Aİ-nin Dağlıq Qarabağ
münaqişəsində rolu və sülh imkanı
Erməni
diasporunun nümayəndəsi Nikolas Tavityanın “Euobserver”
saytında 28 iyulda dərc olunan “Aİ-nin Dağlıq
Qarabağda sülh siyasəti yürütməsinə ehtiyac
var” başlıqlı məqaləsinə cavab olaraq deputat
Rövşən Rzayev münaqişənin həlli ilə
bağlı öz fikirlərini yazıb. WorldMedia Euobserver də
( Belçika) R.Rzayevin yazısını tərcümə
edib. Müəllif yazır ki, Prusiya kralı Fridrixin bədnam
ifadəsi var: işğal et, sonra qanuniləşdir.
Bu ifadə Yerevan rəsmilərinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində
yürütdüyü hazırkı siyasəti açıq
və aydın xarakterizə edir.
Erməni
diasporunun nümayəndəsi Nikolas Tavityanın “Euobserver”
saytında 28 iyulda dərc olunmuş “Aİ-nin Dağlıq
Qarabağda sülh siyasəti yürütməsinə ehtiyac
var” başlıqlı məqaləsində Ermənistan rəhbərliyinin
iddiaları dəstəklənir və fikrin münaqişə
ilə bağlı real vəziyyətdən
yayındırılmasına cəhd edilir. Bu, məni
təəssüfləndirir. Müəllif
münaqişə ilə bağlı əsas faktı nəzərə
almır. Belə ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin əsasında
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən
güc yolu ilə işğalı durur.
Ermənistan bu işğal zamanı qanlı etnik təmizləmə
həyata keçirib. Nəticədə, Dağlıq
Qarabağın azərbaycanlı icması daxil olmaqla,
işğal edilmiş ərazilərdə yaşamış təxminən
700 min azərbaycanlı etnik təmizləməyə məruz
qalıb. BMT Təhlükəsizlik Şurasının
822, 853, 874 və 884 saylı qətnamələrinə
baxmayaraq – həmin qətnamələrdə Ermənistan hərbi
birləşmələrinin işğal edilmiş ərazilərdən
dərhal, qeyd-şərtsiz çıxarılması tələb
edilir – Ermənistan 25 ildən çoxdur
işğalçı siyasətini davam etdirir.
Sülh
yolu ilə həll
Ermənistan hərbi birləşmələrinin Azərbaycanın
suveren ərazilərində mövcud olması regionda sülhə
və təhlükəsizliyə birbaşa təhdiddir. Bu amil
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həllinə imkan vermir. Müəllif məqaləsində
özünü təkzib edir. Belə ki, o, “ilk öncə
insanlar nəzərə alınmalıdır” yanaşması
haqda danışarkən, Dağlıq Qarabağın azərbaycanlı
icması daxil olmaqla, 1 milyon azərbaycanlının
hüquqlarını nəzərə almır və
işğalı artıq həyata keçirilmiş fakt kimi qəbul
edir.
Bu anarxist yanaşma dayanıqlı sülh deyil, əbədi
müharibə yoludur. Ermənistan bu siyasəti nəticəsində
hazırda regionda suverenliyini az qala
itirmiş, təcrid edilmiş dövlətə çevrilib.
Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin
yeganə mümkün həlli yolu Ermənistan hərbi birləşmələrinin
Azərbaycanın işğal altındakı ərazilərindən
çıxarılması, azərbaycanlı məcburi
köçkünlərin, o cümlədən Dağlıq
Qarabağ azərbaycanlılarının doğma
torpaqlarına qayıtmasıdır.
Münaqişənin mərhələli həlli ilə
Ermənistanla Azərbaycan arasında sərhədlərin
açılması və əlaqələrin qurulması da nəzərdə
tutulur. Bəs Avropa İttifaqı (Aİ) bu prosesə necə
dəstək verə bilər? Biz realist
olmalıyıq və bu məsələdə Aİ
üçün daha sərfəli olan yolu axtarmalıyıq.
Aİ-nin
dəstəyi
Birincisi, Aİ ərazi bötüvlüyü, suverenlik
və dövlətlərin sərhədlərinin
toxunulmazlığı məsələsini ciddi şəkildə
dəstəkləyir və bu məsələlərdə
vahid mövqe nümayiş etdirir. Bu prinsiplər
Aİ-nin postsovet məkanı ilə əlaqəli olan, uzun
müddətdir davam edən münaqişələrlə
bağlı yeni təhlükəsizlik strategiyasında da dəstəklənir.
Bu, çox vacib məqamdır.
Aİ-nin 1999-cu ildə qəbul etdiyi “Cənub-Şərqi
Avropada sabitlik paktı”ndan bir çox dərs götürmək
olar. Bu paktda açıq və aydın göstərilir
ki, Aİ beynəlxalq birlik tərəfindən
tanınmış sərhədlərin güc yolu ilə dəyişdirilməsi
cəhdlərini heç vaxt qəbul etməyəcək.
Danışıqlar masasında olan hazırkı təklifləri
nəzərə alaraq deyə bilərik ki, Aİ Ermənistana
hərbi birləşmələrinin
çıxarılması ilə bağlı
diplomatik-siyası təzyiqlər göstərsə, bu,
ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə
bağlı hazırkı səylərini təkmilləşdirə
bilər.
Bu qurumun digər münaqişə zonalarındakı təcrübəsini
nəzərə alaraq deyə bilərik ki, azərbaycanlı
məcburi köçkünlərin doğma evlərinə
böyük qayıdışı prosesində Aİ tərəfindən
humanitar və institusional dəstəyin göstərilməsi
prosesə olduqca qiymətli yardım olardı. Paralel olaraq, Aİ
Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni və
azərbaycanlı icmaların etnik barışığı
prosesinə, tərəflər arasında inamın gücləndirilməsi
yolu ilə dəstək göstərə bilər. Dağlıq Qarabağın azərbaycanlı
icmasının üzvü kimi deyə bilərəm ki, biz
etnik barışığa yardım göstərmək
üçün erməni icması ilə dialoqun yenidən
başlanılmasına şad olardıq.
Barışıq
yolunun tapılması
Danimarka ilə İsveç bir-birilə uzun müddət
müharibə aparan dövlətlər olub. Bu sahədə
dünya rekordu onlara aiddir. Lakin hazırda Danimarka ilə
İsveç dost və tərəfdaş dövlətlərdir.
Buna görə mən icmamız adından, azərbaycanlılar
ilə ermənilər arasında etnik ziddiyət və iki
xalqın bundan sonra birgə yaşaya bilməyəcəyi
haqda əsassız fikirləri qətiyyətlə rədd edirəm.
Aİ və bu quruma üzv ölkələr muxtariyyətlə
bağlı ən yaxşı təcrübələrini
bölüşə bilər. İsveçdə
Aland adaları, İtaliyanın Trentino-Cənubi Tirol regionu və
digər nümunələr Dağlıq Qarabağın Azərbaycanın
tərkibində muxtar vilayət kimi, uyğun model tapalması
üçün presedent sayıla bilər.
Müharibə ritorikasının artdığı
dövrdə, münaqişənin sülh yolu ilə həllində
substantiv danışıqların bərpası daha vacibdir. Aİ
ATƏT-in Minsk qrupunun həmsədrlərilə birgə bu
prosesə dəstək verir. Mən müəlliflə
yalnız bir məsələdə həmfikirəm: sülh
mümkündür. Sülh Ermənistan və
onun xalqına böyük fayda verəcək. Sülhə erməni diasporu da yardım göstərə
bilər. Bu diaspor Ermənistanı
düşmənçiliyə yönəltmək əvəzinə,
onu qonşusu ilə sülh yaratmağa məcbur etməlidir.
Onu da qeyd edək ki, İranın Azərbaycandakı
keçmiş səfiri Möhsün Pakayin də Jamejamonline
(İran) saytında Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı fikirlərini dərc edib. Diplomat bildirib ki, Ermənistan
Azərbaycanın Dağlıq Qarabağa hücum edə biləcəyi
iddiası ilə Azərbaycanın 7 rayonunu, yəni
Dağlıq Qarabağın ətrafındakı rayonları
qəsb edib. Beynəlxalq birliyin bir çox
üzvləri, o cümlədən Minsk qrupu hesab edir ki,
Qarabağ münaqişəsinin nizamlanması
üçün sözügedən 7 rayonun Azərbaycana
qaytarılması və münaqişənin mərhələli
yolla həlli zəruridir.
Azərbaycanın 7 rayonundan 5-inin geri
qaytarılmasını nəzərdə tutan “Kazan planı”
Qarabağ münaqişəsinin mərhələli yolla həlli
üçün Rusiyanın göstərdiyi səylərin rəmzi
sayıla bilər. Bu plan 2010-cu ildə Rusiya, Azərbaycan və Ermənistan
prezidentlərinin iştirakı ilə Dmitri Medvedevin
prezidentliyi dövrdə aktuallıq qazanlb və indi, o, yenidən
gündəmə gətirilir.
Bundan əvvəl isə Minsk qrupunun təklifi ilə
hazırlanmış “Madrid sülh planı” sülh
danışıqlarının birinci mərhələsinin
başlanğıcı kimi Azərbaycan ərazilərinin bir
hissəsinin geri qaytarılmasını tələb edirdi. 2007-ci ildə
ərsəyə gəlmiş “Madrid prinsipləri”nə əsasən,
Ermənistan ordusu ilkin mərhələdə işğal
edilmiş bəzi əraziləri tərk etməli,
qaçqınlar və məcburi köçkünlər geri
qayıtmalı və onların təhlükəsizliyi təmin
olunmalıdır.
“Kazan
planı”na görə isə işğal olunmuş rayonlar Azərbaycana
qaytarılmalı, azərbaycanlı qaçqınlar azad
edilmiş rayonlara qaytarılmalı, Dağlıq
Qarabağın müvəqqəti hüquqi statusu müəyyən
edilməli, Rusiya sülhməramlıları azad edilmiş və
edilməmiş rayonların arasına yerləşdirilməli,
sonda Dağlıq Qarabağın daimi hüquqi statusu təyin
edilməlidir.
Münaqişənin həllində maraqlı ölkələrin
ekspertləri hazırkı planı qüsurlu sayaraq, bunun həyata
keçirilməsi ehtimalının zəif olduğu
düşünür. Azərbaycanlı ekspertlərin qənaətinə
görə, Rusiya Ermənistanla strateji müttəfiq
olduğundan, Ermənistanda hərbi baza
saxladığından, onun hərbçiləri bölgədə
sülhməramlı kimi, təhlükəsizliyi təmin edə
bilməz. Azərbaycanlılar bölgədə
beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini
istəyir.
Dağlıq
Qarabağın hüquqi statusunun necə müəyyən
ediləcəyinin qaranlıq qalması da “Kazan planı”nın zəif cəhətlərindən biri
kimi dəyərləndirilir. Ermənistan isə
xalqların öz müqəddəratının təyin etməsi
prinsipini dəstəkləyərək, Dağlıq
Qarabağın gələcək hüquqi statusunun müəyyən
edilməsi üçün orada referendumun keçirilməsinə
tərəfdarıdır. Bu üzdən Yerevan da “Kazan
planı”nı dəstəkləmir. Ermənistan hesab edir ki, Azərbaycan tərəfindən
hərbi təhdid aradan qalxmayınca, işğal olunmuş ərazilər
boşaldıla bilməz.
Putinlə
Əliyevin Rusiyanın Soçi şəhərində
keçirilmiş son ikitərəfli danışıqları
da rəsmi Bakı ilə Yerevan arasında gərginliyin
azalması üçün vacib hesab edilsə də,
yuxarıda qeyd olunan səbəblərə görə,
xüsusilə tərəflərin lazımi siyasi iradə
nümayiş etdirməməsi üzündən ümidverici
görünmür. Beləliklə, Bakı ilə
Yerevan arasında hərbi toqquşmaların baş verməsi
ehtimalı hələ də qalmaqdadır. Üstəlik, tərəflər son həftələr
ərzində yenə də qarşılıqlı ittihamlar və
təhdidlər səsləndirir. Bu vəziyyət
hər iki ölkədə ictimai rəyi də müharibəyə
kökləyir.
Regional münaqişələrdə vasitəçi
qüvvələrin uğuru o zaman səmərəli olur ki,
problemə cəlb edilmiş tərəflər onun həlli
üçün lazımi iradə ortaya qoysun. Ermənistanla
Azərbaycan arasında da “nə hərb, nə sülh” şəraiti
o zaman dayanıqlı sülhlə əvəzlənəcək
ki, tərəflər lazımi siyasi iradə nümayiş
etdirsin. Yalnız bu halda Dağlıq Qarabağ münaqişəsinə
son vermək mümkün ola, regional, beynəlxalq vasitəçilərin
səyləri nəticə verə bilər.
Xalq cəbhəsi 2017.- 15
avqust.-S.13.