Bədii ədəbiyyatın
təsir gücü
2-ci yazı
«Azərbaycan ədəbiyyatı keşməkeşli bir təkamül, inkişaf yolu keçib. Onun ilk izləri Midiya əfsanələrində, «Avesta»da axtarılır. Qədim türkdilli yazılı abidələrimizin Azərbaycan ədəbiyyatının təşəkkülündə diqqətəlayiq rol oynadığı getdikcə daha artıq yəqinləşir. Bu ədəbiyyat yalnız Azərbaycan sərhədləri daxilində deyil, İranda, Türkiyədə, İraqda, Hindistanda, Suriyada... belə yaradılıb və bəzən indi də yaradılır. Onun nümayəndələri yalnız doğma dilin deyil, ərəb-fars dillərinin bədii abidəsi kimi şöhrət qazanmış əsərlərin müəllifləridir» (Araz Dadaşzadə).
Yeni eranın başlanğıcından VII əsrə qədər Azərbaycan mədəniyyəti müxtəlif inkişaf dövrləri keçirib: «Hələ Sasanilər dövründə, Azərbaycan xalqının şimal və cənub düşmənlərinə qarşı mübarizə illərində ölkəni müdafiə məqsədilə tikilən qalalar, çəkilən sədlər, burada memarlıq işini qüvvətləndirmişdi. IV əsrdən etibarən xristianlığın Azərbaycanda qismən yayılması ilə əlaqədar olaraq tikilən kilsələr və bu kilsələr ətrafında təşəkkül edən xristianlıq təlimi ölkənin mədəni həyatına müəyyən dərəcədə təsir edirdi. Xristianlığın qəbul edildiyi yerlərdə Bizans təsirlərinin qüvvətlənməsini, yeni alban əlifbasının yaradılmasını və yazılı ədəbiyyatın inkişafını da təxmin edə bilirik. Arran dilində olan bu ədəbiyyatın bir nümunəsi bizə qədər gəlib çatmayıb. Hələ VII əsrdə Azərbaycanda müstəqil Alban dövlətinin yaranması ilə yüksələn mədəniyyət ərəb istilasına qədər inkişaf edərək gəlmişdi» (Azərbaycan ədəbiyyatı tarixi). Ərəb istilasından əvvəlki dövrə aid erməni tarixçilərin əsərlərində ərəb işğalçılarına, Sasani qəsbkarlarına qarşı, xalqının müstəqilliyi uğrunda mübarizə aparan Cavanşirin qəhrəmanlığı haqqında, xəyanət nəticəsində ölümündən doğan kədəri ifadə edən VII əsrdə Davdağın yazdığı mərsiyə var. Bu mərsiyə yüksək üslubda, böyük bir bədii keyfiyyətlərlə zəngindir və bu, mərsiyənin müəllifinin bir çox əsərlər yazmış olduğunu da sübut edir. Bu mərsiyə ərəb istilasından əvvəlki dövr Azərbaycan ədəbiyyatının «yeganə yadigarı» hesab edilir.
VII əsrdə ərəblər Azərbaycanı işğal etdilər. Atəşpərəstliyin bütün nişanələrini məhv etməyə çalışan ərəb istilaçıları atəşgahları dağıdır, yandırırdılar və o məbədlərdə saxlanan tarixi sənədlər, ədəbi materiallar da məhv olurdu. Ərəblər öz dillərini qəbul etdirir, mədrəsələr açdırır, təlim-tərbiyə işləri ərəb dilində aparılırdı. Alban və pəhləvi əlifbaları qadağan edilir, ərəblərin özləri üçün də çətin olan kufi xətti qəbul etdirilirdi.
İslam dini qəbul edildikdən sonra ərəb dili hakim dilə çevrilir. Az bir zaman içərisində müxtəlif xalqlar arasında əsas ünsiyyət vasitəsi kimi qəbul olunur. Bütün əsərlər bu dildə yazılır, bu dildə yayılır, bu dilin vasitəsilə ümummüsəlman xarakteri alır. Fransız şərqşünası Qustan Löbenin dediyi kimi, «latın dili orta əsrlərdə Avropada necə yayılmışdısa, ərəb dili də müsəlman xalqları arasında elə intişar tapmışdı». Bu hal ədəbiyyatda, ilahiyyatda qabarıq şəkildə özünü göstərir. Orta Asiya, Zaqafqaziya, İran xalqları nümayəndələri ərəb dilində yazır, bu dildə ümummüsəlman mədəniyyəti meydana gəlir.
İsveçrə şərqşünası Adam Mets yazırdı ki, «Əhalinin tərkibinin dəyişməsi, onun bu vaxtaqədərki - X əsrə qədərki aparıcı hissəsinin qüvvəsinin tükənməsi və qarışıq irqlərin qədim əhalisinin ön cərgəyə keçməsi ədəbiyyatda özünü qabarıq göstərir».
Ərəb dilli orta əsrlər ədəbiyyatı müxtəlif xalqların birgə yaratdığı, inkişaf etdirdiyi və formalaşdırdığı mədəni irsdir. Bu irsin əsas yaradıcılarından biri də Azərbaycan xalqı olub.
VII əsrin ikinci yarısından başlayaraq Azərbaycan sənətkarları öz əsərlərini ərəb dilində yazır. Artıq Əməvilər dövründə İsmayıl ibn Yəsar, Musa Şəhəvat, Əbu-l-Abbas əl-Əma kimi qüdrətli qələm sahibləri yetişir. Müxtəlif elmlər sahəsində, xüsusən ilahiyyat, fiqh və hədis sahələrində azərbaycanlıların səsi daha qüvvətli eşidilməyə başlayır. XI əsrin əvvəllərində Əbu Mənsur əs-Səalibi X əsr ərəbdilli Azərbaycan şairləri haqqında qiymətli məlumatlar verir. Az sonra isə Əbu-l Həsən əl Baxərzi öz məcmuəsində ərəbcə yazan azərbaycanlı şairlərə ayrıca bölmə ayırır. Xətib Təbrizi, Eyn-Əl-Quzat, Yusif Xoylu, Şühavəddin Sührəvərdi bütün ərəb aləmində tanınır. Şərqin elminə, mədəniyyətinə və ədəbiyyatına, onun inkişafına böyük təsir göstərir. Zəngin kitabxanaların yaradılması, ədəbi elmi məclislərin təşkil olunması ümumi xarakter alır. Ərəb dilli Azərbaycan ədəbiyyatı XII əsrdən sonra da davam edir, Nizami, Füzuli kimi nəhəng söz ustaları ana diliylə yanaşı ərəb dilində də əsərlər yazır.
Ərəbcə yazan azərbaycanlıların öz ölkələri ilə, öz xalqı ilə bağlılığı xeyli güclənir. Sonrakı şairlərin, ədiblərin yaradıcılığında milli zəminlə əlaqə ilk baxışdan özünü göstərir. XI əsr Azərbaycan şairləri Eyn-Əl-Quzat, Sührəvərdi, Xoylu və başqaları ərəb ölkələrindən kənarda fəaliyyət göstərir. Ərəb dili onlara öz fikirlərini ifadə etməkdə zahiri forma rolunu oynayır. Ərəb dilli Azərbaycan ədəbiyyatının XI əsrdə müstəqilliyi artır. Bununla belə, bu əsərlər ümummüsəlman ədəbiyyatının tərkib hissəsi idi. Oxşar cəhətlər çox idi, bunu inkar etmək olmazdı, «yalnız ərəbcə yazmış azərbaycanlı şair və ədiblərin yaradıcılığına həsr olunub, əsasən Azərbaycan xalqının ədəbi fikir tarixi ilə əlaqədar olsa da, ümummüsəlman mədəniyyətinin də öyrənilməsi baxımından səciyyəvidir».
Doğrudur, ərəb dili bütün Azərbaycanın əqli və mədəni həyatına daxil olmayıb. O, tədricən dini və siyasi bir dil kimi yayılıb, müəyyən vaxt keçdikdən sonra elmi və ədəbi əsərlərin dili kimi qərarlaşıb. Doğrudur, bu dil Azərbaycanda hakim mövqe tutmazdan əvvəl ərəblər tərəfindən əsir alınmış bir sıra azərbaycanlı şairlər də öz qələmlərini ərəb dilində sınayıb, hətta ərəbləri belə heyrətə salan kamil sənət nümunələri yaradıblar. Onlar «məvali» adlanan şairlər idi. İbn Qüteybəəd-Dinavəri özünün «Kitab-əş-şer və ş-şüəara» adlı məşhur kitabında Əbu-l-Yəqzana əsaslanaraq yazır: «Mədinədə məvalilərdən elə bir şair yoxdur ki, o əslən Azərbaycandan olmasın. Sonra İsmayıl ibn Yəsar və onun qardaşının, Musa Şəhəvatın və Əbu-l-Abbasın adını çəkib».
İbn Qüteybənin göstərdiyi bu şairlər VII əsrin sonlarında və VIII əsrin birinci yarısında yaşayıb yaradıblar. Onlar «məvali» (bu sözün mənası «yaxın olmaq, hər kəsin ardınca getmək, ona qoşulmaq» deməkdir) idilər və bu ad islamdan əvvəl və islamın ilk dövrlərində əsir tutularaq müsəlmanlığı qəbul etmiş, yaxud da ərəblərin içərisində yaşayan və könüllü surətdə yeni dinin bayrağı altına keçən qeyri-ərəblərə verilirdi. Təkəbbürlü ərəblər arasında məvalilərə qarşı təkəbbür, lovğalıq, nifrət vardı. Məhəmməd Peyğəmbər, Əli yanında məvalilər xüsusi hörmətə malik idilər. Onları bəzən ərəblərdən üstün tuturdular» (Əbu-l-Abbas əl-Mütərrəd).
Şəhəvat Qüreyş qəbiləsinin mövlası olmuşdu. Əldə olan şeirləri onun yaradıcılığının cüzi hissəsini təşkil edir. Onunmədhiyyələri, həcvləri qalıb. Musa Şəhəvatın şeirləri məşhur idi. Onlar hikmətli sözlər, zərb-məsəllər kimi ağızdan-ağıza keçirdi, cariyələrdən tutmuş xəlifələrə qədər onun şeirlərini əzbər söyləyirdilər. O, şeirlərində özündən razı adamlara, mənsəb və vəzifəsinə arxalanıb heç kəslə hesablaşmaq istəməyən lovğalara üz tutur, «insan daimi yaşamır, o, gec-tez ölüb gedəcəkdir»,-deyir, xeyirxahlıq, saflıq kimi nəcib insani sifətləri tərənnüm edir. Dünyada insanın ancaq yaxşı əməllərinin əbədi qalacağını söyləyir. Onun aşağıdakı beyti bunu təsdiq edir: “Mərdlik düşmənlərinə de ki, Xaliddə səxavət məhv olub. Ancaq Səidin fəzilətləri məhv olmayacaq”. Belə dəyərli fikirləri ondan sonra gələn şairlər üçün də ilham mənbəyi olub, onun bir çox qiymətli fikirləri digər qəsidələri də bəzəyib, məzmununu xeyli qüvvətləndirib.
Dövrünün aktual məsələləri onun şeirlərində var. Ədalətsiz qazi və valilərə düşmən olan şair Allah adından istifadə edib min fırıldaq törədənləri ifşa edir, cəmiyyətdə gördüyü eybəcərliklərdən iyrənib həyatdan əl üzmür, əksinə, ədalətin, haqqın gücünə inanır, zülmkarlara lənət yağdırdığı kimi yaxşı əməlləri də alqışlayır. Ailə münasibətlərinə aid şeirlərində yaxşı qızların ləyaqətli adama ərə getməsini alqışlayır, özünə layiq ər seçməyənləri məzəmmət edir. Onun əsərlərindən görünür ki, yüksək sənətkar olub, ərəb dilinin incəliklərinə dərindən bələd olub, şeir qanunlarını mükəmməl öyrənib, ərəb şeirlərinin əlavə vəznlərini məharətlə öz yaradıcılığında tətbiq etməyi bacarıb.
İsmayıl İbn Yəsar ərəbdilli Azərbaycan poeziyasının qüdrətli nümayəndələrindən biridir. VII-VIII əsrdə yaşayıb - yaratmış bu görkəmli şairin ədəbi fəaliyyəti şərqşünasların diqqətindən kənarda qalıb. Onu müasir fars tədqiqatçılarından Zəbihullah Səfa və ərəb alimi Əhməd Əmin heç bir əsasları olmadan fars şairlərinin siyahısına daxil edib, Məhəmmədəli Tərbiyət isə onun Azərbaycan şairi olduğunu bir daha təsdiqləyib. O, ədəbiyyat tarixinə kəskin siyasi şeirlər, zərif mədhlər, yanıqlı mərsiyələr, səmimi vəsflər, incə aşiqanə şeirlər müəllifi kimi daxil olub, o Musa Şəhəvatdan fərqli olaraq ömrü boyu ərəb hegemonluğuna qarşı çıxıb, qələmini əsarət altına alınmış xalqların heysiyyatının qorunmasına həsr edib. Əhməd Əmin onun yaradıcılığını, şeirlərinin xüsusiyyətlərini xüsusi qeyd edir, göstərir ki, «orada hekayəçilik ruhu, gözəl məntiqi ardıcıllıq hakimdir. İsmayıl ibn Yəsar köhnə ənənələri cəsarətlə qırmış, şeirin yalnız formaca deyil, məzmunca da sabitliyini ərəbdilli ədəbiyyata gətirib. Artıq onun aşiqanə şeirlərində dəvə karvanlarının, səhraların boz qumlarının, qəbilələrin təsvir və tərənnümünə rast gəlmirik. Ondan qabaqkı ərəbdilli şairlərin hamısı bu köhnə ənənənin çərçivəsindən çıxa bilmir, müxtəlif hadisələr yığımını bu şeirdə əlaqəsiz şəkildə əks etdirirdilər. İbn Yəsarın böyük xidmətlərindən biri elə bu şeiri səliqəsizlikdən xilas etmək, mövzu vəhdətini poeziyaya gətirmək olub: bunu tənqidçilər qədim Azərbaycan ədəbiyyatının təsiri ilə bağlayırlar. Onun sözləri, tərkiblər, poetik vəzni ərəb qəlibində verilsə də, Azərbaycan təfəkkürü, Azərbaycan ruhu onun şeirlərinə daxil ola bilmiş, yeni məna və mahiyyət kəsb etmişdi. Onun şeirlərində poetik obrazlar, bədii ifadə vasitələri yüksək sənətkarlıq nümunəsi kimi qiymətləndirilir, əsassız mübaliğələr, şit təşbehlər, real həyatdan uzaq bənzətmələr yoxdur. Dili yığcam və canlı, axıcıdır.
Gülxani Pənah
filologiya üzrə elmlər doktoru,
ədəbiyyatşünas
Xalq cəbhəsi 2017.- 18
avqust.-S.14.