“Sənətimizi əlimizdən
alıblar”
Əməkdar artist Arzu Hüseynovun
müsahibəsini oxucularımıza
təqdim edirik
- Arzu müəllim, uzun zamandır nə efirlərdə, nə də ki, film və seriallarda sizi görmürük. Efirlərdə görünməməyinizin səbəbi xəstəliyinizlə
bağlıdır?
- Mənim səhhətim normaldır, həkimə getmirəm, getsəm, min dənə xəstəlik
ortalığa çıxar.
Hal-hazırda işlə bağlı problemlərim var. Televiziya
kanalları məni nə seriallara, nə də verilişlərə dəvət
etmirlər deyə nə yaradıcılığımı
davam etdirə bilirəm, nə də ailəmi yetərincə dolandıra
bilirəm.
- Bəlkə elə xəstə bilib sizi efirlərə
dəvət etmirlər?
- Xəstə mənə
"xəstə" deyənlərdir.
Gözümdə problem var idi,
o da əməliyyat olundu. Nə xəstəlik? Xəstəliyi həkimlər təyin
edir, bu günə qədər Allaha şükür heç bir xəstəlik haqqında diaqnoz qoyulmayıb. Yeri gəlincə, mən sakit, sənətsiz qala bilmirəm. Özüm müəyyən səhnələr
çəkirəm, montaj
edirəm, internetdə
dostlarımla paylaşıram.
Amma kanallar sponsor istəyir deyə televiziya üçün işim alınmır. Bir də güclü texnikam yoxdur ki, çəkilişləri
onunla edim. Bir neçə ildə 1 seriyalı filmə çəkilmişəm, kinoteatrda
gedib. Arada Space TV-də də
yumoristik verilişə
çəkilmişəm. Demək istəyirəm ki, özləri çağırmır,
çağırsalar, maddi
durumum da yaxşı olar.
- Arzu müəllim, sizi uzun illər AzTV-də uşaq verilişinin aparıcısı
kimi tanıdıq. Uşağların görüşünə gəlmək üçün
darıxırsız?
- Deməli, mənim yaradıcılığımı davam etdirməyim üçün Karlson lazımdır? Onun da bir vaxtı var idi. Mənə bir şey lazımdır - yaradıcılığımı
davam etdirmək.
Biz aktyorlar rejissorlardan
çox asılıyıq.
Mənim
hər cür qabiliyyətim var. Eyni vaxtda həm ssenari yaza bilərəm,
həm də rejissorluq edə bilərəm. Bunları etmək
üçün də
pul lazımdır.
Hər zamanın öz gedişatı var. Mən
o verilişdən sonra
AzTV-nin neçə-neçə
verilişlərinə, tamaşalarına
çəkildim. Vaqif Mustafayev
məni 4 filmində çəkdi. Bundan əlavə elə Space
TV-də "Hər səhər" verilişində
2 il barmen rolunu ifa etdim.
Sonra 2-3 seriallarda rol oynadım, amma 2 ildir heç bir serial məni dəvət etmir. Bəzi rejissorlar aktyorları qrupa bölür. Ay bu filan rolu
oynayıb, ay bu filan kanalın aktyoru olub, ay bu filan rejissorun
aktyorudur, nə bilim nə. Aktyoru qrupa bölmək olmaz. Əlbəttə ki, uşaqların
görüşünə gəlmək
üçün çox
darıxıram. İnşallah, onlarla yenidən görüşmək şansım
olar.
- Amma, həqiqətən, siz daha çox Vaqif Mustafayevin filmlərində çəkilmisiz.
Bəlkə rejissorlar onunla
intriqa aparır deyə sizi çəkmirlər?
- Vaqif müəllim artıq başqa janrda filmlər çəkir. O indi tarixi və sənədli filmlərin üzərində işləyir.
Artıq 10 il
olar ki, biz onun filmlərinə çəkilmirik. O, komediya
filmi çəkəndə
bizi dəvət edirdi. Yenə deyirəm, aktyor
aktyordur, onu qrupa bölməzlər.
Bəziləri deyir ki, ağsaqqal, bu serialda sizə uyğun rol yoxdur. 4-5 kanalda
2-3 serial yayımlanır. Deməli, bunların heç birində mənə uyğun rol olmadı? Məndən başqa neçə-neçə
aktyorumuz da bu gündədir. Onlar da ailələrini yetərincə dolandıra
bilmirlər. Axı
biz aktyorlar başqa bir iş görə
bilmirik. Bizim həm sənətimizi,
həm də maddiyatımızı əlimizdən
alıblar.
- Bəs ailənizi necə dolandırırsız?
Hardan qazanc əldə edirsiz?
- O vaxt gözümə görə pensiya kəsmişdilər, qızım
da talassemiya xəstəsidir. Bundan əlavə bir
bacım da bizimlə yaşayır və o da pensiya
alır. Bir də əməkdar artist fəxri adına
görə pul alıram. O pullarla ailə necə dolansın?
- Bəs toylara getmirsiz?
- Toya sonuncu dəfə
təxminən 8 il əvvəl getmişəm. Toylar olanda maddi durumum nisbətən yaxşı idi. Demək olar ki, hal-hazırda
şadlıq evlərindən
təcrid olunmuşam.
Məsələn, mən 30 manat
istəyirəm, bu, onlara sərf etmir. Cavan uşaqlara 10 manat
verirlər, gəlib işləyir. Mən ailəli
adamam, bu məbləğdə ailəni
dolandıra bilmərəm.
- Vaxtilə çörək kəsdiyiniz
sənət dostlarınız
sizi itirib-axtarır?
- Vaxtilə bir yerdə oturub durduğumuz adamlar var. Elələri var seriala dəvət alırlar, orada durub demirlər ki, bəlkə filankəsi də dəvət edək, onun da buna çox ehtiyacı var. Heç vaxt deməzlər.
- Siz demisiz?
- Bəli, mən hara dəvət
almışamsa hər yerdə demişəm.
Xalq cəbhəsi 2017.- 12-14 avqust.-S.16.