Uşaqlar nağıllardakı enerji, hərəkət,
fəaliyyət və yumoru sevir
Azərbaycan nağılları arasında sehirli məzmununu
itirərək uşaq nağılına çevrilən
nümunələr çox azdır. Amma süjeti ictimai məzmun
xüsusiyyətləri qazanan uşaq
nağıllarının sayı həddindən
artıqdır. Belə uşaq
nağıllarınının semantik xüsusiyyətləri
haqqında müəyyən təcrübəyə əsasən
aşağıdakı kimi qruplaşdırma aparmaq olar.
Birincisi, uşaq nağılları içərisində
yayılan nağıl süjetlərindən biri də təbiəti
imitasiya etmə yolu ilə yaranan nümunələrdir. Lap qədim
dövrlərdən istər uşaq nağılları, istərsə
də böyük üçün olan nağıllar təbiəti
imitasiya (yamsılama), təqlidetmə yolu ilə
formalaşmayıb. Belə nağıllara
sonradan mifoloji və digər ünsürlər əlavə
edilib. Qədim insanlar təbiətə
münasibətdə abstrakt təsəvvürlərlə
üz-üzə qalıblar. Onlar müxtəlif
təbiət hadisələrini, təbiətdə
gördüyü predmet və varlıqları dərk etməmişdən
əvvəl onun instinktiv qavranılmasına, qeyri-şüuri
surətdə anlaşılmasına təfəkkür yolu ilə
nail olublar. Böyüklərin özləri
üçün yaratdıqları nağıllarda ilk növbədə
təbiətin dərki üstünlük təşkil edib.
Əcdadlarımız belə
nağıllardakı təbiətlə
tanışlığı əks etdirərkən ilk növbədə
təbiətin müxtəlif ünsürlərinin özlərinin
şüurundakı fantastik bədii dərkinə
üstünlük veriblər. Bu proses ilk model kimi
böyüklər üçün olan nağılların
uşaq nağıllarına transformasiyasından sonra da
mühüm atribut kimi qalıb. Bu proses də sonradan
nağıllarda təbiəti imitasiya etmək cəhdi ilə
bağlı olub. Küləyin səsi,
yağışın şırıltısı,
ildırımın guruldaması, günəşin hərarəti
bir təbiət hadisəsi kimi nağıllarda ilkin təbiəti
anlama təsəvvürlərinin nağıl
yaradıcılığında istifadə olunmasına gətirib
çıxarıb. Biz bir çox
nağıllarda bu təbiət hadisələrinin əks
olunmasını görürük. İstər
böyüklər üçün nağıllarda, istərsə
də uşaq nağıllarında söyləyici bu hadisələrin
gücündən istifadə edərək, nağıl hadisələrinin
təsirini artırır. Təbiət
hadisələrindən nağıllarda istifadəyə aid bir
çox nağıllardan misal gətirmək olar. “Şahzadə Mütalib” nağılında hadisələrin
psixi təsirini artırmaq üçün ildırım
çaxmasından istifadə olunur. Nağıllarda
belə hadisələrə fakt kimi yox, onların nüfuzedici
təsiri kimi yanaşmaq lazımdır. Məhz
uşaq nağıllarında da təbiəti imitasiya əsas
hadisəyə nüfuzedici formada təsir göstərir.
Təbiəti imitasiya etmək birbaşa söyləyici
problemi ilə bağlıdır. O, uşaq
nağılının personajının dilinə təbiətdəki
prosesləri daxil etməklə onun canlı obrazının
uşaq təsəvvüründə yaranmasına səbəb
olur. Məsələn, “Şəngülüm,
Şüngülüm, Məngülüm” nağılında
nağılçı təbiəti imitasiya etmə yolundan
istifadə etməsə, nağıl sönük şəkildə
olar və uşaq düşüncəsinə təsir edə
bilməz. Məhz söyləyici
canavarı təqdim edərkən uyğun şəkildə
onun səsinə qorxu, ana keçinin səsinə şəfqət,
balalarının səsinə titrəyiş verir. Bu səslərin hamısı ildırımın səsinin
(qorxu), yağışın səsinin (şəfqət),
küləyin səsinin (titrəyiş) müəyyən izlərini
xatırladır. Bu həm də uşaq
nağılının personajının nitqində hiss olunur.
Təbiəti imitasiya etmə uşaq
nağıllarının obrazlarının xarakterik
xüsusiyyətlərinə uyğun gələn həm də
psixo¬loji hadisədir. Məsələn,
qurd qışı, keçi yazı, ilan torpağı,
zoomorfik obrazlar meşəni təcəssüm etdirir. Deməli, təbiət üzvləri təsəvvürdə
hər hansı bir nağıl obrazının yaranmasına
animistik, fetişist, zoomorfik, antropomorfik, totemik təsir
göstərir. Bu təsir sehirli, heyvanlar, məişət
və s. nağıllardakı kimi birbaşa təsirdə
deyil, uşaq xarakterinə, dünyagörüşünə
uyğun şəkildədir.
İkincisi, alleqorik məzmun daşıyan uşaq
nağılları insan təbiətini imitasiya etməyin bir
forması kimi yaranıb. Uşaq nağıllarında heyvan təbiəti
ilə insan təbiəti arasında alleqorik yaxınlıq
var. Bu da birbaşa psixologiyanın predmeti olub davranış
tiplərinə aiddir. Heyvanın
davranış tipləri vəhşi təbiətin sərt
qanunlarına tabedir. Vəhşi heyvanın
parçalamaq ehtirası onun yaşamaq uğrunda
apardığı mübarizənin nəticəsində
formalaşır. İnsanın da xarakterində
bu ehtiras var. Bizcə fərq ondadır ki, insan bunu
şüurlu surətdə, heyvan isə təhtəlşüurun
təsiri ilə icra edir. Məsələn,
“Aslanın nağılı”nda aslanın
yırtıcılığı, parçalamaq ehtirası vəhşi
təbiətdə hökmranlıq etmək ambisiyasından irəli
gəlir. O güclüdür, buna görə də zəifləri
parçalamaq ehtirası onun vəhşi təbiətindən
doğur. Nağılda onun bu xarakterini uşaq
psixologiyasına uyğunlaşdırıb başa salmaq
nağılçının vəzifəsidir.
Nağıldan belə bir nəticə çıxır:
Aslanın parçalamaq xüsusiyyəti "mənəm-mənəm"
deyən insanların alleqoriyasıdır. Həm də belə
bir nəticə də çıxarmaq olar ki, insanlara məxsus
acgözlük, hiyləgərlik, yaltaqlıq və s. kimi mənfi
xüsusiyyətlər uşaq nağıllarındakı
obrazların üzərinə köçürüləndə
onun düşüncəsinə təsiretmə vasitəsi
olub, tərbiyəedici funksiya daşıyır. Nağıllarda heyvanlar insan cizgiləri qazanır,
bu, uşaqlara təkcə heyvanlar aləmi haqda yox, insan cəmiyyəti
haqqında da məlumat verir. O, sadəcə olaraq bu
xüsusiyyətlərlə tanış
olur, onun dərki isə sonrakı yaş dövründə
baş verir.
Nağılda
heyvanlar ierarxiyaya tabedir: güclü heyvanı
başçı kimi tanıyırlar. Bu
ierarxiya nağıllarda və hətta təmsillərdə də
var. Uşaqlar heyvanlar haqqında nağılları daha asan mənimsəyirlər,
bu, xalq pedaqogikasının təcrübəsi əsasında
sınaqdan çıxarılıb. Prof. Yəhya Kərimov
nağılların oxusunda 6 xüsusiyyəti – oxunun təşkili,
nağıl qəhrəmanının xarakteristikasını
verməyi, qiymətləndirməni, nağılların didaktik
təsirini araşdırmağı, ifadəli nəqletməni
həyata keçirməyi, nağıl üzrə planın tərtibini,
nağıl personajını şagirdlərin təsəvvüründə
canlandırmaq üçün əyani vasitələrdən
istifadə etməni misal göstərir.
Uşaq nağıllarındakı enerji, hərəkət,
fəaliyyət, yumor uşağa xoş gəlir. Heyvanlar
haqqında nağıllarda dərin yumor hissi var. Bu,
uşaqları hissiyyatlı olmağa, şənlik etməyə,
əylənməyə sövq edir. Yumor
uşaqlarda reallıq hissini inkişaf etdirir. Nağıllarda qəm də var. Burada əyləncədən,
sevincdən kədərə keçidlər baş verir.
Bu da uşağın emosiyasına təsir edir.
O, bütün hadisə və əhvalatları təbii
qarşılayır, onda bu proseslərə şübhə
yaranmır. Məişət
nağıllarında da komizm, əyləncə var. Bu, xalq
gülüşündən irəli gələn, satirik,
ironik, yumorlu gülüşdür. Bu yumorlu
gülüşün köməyi ilə məişət
nağılları əsas cizgilərini itirir, məişət
xarakterli “Cik-cik xanım” kimi uşaq nağıllarına
çevriləndə gülüş də öz
funksiyasını balacanın təbiətinə
uyğunlaşdırır. Deməli, məişət
nağıllarındakı gülüş uşaq
nağıllarının yaranmasında iştirak edərək,
onu xüsusi inkişaf səviyyəsinə
çatdırır.
Konkret olaraq uşaq nağıllarındakı heyvan
obrazlarının alleqoriyasından danışarkən bu
alleqorikliyi yaradan insana məxsus cəhətlərin –
acgözlülüyün, ikiüzlülüyün,
paxıllığın, hiyləgərliyin, yalançılığın
bir sifət kimi uşaq nağılı obrazlarının
üzərinə köçürüldüyünün
şahidi oluruq. Bu psixoloji sifətlərin “Tülkü,
tülkü, tünbəki” nağılındakı heyvanlara
nağılçının dili ilə şamil edildiyinin
şahidi oluruq. Nağılda
tülkünün dili ilə heyvanların xarakteri
sadalanır. Bu heyvanların psixoloji alleqoriyasını
tülkü belə verir: ayı axmaqdır; qurd
acgözlükdən ulayandır; çaqqal çavuşdur,
özünü gözə soxandır; ilan
qamçıdır, yəni ikiüzlü heyvan kimi
qıvrılandır; tısbağa çanaqdır,
qınına girəndir; tülkü özü isə hiyləgərdir,
öz hiyləsi ilə bütün heyvanları məhv edir.
Uşaq nağılları psixoloji aspektdə də
inkişaf edir.
Orada pedaqoji təlim-tərbiyə məsələləri
ilə bərabər psixoloji tərbiyə və psixoloji
hazırlıq məsələləri də yer alır.
Balacaların mənəvi tərbiyəsində
uşaq nağıllarının ideya-bədii cəhətdən
psixoloji yöndə təsirlərini də qeyd edə bilərik.
Psixoloqlar uşaq nağıllarının təsiri
baxımından onların yaş dövrünü belə
ayırd edirlər: körpəlik dövrü (1 yaşa qədər);
erkən uşaqlıq dövrü (1 – 3 yaş arası); məktəbəqədər
yaş dövrü (3 – 7 yaş arası); balaca məktəbli
yaş dövrü (7 – 10 yaş arası); yeniyetməlik
yaş dövrü (15 – 18 yaş arası).
Uşaq nağıllarındakı alleqoriklik balaca dinləyiciyə
yuxarıda qeyd olunan psixoloji xüsusiyyətləri dərk etməyə
kömək edə bilir. Əgər təbiət təsviri ilə
bağlı olan nağıllarda o, təbiəti anlama
üsulunu başa düşürsə, alleqorik məzmun
daşıyan nağılda adı çəkilən və
çəkilməyən insan psixologiyasının tipik
xüsusiyyətlərini də bu yolla dərk etməyə
çalışır.
Uşaq nağıllarındakı alleqorikliklə alleqorik
nağıllar arasında müəyyən fərqlər var.
Əvvəla, alleqorik nağıllar heyvanlar haqqında
nağılların tərkib hissəsidir. İkincisi,
alleqorik nağıllarda heyvanlar insan kimi dil açıb qəhrəmana
yol göstərmək istəyir. Alleqorik
nağıllarda sehir, cadu, tilsim, bir sözlə, sehirli vasitələr
iştirak edir. Məsələn, belə
nağıllarda at insan kimi danışır, onun hami
funksiyası vardır, yəni totem kimi fəaliyyət göstərir.
Prof. A.Nəbiyev qeyd edir ki, “Heyvanlar
haqqındakı nağıllarda güclü alleqoriya var. Bu, əcdadın
əqli inkişafına müəyyən mərhələdə
mühüm təsir göstərib”. Əcdadın
əqli düşüncəsində arxaik tərzdə hər
şeyin nitqə malik olması, hətta allahların da
danışmaq qabiliyyətinə malik olması ideyası
yaranıb. Bu, bir psixoloji haldır. Onun nitqinin tam formalaşmadığı bir dövrdə
totem əcdadın bu xüsusiyyətə malik olması
psixoloji inamın nəticəsidir (“Totem ata bizdən
yaxşı danışır” düşüncəsi). Məhz bu səbəbə görə
nağıllarda totem heyvanlar insan kimi dil açır.
Ramil Əliyev
filologiya üzrə elmlər doktoru,
professor
Xalq cəbhəsi 2017.- 12-14 avqust.-S.14.