“Oğuz kağan“ dastanı möhtəşəm
bir abidədir
2-ci yazı
Tədqiqatçı alimlər Oğuzun atası
haqqında müəyyən fikirlər irəli sürüblər,
halbuki dastanın itmiş hissəsində Oğuzun atası
haqqında hansı məlumatın olduğunu indi demək
çox çətindir. Ona görə də tədqiqatçılar,
əsasən, dastanın əldə olan əlyazma nüsxəsinin
birinci səhifəsinin – Oğuzun doğuluşundan bəhs edən
səhifəsinin əsasında fikirlər söyləmək
məcburiyyətində qalıblar. Həmin
səhifədə isə, Oğuzun doğuluşundan bəhs
edilən hissədən əvvəl öküz (və ya
buğa) təsviri də verilib. Tədqiqatçı
alimlərdən Q.N.Potanin, Frans Erdmann, A.N.Bernştam həmin
heyvanın öküz olduğu qənaətinə gəlib və
öküzün dastanın formalaşdığı cəmiyyətin
totemi olduğunu bildirərək, onun Oğuzun doğuluşu
ilə əlaqəli olduğu haqqında oxşar fikirlər
söyləyiblər. Onların bəziləri
öküzün Oğuzun atasının, bəziləri isə
Oğuzun özünün prototipi olduğunu bildiriblər.
Görkəmli rus alimi A.N.Bernştam dastanın əlyazmasının
birinci səhifəsindəki öküz rəsmini önə
çəkib və bir sıra təhlillər apardıqdan
sonra öküzün uyğurların ulu babası kimi Oğuz
kağanın doğuluşunda əlaqəsi olduğunu iddia
edərək yazıb: “Əfsanənin əlyazmasının əvvəli
qalmayıb [“Oğuz kağan dastanı”nın
əlyazması nəzərdə tutulur- İ.O]. Elə birinci sətirdə heç bir izah verilmədən
öküzün surəti yerləşdirilib. Mətnə əsaslanaraq güman etmək olar ki,
öküzün Oğuz kağanın doğuluşu ilə əlaqəsi
var.
...Yuxarıda
qeyd olunan dəlillərdən öküzün totem heyvan kimi
vəzifəsi şübhəsizdir. Öküz
ya mənbələrdə birinci xan kimi interpretasiya edilən
ulubabadır, ya da Oğuz adlandırılan birinci
kağanın doğuluşunda iştirak edir. Oğuz termini onun kimi mənası oküz olan ö
k ü s (seyrəltmə mənimdir - İ.O.) türk termininin
yumşaldılmış formasından törəmədir”.
Dastanın
ən məşhur tədqiqatçılarından biri,
fransız sinoloqu Paul Pellio da əlyazmanın birinci səhifəsini
təhlil edərkən əlyazmadakı rəsmi çəkilmiş
öküzün Oğuz kağanın özü ilə
ilişkili olduğunu bildirib: “Mətnin bir cümləsi
(burada miniatürün alt yazısı) ilə bildirilən “rəsm”
[= image] bir öküzü göstərməkdədir. Bu halda tam bu anda ortaya Uğuz xanı təsvir edən
bir ünsür olaraq öküz çıxmaqdadır. Əgər daha sonra, II-3-dəki birdən yetkin hala gələn
Uğuzun fiziki görünüşünü anladan
bölümdən, onun öküz ayaqlarına sahib
olduğunu öyrəniriksə, əfsanənin öküzə
yalnız önəmsiz bir ayrıntı olaraq
baxmadığı nəticəsini də çıxara bilərik”.
Fransız şərqşünası Denis Sinor da əsərin
əlyazmasının birinci səhifəsindəki öküz
rəsminə münasibət bildirərkən “şəkil ya
Oğuz kağanı və ya atasını təmsil etməkdədir. Mən daha
çox ikinci fərziyəyə mütəmayiləm” deyir.
Məşhur Azərbaycan folklorşünas alimi M.H.Təhmasib
də D.Sinor kimi öküzün Oğu¬zun atası
olduğunu bildirir: ”Uyğur “Oğuznamə”sinə
ğörə, Oğuz tayfalarının eponimi olan Oğuz
xanın anası Ay kağan, atası isə Öküz
imiş”. Daha sonra M.H.Təhmasib Oğuz kağan haqqında
fikirlərə münasibətini bildirərkən yazır: ”Bu izahlar içərisində ən çox
ağlabatan bu surəti totemizmlə-totemlə-öküzlə
əlaqələndirən izahdır. Bu, ona
görə ağlabatandır ki, daha qədim Uyğur əfsanəsi
onun atasının öküz olduğunu, özünün isə
öküzə oxşadığını
doğrudan-doğruya qeyd edir. Əlyazmasında
hətta öküz şəkli də çəkilib”. Oğuzlarda ilk totemin öküz olduğunu qəbul
edən M.H.Təhmasib öküzün dünya
xalqlarının bir çoxunun totemi olması haqqında
nümunələr gətirməklə öz fikirlərini əsaslandırır.
Azərbaycanın görkəmli mifoloq alimi M. Seyidov da
dastanın əlyazmasının birinci səhifəsindəki
öküzün təsvirinə əsaslanaraq əvvəllər
Oğuzun atasının öküz olduğu qənaətinə
gəlib.
Ancaq sonralar dastanın əlyazmasının birinci səhifəsindəki
şəkildə heyvanın öküz deyil, buğa
olduğunu bildirib və öncəki fikrindən imtina edərək
bunun səbəbini belə izah edib: “Oğuznamə”
araşdırıcılarının hamısı, eləcə
də bu sətirlərin yazarı vaxtilə belə bir fikir irəli
sürüb ki, şəkildəki öküzdür və o,
gələcəkdə doğulacaq Oğuzun atasıdır. Bizcə, şəkildəki öküz deyil,
buğadır. Çünki zoomorfik
onqonlar başlıca olaraq dölləndirənlər, döllənənlər
olurlar”. Sonra M.Seyidov buğa//buqay sözünün
türk xalqlarının bir çoxlarının dilindəki
məna çalarlarını açıqladıqdan sonra
fikrini belə tamamlayır: “Bizcə, buğa//buqayın,
deyildiyi kimi, Oğuz dastanı mətnində şəklinin
çəkilməsi xüsusi məqsədlə ilişkəlidir.
Buğa//Buqay türk xalqlarında zoomorfik onqon olmuşdur. Onun bu suyumunu göz qarşısına gətirərək
Buqayı Oğuzun atası kimi düşünüblər.
Belə bir düşüncə mifik baxımdan
ağlabatandır. Çünki
türkdilli qəbilə birləşmələri,
xalqları, ulu babalarını, böyük igidlərini
ucaltmaq, müqəddəsləşdirmək, qeyri-adi, yenilməz
olduğunu göstərmək üçün onların
soylarının köklərini, genlərini zoomorfik onqonlar,
antropomorfik tanrılarla bağlayırdılar. Bu xalqlarda belə bir inam varmış ki, onqonlar və
onlarla bağlı olanlar yenilməz olurlar”.
Beləliklə, Oğuz kağanın atası
haqqında araşdırma aparmış tədqiqatçıların
fikirlərindən gətirdiyimiz nümunələrdən
göründüyü kimi, onlar əsasən yazılı mənbələrdə
əfsanələrdən və dastanın özündən
istifadə edərək öküzün qədim türklərdə
totem olduğunu göstəriblər. Onlar həmin
heyvanın Oğuz kağanın doğuluşunda da iştirak
etdiyini bildirərək, onun Oğuzun atası olduğu fikrini
irəli sürüblər. Ancaq buradaca
göstərilməlidir ki, dastanda Oğuz mifoloji obrazdır.
Bir qayda olaraq, epik əsərlərdə
möcüzəli doğulmuş bu cür obrazların
çox hallarda atası olmur. Məşhur
psixoanalitik alim Erik Normann göstərir ki, möcüzəli
doğulmuş qəhrəman ikili mənşəyə malik
olur. Belə ki, qəhrəmanın iki
atası olur. Əsl atasından başqa
onun həm də “ali”, yəni arxetipik atası da var. K.Ceremies
isə göstərir ki, qəhrəmanın ya atası, ya da
anası olmur və onun valideynlərindən biri adətən
ilahi mənşəli olur. Məhz bu
keyfiyyətlər qəhrəmanı adi adamlardan fərqləndirir.
Ona görə də mifologiya həmişə qəhrəmanı
iki atanın oğlu kimi göstərir: onun adi atası ilə
yanaşı, səmavi atasını, onun qəhrəmanlıq
hissəsinin atasını, ali adamı,
“qeyri-adi” və əbədi atasını da təqdim edir. Məhz bu səbəbdən də E.Normanna görə,
“qəhrəman haqqında mifin arxetipi adətən günəş
və ya hətta ay haqqında mif olur. Mədhetmə
ilahiləşdirməni ifadə edir. Qəhrəman
– günəş və ya aydır, yəni ilahidir. Həqiqətdə,
o, adi adam kimi, öz atasının
oğludur, o, ancaq qəhrəman kimi, Tanrının oğludur
və onunla eyniləşdirilir.
Deyilənləri nəzərə alaraq göstərə
bilərik ki, dastanda öküz (və ya buğa) rəsminin
verilməsi heç də Oğuzun anasının ondan
döllənməsi demək deyil. Əvvəldə
dediyimiz kimi, onun anası Ay kağan Günəş
şüasından möcüzəli şəkildə
döllənib. Günəş
şüası döllənmə aktının
iştirakçısı olsa da, Oğuzun atası qismində
çıxış etmir. Qədim
türk mifoloji mətnlərindən çıxış edərək
deyə bilərik ki, möcüzəli doğulan mədəni
qəhrəman Oğuz Tanrının oğludur. Doğuluşda iştirak edən Günəş
şüası isə yalnız ata Tanrının simvolu və
təcəssümü kimi iştirak edir. Mədəni
qəhrəmanın möcüzəli doğuluşundan bəhs
edən bu cür mifoloji mətnlərdə həmişə
ön plana Tanrı oğullarının anası və onun
simvolları, təcəssümləri çəkilir; onun
atası məlum olmur, daha doğrusu, qəhrəmanın
möcüzəli doğuluşunda atanın iştirakı
göstərilmir.
Mifoloji motivlərin zənginliyi və bu sahədə
mifoloji mətnli dünya epik əsərləri içərisində
bütün parametrləri ilə seçilən “Oğuz
kağan dastanı” bütün qanunauyğunluqlara tam cavab
verir. Mifoloji personaj olan Oğuzun atası haqqında məlumat
verilməyən dastanda onun anası haqqında da geniş məlumat
verilmir, amma onun adı çəkilir. Yuxarıda dastan mətnindən
gətirdiyimiz nümunədə göstərdiyimiz kimi, onun adına bir dəfə, dastanın əldə
olan hissəsinin əvvəlində, Oğuzun doğulması
təsvir olunarkən kağan arvadının daşıya biləcəyi
“katun // qatun” titulu əvəzinə qadın üçün
ənənəvi olmayan kişi hökmdar titulu ilə – Ay
kağan şəklində rast gəlinir. Oğuzun
möcüzəli doğulması kimi, çox maraq kəsb edən
bu fenomen, tədqiqatçıların onun haqqında müxtəlif
fikirlər söyləmələrinə səbəb olub.
Lakin onun mənşəyi barədə indiyədək
müstəqil tədqiqat işləri aparılmayıb, ancaq
dastan bəzi mövzularla əlaqədar alimlər tərəfindən
tədqiqata cəlb edilərkən müxtəlif fikirlər
söylənilib və demək olar ki, onlar arasında
hamının qəbul edəcəyi yekdil fikir
formalaşmayıb.
Özündə
dini-mifoloji və siyasi elementləri ehtiva edən adın “Ay
kağan” şəklində dastanda əks etdirilməsinə
ilk münasibət bildirən alimlərdən biri, “Oğuz
kağan dastanı”nın məşhur tədqiqatçılarından
olan fransız sinoloqu P.Pelliodur. O, dastanın əlyazmasının
Ay kağanın adı keçən hissəsinin
anlaşıqlı olmadığını əsas gətirərək
Oğuzun anasının kişi hökmdar
titulu daşımasının səbəbini
araşdırmayıb. Bununla belə, o, eyni zamanda türklərdə
zadəgan qadınlar arasında qadınların kişi ünvanı daşımasının qəbul
oluna biləcəyini göstərib. Alim dastanın əlyazma
mətnində Oğuzun anasının doğum ərəfəsi
təsvirini izah etdikdən sonra yazır: “Cümlənin geri
qalan hissəsi qaranlıqdır. Daha öncə boşluq
olduğu üçün bir qadının nə
üçün qatun deyil, qağan ünvanı
daşıdığı açıqlanmamaqdadır; bununla
birlikdə, bir qadın üçün daşına bilən
qan “xan” biçimi yerinə, burada əski qağan (= qaan)
biçiminin daşınması ağlabatan
görünür; Krım türklərində və
osmanlılarda şahzadə və soylu qadınlar
üçün xanım ünvanının
daşınması da buradan qaynaqlanmaqdadır”.
Məşhur
türk alimi B.Ögel isə Ay kağanın Oğuzun
anası olduğunu qəbul etməyərək, onun Oğuzun
atası olduğunu göstərib və dastanın birinci səhifəsində
Ay kağanın adı keçən cümləni belə tərcümə
edib: “Bir gün Ay kağanın gözləri aydın oldu. Bir oğlu oldu”. Özünün Ay
kağanın Oğuzun atası olduğu fikrini təsdiqləməyə
çalışan B.Ögel, şamanist türklərdə
Günəşin qadın, Ayın isə kişi olaraq qəbul
edildiyini və Aybək əd-Dəvadarinin də türklərin
mənşəyi haqqında olan əfsanədən
danışarkən mağarada doğulan uşağın
adının Ay Atam olduğunu nümunə gətirərək,
türklərdə “Ay” tərkibli kişi adları olduğunu
göstərib”.
İsmixan
Osmanlı
filologiya üzrə
fəlsəfə doktoru
Xalq cəbhəsi 2017.- 26
avqust.-S.14.