Bayatı
yaradıcısı Lələ və Sarı Aşıq
“Cocuq Mərcanlı
yaxınlığında “Lələ dağı”ndan, “Lələ
yaylağı”ndan söz açdılar”
"Xalq Cəbhəsi" qəzeti
mərhum professor Sədnik Paşa Pirsultanlının Sarı
Aşıq haqqında maraqlı araşdırmasını təqdim
edir
2-ci yazı
Onun ictimai kədəri yalnız Yaxşı ilə əlaqədar
deyil. Elinin, obasının sürgün edilməsi hələ
körpə vaxtlarından qəlbini yaralayıb.
Mən
aşığam, dağıtdı,
Duman gəldi, dağ itdi.
Bizdə
bir oymaq idik,
Fələk vurdu dağıtdı.
Sarı Aşığın təsviri məzmunda təbiət
təsvirlərinə həsr olunmuş bayatıları da var.
Mən
aşiq, aranı dağlar,
Peykam
yaramı dağlar,
Ürək
istər əl çatmaz,
Kəsib aranı dağlar.
Sənətkar həm də qərib eldə təkdir,
heç kəsi yoxdur. Aşığın təsəlli
üçün bircə Yaxşısı var. Ona isə
qovuşa bilmir. Onun Yaşxısı elə
Yaxşıdır ki, ayla gün onun camalı ilə bəhsə
girməyə utanır: Aşıq, bu gün butandı,
Güldən dəstə tutandı. Ayla gün
bəhsə girdi, Jamalından utandı.
Yaxşının üzünə baxmaqdan doymayan aşıq
deyir:
Aşıq,
süzgün gözlərin,
Qəmdən üzgün gözlərin.
Yaxşıdan
doya bilməz,
Baxsa yüz gün gözlərin.
Lələnin yaradıcılığı, həyat macəraları
Sarı Aşığın varlığına elə hopub
ki, onları bir-birindən belə ayırmaq mümkün
olmur. Sarı Aşığın fitri istedadı,
yaradıcılıq qüdrəti bu mürəkkəb,
dumanlı yaradıcılıq prosesindən onu ayıra bilir.
Onun özünəməxsusluğunu göz
önünə gətirir. Sarı
Aşıq poeziyası ilə, dastan
yaradıcılığı ilə
çarpazlaşmış, Lələnin “Yaxşı-Yaman”
dastanının qısa məzmunu və təhlilini vermədən
Sarı Aşıq yara-dıcılığına tam
girişmək olmaz. Lələnin “Yaxşı Yaman”
dastanının qısa məzmunu belədir: “Bir karvan
başçısı Zamanın darvazasını
döyür, bizi qəbul edin deyir. Zaman, onun həyat
yoldaşı Yaxşı qonaqları o qədər səmimi
qarşılayır ki, onlar ayrılarkən deyirlər: - Ay
Zaman, ay Yaxşı bacı, biz Kərbəlaya gedirik,
qayıdana kimi Allah sizə bir övlad bəxş etsin. Vaxt
keçir, il tamam olur. Kərbəladan
gələn karvanın qabağı açılır.
Yaxşı deyir:
- Ay kişi, qonaqlar gəlib görəcəklər
ki, övladımız olmayıb, məyus olacaqlar. Odur ki, çaylaqdan Yaxşı sığallı
göy daş seçib beşiyə bələyir. Böyük hədiyyələrlə gələn
karvanbaşı, beşiyə tərəf üz tutur. Beşikdə uşaq ağlayır. Yaxşının döşlərinə süd gəlir.
Uşaq tək olduğu üçün onun
adını Lələ qoyurlar. Lələ
aybaay deyil, günbəgün böyüyür. O,
Yaxşını bir an belə tək
buraxmır. Yaxşının özündən
başqa Günəş və Liqa adlı bacıları da
var. Bəzən bacılar söz aşiqi Lələdən
soruşurlar. Biz bacılardan
hansımız daha gözəlik.
Lələ
deyir:
Evləri
gün aşanda,
Xalları gün nişanda.
A
Yaxşı, sən də yaxşı,
Sən handa, Günəş handa?
Lələ
görür ki, Yaxşı bu sözdən bir az
pozuldu. İkinci bayatını deyir:
Ələmin,
çalma yeri,
Çal
yeri, çalma yeri,
Günəşin
özü gözəl,
Yaxşının çalma yeri.
Lələ böyüdükcə Zaman
Yaxşını ona qısqanır. Lələ nə
baş verəcəyini qabaqcadan du-yurdu. Lələ
görür ki, Zaman əlində nacaq (əl baltası) Lələni
vurmaq istəyir. Lələ bir bayatı ilə
bu vəziyyəti Yaxşıya bildirir.
Ələmin,
dalda nacağı,
Lələnin dalda nacağı.
Bax, a
Yaxşı, Yaman gəlir,
Tutubdur dalda nacağı.
Lələ sıçrayıb yaxınlıqdakı
ağaca çıxır, paltarını soyunub bir
budağın üstündə oturur. Yaman baxıb
görür ki, Lələnin bədəni gömgöy
daşdı, daşın üstündə də bir dəstə
gül bitib. Ona tamaşa edən Yamana Lələ deyir:
Ələmin,
daşdan mən,
Kirpikdən mən, qaşdan mən.
Nə
atam var, nə anam,
Yaranmışam daşdan mən.
Lələ
ağacdan düşür və deyir:
- Siz
sağ, mən salamat, daha mən getdim. Yaxşı
çox yalvarır ki, Lələ getmə. Lələ
görür ki, Yaxşı əl çəkməyəjək,
deyir:
Ələmin,
yaman məni,
Hey
injidir, Yaman məni.
Baş
götürüb getməsəm,
Öldürəjək Yaman məni.
Lələ halallaşıb gedir. Yaxşı
ağlaya-ağlaya bir bayatı çəkir:
Dilimdə
layla qaldı,
Çalmadım layla qaldı.
Qəlbimin
gizli dərdi,
Janımda yayla qaldı.
Deməli, Yaxşı hər şeydən əvvəl Lələnin
mənəvi anasının adıdır. Başqaları öz
sevgilisini Züleyxaya, Leyliyə, Şirinə, Əsliyə bənzətdiyi
kimi Sarı Aşıq da öz sevgilisini Lələnin mənəvi
anası Yaxşıya, onun eşqinə qarşı
çıxan qızın qardaşını Yamana
oxşatmış, özünü Lələ kimi haqq
aşığı adlandıraraq adları
qoşalaşdırıb və bununla bir çox tədqiqatçıları
çaş-baş salıb. Buna görə də,
əsl həqiqət tülə bürünmüş,
olduğu kimi görünməyib. Sarı
Aşığın çək-diyi adlar məcazi, yəni
ikinci adlardır. Beləliklə, Sarı
Aşıq Lələni gənjliyində, ilk zamanlar sadəcə
olaraq yamsılayıb. "Lələ
yaylağı" olduğu kimi "Aşıq
yaylağı" da vardır: "Lələ
çardağı" kimi "Aşıq
çardağı" da məşhurdur. Lələ
kimi o da haqq aşığıdır. Görünür
ki, Lələnin həyat macəraları Sarı
Aşıqda silinməz izlər buraxmış və
ömrünün sonuna qədər o, bu təsirdən yaxa
qurtara bilməyib. İlyas Muşeqin erməni
əlifbası ilə yazıya alıb, 1721-ci ildə bitirdiyi əlyazmasında
başqa şair və aşıqlar sırasında Lələnin
də adını çəkir. Qocaman el sənətkarı
Aşıq Şəmşir də bir təcnisində Lələnin
tarixi şəxsiyyət olduğuna və onların
arasındakı mənəvi istəyə, ülvi məhəbbətə
işarə edir:
Qışda
dağlar həsrət çəkir a yaza,
Nərgizi qoşadı, lalə tək açdı.
Saldı
eşq əlindən sərin ayaza,
Yaxşıya dərdini Lələ tək açdı.
“Yaxşı-Yaman” dastanı bədii bir əsər olsa
da, onda gərəkli tarixi faktlar gizlin şəkildə olsa da
yaşayır.
Lələnin əkdiyi bostanın
yarpaqlarını bir qara qoyun otlayır, ondan bir quzu əmələ
gəlir. Həmin quzunun ətini yedikdən
sonra Gözəl Şahın arvadı hamilə olur və
ondan oğlu olur. Lələ gəlib şaha deyir: -
Uşaq mənimdir. Sənin arvadın mənim
quzumun ətindən hamilə olmuşdur. Sən
uşağa bir ad qoy çağır, mən də bir ad
qoyum çağırım. Gözəl
şah Məhəmməd deyib uşağı
çağırır. Uşaq dinmir.
Lələ Budaq deyib uşağı
çağırır. Uşaq cavab verir: - Ya Rəbbim,
Lələ! Lələ gözünün altından baxanda
görür ki, şah ona pis nəzərlə baxır. Lələ
öz-özünə deyir: gəl bu Gözəl şahı
başa sal ki, o, haqq aşiqidır, vaxt gələcək
sən gözəl şah da onun qəbri üstünə
ziyarətə gələcəksən: Lələ haqq lələsidi,
Lələ can tələsidi. Lələnin qəbri
üstə, Gözəl şah gələsidi.
Şah
deyir: -Lələyə bax, qəbrinə bax, mən bunun qəbrinə
ziyarətə də gedəsiyəm hələ. Rəvayətə görə bir gün Şah ova
çıxır. Onun tərlan quşu bir
qəbir daşının üstünə qonur. Gözəl şaha bildirirlər ki, bu Lələnin
qəbridir. Gözəl şah onun qəbri
üstündə bir künbəz yapdırır.
Yaşadığı Güləbird kəndini
bayatılarında yaşatdığı kimi sahilində
yaşadığı Həkəri çayını da eyni səmimiyyətlə
təsvir və tərənnüm edir: Mən
aşığam ha kərim, Dada yetiş, ha kərim, Sizə
sizin gen dünya, Mana mənim Həkərim. Sarı
Aşıq yaşadığı coğrafi məkan
haqqında yazıb yaratmaqdan doymur. O, Həkəri
çayına bir yox, bir neçə bayatı
yazmışdır, lakin indiyə qədər əllərinə
bir bayatı düşmüşdür. Yazıya
alınmış yuxarıdakı bayatıdan sonra,
axtarışlardan sonra Həkəri çayına
Yaxşının həsrəti ilə yaranmış daha bir
bayatı nümunəsi əldə edilib:
Həkəriyə
baxsana,
Sularında
axsana,
Yaxşı
yarı görməyə,
Qəlbi dağa baxsana.
Sarı Aşıq qəlbi dağa baxmaqla özünə
təsəlli axtarır, lakin Həkəriyə baxıb
kövrəlir. Varlığı ilə ona bağlı
olduğunu yeni bir şəkildə ifadə edir. Həkərinin başıyam mən, Dibinin
daşıyam mən, Axar suyu sellənər, Coşan göz
yaşıyam mən. Uzun müddət
Sarı Aşıqdan bəhs edənlər, onun
Laçının Güləbird qəbirstanlığında
yanaşı bir yox, iki qəbri olduğunu qeyd edirlər.
Mən Lələnin “Yaxşı-Yaman”
dastanını əldə etdikdən sonra Laçının
Güləbird qəbirstanlığına getdim. Orada qədim bir qəbir-künbəzə və onun
yanında üzə-rində saz şəkli olan qəbir-sənduqəyə
rast gəldim. Üzərində saz şəkli
olan qəbir-sənduqə 1927-ci ildə arxeoloqlar tərəfindən
araşdırılmış və XVII əsrə aid
olduğunu qeyd etmişlər. Sənduqənin
yanındakı kümbəz, qəbirstalıq isə Gözəl
şah tərəfindən Lələnin üstündə
tikilmiş memarlıq abidəsidir. Gözəl
şahın kümbəz tikdirməsi epizodu “Yaxşı-Yaman”
dastanında öz əksini tapıb. “Yaxşı-Yaman”
dastanı bütövlükdə “Xalqın söz mirvariləri”
kitabında nəşr edilib. Lələnin
“Yaxşı-Yaman” dastanı tək-tək bölgələrdə
yayılıb və özünün təkamülünü
dayandırıb Lələ həyatdan əlini
üzmüş ümidsiz bir qəhrəmandır. Özü bunları bayatılarında dönə-dönə
etiraf edir.
Lələyəm
həyənim yox,
Al yaşıl geyənim yox.
Yüz il bir yana getsəm,
Gəlmədi deyənim yox.
Onun həyatda yeganə arxalandığı mənəvi
anası Yaxşıdır. Sərgəndər gəzən
Lələ bir dəfə gəlib Yaxşının qəbri
üstə çıxır və görür ki, onun qəbrinə
qar yağıb. Təəsüfünü belə
bildirir: Ələmin, ya qar-qar, Ötər bülbül, ya
qar-qar. Yaxşının gül üzünə,
Utanmazmı, yağar qar. Lələnin
bayatılarından bəziləri Bağdadda Kərkük
bayatılarına qarışmışdır. Lələnin adı əlyazmalarında, ayrı-ayrı
cünglərdə və tək-tək bayatı xəzinəmizdə
onun adı eşidilir. Lakin Sarı
Aşığın “Aşiq və Yaxşı” dastanı
öz təkamülünü coşqun bir şəkildə
yaşadır. Geniş xalq kütləsi
arasında onun cinaslı bayatıları,
bayatı-bağlama-ları dillər əzbəridir. Onun bayatıları ona görə bu qədər
sevilir ki, onlar böyük sənətkarlıqla
yaradılmaqla yanaşı, insanları sevib-sevilməyə,
insani gözəlliyi, sevib-sevilməyi isti nəfəslə qəlbləri
oxşayır. Onun bayatıları o qədər
bədii cəhətdən qüdrətli cilalanmış bir
şəkildə yaradılıb ki, bayatı yaratmaq eşqinə
düşənlər deyirlər, kaş mən də Sarı
Aşıq kimi yaddaqalan bayatılar düzüb qoşa biləydim.
Mən
aşiqəm baxtı yarım,
Baxtımın
taxtı yarım,
Üzündə
gül göz izi,
Sənə
kim baxdı yarım.
Onun hər bir bayatısı ölməz bir sənət
abidəsidir.
Mahir zərgər əlindən
çıxmış ölməz incilərdir. Sarı Aşığın
yaradıcılığı hələ bizə tam
üzünü göstərməyib. Biz
onun yaradıcılıq xəzinəsini istənilən qədər
əldə edə bilməmişik. Son illərdə tək-tək
əldə etdiyimiz bayatı nümunələri göstərir
ki, biz Sarı Aşıqdan az şey bilirik.
Sarı Aşıq Azərbaycan poeziyasında
bayatı zirvəsinin fatehidir. O, bu ucalığı
getdikcə daha möhtəşəm bir şəkildə
nümayiş etdirir. İnsanlar onun yetkin, bitkin,
məzmunlu, rəngarəng, dərin mənalı və dərin
mündəricəli bayatılarından doymurlar. Onun bayatı çeşməsi zaman-zaman
axdığı kimi bundan sonra da könüllərə
axmaqda davam edəcək. Sarı
Aşığın bayatıları gələcək
bayatı yaradıcıları üçün bir örnək,
bir mənbə, bir qaynaq rolunu oynayacaq. Neçə
ki, Azərbaycan türkləri var, Sarı Aşıq
zaman-zaman onların qəlbində yaşayacaq.
Sədnik Paşa
Pirsultanlı
Professor
Xalq cəbhəsi 2017.- 31 avqust.-S.14.