“Oğuz kağan“ dastanı möhtəşəm
bir abidədir
1-ci yazı
"Oğuz kağan" dastanı möhtəşəm
bir abidədir.
Dastanın əsas qəhrəmanı Oğuz
kağan dastanda mədəni qəhrəman kimi təqdim
edilir. Mədəni qəhrəman olaraq o,
türk aləmində ilk dövlətin qurucusu və
“kağan” titulunu daşıyan ilk türk
hökmdarıdır. İlk dövlət
atributlarını da təsbit edən odur. Dastanda həmin
hadisələr Oğuz kağanın özünün dilindən
belə təsvir edilib: “Mən sənlərqə boldum
kağan, alalınq ya takı qalqan, tamqa bizqə bolsun buyan,
kök böri bolsunğıl uran. Təmür cidalar bol orman;
av yerdə yürüsün qulan, takı taluy takı mürən;
kün tuğ bolğıl kök qurıqan, deb dedi – Mən
sizlərə oldum kağan, alaq yay, həm də qalxan,
tamğa bizə olsun buyan, (buyan – xoşbəxtlik, xilaskar,
xeyirxah) göy qurd olsun uran, ( uran – uran, parol, hərbi
çağırış ) dəmir nizələrlə dolu
orman, ov yerində qaçsın qulan, (qulan – vəhşi
eşşək) həm dəniz, həm də mürən
(mürən – çay, günəş bayraq olsun, göy kurıkan”
(kurıkan – düşərgə, alaçıq,
çadır).
Göründüyü kimi, burada Oğuz kağanın
ilk türk dövlətini qurması və həmin dövlətin
ilk atributlarını təsbit etməsi təsvir olunub. Dastanda mifoloji
obraz kimi təsvir edilən Oğuzun demək olar ki,
uşaqlıq həyatının bütün mərhələləri
özünün bədii-mifoloji ifadəsini tapıb. Belə ki, dastanda Oğuzun əksər mədəni
qəhrəmanlara xas möcüzəli doğuluşu motivi
çox geniş təsvir edilib. Dastanda bu ədəbi-mifoloji
motivin başlanğıcı onun anasının doğum ərəfəsindəki
vəziyyəti təsvir edildikdən sonra üzvi vəhdəti
təşkil edən və bir-birini əvəz edən,
bir-birilə bağlı olan, bir epizodun başqasından
doğduğu və ardıcıl surətdə inkişaf
etdiyi, onun uşaqlıq bioqrafiyasını təşkil edən
birinci süjetin (qəhrəmanın “möcüzəli
döllənməsi və doğulması”, onun “möcüzəli
surətdə boy atması”, düşmənə qarşı
mübarizəsi və qalib gəlməsi və s.)
açılması ilə başlayır. Bu
süjetin başlanğıcını gələcək mədəni
qəhrəmanın anasının “möcüzəli surətdə
döllənməsi” ədəbi-mifoloji motivi təşkil
edir.
Gələcək qəhrəmanın anasının
“möcüzəli surətdə döllənməsi” ədəbi-mifoloji
motivi dünya xalqlarının mifoloji və folklor ənənəsində
çox geniş yayılmış beynəlxalq mifoloji motivlərdən
biridir. İstər dünya, istərsə də türk
xalqlarının ədəbi-mifoloji yaradıcılıq ənənəsinə
bir qayda olaraq mədəni qəhrəmanların əksəriyyətinə
onların analarının “möcüzəli surətdə
döllənmələri (mayalanmaları)” və gələcək
qəhrəmanın ilahi mənşəli olmaları
xasdır. Döllənmə – sirli və
müqəddəs fizioloji bir hadisədir (aktdır); körpə
cinsi əlaqə və mayalanma nəticəsində
doğulur. Bu, xalq ənənəsindən
və praktiki müşahidələrdən məlumdur və
ikili qiymətləndirilir – sirli və müqəddəs hadisə
(akt) kimi onun baş verdiyi vaxt və şərait (vəziyyət)
gələcək uşağın taleyini müəyyən
edir. Möcüzəli döllənmə
(mayalanma) mifoloji personajın dövrlər üzrə
bir-birini əvəz edən həyatının mifoloji
başlanğıc mərhələsidir. Bu
akt mədəni qəhrəmanın həyatının
başlanğıc funksiyasını yerinə yetirir və
arxaik motiv olaraq çox zaman onun ədəbi-mifoloji
bioqrafiyasının əsas hissəsinin proloqu hesab olunur.
“Möcüzəli döllənmə (mayalanma)” məhsuldarlığı
simvolizə (təmsil) edən müxtəlif maddələrlə
və cisimlərlə sıx bağlıdır. Müxtəlif xalqların
folklorunda bu, müxtəlif bitkilərin (qoz, fındıq, alma və s.) meyvəsi və giləmeyvəsi,
su, su köpüyü, xüsusən yağış
köpüyü ola bilər. Möcüzəli
döllənməni sıx-sıx müşayiət edən
digər mühüm mifoloji simvol kimi Ay, Günəş
şüası və digər səma cisimləri iştirak
edə bilər.
“Möcüzəli döllənmə” və ya
“möcüzəli doğuluş” mifoloji motivinin yaranma şəraiti
haqqında alim mütəxəssislərin fərqli fikirlər
irəli sürmələrinə baxmayaraq, onların əksəriyyətinin
fikri belədir ki, bu motivin kökləri daha qədimlərə
– bəşər mədəniyyətinin ən
aşağı ibtidai inkişaf mərhələsinə gedib
çıxır. Dünya xalqlarının mifologiyasında
olduqca çox yayılmış bu cür mifoloji döllənmə,
əsasən totemistik etiqad, həmçinin partenogenez (bakirə
döllənmə) haqqında təsəvvürlə əlaqələndirilir
və bakirə və ya ismətli döllənmə mifi
adlanır. Alimlər partenogenez (bakirə
döllənmə) motivini əsasən anaxaqanlıq
dövrü (matriatxat) ilə əlaqələndirirlər.
Onların fikrincə, partenogenez – bakirə və
ya ismətli döllənmə hadisəsinə, yəni
kişinin iştirakı olmadan uşağın
doğulmasına insanlar, doğrudan da nə vaxtsa inanıblar.
Onlar soyun törədicisinin yalnız
qadının olduğuna inanırdılar və hələ
indi də buna inananlar var. Görkəmli rus türkoloqu
V.M.Jirmunskinin də fikrincə, bu mifoloji motivlər
anaxaqanlıq dövründə meydana çıxıb.
O, öz fikrini belə əsaslandırır: “Tayfanın
başçısı və vətənin müdafiəçisi
olan qəhrəmanın ideal obrazını epik əfsanələrdə
(rəvayətlərdə) təcəssüm etdirmiş xalq
fantaziyası, onun qeyri-adi şəraitdə həyata
keçirilib və gələcək həyat yolu
üçün əlamətdar olacaq möcüzəli
doğulduğunu tez-tez qeyd edir. Möcüzəli
doğuluşun ən qədim motivləri eposla nağılı
birləşdirir və insan cəmiyyətinin
inkişafının ilkin mərhələsində təşəkkül
tapıb və hər yerdə yayılmış xalq təsəvvürünə
gedib çıxır. Belə ki, “bakirə
döllənmə” (partenogenez) motivinin bir çox formaları
anaxaqanlıq dövrü (matriatxat) ilə əlaqədardır.
Qəhrəmanın atası yoxdur və möcüzəli
şəkildə döllənmiş qızdan – anadan
doğulur... Nə vaxtsa xalq inancı ilə
ümumi olmuş bu cür təsəvvür, idealizəedici
poetik motiv kimi, xalq qəhrəmanını qeyri-adı
mühitlə əhatə edən adi şeydən yaranan
möcüzəli hadisə kimi nağıl və eposlarda
mühafizə edilərək qalıb”. V.M.Jirmunski
son tədqiqatlarında da E.S. Hartlandın
araşdırmalarına əsaslanaraq göstərir ki,
möcüzəli doğuluş motivi yaranması etibarilə
“analıq soyu dövrünə gedib çıxan partenogenezis
(bakirə döllənmə) haqqında ibtidai təsəvvürlə
əlaqədardır. Daha sonrakı
dövrdə bu folklor motivləri qəhrəmanın tərcümeyi-halında
möcüzəli ənənəvi element kimi epos və
nağılda qalıb”.
“Oğuz kağan dastanı“nın əlyazma mətninin əvvəlinin
itirilməsi səbəbindən orada Oğuzun anasının
hansı şəraitdə və necə döllənməsi ədəbi-mifoloji
motivi bütöv şəkildə öz əksini tapa bilməyib. Əsərin əlimizdə
olan əlyazma mətninin birinci səhifəsində Oğuzun
anası doğuş ərəfəsində belə təsvir
olunur: “Bolsunğıl, deb dedilər. Anunq
anqağusu oşbu turur. Takı mundan sonq
sevinç taptılar. Kenə künlərdən
bir kün Ay kağannunq közü yarıb bodadı, erkək
oğul toğurdı – Qoy olsun - dedilər. Onun
görünüşü budur... Bundan sonra
sevinc tapdılar. Yenə günlərin bir
günü Ay kağanın gözü parladı, oğlan
doğdu”.
Göründüyü
kimi, dastanda Oğuzun anasının hamiləliyinin baş verməsi
barəsində dolğun məlumat verilməsə də, Ay
kağanın bu cür təsvirindən çıxış
edən tədqiqatçı-alimlər Oğuzun
anasının Günəş şüalarından mayalanaraq
hamilə qaldığı, yəni Oğuzun səmavi mənşəli
olub, işıq şüasından əmələ gəldiyini
göstərirlər. Türklərin mifoloji
düşüncəsinə görə, hamilə
qadının doğuş zamanı gözlərinin
parlaması möcüzəli doğuşla əlaqədar
olub, dölün Günəş və ya Ayla möcüzəli
mayalanması ilə bağlıdır. Dünya
folklorunun bir çox nümunələrində bu cür
möcüzəli doğuşların, adətən soyun ulu
babasının, mədəni qəhrəmanların
doğuluşu zamanı baş verdiyi göstərilir. Oğuzun da anasının Günəş
şüalarından hamilə qalması barəsində bilgilərin
olması cox güman ki, dastanın ilkin əlyazma mətnində
bu mifin ən qədim layını təşkil edib və
şifahi yaddaşda qalıb. Dastan
yazıya köçürülərkən bu şəkildə
orada özünə yer tapıb. Hətta
bu gün türklər arasında oğlu olan anaya “gözlərin
aydın olsun”- deyə gözaydınlığı verilməsini
həmin mifoloji düşüncənin günümüzə
gəlib çıxan təsdiqi kimi göstərmək olar.
Qəhrəmanın Günəş şüasından
möcüzəli surətdə doğulması motivi türk
xalqlarının eposlarında ən çox
yayılmış və sabit motivlərdən biridir. Bu motiv ən
intensiv bədii inkişafını və poetik
dolğunluğunu “Oğuz kağan dastanı“nın təsiri
ilə saxlayıb. Məhz “Oğuz
kağan dastanı“nın təsiri ilə türk
xalqlarının epik yaradıcılığında bu motiv
daha da inkişaf etdirilib. Bu mənada
türklərin Çingiz xan haqqında yaratdıqları
“Çingiz xan haqqında dastan” – “Çingiznamə” də
mühüm əhəmiyyət kəsb edir. Bu dastanda
Çingizin anası Alanqunun Günəş
şüalarından Çingizə hamilə qalmasının
daha ətraflı təsvir edilməsinə istinad edərək
deyə bilərik ki, türklər arasında bu mifin kökləri
daha qədimdir və türk xalqlarının sonrakı dastan
yaradıcılığında “Oğuz kağan dastanı”nın təsiri ilə yaranıb.
“Çingiznamə”də göstərilir, əri
ölmüş Alanqu deyir ki, onun bir oğlu doğulacaq və
xalqı idarə edəcək. Bu sözlərinə
görə, digər oğlanları onu yalan danışmaqda
günahlandırırlar. Bu xəbərə xalqın da
inanmadığını görən Alanqu onlara deyir: “Deyəsən,
siz də mənə inanmırsınız; yaxşı olar
ki, üç nəfəri mənə keşik çəkməyə
qoyasınız. Duyun-Bayan qabaqcadan xəbər
verirdi ki, yeni doğulan uşaqdan öncə parlaq ulduz peyda
olacaq, sonra qurda çevriləcək və yox olacaq. Xalq heç nə demədi. Alanqudan xəlvəti
isə ona müşahidə üçün üç
keşikçi qoydular: Pşakı, Eryanı və
Odaşı. Onlar keşik çəkməyə
başladılar. Budur, bir dəfə səmadan
işıq düşdü; qorxudan onlar huşlarını
itirib yıxıldılar, bir az keçəndən
sonra özlərinə gələndə isə bir-birindən
soruşdular:
– O
işıq hara yox oldu?
Heç kim bilmədi.
– Diqqətlə
keşik çəkməliyik; o, qurd kimi
çıxmalıdır.
Budur, az keçdi, çox keçdi, at
böyüklükdə boz bir qurd çölə
çıxdı, geriyə baxdı və meşəyə
getdi. Keşikçilər boz qurdu yaxşı gördülər
və Alanqunun oğlanlarına dedilər:
– İndi Alanqunun qabaqcadan dediklərinin hamısı
olacaq”.
Doğrudan
da dastanda göstərildiyi kimi: “Bir neçə vaxtdan sonra o
bir oğlan doğdu”.
Günümüzə
bir neçə variantda gəlib çıxmış
“Çingiz xan haqqında dastan” – “Çingiznamə”də
Çingizin anasının Günəş
şüalarından döllənməsi nəticəsində
hamilə qaldığı parlaq şəkildə təsvir
edilib. Türklərin mifik təsəvvürünün
məhsulu olan bu abidə onunla əhəmiyyətlidir ki, bu
abidədə Günəş şüalarından döllənmə
motivinin olması onu göstərir ki, qədimdə türklərin
epik ənənəsində belə bir ədəbi-mifoloji
motiv olub. Yeganə əlyazma nüsxəsinin Oğuzun
doğuluşuna qədər əvvəlki səhifələrinin
məlum olmayan səbəbdən itməsinə görə, “Îğuz kağan dastanı“nda
isə Oğuzun anası Ay kağanın Günəş
şüaları vasitəsilə döllənməsi
haqqında məlumatların qalmamasına baxmayaraq “Çingiz
xan haqqında dastan”a istinad edərək söyləyə bilərik
ki, dastanın əvvəlində belə bir ədəbi-mifoloji
motiv olub. Dastanın əvvəlindəki hissəsindən
bunun müşahidə edilməsinə baxmayaraq, Oğuzun
anası Ay kağanın necə döllənməsi
(mayalanması) haqqında tədqiqatçılar arasında
bu günə qədər hamının qəbul edə biləcəyi
yekun fikir formalaşmayıb.
İsmixan Osmanlı,
filologiya üzrə fəlsəfə doktoru
Xalq cəbhəsi 2017.- 25
avqust.-S.14.