Miniatür Kitab Muzeyi haqqında Türkiyə portallarında
yazılıb
Ötən
ilin fevral ayından Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə Türkiyədə fəaliyyətə
başlayan ölkəmizin turizm təmsilçiliyi - “Gateway”
şirkəti tərəfindən turizm
imkanlarımızın tanıdılması istiqamətində
müxtəlif addımlar atılır. Mütəmadi olaraq
qardaş ölkənin mətbuat səhifələrində Azərbaycanla
bağlı yazılar dərc olunur, tanıtım layihələri
icra edilir. Bu günlərdə şirkətin dəstəyi ilə
Türkiyənin cnnturk.com və birgun.net portallarında
Bakıda yerləşən Miniatür Kitab Muzeyi haqqında
geniş məqalə yer alıb. Bakının bənzərsiz
mədəniyyət mərkəzlərindən biri olduğu
vurğulanan məqalədə bildirilir ki, dünyanın ilk və
yeganə Miniatür Kitab Muzeyi məhz Azərbaycanda, paytaxt
Bakıda yerləşir.
Yazıda
muzeydə nümayiş olunan kitablar haqqında ətraflı
məlumat verilir. Qeyd olunur ki, Azərbaycanın dünya
şöhrətli fırça ustası Tahir Salahovun
bacısı, muzeyin yaradıcısı və təsisçisi,
Əməkdar Mədəniyyət İşçisi Zərifə
Salahova getdiyi hər ölkədən miniatür kitabları
toplamağa başlayıb. Ölkə rəhbərliyinin
yaxından dəstəyi nəticəsində Zərifə
Salahova miniatür kitab kolleksiyasını muzeyə çevirə
bilib.
Muzeydə
66 ölkədən kitablar sərgilənir. Burada ən
kiçik nəşr ölçüləri 0,75x0,75 millimetr
olan “Dörd mövsüm çiçəkləri”
kitabıdır. Kitab Yaponiyada “Toppan” nəşriyyatında
çapdan çıxıb. İki səhifəlik bu
kitabı ancaq xüsusi mikroskopla oxumaq mümkündür.
Girişin ödənişsiz olduğu muzeydə həyatınızda
gördüyünüz ən kiçik kitablarla
qarşılaşa bilərsiniz. Məqalədə 7,5
santimetrdən kiçik kitabların miniatür olaraq qəbul
edildiyi muzeyin “Ginnesin rekordlar kitabı”na da
düşdüyü vurğulanır.
Həmçinin
muzeydə Türkiyədə də nəşr olunan
kitabların yer aldığı qeyd olunur. Bildirilir ki, 2002-ci
ildə açılan bu unikal mədəniyyət
ocağında dini mövzularda olan kitablardan tutmuş,
dünya klassiklərinədək 6 min nüsxədən
çox kitab nümayiş etdirilir. Burada da kitablar kitabxanalarda
olduğu kimi, kataloqlar vasitəsilə qeydiyyata alınır.
Məqalədə qeyd olunur ki, muzeyin ən önəmli
kitablarından biri də XVII əsrə aid Qurani-Kərimdir.
Bu kitab muzeydə saxlanılan ən qədim kitabdır və
1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr
olunub. Bakıya gələn turistlərin də maraqla baş
çəkdiyi yerlərdən biri olan muzeylə bütün
dünyadan maraqlanan insanların olduğu qeyd edilir.
Xalq cəbhəsi 2017.- 31 avqust.- S.16.