Bədii ədəbiyyatın təsir
gücü
3-cü yazı
Əbul Abbas əl əma Cəzimə ibn Əli ibn əd Deyl ibn Bəkr ibn Əbd Mənat qəbiləsinin mövlası olmuşdu. Onun yaradıcılığı Yəsar və Şəhəvat kimi müasirlərindən bəzi xüsusiyyətləri ilə fərqlənsə də, ardıcıl, qəti mövqeyi ilə seçilib. Əldə olan mədhləri, həcvləri siyasi xarakter daşıyır. Onun maraqlı şeirlərindən biri bir atanın dilindən nankor oğula qarşı çevrilmiş və yüksək sənətkarlıqla yazılmış kiçik bir şeir parçasıdır. Atanın duz-çörəyi ilə boya-başa çatan oğul ata qəlbinin yanıqlı fəryadını dərk etmir:
Anadan olan
gündən sənə çörək verib,
Su
qabını dodaqlarına yaxınlaşdırıb
Qurtum-qurtum içirdərək səni boya-başa
çatdırdım.
Gecələr
sənə bir bədbəxtlik üz verdikdə gözlərimi
Səhərə qədər yummayıb sənin dərdin
üçün narahatlıq keçirdim.
Sanki sənə
üz verən bəla mənə də sirayət edib
Hönkür-hönkür
ağladırdı...
VII-VIII əsrlərdə yaşayıb yaratmış və
məvali şairlər adlanan bu təfəkkür sahibləri-azərbaycanlı
şairlər ərəbdilli poeziyanın inkişafına
xeyli köməklik göstərib, eyni zamanda öz
xalqının bədii və fəlsəfi təfəkkürü
ilə bağlı olublar.
«Onların
yaradıcılığı sübut edir ki, Azərbaycan
xalqının həmin dövrdəki bədii təfəkkürü
digər müsəlman xalqlarının mədəni səviyyəsindən
heç də geri qalmayıb, bir çox millətlərin
birgə səyi nəticəsində meydana gəlmiş ərəbdilli
poeziyanın yeni keyfiyyətlər kəsb etməsində,
forma və məzmunca dərinləşməsində, ictimai və
siyasi həyata dərindən nüfuz etməsində öz
faydasını əsirgəməyib. Azərbaycanlı
ruhu, azərbaycanlı təfəkkürü, azərbaycanlı
zövqü ərəbdilli ədəbiyyata daxil olaraq bu ədəbiyyatın
mövzuca genişlənməsinin əsas amillərindən
birinə çevrilib. X-XI əsrlərdə
Azərbaycanda yaranan ərəbdilli poeziya məhz belə bir zəmin
üzərində yüksələrək, məzmunca daha da
müstəqilliyə doğru gedib.
Əbul-Həsən əl Baxərzinin «Dumyat əl-qəsr
və usrat əhl əl-əsr» məcmuəsində XI əsr
Azərbaycan poeziyasının səkkiz Azərbaycan şairinə
yer verilməsi o dövrdə poeziyamızın çox zəngin
olduğundan xəbər verir. Onların
yaradıcılığı haqqında ərəbdilli mənbələrdə
öz əksini tapmamasına səbəb onların öz
şəhərləri ilə bağlı olması,
ümummüsəlman ədəbiyyatının geniş
meydanına çıxmaq imkanı olmamasıdır.
Başqa bir səbəbin də siyasi hadisələrlə
bağlı olduğu bildirilir: «Belə ki, səlcuqların zəifləməsindən
sonra vahid imperiyanın dağılması və bununla əlaqədar
müxtəlif döv-lətlərin, ayrı-ayrı əlaqəsiz
elm və mədəniyyət mərkəzlərinin meydana gəlməsi
bir zamanlar çox möhkəm olan ümummüsəlman mədəniyyətinin
bütövlüyünü, sıx rabitəsini və
vahidliyini aradan qaldırır. Bu da öz
növbəsində ərəbdilli ədəbiyyatın
ümumi ahənginin pozulmasına, onun ayrı-ayrı ölkələrdə
müstəqil inkişafına gətirib çıxarır.
Təbii ki, belə bir şəraitdə təzkirə
müəllifləri bütün Şərq aləmini əhatə
etmək imkanından məhrum olurlar».
Bu dövrdə monqol işğalları, ölkədə
baş verən siyasi dərəbəyliklər, müharibələr
bir çox sənətkarların əsərlərinin məhvinə,
unudulmasına səbəb olub. Baxərzinin məcmuəsinin
bu cəhətdən misilsiz dəyəri var. Məhz həmin
məcmuədə XI əsrin səkkiz Azərbaycan şairinin
adı çəkilir. Bu məcmuədəki
Azərbaycan şairlərinin siyahısı Mənsur Təbrizinin
şeirləri ilə açıldığı söylənir.
Baxərzi yazır: «Təbriz əhli içərisində
böyük istedadı ilə məşhurlaşıb, mənaları
saf qızıltək cilalanıb. Bu kafiyədə
gətirdiyim (parçalar) onun adı üçün kifayətdir.
Bu, Şam diyarında yüksək zövqü
oxşayan, indi də söz xəzinəsinin incisi hesab olunan
bir qəsidədir».
Mənsur Təbrizinin buradakı şeirlərini
araşdıran tədqiqatçılar onun məcmuədəki
şeirlərini «nadir poetik ilhamın, qanadlı təfəkkürün,
vüqarlı mənliyin vəhdətindən yoğrulan,
bakirsənətkarlığın əlçatmaz qüdrəti
ilə süslənən poeziya çələngi, nəğmələr
dünyası» (M.Mahmudov) adlandırır. M.Təbrizi
poeziyaya yüksək amallarla yanaşırdı, onu ictimai həyatın
bütün dərinliklərinə nüfuz edən, «həyat
nəfəsli bir qüvvə» bilirdi. XI əsrin mütəfəkkir
şairi doqquz yüz il bundan əvvəl
yazırdı:
"Şeir
zəiflərə elə bir qətiyyət verir ki,
Taqətdən düşmüş hər bir kəs belə
kəsərli qılınc hesab olunur".
Bu misraların əsas ideyası müasir ədəbiyyatın
qarşısına qoyulan estetik tələblərlə,
ictimai məzmunla səsləşir. Şeir xalqın
ruhunu, fikrini ifadə etməlidir, şəxsi maddi maraqlara
deyil, böyük amallara xidmət etməlidir. Poetik sənətinin böyük ictimai təsir qüvvəsinə
inanan şair xalqın düşmənlərini sarsıtmaq
üçün qələmin mübariz gücünü
görürdü. Söz, qələm hər
zaman bütün tarixi dövrlərdə mübarizə
meydanında qələbə çalmış, sözün
qüdrətiylə neçə-neçə hökmdar
qılıncı endirilib, sözün qüdrəti neçə-neçə
qüdrətli hökmdarların gücündən daha təsirli
olub.
Qələm öz ucu ilə nə qədər qəddar
düşmənləri məhv edib?
Həm də düşmənin qanını tökməklə
yox, öz qanını axıtmaqla.
Burada şair fikrini obrazlı ifadə edir. Qələmindən
vərəqlərə tökülən mürəkkəbi
onun qanına bənzədir. Qələmin
«qanının» nəyə qadir olduğunu metaforik bir dillə
ifadə edir. Mənsur Təbrizinin
şeirlərində həm də əsas mövzu məhəbbətdir.
Özünü məhəbbət
dünyasının əbədi yolçusu bilən şair,
ilahi eşqi insan ruhunun ayrılmaz «pərisi» bilir. Onun
yaradıcılığından az
nümunələr zəmanəmizə gəlib çatsa da,
bu azacıq nümunələrdəki bəşəri məsələlər,
onların qoyuluşu, şair təfəkkürünün zənginliyi
Mənsur Təbrizinin dövrünün ərəb dilli
şairləri içərisində qüdrətli bir Azərbaycan
şairi olduğunu göstərir. «Dumyat əl
qəsr» məcmuəsində adı çəkilən Xətibi
Urməvinin qəsidəsindən bir parça nümunəyə
daxil edilib.
Klassik ərəb poeziyasının təsiri altında
yazılmış bu şeir parçası kiçicik bir
nümunədir və şair onu 1070-ci ildə Uşnə
yaxınlığında Nizam əl-Mülkü
qarşılayarkən qələmə alıb. Baxərzi diqqətini
cəlb edən bir parça qəsidəni məcmuəyə
daxil edib. Hüseyn Təbrizinin (Əbu-l-Məhasin
Hüseyn ibn Əli ibn Nəsr Təbrizi) Nizam əl-Mülkün
tərifinə həsr etdiyi qəsidə şairin daxili hissləri,
dövrün tənələrinə qarşı şikayəti
ilə başlayır: «Şair onu bürüyən ətraf
mühitdən uzaqlaşmağı, tənhalığın
qoynunda bir qədər dincəlməyi arzulayır.
Çünki onu məzəmmət edənlərin tənə
və danlaqları şairin ruhunu sanki qandallayıb, sevgi
ağırlığından rahatlığı əldən
gedib:
Əgər
təsəlli bircə saat mənə kömək etsəydi,
Ruhumu məzəmmət edənlərin qandalından dərhal
xilas edərdim.
Məhəbbətin
ağırlığından uzaqlaşaraq rahatlanar,
Tənə yükündən təkliyə çəkilərdim.
Şair
ona görə təklik istəyir ki, təbiətin gözəlliyinin
seyrinə dalsın, bu gözəllikdən həzz alsın,
ilham çırağı daha da şölələnsin, bu
gözəlliklər içində gözəllikləri bir də
duysun...
Yüksək sənətkarlıqla, böyük
şairanəliklə yaradılmış təbiət mənzərəsi
kimi Nizam əL-Mülkün tərifi verilir. Onu ağıllı, tədbirli,
islam dünyasını zülmdən
qurtaran xilaskar kimi mədh edir. Şeirin sonunda
ona bəslədiyi səmimi arzularını ifadə edir.
Şeir ərəb dilində yazılmış
olsa da, burada Azərbaycan təbiətinintərənnümü,
doğma yurdun gözəlliklərinə vurğunluğunu
böyük sənətkarlıqla verir. Əli
Təbrizinin (Əli ibn Hibətullah ibn Məhəmməd ibn
Xalid Təbrizi) yalnız üç beyti məcmuəyə
daxil edilib. Bu parçada şairin fəlsəfi
düşüncələri verilir, həyata fəlsəfi
münasibəti duyulur.
Baxərzi
XI əsrin Azərbaycan şairlərindən olan Xəttat
Nizami Təbrizini şəxsən tanımış, onun
şeirlərini şairin öz məclisində dinlədiyini
etiraf edib və göstərib ki, Nizam əl-Mülk tərəfindən
Nişapurdakı mədrəsəyə müəllim təyin
olunan şair «öz xətti ilə kağızlar
torpağında dürr əkirdi». Onun vətən həsrəti
ilə yazılmış rübaisində vətən həsrəti
ilə çırpınan qəlbinin səsi duyulur:
Torpağıma
can atıram, təəccüblü deyil ki,
Neçə-neçə
qəribin qəlbi vətənlərinə can atıb.
Səhərin
şəfəqləri mənə tutqun görünür,
sanki o,
Mənim
qürbətimdən bir pay götürüb.
İskafi Zəncani yaradıcılığından məcmuəyə
salınmış dörd beyt onun ayrı-ayrı şeirlərindən
seçilib. Bir beytində insan mənəviyyatının təmizliyi,
saflığı, digərində dövrün ədalətsizliklərinə
qarşı üsyan, digərində «yaylığa layiq olan
başlarda «çələng» görəndə keçirdiyi
xəcalət hissləri ifadə edilib. Cəhalətin
hökm sürdüyü bir dövr, azad fikirlərin
amansızlıqla boğulmasından doğan qəzəb hissi
onun qəlbini xəstə salıb. Keçirdiyi
sarsıntıları ifadə etdiyi aşağıdakı
beytində haqsızlığı görüb qəzəbindən
alışıb yanan bir şairin üsyankar səsi duyulur:
Əgər
mən od olsam, sirr isə buzdan olsa,
Onu məndən qoruyun ki, alovum ona xətər yetirməsin.
Orta əsr şairləri içərisində yeganə
şairdir ki, Xətib Təbrizi haqqında məlumatlar
xeylidir. Daha
çox həyatı araşdırılıb,ona
diqqət daha çox yetirilib. Onun ədəbiyyat
və dilçilik elmləri sahəsindəki fəaliyyətindən
bəhs etməklə yanaşı bəzi mənbələr
bədii yaradıcılığına da toxunub, şeirlərindən
bəzilərini əsərlərinə daxil ediblər. Baxərzinin məcmuəyə daxil etdiyi şeiri
Nizam əl-Mülkə həsr edib. Onunla
arasında olan dostluq münasibətlərinin möhkəmləndirilməsi
ilə bağlı yazılmış əsər kimi xarakterizə
edilir. Xətib Təbrizi Səlcuq vəzirini
səxavətiylə, xalqı mərhumiyyətlərdən
qurtarmaq üçün göstərdiyi məqsədyönlü
fəaliyyəti ilə mədh edir.
Xətib Təbrizi yüksək şairlik istedadına,
incə zövqə malik, dərin müşahidə qabiliyyətli
bir sənətkardır. İbn Xəlliqan onun beytlərini «ən
duzlu və lətif şeirlər cərgəsində»
olduğunu etiraf edib. Haqqında söhbət
açdığımız şairlərin
yaradıcılığı az da olsa XI əsr
ərəbdilli Azərbaycan poeziyasının həm kəmiyyət,
həm də keyfiyyət baxımından əhəmiyyətli
dərəcədə inkişaf etdiyini, poeziyanın ədəbi
həyatımızın bütün sahələrinə
nüfuz etmiş poeziya olduğunu sübut edir.
Gülxani Pənah
filologiya üzrə
elmlər doktoru, ədəbiyyatşünas
Xalq cəbhəsi $g 2017.- 19
avqust.-S.14.