şərait
daxilində xüsusi mülkiyyəti ləğv edə bilməzdik.
Biz eləyə bilməzdik milli (ümumxalq -
M.C.) bir partiya olduğumuz halda birinci qədəmdə sinfi
mübarizəni alovlandıraq». Partiyanın
təşkilat işlərində də baş xəttdən əyinti
özünü göstərmişdi. ADF-nin
Ərdəbil, Mərənd və Urmu vilayət komitələrində
iri mülkədar və tacirlər rəhbərliyi ələ
keçirmişdilər.
Onlar partiyanın fəaliyyətini öz mənafelərinə
uyğunlaşdırmağa çalışırdılar. Partiyanın Təbriz
təşkilatlarının da şəhər komitəsinin nəzarətindən
çıxmaq təhlükəsi yaranmışdı.
S.C.Pişəvərinin bilavasitə təşəbbüsü
ilə ADF- nin Mərkəzi Komitəsi və
1945-ci ilin noyabrında keçirilən vilayət konfransları
bu vəziyyətin qarşısını aldı. Təbriz
komitəsinə və göstərilən vilayət partiya
komitələrinə
partiyanın proqramını və milli-azadlıq hərəkatının
inqilabi prinsiplərini ardıcıl olaraq gözləyən və
həyata keçirən şəxslər seçildilər. ADF-ni yaradanların ilk konfransında (13.11.1945)
partiyanın müəssislər Komitəsi
yarandığı və ondan sonra ADF-nin qurultayı tərəfindən
partiyanın Mərkəzi Komitəsi və Mərkəzi Təftiş
Komissiyası seçildiyi (4.10.1945) tarixdən Azərbaycanda
milli-azadlıq hərəkatına partiya tərəfindən
kollektiv rəhbərlik edilmişdi. Partiyanın
Mərkəzi Komitəsinin geniş plenumlarında
vaxtaşırı olaraq günün mühüm problemləri
müzakirə olunmuş, muvafiq qərarlar
çıxarılmış və həyata keçirilməyə
başlanmışdı. Bu kollektiv rəhbərlikdə
S.C.Pişəvəri inqilabi təcrübəsinə, nəzəri
hazırlığına, təşkilatçılıq
bacarığına və ölkənin siyasi, iqtisadi və
milli həyatına çox dərindən bələd
olduğuna görə xüsusi yer tuturdu. S.C.Pişəvəri
partiyanın Mərkəzi Komitəsinin göstərişlərini
həyata keçirərək Azərbaycanda inqilabi hərəkatın,
milli-azadlıq mübarizəsinin ayrı-ayrı mərhələlərinə
çox vaxtında və düzgün istiqamət vermişdi.
ADF-nin Mərkəzi
Komitəsinin birinci geniş plenumu 1945-ci il
oktyabrın 4-də Təbrizdə təşkil olunmuşdu. Plenumda partiyanın rəhbər və məsul
işçilərindən 80 nəfərə yaxın
iştirak etmişlər. Plenum cari işləri
idarə etmək üçün 9 nəfərdən ibarət
heyət seçdi. Plenumun bu seçkisi
haqqında həmin gün öz işini qurtarmaqda olan partiya
qurultayına məlumat verildi. Qurultay tərəfindən
S.C.Pişəvəri ADF MK-nın sədri, M.Ə.Şəbüstəri
və S.Badəqan müavinləri seçildilər. ADF MK-nın icraiyyə heyəti S.C.Pişəvəri,
S.Badəqan, M.Birya, S.Cavid və M.Ə.Şəbüstəridən
ibarət olmuş və 1946-cı ilin oktyabrından Z.Qiyami,
M.Vilayi, M.Nünəkərani və T.Şahin də MK-nın
icraiyyə heyətinə cəlb olunmuş və onun
iclaslarında üzv kimi iştirak etmişdilər.
Azərbaycan
Demokrat Firqəsinin xalq hakimiyyəti uğrunda mübarizəyə
rəhbərliyi
İranın
şahlıq hökuməti ilə Azərbaycan xalqı
arasında münasibət son dərəcə gərginləşdiyi
şəraitdə, 1945-ci il noyabrın
8-9-da Təbriz şəhərində ADF Mərkəzi Komitəsinin
ikinci geniş plenumu oldu. Plenumda ADF MK-nın sədri
S.C.Pişəvəri «Ümumi siyasi vəziyyət və
partiyanın gündəlik şüarları» haqqında mə`ruzə
etdi. Bundan əlavə əyalət və
vilayət əncümənləri, İran Məclisi seçkilərinə
dair məruzələr və müzakirələr də oldu.
Plenumun S.C.Pişəvərinin mə`ruzəsi əsasında
qəbul etdiyi qərarının Azərbaycan milli-azadlıq hərəkatında
böyük inqilabi əhəmiyyəti olmuşdu. Həmin
qərarın üçüncü maddəsində deyilirdi:
«Əyalət və vilayət əncümənlərinin
seçkisini xalqın öz gücü ilə başlamaq. Komitə (ADF-nin Mərkəzi Komitəsi - M.C.)
yaxın bir zamanda bütün Azərbaycan xalqı tərəfindən
seçilən nümayəndələrdən böyük
bir konfrans təşkil etməlidir». Göstərilən
qərarın altıncı maddəsində isə deyilirdi: «Kəndlərdə
kəndlilərə hücum edən jandarmların ümum
camaatın qüvvəsi ilə qabağı alınsın». ADF MK-nın bu qərarı Azərbaycanda xalq hakimiyyəti
uğrunda əməli mübarizəyə göstəriş
idi. S.C.Pişəvəri xalq hakimiyyəti
uğrunda mübarizənin iki istiqamətdə getdiyini qeyd
edirdi. Biri xalq hakimiyyəti yaranması
uğrunda dinc yolla siyasi mübarizə, o biri silahlı mubarizə.
Azərbaycanda
xalq hakimiyyəti yaranması uğrunda dinc siyasi mübarizə
1945-ci il noyabrın 10-dan 20-dək Azərbaycanın
butün qəsəbə və şəhərlərində
izdihamlı xalq yığıncaqları təşkil olunmaqla
həyata keçdi. Azərbaycan əhalisinin bir
milyon yarımdan çoxunun iştirak etdiyi bu
yığıncaqlarda xalq Azərbaycana İran daxilində
muxtariyyət verilməsini, tezliklə əyalət və vilayət
əncümənlərinin təşkil olunmasını tələb
edən qərarlar qəbul edir, bu qərarların həyata
keçirilməsini sür`ətləndirmək
üçün öz aralarında nümayəndələr
seçirdi. Pişəvərinin göstərdiyi
kimi «Nümayəndələr içərisində Azərbaycan
xalqının bütün sinifləri gözə
çarpırdı».
Xalq
yığıncaqlarında seçilmiş nümayəndələrin
(724 nəfər) iştirakı ilə 1945-ci il
noyabrın 20-21-də Təbrizdə Azərbaycan Xalq Konqresi
(AXK) keçirildi. Bu zaman Azərbaycan xalqına
yəqin olmuşdu ki, İran dövləti ona muxtariyyət və
azadlıq verməyəcək. Hökumət
əyalət və vilayət əncümənlərinin təşkil
olmayacağını hətta rəsmi surətdə elan etdi.
Ona görə də Azərbaycan Xalq Konqresi
özünü müəssislər məclisi elan etdi, Azərbaycan
Milli Məclisi və Milli hökuməti yaratmağı qərara
aldı.
Konqres öz nümayəndələrindən 39 nəfərdən
ibarət Milli heyət seçib, qərarlarının həyata
keçirilməsini ona tapşırdı. S.C.Pişəvəri
ADF MK-nın sədri və Milli heyətin üzvü olmaqla
onun fəaliyyətində yaxından iştirak edirdi.
Azərbaycan
Milli heyəti işə başladığı gündən
(21.11.1945) Azərbaycanda ikihakimiyyətlilik yarandı: biri
xalqın, o biri isə irticanın rəsmi dövlət
hakimiyyəti idi. Milli heyəti vəzifəsinə,
gördüyü işlərə və arxalandığı
qüvvəyə görə müvəqqəti inqilabi
hökumət adlandırmaq olardı. Milli heyət
xalqın qüdrətinə arxalanaraq bir sıra inqilabi əhəmiyyətli
işlər gördü: İran hökuməti tərəfindən
Azərbaycanda taxılın daşınıb
aparılmasının qarşısını aldı,
irticaçı mülkədarların əsassız şikayətləri
üzrə həbs olunmuş yüzlərlə kəndlini həbsdən
azad etdirdi, xalqın asayişini pozanlarla inqilabi yol ilə
mübarizə apardı və s.
Mirqasım Cəşmazər
Xalq Cəbhəsi.- 2017.- 8 avqust.-
S.13.