Ramil Quliyev: “Mən
iki ölkənin bayrağını
ucaltmışam”
Londonda keçirilən yüngül
atletika üzrə dünya çempionatında
Türkiyə yığmasının
tərkibində 200 metr
məsafəyə qaçışda
qızıl medal qazanan
Ramil Quliyevin APA-ya müsahibəsi
- Nobel mükafatı laureatı
William Faulkner deyir ki,
Faulkner olmağın resepti
- 99% istedad, 99% nizam-intizam,
99% çalışmaqdan ibarətdir.
Dünya
çempionu Ramil Quliyev olmağın resepti nədir?
- Bizim reseptimiz - lap çox çalışmaqdır.
Nə qədər çox çalışsaq, o qədər
yaxşıdır. Zədələnmək və xəstəlik olmasın. Bunlara əlavə olaraq
- əlbəttə ki,
istedad.
- Bir də nizam-intizam, eləmi?
- Mən deyərdim ki, nizam-intizam insanın özünün
daxilindən gələn
şeydir. Əgər insan məsuliyyətsiz
və intizamsızdırsa,
ona bu keyfiyyətləri
aşılamaq çətindir.
Bir çox istedadlı idmançı var ki, öz istedadlarının
bəhrəsini görə
bilmir. Çünki onlarda məhz
nizam-intizam çatışmır.
Nizam-intizam elə bir şeydir ki, bir insanda ya
var, ya da
yoxdur. Nizam-intizamlı olmayan idmançını
qaydalara tabe etmək də çətindir.
- Londondan qayıdanda məşqçiniz
Oleq Muxin demişdi ki, bizim üçün taktika çox önəmlidir. Hər yarış üçün
fərqli taktika hazırlayırsınızmı?
- Əlbəttə, hər
yarış və hətta hər qaçış üçün
fərqli taktika müəyyənləşdiririk. Londonda rəqiblərin
hamısının qaçışlarını
ayrı-ayrı analiz edirdik. Əminəm ki, onlar da bizimlə bağlı eyni şeyi edirdilər. Çünki atletizm yarışlarında
1/10, 1/100 vaxtdan söhbət
getmir, 1/1000-dən söhbət
gedir. Məndən sonra ikinci və üçüncü
gələnlər 1/1000-lə məğlub oldular. Hamı öz rəqiblərini analiz edir, çünki
ən xırda səhv - medala başa gələ bilir.
-Siz taktiki səhvi nəzərdə tutursunuzmu?
- Əlbəttə. Taktika,
güc, psixoloji təzyiq - hər şey var. Hər şey çox mürəkkəbdir. Söhbət dünyanın ən
güclü idmançılarından
gedir. Onlarla yarışa bilmək
üçün hər
şeyi maksimum dərəcədə dəqiq
hesablamaq lazımdır.
- Usain Bolt öz karyerasını bir az qəmli
bitirərkən siz nə düşündünüz?
Özünüzü onun yerində
görmə ehtimalı
sizi qorxutmadı ki?
- Düzünü deyim ki, Usain Bolt öz karyerasını yaxşı başa vurmadı. Yaxşı olardı ki,
Bolt səhnədən uduzaraq
yox, qalib gələrək çəkilsin.
Həmişə qalib gəlmiş
bir idmançının
uduzaraq vidalaşması
pisdir. Mən onun qalib gələ biləcəyinə
əmin idim, ancaq uduzmasının səbəblərini bilmirəm.
Bəlkə onun problemləri
vardı, bəlkə
xəstəydi? Mən bu
barədə onunla danışmamışam. Bütün hallarda onu belə
müşahidə eləmək
kədərli idi.
-Hazırda biz “Fenerbahçe”
klubunun təlim-məşq
bazasındayıq. Qalib gəldiyiniz
anda “Yaxşı ki, “Fenerbahçe” klubunun idmançısıyam”-
dedinizmi? Çünki sizin qələbənizdən
sonra klubun başqanı Aziz Yıldırım
canlı yayımda ağladı.
- Bəli, bəli, mən gördüm. Hər şeydən əvvəl,
Türkiyəyə, klubuma,
başqanıma, idman nazirinə, Atletizim Federasiyası başqanına
və ölkə prezidentinə təşəkkür
edirəm. Onlar mənə
öz istedad və imkanlarımı həyata keçirməyə
imkan yaratdılar.
Təkcə istedad heç
nəyi həll etmir, istedadı inkişaf etdirmək lazımdır. Gördüyünüz kimi, mənim öz istedadımı dünya arenasında sübut etmək üçün burada hər cür şəraiti yaradıblar.
Artıq
mən 3 dəfə dünya çempionatlarının
finallarında iştirak
etmişəm, Olimpiya
oyunlarının finalına
qatılmışam, Avropa
çempionatının finalında
olmuşam, dünya çempionuyam. Bu, mənə göstərilən
diqqətin nəticəsidir.
Özümə məxsus olan
rekordlarım var. Həyatda
öz istedadımın
imkanlarını həyata
keçirmək üçün
mənə şərait
yaradıldığına inanıram.
- Qələbənizin
ertəsi günü səhər Azərbaycan prezidenti sizi təbrik edərək “Siz bizim fəxrimizsiniz”-
dedi. O vaxt nə hiss etdiniz?
- Cənab prezidentin məni təbrik etməsinə çox şadam. Bu, mənə
göstərilən böyük
diqqətdir. Prezidentdən, insanlardan, xalqdan böyük dəstək gördüm. Çox yaxşı
şərhlər yazıldı,
hələ də yazılır. Buna çox məmnunam. İnsanları sevindirmək mənim
üçün çox
xoş oldu. İdmançıya dəstək vermək
çox önəmlidir,
əks təqdirdə
onun çəkdiyi zəhmətin mənası
olmaz. İdmançıya verilən dəstək
cəmiyyətin əhval-ruhiyyəsini
də yüksəldir.
İdman
- sağlamlıqdır, tərbiyədir,
düzgün mühakimə
yürütməkdir. İdmana əhəmiyyət verəndə
təlim-tərbiyə də
düzgün yolda davam edir. İdmanla məşğul olmayan insanlar həyatda daima tənbəl olurlar. Bu isə
bəşəriyyətin itkisi
deməkdir. Sağlam bədəndə
sağlam ruh olur.
- Faulkner gənclərə məsləhət
görür ki, uğurun dalınca qaçmasınlar, öz işləri ilə məşğul olsunlar. Uğurun dalınca nə qədər çox qaçsalar, uğur onları əzəcək.
Siz gənclərə nə məsləhət görərdiniz?
- Uğur, hər şeydən əvvəl,
sevdiyin işlə məşğul olanda qazanılır. Sənə zövq verən
işlərlə məşğul
olmaq lazımdır.
Sevdiyin işlə yorulub-usanmadan məşğul olsan, gec-tez uğur qazanacaqsan. Bir işlə uzun
müddət məşğul
olmaq üçün
o işi sevmək lazımdır.
-O, eyni zamanda əlavə edir ki, yazmaq
üçün mənə
pul yox, kağız və qələm lazımdır.
Qaçmaq üçün sizə nə lazımdır?
- Və zövq almaq... Dünya arenasında qaça
bilmək üçün
lazımi şəraiti
yaratmaq lazımdır.
Söhbət peşəkarlıqdan gedirsə, işi sevmək və onu reallaşdırmaq üçün şərait
yaratmaq lazımdır.
Onda uğur qazanılacaq.
- Azərbaycanda ölkəni
tərk etdiyinizə görə Sizi günahlandıranlar da oldu...
- Mənə yönəldilən
suçlamalara cavab verimmi? Səmimi deyirəm ki,
bunu bilmirəm. Ancaq ümumi şəkildə
bir neçə kəlmə demək pis olmazdı. Əvvəl də dedim ki, Türkiyəyə
gələndən sonra
öz istedadımı
reallaşdırmaq üçün
mənə lazımi şəraiti yaratdılar.
Məni yüksək səviyyədə
qəbul edib bu şəraiti yaradanlara təşəkkürümü
bildirirəm. Azərbaycanda yüngül atletikaya münasibətlə bağlı
bir söz demək istəmirəm, ancaq belə bir uğuru orada qazana biləcəyimə
də ehtimal vermirəm. Mənim barəmdə orada
“fərari” sözünün
işlədildiyini eşitmişəm.
Mən ölkəmi sevirəm, hazırda mənim iki vətənim var - bu, ”Bir
millət iki dövlət”dir. Ancaq açıq deməliyəm
ki, bu uğuru
ordakı şərtlər
daxilində Azərbaycanda
qazanmağım mümkün
deyildi. Kim deyirsə
ki “ölkəmi sevmirəm” - mən mənasız fikirlər barədə danışmaq
belə istəmirəm.
Mən iki ölkənin bayrağını ucaltmışam,
bu, oranı tərk edəndən sonra mənim böyük arzum idi. Düşünürdüm ki, mən böyük yarışlarda
böyük uğurlar
qazanacağam. Avropa
çempionatında bunun
həyata keçirəcəyimə
inanırdım, ancaq keçən il
çempionatda iqlim çox pis idi, soyuğa görə yaxşı yarışa bilmədim. İslam oyunlarında iştirak etməyim mənim üçün çox mühüm idi. Evimdə məni hərarətlə
qarşıladılar. Çox sevincli idim, oradakı uğurumu daha böyük yerlərdə təkrarlamağım
lazım idi. Dünya çempionu olub iki bayraq qaldırmaq
mənim üçün
böyük xoşbəxtlikdir.
- Gənclərə
demək istədiyiniz
hər hansı tövsiyyə varmı?
- Hamı idmanla məşğul
olsun. İdman gələcəkdəki
həyatı qurmağın təməlidir, bədənin və
ruhun tərbiyəçisidir. Bir çox insan hər şeyi bir anda əldə etmək
istəsə də bu, mümkün
olan şey deyil. İdmanla məşğul
olmaq-insanları qarşılarına qoyduqları hədəfə
doğru daha əmin
şəkildə getməyə ruhlandırır. Ona görə deyirəm ki,
idmanla məşğul olun.
Xalq cəbhəsi 2017.- 19
avqust.-S.15.