“O tamaşaçı mənə lazım
deyil”
Kinorejissor İlqar Nəcəflə
müsahibəni oxucularımıza təqdim edirik
“Buta” filminin çəkilməsindən
6 il keçib və “Nar bağı”na
baxanda hiss olunur ki, bu filmə daha ciddi hazırlaşmısan. Nələrisə ölçüb-biçmisən
ki, ordakı səhvlər təkrar olunmasın. Hazırlıq prosesi necə oldu?
-
Əslində şüurlu surətdə hazırlıqdan
çox bu beş-altı il ərzindəki
zaman məni daha çox hazırlaşdırdı, nəinki
mənim məqsədyönlü şəkildə
hazırlaşmağım. Az yaşım
da yoxdur. 40-ı keçmişəm, bu yaşda
artıq insanda müəyyən dəyişikliklər olur,
düşüncəsi, həyata yanaşması. 30-35 yaşında anlamadıqlarını bu
yaşda daha yaxşı anlayırsan. Deməli,
nəsə magiya var ki, dəyişiklik bu yaşda olur. Və
bu dəyişiklik məni gətirdi “Nar bağı”na. “Buta”da daha çox xaotik
situasiya, özünü arayan, axtaran rejissor var. Amma “Nar
bağı” daha əmin, kinoda öz yolunu tapmağa yaxın
rejissorun işidir. Qısası, məqsədyönlü
hazırlıq yoxdur. Sadəcə bir yol var kino yolu...
- Bizdə situasiya elədir ki,
söhbət daha çox Mədəniyyət Nazirliyinin maliyyələşdirdiyi
layihələrdən gedir – rejissor bir film çəkəndən
4-5 il sonra, növbətisini çəkir.
Bəzən deyirlər ki, peşəkarlaşmaq
üçün intensiv filmlər çəkilməlidir. Amma
elə rejissorlar da var ki, 3-5 il
aralığında, amma keyfiyyətli çəkir. Necə
düşünürsən, tez-tez çəkmək keyfiyyətə
təsir edirmi?
- Mən
o fikirlə qətiyyən razı deyiləm ki, intensiv çəkmək
keyfiyyətə təsir edir. Məsələn,
Malik Terrens 6-7 ildən bir film çəkir, amma hər dəfə
şedevr yaradır. Demək bu
özünü doğrultmayan arqumentdir. Bir
də bu sənətkarın daxili azadlığından irəli
gələn məsələdir. Yəni sən
daxilən mövzu üçün yetişmisənmi, nə dərəcədə
hazırsan? Kino bir hekayədir. O hekayəni
söyləmək üçün hazırsansa çəkə
bilərsən. Yox hələ hazır deyilsənsə
neçə il keçir-keçsin fərq
etməz.
- “Nar bağı”nın
ideyası hardan qaynaqlanmışdı?
-
Münhendən ya Frankfurtdan Bakıya gəlirdim. Təxminən 4 ya 5 saatlıq yol idi. Təyyarədə adətən ya kitab oxuyuram, ya
yazı yazıram. Bilmirəm hansı vəziyyət məni
vadar etdi, nə baş verdi, hekayə
yazdım, üç səhifəyə yaxın. Onda adı “Nar ağacı” idi. Əslində
film kimi düşünmürdüm. Hekayədə
ailə ağacı kəsmək istəyir, amma baba izn vermir.
Ailə üzvləri yollar ayırır ki, necə
edək kişini evdən uzaqlaşdırıb nar
ağacının qol-budağını kəsək. Hekayə məndən Asifə keçdi, əlavələr
elədi, sonra mən əlavələr elədim. Ondan sonra bu ssenari daha peşəkar yanaşma istəyirdi,
fransız tərəfdaşımızın təklifi ilə
holland Roelofa yolladıq. O da öz əlavələrini
etdi və ortaya “Nar bağı” gəldi.
- “Bir qoca var” sənədli
filmin danışma və eşitmə problemi olan uşaqlarla,
“Nar bağı” isə görməsi zəif olan uşaq və
həkimin dialoquyla başlayır. Problemli uşaqların sosial mühitə
uyğunlaşmasının çətinliyini göstərirsən.
Və istər-istəməz Tarkovskinin “Güzgü”
filminin əvvəlində həkimin kəkələyən
uşağı müalicə etmə səhnəsi yada
düşür. Əlaqə varmı?
- Belə
suallar veriləndə ani olaraq deyə bilərik ki, heç
bir əlaqəsi yoxdu. Amma bir az keçəndən
sonra düşünürsən ki, əlaqəsi var əslində.
Şüuraltı olaraq səndə var. Amma ani olaraq onu hiss edə
bilmirsən. Şüuraltında isə
oturuşub o. Yanaşmalarında haçansa üzə
çıxır. Görünür,
“Güzgü” filmində gördüyüm o səhnəni
qeyri-ixtiyari olaraq istifadə eləmişəm. Hansısa səhnəni götürmüşəmsə
belə daxili azadlığım və mənəviyyatım
imkan verir ki, onu birbaşa deyim. Amma
şüurlu, məqsədli şəkildə “Güzgü”dən
səhnəni götürüb bura adaptə eləyim, o yoxdu.
Təsadüfi deyil ki, filmlərə az
baxıram. Yəni məqsədli şəkildə az baxıram. Qorxuram ki, təsir
altına düşərəm, sonra özümlə bacarmaram.
Bu da mənəvi azadlığımı,
tarazlığımı pozmuş olar. Təbii
ki, yenə baxıb öyrənmək ayıb deyil. Dediyiniz səhnə isə mövzudan
doğmuşdu.
- Filmin əvvəli bir az uzun alınmışdı. 90 dəqiqəlik
film 80 dəqiqə də ola bilərdi. Uzunluq tamaşaçını tədricən
atmosferə salmaqla bağlıydı? Yoxsa
seyrçinin dözümlüyünü yoxlayırdız?
Yəni hekayə maraqlıdırsa o axıradək
gözləyəcək? Ya, sadəcə
bunu belə görürdüz?
- Bu, əslində
məqsədyönlü şəkildə idi. Dediyiniz kimi
metrajı 80-85 dəqiqə ola bilərdi. Amma biz hələ kəsib-doğramışıq,
97 dəqiqə idi. Bu, mənimçün
mövzuya giriş, dramaturji müqəddimə idi. Düşünürəm ki, bu olmalıdır, qoy
tamaşaçı dözə bilmirsə dözməsin
çıxıb getsin. O tamaşaçı mənə
lazım deyil. Yox onu maraqlandıra bilmişəmsə
sonadək baxırsa nə xoş mənə.
- Səhnələrin
çoxu birplanlı, eyni rakursdan çəkilmişdi, məsələn,
yemək səhnələri. Qəhrəmanları
yaxından, dramatizm üçün iri olanlar
lazımıydı, deyə düşünürəm. Siz üslub olaraq belə
düşünmüşdüz?
- Filmin
texniki estetikasını çəkilişdən öncə
operatorla müəyyənləşdirmişdik. Uzun müzakirənin nəticəsiydi ki, film bu
texniki parametrlərin üzərində qurulsun. İki-üç dəqiqəlik səhnələr
təsadüfi deyil. Təsəvvür edin ki, filmin 60 dəqiqəsini
uzun səhnələrlə müşahidə edirsən və
birdən qısa, iti səhnələr, montaj... necə ola bilərdi. Aura
dağılmış olardı. Bir də
bütün kameranın hərəkəti aktyorların
melanxolik vəziyyətinə uyğun şəkildə
düşünülmüşdü.
- Belə
anladım ki, film boyu personajların içi müəyyən
qədər gizli qaldığından yarıqapalı
rakurslar, planlar o vəziyyətə uyğun seçilib.
- Tamamilə
doğrudur. Tamaşaçını bir az
ac saxlamaq istəmişik.
- Final səhnəsini
iki versiyada çəkmisiz. Festivalda tamam fərqli
versiya göstərmisiz. Biz isə
istehsalçının sifariş elədiyi nikbin finala
baxdıq. Qəribədir ki, bu versiyada
nikbinlik saxta gəlmədi. Bəlkə ona
görə ki, pozitivliyə çox ehtiyacımız var.
- Sizin
gördüyünüz variantla mənim versiyam arasında
böyük fərq yoxdur. Fərq mənim
versiyamda uşağın gülləri qara görməsində
və görməsinin zəifliyindədir. Festivallarda sual verirdilər ki, niyə bu qədər
radikal bitir? Niyə tamaşaçıya
ümid vermirsiz? Hekayənin finalını
gördüyüm kimi vermişəm. Dəfələrlə
görmüşəm ki, sırf bizim filmdəki hekayəyə
oxşar hadisələr radikal, pessimist bitir. Özümü necə məcbur edim ki, başqa
cür olsun. Onda qeyri-səmimi,
özümü aldatmış olardım. Özümə
sual verəcəkdim ki, düzmü elədim? Tamaşaçı bəyənməsin qoy, amma sən
öz fikrində qalasan.
- Nizami
Kino Mərkəzində texniki nasazlıq olduğundan bəzi
sözləri aydın eşitmirdim və yazımda da o məqamlara
bu səbəbdən toxunmamışam. Filmdə
Qabil-Habil hekayəsinin motivi var. Dini hekayədə Qabil Habili
öldürür, onu birmənalı günahkar kimi qəbul
edirik. Sənin traktovkanda isə Qabilin bəraəti
var. Daha doğrusu Qabili ona gətirən səbəblər var
və onu tamlıqla günahlandıra bilmirsən.
- Mənim
məqsədim mühakimə deyil, hekayəni
danışmaqdı. Müzakirəni
tamaşaçının öhdəsinə buraxıram.
Dediyin motivlə bağlı dialoq var. Qabil
oğluna kənddən getməyinin səbəblərini
danışır. Tamaşaçının
ona müəyyən mənada rəğbəti yaranır.
Məlum olur ki, ona qarşı heç də ədalətli
davranmayıblar. Bu, o deməkdir ki, pis adam
yüzdə-yüz pis deyil. Yaxşı adam
da yaxşı. Hər kəsin öz həqiqəti var.
Dramaturji baxımdan orda müəyyən mənada Qabilə bəraət
var. Atasının onunla qardaşı arasında fərq
qoyduğunu hiss edib, uşaq tənhalığı
yaşayıb. Amma qayıdıb yenə də
günah edir. Bununla belə yenə də
tamaşaçının öhdəsinə buraxmışam.
- Filmlərimizin
çoxunda musiqi həlli uğursuzdur. Ehtiyatlı
yanaşmısan musiqiyə. Musiqi yoxdu filmdə,
naturada səslənir ancaq.
- Rejissor
ssenarini işləyəndə özüm də müəyyənləşdirmişdim
ki, film musiqisiz olacaq. Bu hekayəni belə
görürdüm, orda daha çox pıçıltı,
daxili monoloq var. Amma montaj mərhələsində şübhə
yarandı ki, deyəsən musiqi lazımdır. Sonra filmin içərisinə xalq mahnıları
yerləşdirəndən sonra köhnə fikrimə
qayıtdım ki, musiqi lazım deyil. Film
bitdi, baxdım ki, titrlər musiqi istəyir. Sanki nöqtə rolunu oynayır. Bəstəkar kimi Firudin Allahverdiyə müraciət
elədim, bu, onunla ilk işimiz deyil, “Teatral həyat”da da
işləmişik. Hər bir bəstəkar
istəyir ki, musiqisi çox səslənsin. Amma mən qəddarcasına yanaşdım.
- “Buta”da uşaqlarla daha yaxşı işləmişdin,
nəinki peşəkar aktyorlarla, bu filmdə isə uğurlu
kastinq vardı.
-
Uşaqlarla işləmək çətindir. Burda
əsas dörd qəhrəmandan biri uşaq idi. Burda daha ehtiyatla, peşəkar yanaşmışam
uşağa. Sanki özümü
sığortalayırdım, mizanı elə qururdum ki,
uşaq zəif oynasa planla, mizanla o zəifliyi görünməz
edim. Cəlal rolunun ifaçısı Həsən
bəzi məqamlarda qorxudurdu, bəzən
açılırdı, özünü göstərirdi.
Uşaqla işləmək, onu kameraya
hazırlamaq, ünsiyyət zaman istəyir. Asan deyil. Bu filmdə
düşünürəm ki, öhdəsindən gəldik.
-
Aktyorlarla iş prosesin maraqlıdır...
- Film
uğurlu festival həyatına başlayıb. Festivallarda
çoxlu sayda peşəkar kino adamları deyirdilər ki,
yüksək səviyyədə kastinq var, aktyorlarınız
güclüdür, hətta soruşurdular, bu adamlar çox
filmdə oynayıblar? Halbuki İlahənin
kinoda ilk böyük işidir, Səmiminin də ilk roludur.
Bircə Qurban İsmayılov təcrübəliydi.
Demək ki, aktyorlarla düzgün yöndə
işləmişik. Rejissor intim çevrə
formalaşdırmalıdır. Yaradıcı
mühit film boyu davam etməli və
dağılmamalıdır. Yaxşı
oldu ki, bunu yarada bildik. Aktyorlarla xeyli
işlədik. Aktyor nə qədər
peşəkar olsa da onları öz-özünə
buraxmayasan. Onlara dedim ki, mənim qırmızı xəttim
var, o hər iki tərəfdən keçir, siz bu
qırmızı xəttin içində oynayacaqsız. Bu iki qırmızı xəttin ortasında sizə
azadlıq verirəm. Ona basdınızsa
müdaxilə edəcəm. Aktyorlarımız
bəzən özlərindən asılı olmayaraq asana
qaçırlar, hətta rejissordan qopub özünə rahat
olanı etmək istəyirlər. Bu
baxımdan aktyorlar gərginlik altındaydılar. Bir də çəkilişdən öncə on
gün birlikdə dialoqları məşq elədik. Dialoqları məşq edəndə soruşurdum ki,
bunu necə hiss edirsən, bəlkə hansısa söz
artıqdır və ya yerinə oturmur. Onda
təklif edirdim ki, öz variantlarını desinlər, yəni
onlara necə rahatdırsa elə səsləndirsinlər.
Yetər ki, qəhrəmanın üstünə
çıxmayasız. Filmdən
eşitdiyiniz dialoqlar ilkin ssenaridəki dialoqlardan fərqlənir.
Çünki dialoq birbaşa aktyorun oyununa təsir
edir. Aktyor rahat deməlidir sözü,
oyununa mane olmamalıydı. Bu bizim
üstünlüyümüz idi.
- Milli
kinomuzda dialoqlar ağır basır. Sənin
filmində isə təsvirlər çox danışır.
Aktyorlar da daha çox bədən diliylə
oynayırdılar. Bu mənada İlahənin
oyunu çox toxundu mənə.
- İlahə çox zəkalı qadındır. O mənə imkan verdi ki, onunla işləməyin
formasını tapım. Öncə gərək
aktyoru tanıyasan. İlahənin həyatda
ağıllı qadın olması birbaşa qəhrəmanına
sirayət edirdi. Dialoq azdırsa o zaman
aktyor oyunuyla, təsvirlə tamaşaçını
saxlamalısan, inandırmalısan. İlahənin
çətin səhnələrindən biri ərinin xəbərsiz
getməyini qonşunun deməsiydi. Emosional
səhnəydi. Çəkilişdən əvvəl
yaxınlaşdı ki, İlqar müəllim necə
ağlamalıyam. Dedim İlahə, sənin sualın
bizim işimizin yarısını həll etdi. 12 il bundan əvvəl səni tərk etmiş ərin
qayıdır, daxilən qadın kimi sevinirsən, xoşbəxtsən,
bunları düşünürsən, o, səninlə intim
yaxın olur və çıxıb gedir. Həm
də qadın kimi səni təhqir edir. Sən
bu təhqiri necə qəbul edərsən? Bir qadın
kimi nə hiss edərsən? Məşqdə
göstərsən biləcəm ki, düz hiss edirsən, ya
yox. Deyim ki, məşqdə daha
yaxşı oynamışdı. Əgər
İlahə tez-tez rol alsa o, qısa müddətdə
dünyaya çıxacaq aktrisadır. Qurban
peşəkardı, ona söz yox. Dostlarımızdan
biri demiş, Səmimi o qədər istedadlıdır ki,
özünün istedadından xəbəri yoxdur.
- Milli kinoda açıq səhnələr
çox işlənmir, ya da korrekt işlənir. “Nar bağı”nda cəsarətli intim səhnə
var. Amma bu səhnədə aktrisanın cəsarəti məsələsi
də var. Çətinlik çəkdiz?
- Çətinliyimiz
oldu. Bu səhnədə debütant idim. Dramaturji situasiya o səhnəyə gətirib
çıxardı. Həmin səhnənin
çəkilişində maksimum texniki heyəti minimuma
endirdim. Burda ən çox İlahəyə
“əhsən” deyirəm. Səmimini o səhnəyə
alışdıran İlahə oldu. Səmimiyə
qalsaydı səhnə alınan deyildi. İlahə
kamera qarşısında qətiyyən kompleks keçirmədi.
- Planda nə var?
- Planda
bir şeylər var. Mövzunu hələ demirəm. Növbəti film çox güman ki, başqa
ölkədə çəkiləcək. Hicrət etmək
kimi bir şey...
- Hansı festivallara dəvət
almısız?
- Avrasiya
festivalında iki mükafata, bir xüsusi qeydə layiq
görüldü. Maraqlı şey deyim.
Astanada FİPRESSİ-nin sədri Klaus Eder dedi ki, bəzi qeydlərim
var. Dedi ki, FİPRESSİ üzvləri İlqarın “Nar
bağı” yekdilliklə seçdi. Amma əminik
ki, irəlidəki festivallarda mükafatlar götürəcək,
ona görə “Aritmiya”ya veririk. "Nar
bağı" üzümüzə gələn aylarda
Hollandiyada, Belarusiyada, Fransada və Türkiyədə
keçiriləcək müxtəlif kinofestivalların əsas
müsabiqəsində iştirak edəcək.
Söhbətləşdi:
Sevda Sultanova
Xalq cəbhəsi 2017.- 10 avqust.-S.15.