“Almaniya bir rəssamın gözü
ilə”
Almaniyanın
ölkəmizdəki səfirliyinin dəstəyi, “Qız
Qalası” İncəsənət Qalereyası və Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı
ilə Bakıda “Almaniya bir rəssamın gözü ilə”
adlı rəsm müsabiqəsi davam edir. Bu barədə Azərbaycan
Rəssamlar İttifaqının məsul katibi, Əməkdar
İncəsənət Xadimi Rafiq Kərimov məlumat verib.
Onun sözlərinə görə, müsabiqədə rəssamlığa
marağı olan hər kəs iştirak edə bilər. Lakin
əvvəllər mükafatlandırılan fırça
ustaları sözügedən müsabiqəyə qatıla
bilməzlər.
“Əsərlər
yalnız kətan üzərində yağlı boya ilə,
eni 60-80 sm, uzunluğu isə 60-100 sm olmaqla işlənməlidir.
Müsabiqədə rənglərə və süjet
seçiminə məhdudiyyət qoyulmur. Əsərlərin
son qeydiyyat tarixi sentyabrın 15-də başa çatır.
İştirakçılar sənət əsərlərini
Almaniyanın Bakıdakı səfirliyinə (Nizami
küçəsi 69, “İSR” Plaza, 10-cu mərtəbə) və
Rəssamlıq Akademiyasının beynəlxalq əlaqələr
şöbəsinə təhvil verməlidirlər”, - deyə
R.Kərimov vurğulayıb.
Qeyd
edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyəti, “Qala Həyat”
Sığorta Şirkəti və “Berlin-Bakı” Rəsm
Qalereyası da müsabiqəyə dəstək verən təşkilatçılar
sırasındadır.
Xalq cəbhəsi 2017.- 18
avqust.-S.16.