Poema janrının yaranış zərurəti
Bəşər övladının qəlbinin, hiss və
həyəcanlarının tərcümanı olan söz
tarixin müxtəlif inkişaf mərhələlərində
zamanın tələblərinə uyğun olaraq
ayrı-ayrı forma və məzmun daxilində inkişaf edərək
həyatın inikası hesab edilən söz sənətini-bədii
ədəbiyyatı formalaşdırıb. Zaman
keçdikcə bədii ədəbiyyat hər birinin
özünəməxsus, spesifik xüsusiyyətləri olan
lirik, epik və dramatik növlərə ayrılıb. Beləliklə, böyük həyati əhəmiyyət
kəsb edən ictimai-siyasi hadisələr və onların
iştirakçılarının igidlikləri, şücaətləri
ilə seçilən, elin məhəbbətini qazanan xalq qəhrəmanları
haqqında yaranan və xorla oxunan mahnılar əsasında
epos, belə demək mümkünsə, ilk dastan-poemalar
formalaşıb. Adi şeir
parçasından böyük həcmli, şaxələnən
süjet xəttinə malik olan, epik təfəkkürü
büsbütün əhatə edən poema janrına
keçid, şübhəsiz ki, birdən-birə baş verməyib.
Bu hadisəni bütün kiçik detalları
ilə təsəvvürdə canlandırmaq üçün
tarixə, yəni bədii təfəkkürün keçdiyi
yollara nəzər salmaq kifayətdir. Məsələnin
sosial və psixoloji kökləri ilə bərabər sırf
ədəbi və estetik səbəbləri də var. Söz,
zaman keçdikcə açılır və pardaqlanır,
onun içindəki informasiya, yəni enerji öz təbiətinə
uyğun yolun keçilməsini, hadisənin nəql edilməsini,
yaxud baş verən hadisələrə münasibətin
bildirilməsini tələb edir. Bəzən təbiətdə,
yaxud cəmiyyətdə, yəni sosial mühitdə baş
verən hadisələr birdən-birə olmasa da, yalnız
müəyyən vaxt keçdikdən sonra sözün ifadə
formalarına təsir edir, onun deyilişində müəyyən
dəyişikliklər yaradır, yaxud baş verən hadisələrin
başa düşülüb bədii şəkildə ifadə
edilməsinin başqa yollarının axtarılması zərurəti
meydana çıxır. Janrların yaranması
bütün bu ictimai, ideoloji, ədəbi-estetik səbəblərin
bir-biri ilə qarşılıqlı münasibətdə
meydana gətirdiyi mühitlə şərtlənir. Vaxtilə fizikada cazibə qanununun kəşf edilməsi
sadəcə təbiətdə mövcud olan bir hadisəni
üzə çıxardı və bununla da təbiətə
və gerçəkliyə münasibəti müəyyən
dərəcədə dəyişdirdi. Tarix
boyunca elə kəşflər olub ki, dünyaya insanın
baxışı radikal şəkildə dəyişikliyə
uğrayıb. Bədii ədəbiyyat isə bu kimi az və ya çox təsirli hadisələri
eneji şəklində özündə ehtiva edir. Tərəqqi
və texnoloji inqilab baxımından sonralar kəşf edilən
hər bir hadisə insanın qəlbində yuva quran
sözün gücü ilə sehr tülünə
bürünüb, insan xəyalının üfüqlərini
nişan verib. Söz sənətində
təkanverici stimul onu yaradan insanın xəyalıdır.
Elmi təfəkkürlə şeiri dünyaya gətirən
xəyalın gücü fərqli şeylərdir. Elmi təfəkkür nə qədər iti olsa da,
artıq bu dünyada mövcud olan bir nəsnəni
tanıtdırır, sərhədləri bəlli olmayan xəyal
isə olmayan şeylərə gerçəklik donu
biçir, onu dünyanın sakini edir. Bu
mülahizələrdən çıxış edərək
insanın nağıl, əhvalat, hekayət
danışmasının, bu ehtiyacının epik formada ifadə
edilməsinin səbəbləri barədə danışmaq
olar. Janr sferası bütövlükdə
varlığa münasibəti özündə ehtiva edir.
İnsan baş verən hadisələri epik
formada yaradarkən həmişə xəyalla həqiqəti,
real gerçəkliklə utopik aləmi bir araya
sığışdırmağa cəhd göstərib.
Poema janrı, dastan paradiqması zənnimizcə,
məhz belə bir zərurətdən meydana gəlib. Janrdan janra keçid insan yaşantısının
tarixini özündə əks etdirir, bu mənada bədii ədəbiyyat
nümunələri, xüsusən poema janrı insanlıq
tarixinin yalnız qəlblə hiss edilən tərəflərini
öyrənmək baxımından son dərəcə
böyük maraq kəsb edir.
Ellinlərin
Troyaya yürüşü (Yunan eposu), ulu xalqların hicrəti
(Alman eposu), İspaniyanı istila edən və Fransa
xalqının istilasını gözə alan
ərəblərin dəf edilməsı (Fransa eposu) kimi
ictimai-siyasi hadisələr öncə həmin xalqların
yaşantılarını özündə əks etdirən
mahnılara, daha sonralar isə eposlara – dastanlara çevrilib.
Şumerlərin – prototürklərin “Enmerkar və Aratta
hökmdarı”, “Uruk və Aratta”, “Luqalbanda və Enmerkar”,
“Bilqamıs”, qədim türklərin “Oğuz Kağan”,
“Əlp Ər Tonqa”, “Ərgənəkon”, yunanların
“İliada”, “Odisseya”, Azərbaycan türklərinin “Kitabi-Dədə
Qorqud”, almanların “Nibelunqlar haqqında mahnı”,
fransızların “Roland haqqında mahnı”, ispanların “Sid
haqqında poema”, rusların “İqor polku haqqında dastan” və
s. əsərlər məhz bu yolla yaranmış dastan
nümunələri hesab olunur.
Burada bir cəhəti xüsusi vurğu altında
göstərmək və mənalandırmaq lazımdır. Hər hansı bir dönəm
yaşanıb bitdikdə, yəni, bu dönəm hər
hansı oxucu üçün tarixə çevrildikdə o, həmin
dövrdə, tutaq ki, ömrü sona çatmış sovet
dövründə işlək olan “ateizm” sözünə
diqqət yetirir. Bu ifadə donunda hansı mənaların
gizlənməsini bilmək istəyir. Bu mənada
məsələn, Aleksandr Blokun “On ikilər” poeması onun
üçün xüsusi əhəmiyyət kəsb etməyə
başlayır. A.Blokun poemasında əksini
tapan mənalar ona şübhəsiz ki, yabançı təsir
bağışlayır və belə olduğu
üçün o, həmin mənalarla oppozisiya mövqeyində
dayanır. Blokun poemasında tez-tez rastlanan oksimoronlar –
bir sözün ona mənaca əks olan sözlə bir ifadə
daxilində birləşməsi halları (məs: soyuq rəqəmlərin
istisi və sair kimi) oxucunun təsəvvürlərini
alt-üst edir. Poemada inqilabın bütün
detalları ilə təsviri diqqət çəkir. Ancaq onun yekun hissəsi oxucuda xeyli cavabsız suallar
doğurur. Belə ki, yürüşlə
gələn dəstənin qabağında İusus təsvir
edilir. Bununla da ən müxtəlif oxucu təfəkküründə
ən müxtəlif şərhlər meydana gəlir. Bəzi oxucular əlində qırmızı bayraq
tutan İususun obrazında Dəccalı görürlər.
İusus həm də inqilabın təntənəsinə
münasibətdə bir dissonans yaradır. Dəccal inamsızlığı və zoru təslim
edir, inqilabın önündə gedir, əlində də
qırmızı bayraq. Digər oxucular isə İususun
şəxsində edam
kötüyünü görürlər. Bəli,
indi o, edama aparılır, qırmızı bayraq isə onun
tarix boyu çəkdiyi əzab və iztirabın simvoludur.
O dövrün tənqidçiləri belə bir fikir
formalaşdırmağa çalışırdılar ki,
A.Blokun “On ikilər” poemasının sonluğu sadəcə təsadüfdür.
Bu sonluq poemanın ümumi ruhuna heç vəchlə
uyğun gəlmir. Blok bu mülahizələri
diqqətlə dinləyib, fikrə dalıb və sonda belə
bir qəribə fikir bildirib ki, o, bu sonluğun necə yarandığından,
ümumiyyətlə, xəbərsiz olub. Əvvəlcə
ona da elə gəlib ki, sonluq əsərin ümumi ruhunu o qədər
də mükəmməl ifadə etmir. Ancaq A.Blok əsərlə
bağlı söylədiklərinə bu fikirləri də əlavə
edib: “Mən poemaya diqqətlə baxdım, onun sonluğunu dəfələrlə
oxudum və dedim: Təəssüf ki, sonluq düzdür. Bunu mən də istəməzdim”.
Əlbəttə, A.Blok sənət qayəsi və
şair naturası etibarı ilə sivmolist idi, hadisələrə
xüsusi baxış bucağı onu başqalarından fərqləndirirdi. O, bir hadisəyə həmişə,
necə deyərlər, iki qiymət verirdi və bu qiymətlər
bir-birinin tamamilə əksi olurdu. Blokun
poeması həyatda, cəmiyyətdə baş verən hadisələri
dəyərləndirmək, habelə poema janrının
varoluşunun-mövcudluğunun əsaslarını öyrənmək
baxımından səciyyəvidir. Poemada təsvir,
hadisələrin nəql edilməsi poetik süjetin üst
qatıdır, alt qatda dəyərləndirmə, hadisələrə
ziddiyyətli münasibət, eyni zamanda oxucu baxışı
və ideyaları ilə müxaliflik
formalaşdırılır. Bunu daha
yaxşı anlaya bilmək üçün ilk poemaların
yarandığı çağlara ekskurs etmək gərəkdir.
İlk poemaların yarandığı yer Yunanıstan
hesab olunur və “qədim Yunanıstanda xalqın
yaratdığı o epik əsərlərə poema adı
verilirdi ki, orada əfsanəvi qəhrəmanların, yaxud
Allahların həyatından və şücaətindən bəhs
olunsun. Xalq fantaziyasının məhsulu olan bu surətlər
qədim Yunanıstandakı xalq həyatının
mühüm cəhətlərini əks etdirirdi”. Lakin
qeyd olunmalıdır ki, qədim türk eposunun yaşı
heç də yunan eposunun tarixindən az
deyil, bəlkə də ondan daha qədimdir. AMEA-nın həqiqi
üzvü, professor Nizami Cəfərovun
yazdığı kimi: “Qədim türk eposu bir neçə
minillik mifoloji-epik düşüncə
axtarışlarının nəticəsi olaraq eramızdan əvvəl
I minilliyin ortalarında formalaşmışdır və bir məsələ
məlumdur ki, qədim türk eposunun əsasında
protürk-türk mifologiyası dayanır”.
Həyatın
həm epik, həm də lirik təsvirini verən, təhkiyə
və tərənnümün qarşılıqlı vəhdəti
əsasında formalaşan, “mənzum povest, süjetli mənzum
hekayə kimi xarakterizə edilən poemanın” bir janr olaraq təşəkkülü
və inkişafı daha çox yazılı ədəbiyyatla
bağlı olmuş, “tarixi şəraitin dəyişilməsi
ilə əlaqədar olaraq, poemanın məzmun və
forması da dəyişmiş”, eposdan sinkretik formaya malik olan
bir xüsusi janra qədər tarixi inkişaf yolu keçib.
Yunanca
“poiema” – "qurmaq, yaratmaq" sözündən əmələ
gələn və süjetli şeir növü olan” poemada “həm
epik təsvir, həm də təsvir olunan hadisələrə
şairin lirik münasibəti, müdaxiləsi bir-birinə
qaynayıb-qarışdığından belə əsərləri
xüsusi bir janr təşkil edən lirik-epik növ
adlandırmaq daha doğru olar”. Avropada poema kimi xarakterizə
olunan bu janr Şərq, eləcə də Azərbaycan ədəbiyyatında
məsnəvi, Güneydə mənzumə və məsnəvi,
Türkiyə ədəbiyyatında isə uzun şeir, mənzumə,
1950-ci illərdən sonra isə həm də poem, yəni
poema olaraq adlandırılıb...
Ümumiyyətlə,
ədəbiyyat nəzəriyyəsində bu janr, əsasən,
belə təqdim olunur: “Poema - ədəbiyyatın lirik-epik nəqletmə
formalarından biridir, şeirlə süjetli nəqletmədir.
Şeirlə yazılmış povest və ya
hekayədir. Şair poemada öz qəhrəmanının
iştirak etdiyi sərgüzəşti və keçirdiyi həyəcanları
da təsvir edir, eyni zamanda lirik əsərlərdə
olduğu kimi, poemada da təsvir olunan həyat hadisələrinə
qarşı öz münasibətini, sevinc və kədərini
bildirir. Şair bu münasibətləri
poemanın lirik ricətlərində hekayə ilə eyni
emosional vüsətdə tərənnüm edir, bu da poemaya
şairanə ifadə tərzi verir. Beləliklə,
poemada qəhrəmanlarla yanaşı, haqqında
danışılanlarla bərabər lirik qəhrəman,
şairin özü də iştirak edir”.
Esmira Fuad
ədəbiyyatşünas-publisist
Xalq cəbhəsi 2017.- 12-14 avqust.-S.15.