İyirminci ildə
Qarabağ döyüşləri
(Sənədli povest)
Düşmən
təslim olmayanda
3-cü yazı
Mehmandarovun gəlişinə yığışanlar çəkilib getdilər. Otaqda nazirdən başqa üç nəfər qalmışdı: qubernator Xosrov bəy Sultanov, general Həbib bəy Səlimov və polkovnik Bəhram bəy Nəbibəyov. Nazir qonaq üçün ayrılmış otağın bürkülü havasından darıxdı. Üzürxahlıq edib yan otağa keçdi. Bir azdan ev qiyafəsində qayıdıb:
– Qafqazda, hər yer gözəldir! – dedi. – Amma mənim Vətənim, dədə-baba torpağım Qarabağın füsunkar təbiətinin tayı-bərabəri yoxdur. Əlli ilə yaxın ondan cismən ayrılsam da, ruhən həmişə qarabağlı olmuşam. Uzaq Şərqdə, Port-Arturda və Varşavada olanda da həmişə onu xatırlayıb, istəmişəm. Dünyada heç nəyi – nə var-dövləti, nə cənnəti, nə də onun mələklərini istəməmişəm. Ən böyük arzum istefaya çıxıb ömrümün axırına kimi Şuşada yaşamaq olub. Atam rəhmətlik bu şəhəri övladı qədər sevərdi. – Üzünü qubernator Xosrov bəyə tutub: – Sənə qibtə eləyirəm, – dedi, – qardaşım! Bilirəm ki, bu namərd daşnakların öhdəsindən Qarabağ general-qubernatoru kimi bircə sən gələ bilirsən. Çünki sən, üzünə demək olmasın, hünər, əməl, iş adamısan. Nə isə, bu təhlükədən də sovuşduq…
Mehmandarov bu tərifləri Xosrov bəy haqqında nahaq yerə demirdi. Ötən ilin yayında Qarabağda hay-küy qaldıran daşnakları yenə Xosrov bəy diz çökdürmüş və onları silah gücünə Azərbaycan hökumətini tanımağa məcbur etmişdi. Hətta Şuşadakı gizli daşnak komitəsinin üzvlərini qovub ərazidən çıxartmışdı. Əllərindən bir iş gəlməyən daşnaklar bolşevik əhvali-ruhiyyəli müsəlmanların köməyilə səs yaymışdılar ki, hərbiyyə naziri Xosrov bəyi geri çağıracaq. Bu şayiələri kəsmək üçün Üzeyir bəy Hacıbəyli “Azərbaycan” qəzetində (24 iyun 1919-cu il) yazırdı:
“Həqiqətən Xosrov bəy Qarabağ üçün ən münasib bir rəisdir. Qarabağ həyatına tamamilə aşna olan bu zat sağlam bir vücuda malik olan kimi, sağlam və salamat politika yeridən və təht idarəsinə tapşırılmış olan ümum mənafeyini xüsusi surətdə nəzərdə tutan bir zatdır. Ermənilər Qarabağda qəsdən süni iğtişaşlar çıxarmaqla Qarabağ general-qubernatorunu baş komandanlıq gözündə ləkələmək istəyirlər. Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni cəmaəti tərəfindən dəxi möhtərəm sayılan Xosrov bəy Qarabağın hökuməti başında olmasa idi, burası Azərbaycanın cənnəti hesab olunan bu yer çoxdan bəri cəhənnəmə dönüb qətli-qital ocağı olmuşdu”.
Dəmir çarpayıda mütəkkəyə dirsəklənən nazir astadan yor¬ğun-yorğun danışırdı. Onun səsindəki yaşlı adamlara məxsus kövrəklik həmsöhbətlərinin diqqətindən yayınmamışdı.
– Altmış dörd yaşım var, – deyirdi general, – xoşbəxtəm ki, ömrümün sonunda bir əsgər kimi vətənimə gərək oldum. – Sonra birdən nəyisə xatırlamış kimi oldu. – Balam, elə təkcə mən danışıram... Bəs siz? Mən Bakıdan sizi eşitməyə gəlmişəm. Bayaq Əsgərandan qayıdanda Həbib bəydən soruşdum ki, Dəli Qazar əməliyyatı necə olub, təfsilatı ilə bir danış görüm. O da cavab verdi ki, həmin əməliyyatı polkovnik Bəhram bəy aparıb, o da Sizə danışacaq. Hə, Bəhram bəy eşidirik səni.
Ayaq üstə dayanan Bəhram bəy gözləmədiyi sualdan qıpqırmızı oldu.
Nazir:
–
Danış, – dedi, – burda çəkinməyin yeri deyil. Bu qələbənin, əgər belə demək
mümkünsə, qəhrəmanı sənin batareyandır.
General Həbib
bəy dostunun sıxıldığını görüb
onun köməyinə gəldi:
–
Daşbaşı yüksəkliyi uğrunda döyüşlərdə
artilleriyanı susdu¬ran Bəhram bəy əvvəlcə məni
hövsələdən çıxarmışdı. Yavərim tez-tez xatırladırdı ki, Bəhram bəy
deyir tələsməsin. Dəli Qazarsa elə
hey irəliləyirdi. Onu da deyim ki, Bəhram
bəy batareyasını çox böyük məharətlə
meşənin ətəyində gizlətmişdi. Sanki düşmən qarşısında heç nə
yox idi. Dəli Qazarın süvari dəstəsi
də inamla irəliləyirdi. Bəhram bəy susur,
düşmən irəliləyir, dözmək olmur, az qala, ürəyim partlayırdı. Nəhayət, dözməyib bunların mövqeyinə
gəldim. Mənə işarə verdi
ki, narahat olmayın. Kəşfiyyat xəbər
gətirib ki, ermənilərin toplarının əksəriyyəti
sıradan çıxıb, atmır. Biclik
eləyib yararsız topları da özlərilə gətirirlər.
Necə deyərlər, bizə “xox” gəlirlər.
Təxminən səkkiz-on dəqiqə
keçdi. Bax, indi vaxtdır, – deyib Bəhram bəy var səs
ilə komanda verdi: “İrəli, mənim tərlanlarım,
irəli anamız Azərbaycan uğrunda!”
Döyüşə bir qasırğa kimi başlayan
batareya güllə yağışı altında düşmən
üstünə şığıdı. Heç
yarım saat çəkmədi erməni süvarisi
yavaş-yavaş geri çəkilməyə məcbur oldu.
Quba batalyonunun bir rotası və Zaqatala
alayının xeyli hissəsi düşmənə yandan və
arxadan göz açmağa imkan vermədi. Dəli
Qazarın süvarilərindən otuz-otuz beş
adam ancaq qaçıb canını qurtara bildi. Ortada
beş-altı nəfərlə sağ qalmış Dəli
Qazar yaralı heyvan kimi bağırırdı. Bəhram bəyin səsini eşidib daha da qəzəbləndi.
Nazir
maraqlandı:
– Necə,
danışırdılar. Yəqin ki, rusca?..
– Yox, əksər
sözləri Bəhram bəy o itin öz dilində deyirdi. Düzü, çoxunu başa düşə
bilmirdim. Bir onu gördüm ki, insanın tələyə
düşməsi necə də böyük fəlakət
imiş. Eşitmişdim ki, suda boğulan
saman çöpünə əl atar. Bax,
elə bir vəziyyətdə idi erməni generalı.
Nazir cəld
bir hərəkətlə başını qaldırıb:
– Axı
nə deyirdin, Bəhram bəy, sən ona?..
– Kutaisi realni
məktəbində oxuyanda onların dilini öyrənmişdim.
Əvvəla, mən ona təklif elədim ki, təslim
olsun, uşaqla¬ra da tapşırdım ki, hələ
atmayın. Onu diri tutmaq istəyirəm.
Gördüm ipə-sapa yatmır. Yalandan
dedim ki, zavallı, sənin əsgərlərinlə əvvəlcədən
danışıb, səni satın almışam. Səni özününkülər satıb. Təslim
olmalısan…
General Həbib
bəy Səlimov:
– Cənab
nazir, eynilə bir teatr səhnəsi…
Nazir:
– Dayan, dayan, – dedi Həbib bəy, – qoy özü
danışsın.
Bəhram
bəy davam elədi:
– Dedim, təslim
olmursansa, onda belə çıxır ki, müsəlman əsgərinin
gülləsilə ölməyə özün
özünü məhkum eləmisən.
– Gözəl
demisən, əhsən sənə. Bax,
görürsünüzmü peşəkar hərbiçi
olmaq budur. Bu əclafın döyüş
ruhu varmış. Qəsbkarlıq
iştahı da varmış, amma döyüş qabiliyyəti
yoxmuş. Yalançı gene¬ral
olduğunu dar macalda büruzə verib. Heç
bir xidməti olmadan aldığı general rütbəsi onu
iştahlandırıb ölümə gətirib. Belə adamdan yalnız döyüşçü
kimi istifadə etmək olardı. Hə,
maraqlıdır, sonra nə oldu?
Bəhram
bəy:
– Dəli Qazar yalvarırdı ki, icazə verin
çıxıb gedim. Dilcana, bir də Qarabağda görünsəm,
atama lənət. Uşaq aldadır... Gəldim
Həbib bəyin yanına. Soruşdum ki, nə
etməliyəm, əsgərlərim də qanına
susayıblar, öldürmək istəyirlər. O da yek
kəlmə ilə cavab verdi: susdurun!
Biz də tapşırığa əməl elədik.
Səməd
bəy Mehmandarov:
– Düz
eləmisiniz, – dedi. – Düşmən təslim olmadıqda onu
məhv edərlər.
General Səməd
bəy narahatdır…
Qapı astadan döyüldü. Səməd bəy
“buyurun” deyənə kimi, qapıya yaxın olan polkovnik Bəhram
bəy irəli yeridi. Qapıda mehriban
üzlü, qıvraq geyimli bir gənc zabit “çay
hazırdır, icazə verin gətirim” – deyib əli podnoslu
içəri keçdi. Divara söykədilmiş
çox da böyük olmayan stolu nazirin
çarpayısına yaxınlaşdırdı. Səməd bəy mütəkkəni kənara
qoyub, çarpayıda oturdu. Çay gətirən gənc
zabit dərhal dabansız ev
ayaqqabılarını cütləyib onun ayaqlarının
yanına qoydu. Səməd bəy mehribanlıqla zirək zabitə
baxıb üzərində “afərin” dedi. Üzü
pörtmüş gənc zabit stəkanlara çay
süzüb, stolun qırağındakı çaynikin
üstünə qalın dəsmal sərdi. Ayaqlarını cütləyib, yaraşıqlı
vücudunu şax tutdu. “İcazə verin,
mürəxxəs olum”. Nazir hələ də
xoş təbəssümlə onun hərəkətlərini
izləyirdi.
General Həbib
bəy:
– Azadsan,
– dedi, – amma uzaq getmə…
Gənc zabit çıxan kimi Səməd bəy onun
davranışını, səliqəli geyimini və əsl
zabit yaraşığını təriflədi.
– Bəzi
rus şovinistləri təkidlə deyirlər ki, siz müsəlmanlardan
hərbiçi olmaz. Buyursun baxsın, belə
yaraşıqlı zabiti rus ordusun¬da çıraqla da axtarsan
tapmazsan. İlyarımlıq fəaliyyəti
dövründə ordumuzda qabiliyyətli zabit yetişibsə,
rus ordusu kimi üç yüz il
yaşı olsaydı, gör nələrə qadir olardıq.
O, dərindən
köks ötürdü:
– Qoyurlar
ki, yağlı tikə olan Azərbaycana hərə bir caynaq
atır. Denikin rədd olub getdi. İndi də bu bic bolşeviklər cənuba
qoşun yeritmək həsrətilə minbir oyundan
çıxırlar. Dağıstanda,
Şimali Qafqazda kazaklarla dağlıların arasına təfriqə
salıb toqquşdurdu¬lar. Bu bilirsiniz,
“ayır-buyur” siyasətinin ən bariz nümunəsidir.
– Səməd
bəy, Sizcə, Denikin yenidən Qafqazda peyda ola
bilərmi? – qubernator Xosrov bəy Sultanov
çəp gözlərlə Səməd bəyə
baxıb soruşdu.
– Yox,
heç vaxt! Bolşeviklər artıq onun mahnısını
oxudular... Denikinin işi bitdi. –
Üzündə təbəssüm yox olan nazir Səməd bəy
sonra nifrət hissiylə əlavə elədi:
–
Bolşeviklər elə toxumdur ki, onlar hara yerisələr,
yüz il orda ot bitməz. Bu
saat Volqa bo¬yunda və Sibirdə vətəndaş müharibəsi
aparan Kolçak cənablarını da belə bir tale gözləyir.
– Əsir aldığımız ermənilər deyirlər
ki, sizə qarşı ağqvardiyaçı Denikinlə birləşmək
istədik, baş tutmadı, – deyə polkovnik Bəhram bəy
Nəbibəyov söhbətə qoşuldu. – Gec-tez bolşeviklərlə
əlbir olub, Azərbaycan adlı müstəqil respublikaya
divan tutacağıq. Keşişkənd
uğrunda qanlı döyüşlər gedəndə ermənilərin
çoxusu sərxoş idi. Podpolkovnik Rəfibəyovun
və polkovnik Levestamın əsir götürdüyü ermənilər
də bu barədə çox sayaqladılar.
Səməd
bəy Mehmandarov:
– Bolşeviklər Bakıda yaşayıb işləyən
rus fəhlələri və müsəlman bolşevikləri
arasında güclü təbliğat aparıb. Azərbaycan
milli hökumətinə və bu hökuməti istəyənlərdə
nifrət hissi yaratmağa çalışırlar. Bu gün də içimizdən təmizləyə
bilmədiyimiz agent və şpionların sayəsində.
Bir həftə əvvəl Gəncədə
agent Smıslovun təxribatçı qrupunu həbs etdik.
Bu dəstədə kimlər vardı? Bakıda Baş Qərargahda çalışan –
adını çəkmək istəmirəm – bir nəfərin
zövcəsi Nelli Çernışova, Stanislav Zuber və
başqaları – hamısı bizim əleyhimizə işləyib.
Görünür, bizim əks-kəşfiyyat və daxili
orqanlar zəif fəaliyyət göstərir, mürgüləyirlər…
Mənim aldığım məlumata görə
bolşeviklər Ermənistanda başqa cür təbliğat
apa¬rır. Onlar ermənilərə
canıyananlıqla bildiriblər ki, siz nə Azərbaycansınız,
nə də Gürcüstan. Siz İran,
Türkiyə və Azərbaycan kimi müsəlman ölkələri
arasında boğulursunuz. Biz sizə
Türkiyə və Azərbaycandan torpaq qopartmaqla ərazinizi
böyüdüb tam dövlət müstəqilliyinizə zəmanət
veririk. Görürsünüzmü,
bolşeviklər özlərinin ikiüzlü, xəbis siyasətlərilə
Şimali Qafqazı və Dağıstan
dağlılarını fəth edib, indi də murdar əllərini
bizə – cənuba tərəf uzadırlar.
General Həbib
bəy Səlimov ikrah hissi ilə:
–
Rusların bu ikiüzlü siyasəti bizi təngə gətirib,
– dedi. – Siz ötən həftə Gəncədə olanda,
müavininiz general Əli ağa Şıxlinskiyə ermənilərin
Qarabağdan qovub çıxartmaqla arxayınlaş¬mamaq barəsində
bir məlumat göndərmişdim. Yəqin ki,
Sizə çatdırıb. Şuşa və
Xankəndi Cavanşir alayının, Quba alayının, bir də
Tatar süvari alayının sayını artırmaq şərtilə,
qvardiyanın da sayını çoxaltmalıyıq. Çünki əsir alınan ermənilər desə
də, deməsə də daşnaklar Qarabağ iştahı
ilə yaşayırlar. Mənim zənnimcə,
onlar mütləq bolşeviklərlə birləşib, məhz
Qarabağa hücum edəcəklər.
Yorğun
və əsəbi Səməd bəy Mehmandarov:
– Məncə,
– dedi, – hələlik Şəki və Ərəş
alaylarını da burda saxlamalıyıq. Polkovnik
Seyfulla Qacarın alayını isə Qazaxa göndərin.
Ordan da həyəcanlı xəbərlər gəlir.
Əmir xan Xoyskinin məlumatına görə sərhəd
kəndi Kəmərliyə və Tatlıya ermənilər
hücuma hazırlaşırlar.
Şəmistan Nəzirli
Araşdırmaçı
Xalq cəbhəsi 2017.- 10 avqust.-S.14.