İranda inqilabdan sonra
Güney Azərbaycanda ana dili uğrunda mübarizə
7-ci yazı
Dövlətin rəsmi dili olan farscanın nüfuz dairəsinin
genişləndirilməsi və cəmiyyətdəki
mövqeyinin möhkəmləndirilməsi, İranın
bütün xalqları tərəfindən mənimsənilməsi
üçün lazımi siyasi və iqtisadi vasitələrdən
istifadə edilirdi. Fars dili İran milli kimliyinin əsasını
təşkil edir və bu siyasəti ölkədə geniş
miqyasda tətbiq edən “Fars Dili Qurumu” yaradılıb. Paniranizmin banilərindən olan Mahmud Əfşar – Yəzdinin
“vəqf” adı ilə bağışladığı əmlakının
hesabına təşkil olunmuş bu xüsusi fondun məqsədi
onun nizamnaməsində göstərildiyi kimi “İranda fars
dilinin yayılması və milli birliyin möhkəmləndirilməsindən
ibarətdir”. Pəhləvilər dövründə
İranın bütövlüyünü qorumaq
üçün əsas vasitə kimi fars
dilinin təhsil sistemində tətbiqi siyasəti inqilabdan sonra
da geniş formada davam etdirildi. Ayətulla Xomeyninin 1979-cu il dekabrın 29-da savadsızlıqla mübarizə
etmək üçün ümumi səfərbərlik
haqqında fərmanına əsasən, “Sazeman-e conbeş-e səvadamuzi”
(savadlanma hərəkatı təşkilatı)
yaradıldı. Dövlət yerli dillərə
yalnız farscanın yanında işlədilməsi şərtilə
məhdud hüquqlar versə də, reallıqda qeyri-fars
xalqlara milli ədəbiyyatın belə məktəblərdə
ana dilində tədrisini həyata keçirmədi.
Əvəzində fars şovinizminin
islamın geniş yayılması adı altında
reallaşdırılmasına başlanıldı. 1984-cü ildə ayətulla Xomeyninin rəhbərliyi
və səyi ilə “təhsilin islamlaşdırılması”
haqqında konsepsiya qəbul edildi. Bu siyasət ali məktəblərdə “Cehad-e daneşqahi”
(Universitet cihadı), orta təhsil müəssisələrində
isə “Əncomənha-ye eslami” (İslam cəmiyyətləri)
tərəfindən həyata keçirilirdi. Ali və orta təhsil
sahəsində mövcud olan bütün dərsliklərin məzmunu
formaca dəyişdirilsə də, məzmunca fars
millətçiliyinə xidmət edirdi. Yalnız
Xatəminin prezidentliyi dövründə (1997-2005-ci illər)
qeyri-fars xalqların milli ədəbiyyatlarının məktəbdə
ana dilində tədris olunması məsələsi rəsmi
formada gündəmə gətirilsə də, bu sahədə
konkret bir addımlar atılmadı. Mühafizəkarların
təpkiləri nəticəsində qeyri-farsların
hüquqlarının təmin edilməsi məsələsi
öz həllini tapmadı.
Konkordia Universitetinin professoru Marat Grebennikov İran
İslam inqilabından sonra da Azərbaycan türkcəsinin məscid
və televiziyalarda işləndiyini, bu dildə çıxan
KİV lərin mövcudluğunu yazır. Lakin müəllif
azərbaycanlıların ana dilində təhsil
hüquqlarından məhrum olduğunu da vurğulayır və
İran hakimiyyətinin azərbaycanlıların bu tələblərindən
ehtiyatlandığını da bildirir.
Qeyri-farsların
şəhərlərə axını və onlar
üçün pulsuz fars dilli məktəblərin
açılması bu xalqların dillərinin
aşınması prosesini daha da sürətləndirmişdi.
Bu siyasət əhalinin sosial və mədəni
səviyyəsini yüksəltməklə yanaşı, eyni
zamanda İran xalqlarının mədəni birliyini möhkəmləndirmək
məqsədi güdürdü. Farscanın belə dinc
vasitələrlə yayılması və nüfuz dairəsinin
genişləndirilməsi hələ Pəhləvilərin
hakimiyyəti dövründə hazırlanmış
planların ən önəmli hissəsini təşkil edirdi
və islam rejimində də davam etdirildi.
1956-cı ildə qeyri-farsların yalnız 15 faizi təhsilli
idisə, 1991-ci ildə bu rəqəm 74 faizə, 1996-cı
ildə 80 faizə qədər yüksəlib.
Savadlılıq dərəcəsini təyin etmək
üçün dörd əsas dilin
danışıldığı beş bölgədə
1986-1991-ci illər üzrə İranda aparılan
siyahıyaalmanın nəticələrinə əsasən, Qərbi
Azərbaycanda bu rəqəmin 47 faizdən 62 faizə, Şərqi
Azərbaycanda isə 52 faizdən 69-a yüksəldiyini
görmək olar. 1996-1997-ci tədris ilinin məlumatına
görə isə Cənubi Azərbaycanın orta məktəblərində
təhsil alanların sayı 1976-cı ilə nisbətən
34,7 faiz artmışdı. Fars
dilinin məktəblərdə yeganə tədris dili
olması bu dilin daha sürətlə yayılmasında əhəmiyyətli
rol oynadı. Dillərin əridilməsi
üçün istifadə olunan vasitələrdən biri
dillərin etno-demoqrafik durumunu təyin etmək
üçün aparılan siyahıyaalmalarda edilən təhriflərdir.
Məsələn, 1993-cü ildə aparılan siyahıyalmada
fars dilindən başqa cəmi səkkiz
dil üzrə sayılma həyata keçirilmişdi. Sayı
digər etnik qruplara nisbətdə çox az
olan və diqqətdən kənarda qalan milli azlıqların
dilləri fars dilində danışanların tərkibinə
daxil edilərək hesablanmışdı. Qeyd
olunan statistikaya diqqət yetirsək, Azərbaycan dilində
danışanların sayı barədə qeyri-dəqiq olsa da
təsəvvür yaranar. Belə ki, bu
siyahıyaalmanın nəticələrinə görə, Azərbaycan
türkcəsinin işlənmə dərəcəsi ölkə
üzrə 27 faiz qeyd edilir. Bu isə
statistikaya görə, farscadan sonra ən çox
danışılan dildir.
Təbrizdə nəşr olunan “Foruğe Azadi” mətbu
orqanı Tehranda çıxan “Həmşəhri” qəzetinə
istinadən Tehran əhalisinin 35-nün, İranın isə
37-nün türkdilli olduğunu qeyd edir. Azərbaycan
türkcəsinin rəsmi dairələrdə, təhsil
sistemində istifadə olunmasına qadağaların
qoyulması məişətə də sirayət edir, bu dilin
istifadə dairəsinin təbii şəkildə məhdudlaşmasına
səbəb olurdu. 2005-ci ildə Azad
İslam Universiteti (Danişqahe-Azadeİslame) və İctimai
Elmlər İnstitutunun (Danişkedeye Ulume İctimai) birlikdə
təşkil etdiyi sorğunun nəticələri
maraqlıdır. “Həyat
yoldaşınızla hansı dildə danışırsız?”
sualına azərbaycanlıların 53 faizi “Türkcə
danışıram”, 41 faizi "farsca danışıram” deyə
cavab vermişdir. “Gün ərzində
uşaqlarınızla hansı dildə
danışırsız?” sualını azərbaycanlıların
19 faizi “yalnız türkcə danışıram”, 65 faizi
“farsca danışıram” deyə cavablandırıblar.
“Uşaqlarınız
sizinlə hansı dildə danışır?” sualına azərbaycanlıların
13,5 faizi türkcə, 59,5 faizi farsca deyə
cavab vermişdilər. İranda yaşayan türklərin
öz övladları ilə ünsiyyətdə daha çox fars dilinə üstünlük verməsi qeyd
etdiyimiz kimi, orta təhsilin farsca olması ilə əlaqədar
idi. Azərbaycan türkcəsinin uzun əsrlərdən
bəri təhsil sisteminə yol tapa bilməməsi və rəsmi
dövlət dili statusu almaması belə mühüm və həssas
problemlərin yaranmasına gətib çıxarırdı.
Etno-demoqrafik nəzəriyyəyə görə,
danışıq dilinin dəyişməsi müxtəlif
miqrasiyaların və bəzi hallarda əhatəsinə daxil
olduğu xalqın dilini prestij hesab etməsinin nəticəsi
olaraq meydana çıxır. Məsələn, Tehranda
yaşayan Azərbaycan türkünün fars
dilində danışması anlaşılandır
(müşahidələrimizə görə İranda da fars
dilini bəzi hallarda prestij hesab etdiklərindən daha çox
ondan istifadə etməyə can atırlar, eynən Azərbaycan
Respublikasında rus dilindən istifadə edildiyi kimi). Lakin ABŞ-dakı cənubi azərbaycanlılar
arasında əsas ünsiyyət dili kimi farscanın
qalması maraq doğurur. Bunula belə,
ünsiyyət dilinin dəyişməsi iddiasını
bütün cənubi azərbaycanlılar barədə irəli
sürmək düzgün olmazdı. İranda
türklərin kompakt yaşadığı bölgələrdə
Azərbaycan türkcəsinin ünsiyyət, şifahi xalq
yaradıcılığı vasitəsi kimi öz hakim rolunu
saxlamasını dərin tədqiqat aparmadan, səthi
müşahidələrlə belə qeydə almaq
mümkündür. Ünsiyyətdə fars
dilinə üstünlük verənlər İran türklərinin
yalnız müəyyən bir qrupunu əhatə edir.
Etno-demoqrafik
məsələləri araşdıran mütəxəssislərin
“...bir qrup insanın başqa bir etnosun dilinə keçməsi,
heç də həmişə etnik assimilyasiyaya aparıb
çıxarmır” kimi fikirlərinin nümunəsi olaraq
Tehranda, digər fars bölgələrində,
eyni zamanda ABŞ və bir çox Qərb ölkələrində
yaşayan İran azərbaycanlılarının milli haqlar
uğrunda mübarizədə daha aktiv fəaliyyətini qeyd
edə bilərik. Azərbaycan dilinin
bugünkü vəziyyətini keçmişlə müqayisə
etsək, görərik ki, hazırda Qacarlar dövründə
olduğu kimi, bu dilin funksional sahəsi şifahi və məişət
dili çərçivəsi ilə məhdudlaşdırılıb.
Fərq ondan ibarətdir ki, Qacarlar dövründə
bu, təbii yolla baş vermiş və işlənmə
arealı da çox böyük idi, hazırda isə hakim
rejimin müəyyən etdiyi siyasət nəticəsində
reallaşdırılır, danışıq dili kimi istifadə
arealı da tədricən daralır (xüsusən ən son nəsil
olan azyaşlı uşaqlar arasında). Baxmayaraq
ki, hüquqi sistem etnik dillərin funksional dairəsini məhdud
olsa da genişləndirmişdi.
İranda
qeyri-fars dillərinin assimilyasiya siyasətinin son vasitələrindən
biri kimi İran Dövlət Radio-Televiziya Qurumunun yerli
televiziya və radio proqramlarında milli dillərdə
hazırlanan verilişlərdə danışıq mətnlərinin
ən az 75 faizinin farsca kəlmə lərdən
ibarət olması haqqında təlimatını göstərmək
olar. Səda və Sima (dövlət radio-televiziyası)
şirkətinin Şərqi Azərbaycan əyaləti üzrə
baş müdiri Qulaməli Fəthabadinin tabeliyindəki xəbərlər
mərkəzinə yazdığı 16 fevral 1994-cü il tarixli məktubunda göstərir ki, xəbər
proqramının aparıcıları “yerli dildən fərqlənən”
dildə proqram hazırlayırlar. Bunun
qarşısının alınmasını tələb edən
baş müdir məktubunda nümunələr göstərərək
yazır: “İranın Ümid timi” yerinə “time Omide
İran” deyilməli idi; “mübariz ruhaniyyət cameəsi”
yerinə “camee ruhaniyyəte mobarez”; “qostəreş və
nousaziye sənayeye iran sazemanı” yerinə “sazemane qostəreş
və nousaziye sənayeye İran”; “negəhdari və təmirat
vahedi” yerinə “Vahede təmirat və negəhdari”; “ostanın
bazərqani edareye kolli” yerinə “edareye kolle bazərqniye
ostan”; “başçılığı” yerinə “rəhbəriyyəti”;
“başlanmaq” yerinə “eftetah”; “daşdöyənlər” yerinə
“səngkubilər”; “daşkəsənlər” yerinə “səngborilər”
və s. işlədilməlidir. Təlimatın
sonunda qeyd edilir ki, xüsusi isimlər tərcümə edilməməlidir,
idarələrin adı tərcümə edilə bilməz;
xalqın adət etdiyi sözlər və ibarələr tərcümə
edilməməlidir; yeni sözlər əsla ixtira edilməməlidir;
tərcüməçilər mətni
danışdıqları dilə çevirməlidirlər.
Göründüyü kimi,
açıq-aşkar Azərbaycan dilinin leksik-qrammatik cəhətdən
assimilyasiyası aparılır. Bu, fərdlərin
assimilyasiya olunmasından daha təhlükəlidir.
Radio-televiziyalarda Azərbaycan türkcəsində olan
verilişlərin dili əsasən, 70 faiz fars
söz və ifadələri ilə “zənginləşdirilib”.
Hətta
İran cəmiyyətinin ən mühafizəkar sosial qrupu
sayılan ruhanilərin ali təbəqəsindən olan Təbrizin
müvəqqəti imam-cüməsi ayətullah Meşkini “Səda
və Sima” şirkətinin belə tipli verilişlər
yaymasını pisləyərək qeyd edirdi: “Bu təşkilat
elə məhəlli proqramlar icra edir ki, başdanbaşa
farsidir və bir nəfər savadsız türk ondan bir şey
bilməz, nə üçün belə bərnamələr
gərək icra olsun ki, xəlq ondan bir şey dərk edə
bilməsinlər?” Azərbaycan türkcəsində
olan mətbu vasitələrinin nəşrinə çox məhdud
şəkildə, rejimin müvafiq idarələrinin nəzarəti
altında icazə verilib. Milli
hüquqların tanınması mövzusuna toxunan dövri nəşrlər
dərhal bağlanır. Qəzetlərdən “Fəcri
Azərbaycan”, “Məhdi Azadi”, “Omide Zəncan” və s. qəzetlərin
bir-iki səhifəsi türk dilindədir. Türk
dilində də bir qayda olaraq ədəbi-bədii materiallar dərc
olunurdu. Elə anlaşılır ki,
türk dili yalnız bayatı və tapmaca dilidir, bu dildə
ciddi bir elmi-nəzəri məqalə yazmaq olmaz, onun
imkanları məhduddur”.
Yeganə
Hacıyeva
Xalq Cəbhəsi.- 2017.- 1 dekabr.-
S.14.