“Sevgi
və istedad vacib şərtdir”
“ƏSA”
teatrının bədii
rəhbəri: “Qapımız
bu sahədə özünü görmək
istəyən fiziki məhdudiyyəti olan hər kəsin üzünə açıqdır”
“ƏSA” teatrının
bədii rəhbəri
Nihad Qulamzadə ilə müsahibəni oxucularımıza təqdim
edirik
- “ƏSA” bir
illik fəaliyyətində
hansı işləri
görüb, fiziki məhdudiyyətlilərin cəmiyyətə
inteqrasiyasına kömək
göstərə bilirmi?
- Teatrımız fəaliyyətinə
görə hətta dünyada da əsasən fiziki məhdudiyyətli aktyorlardan
ibarət yeganə kollektivdır. Düzdür,
indiyə qədər
əlilliyi olanlardan ibarət xoreoqrafiya və rəqs qrupları fəaliyyət
göstərib, lakin onların sayı ya az olub, ya da
peşəkar kollektiv
olmayıb. Hazırda Azərbaycan teatr
mühitində “ƏSA” teatrına
münasibət çox
yaxşıdır. Teatrımızın müxtəlif təbəqələri
təmsil edən tamaşaçıları var. İndiyədək
iki tamaşaya səhnə həyatı vermişik. İlk tamaşamız özümüzün
müəllifi olduğumuz
“DUMB” oldu və kifayət qədər uğurlu keçdi. Teatrın fəaliyyəti haqqında
xarici mətbuat səhifələrində 10-a yaxın
xəbər paylaşıldı,
reportajlar hazırlanıldı.
Daha sonra isə Uilyam Şekspirin “Yay gecəsində yuxu” komediyası əsasında “Yuxum” tamaşasına səhnə
həyatı verdik.
Həmin tamaşaya böyük maraq var idi, onun
səhnəyə çıxmağına
beş gün
qalmış bütün
biletlər satılmışdı.
Həmin
tamaşa ölkə teatrı tarixində ilk dəfə olaraq işarət dili ilə tərcümə edilib. Hər iki tamaşa
üzərində bir
ay yaradıcılıq işi
aparmışıq. Fəaliyyətimizin əsas istiqaməti cəmiyyətin diqqətini
fiziki imkanları məhdud olan insanların problemlərinə
cəlb etmək, onların cəmiyyətə
inteqrasiyasına kömək
göstərmək və
gənc istedadları üzə çıxarmaqdır.
Düşünürəm ki, qısa müddətli fəaliyyətimiz
fonunda həm tamaşaçıların sevgisini
qazana bilmişik, həm də aktyorlarımızın cəmiyyətə
inteqrasiyasına müəyyən
qədər nail olmuşuq.
Hazırda Amerika yazıçısı
Con Steynbekin “Adamlar və siçanlar” hekayəsi əsasında yeni tamaşanın məşqlərinə başlamışıq.
Onun üzərində iki ay yaradıcılıq işi
aparacağıq və
ümid edirik ki, oktyabrda onu
tamaşaçıların mühakiməsinə verə
biləcəyik.
- Nəyə görə Con Steynbekin
"Adamlar və siçanlar" əsərinə
müraciət etdiniz?
Səhnə əsəri ilə
tamaşaçılara hansı
fikirləri aşılamaq
istəyirsiniz?
- “ƏSA” teatrı fəaliyyətə
başlayarkən ilk tamaşa
kimi Amerika yazıçısı Con Steynbekin
“Adamlar və siçanlar” əsərini
nəzərdə tutmuşduq. İş elə
gətirdi ki, sonradan əsəri səhnəyə qoymağı
təxirə saldıq.
Nəhayət, yay aylarında
həmin tamaşanı
səhnələşdirməyi qərara aldıq. Əsərin
ideyası bəşəridir,
üstəlik, burada əlilliyi olan üç obraz var. Onlardan biri autizm
xəstəsidir, biri ayağından, digəri isə əlindən məhrumdur. Əsərin mövzusunun belə olması bizə imkan verir ki,
onun üzərində
daha yaxşı işləyək. Məsələ burasındadır ki, başqa əsərə müraciət edəndə
obrazları aktyorlara uyğunlaşdırmalı oluruq.
Elə obrazlar var ki,
onlarda emosiya və hərəkətlilik
güclü olur.
Tamaşanın məşqində bundan irəli gələn problem yarananda
obrazda dəyişiklik
etmək məcburiyyətində
qalırıq. Bu mənada “Adamlar və siçanlar” bizim teatra uyğun
səhnə əsəridir.
- “ƏSA” teatrına
aktyor seçimi necə aparılır?
- Teatrımızda peşəkar
aktyorlar var. Aktyorlardan
Elşən Əsgərov
Mədəniyyət və
İncəsənət Universitetinin
teatr rejissorluğu fakültəsini bitirib,
Elvin Mirzəyev isə
Bakı Humanitar Kollecində musiqi və bədii yaradıcılıq üzrə
təhsil alıb və ilk gündən bizimlə çalışır.
“ƏSA”nın direktoru Orxan Adıgözəl teatrın
uğuru üçün
əlindən gələni
edir. Teatrın qapısı, demək
olar ki, bu sahədə özünü görmək
istəyən fiziki məhdudiyyəti olan hər kəsin üzünə açıqdır,
öz istedad və bacarığını
nümayiş etdirmək
üçün onlara
imkan yaradırıq.
Teatr elə yaradıcılıq
sahəsidir ki, səhnəyə qoyulan əsər tələbkar
tamaşaçı auditoriyası
qarşısına çıxır.
Burada istər-istəməz müəyyən
psixoloji hallar meydana çıxa, hətta arzuolunmaz hadisə baş verə bilər. Ona görə də aktyorların uyğunlaşması
üçün onları
müəyyən teatrlara
aparır və bir növ mənəvi-psixoloji
cəhətdən səhnəyə
hazırlayırıq. Nəzərdə tutduğumuz hazırlıq
mərhələsini keçəndən
sonra onlara rol verib səhnədə
sınaqdan keçiririk.
Əlbəttə ki, bir neçə tamaşadan sonra onların aktyor kimi nəyə
qadir olduğu üzə çıxır.
İstənilən halda teatrla,
sənətlə məşğul
olmaq üçün
sevgi və istedad vacib şərtdir.
- Yaradıcı kollektivlə hansı mədəni tədbirləri
keçirməyi düşünürsünüz?
- Bu sahədə planlarımız
çoxdur, ancaq bunların gerçəkləşməsi
üçün maliyyə
dəstəyinə ehtiyacımız
var. Fəaliyyətimizi təkcə
teatrla məhdudlaşdırmaq
fikrimiz yoxdur. Köhnə yerimizdə geniş şəkildə fəaliyyət
göstərməyimiz üçün
normal şərait yox
idi. İndi yeni yer kirayələmişik. Burada ustad
dərsləri və ədəbi axşamlar təşkil olunacaq.
Bir sözlə, mütəmadi
olaraq tanınmış
sənət adamları
və şairlərlə
görüşlər təşkil
etməklə ədəbi-bədii
gecələrin təşkilini
nəzərdə tuturuq.
Teatrımızın üzvü,
fiziki məhdudiyyətli fotoqraf
Eltac Zeynalovun sərgisi
açılacaq. Eltac öz
xüsusi dəsti-xətti ilə seçilir və inanırıq ki, onun əsərlərindən
ibarət sərgi də uğurla keçəcək.
Sərginin açıldığı gün
teatrımızın bir yaşını qeyd edəcəyik. Bundan başqa, beynəlxalq festivallarda
iştirak etmək, qastrollara
çıxmaqla bağlı müəyyən
planlarımız var. Gürcüstanda,
ölkəmizin ayrı-ayrı bölgələrində tamaşalar nümayiş
etdirmək nəzərdə tutulub.
Xalq cəbhəsi 2017.- 26 avqust.-S.16.