Azərbaycanda dəvəçiliyin qədim
ənənələri var
Qədim
İpək yolunun Cənubi Qafqazdan keçməsi, Azərbaycanın
da bu karvan yolunun üstündə yerləşməsi
buranın qədim sakinləri olan Azərbaycan türklərinin
xalq mədəniyyətində, o cümlədən folklorunda
dərin izlər buraxıb. Keçmişdə bu ticari əlaqələr
dəvə karvanları vasitəsi ilə həyata
keçirildiyindən nəinki dəvə və dəvəçilik
Azərbaycanda geniş yayılıb, Azərbaycanın
toponimikasında özünə möhkəm yer eləyib, həm
də şifahi xalq ədəbiyyatımızda bir çox
deyimlər, atalar sözləri, rəva-yətlər şəklində
vətəndaşlıq qazanıb.
Xalq
arasındakı “Dəvə kimi kinlidir”, “Dəvəsi
ölmüş ərəb”, “Allah dəvəyə qanad versəydi,
uçmamış dam qalmazdı”, “Övladda nəvə,
dövlətdə dəvə”, “Dəvənin
ovsarbağını eşşəyin quyruğuna
bağlamazlar”, “Dəvədən böyük fil var”, “Dəvə-dəvə
danışmaq”, “Dəvə dəlləklik edər köhnə
hamam içində”, “Dəvənin də dərdi dəvə
boydadır”, “Dəvəni toya çağırdılar, dedi
ya suya göndərəcəklər, ya da oduna” və s. onlarla
deyim, bu deyimlərin arxasında duran rəvayətlər
onları yaradan xalqın nəinki mənəvi-əxlaqi dəyərlərinin
güzgüsüdür, həm də dəvə və dəvəçiliyə
verilən bu önəm Qafqazda türklərin böyük
ticari və iqtisadi mədəniyyətə malik
olduqlarını təsdiq edir.
Buna görə də Qafqazda dəvəçiliyin tarixi
həm də burada qədimdən yaşayan Azərbaycan
türklərinin ticari əlaqələrinin tarixidir. Ümumiyyətlə, dəvənin
əhilləşdirilməsi tarixi, tədqiqatçıların
fikrincə, eramızdan üç min il əvvələ
– Eneolit və Tunc dövrünün aşağı hissəsinə
gedib çıxır. İki
hörgüclü dəvənin Türkmənistanın cənubunda
əhilləşdirildiyi elm adamları tərəfindən
yekdilliklə irəli sürülür. Belə ki,
eramızdan əvvəl IV minilliyin axırlarına aid
Türkmənistanın Anay və Konsuyur, Cənubi Azərbaycanın
Şahtəpə adlanan yerlərindən iki
hörgüclü dəvənin sümükləri
tapılıb. Bunlar həmin cinsin ev
heyvanı olması haqqında ən qədim məlumatlardır.
Arxeoloji tapıntılar eradan əvvəl III
minilliyin sonu, II minilliyin başlanğıcında Ön
Qafqazda iki hörgüclü dəvə cinsinin geniş yayıldığını
təsdiq edir.
Ancaq
maraqlı bir cəhət odur ki, bir hörgüclü dəvənin
vətəni Şimali Afrika və Ərəbistan hesab olunsa
da, indiki Qərbi Azərbaycan ərazisində – Oğuznamələrdə
adı tez-tez çəkilən, Əbubəkr Tehraniyə
görə, həm Oğuz xanın, həm Bayandur xanın, həm
də Sunqur xanın məzarlarının uyuduğu qədim
Göyçə gölünün ətrafından da bir
hörgüclü dəvənin alt çənəsi
tapılıb və onun eradan üç min il əvvələ
aid olduğu alimlər tərəfindən müəyyən
edilib.
Dəvələrin
belə erkən, hətta atlardan min il əvvəl
əhilləşdirilməsinin, bir çox alimlərin fikrinə
görə, insan tərəfindən əhilləşdirilən
ən qədim heyvan olmasının özünün də
ciddi səbəbləri olub. Belə ki,
dünyanın səhra və yarımsəhra ölkələrində
dəvə tarixən insanların ən mühüm istehlak tələbatını
ödəməklə yanaşı, həm də yük
daşımaq vasitəsi olmuş, “səhra gəmisi”
adlandırılıb. Belə ki, başqa ev
heyvanlarına nisbətən dəvələr qat-qat artıq
yük götürmək qabiliyyətinə malikdirlər. Orta çəkisi 300-500 kq olan dəvə 100
kiloqramlarla yükü heç bir çətinlik çəkmədən
mənzil başına daşıya bilir. Orta
hesabla 400-500 kq yük götürən dəvə gün ərzində
90-100 km yol gedir. Lakin nər daha çox
yük götürür. Dəvə ilə bağlı
bir zərb-məsəldə deyilir: “Nər yükünü nər
çəkər”. Pəsərək dəvə
isə güc cəhətdən əvəzedilməz hesab
olunur. Dəvəçilər demiş: “Nəri yoran
yükü pəsərək çəkər”.
XVII əsrdə Azərbaycanda olmuş alman səyyahı
Adam Olearinin buranın dəvəçiliyi haqqındakı məlumatı
da maraqlıdır. Dəvənin hətta ələ öyrədilməsi,
yatırdılması qaydasına qədər məlumat verən
müəllif dəvələrin buğur, buğura, maya, nər,
lök kimi cins və s. növlərindən də bəhs
edib. Səyyah nərin ən güclü dəvə
olduğunu, hətta bir tona qədər yük götürə
bildiyini göstərir. Adam Oleari Azərbaycanda
boyca kiçik, at kimi çevik, hətta atdan bərk
qaçan dəvələr olduğunu bildirir. Bu dəvələri azərbaycanlıların “Yel dəvəsi”
adlandırdığını qeyd edir.
Qobustanda Böyükdaş adlanan sahədə qayalarda təsvir
olunmuş karvan və dəvə rəsmləri ta qədimdən
dəvənin ölkəmizdə nəqliyyat vasitəsi
olduğunu sübut edir. Azərbaycanın tranzit ticarəti dəmir
yolunun meydana çıxmasına qədər dəvə
karvanı üzərində qurulmuşdu və “karvan ticarəti”
adlanırdı. Dəvələr min illər
ərzində nəinki ətçiliyin,
südçülüyün, toxuculuğun inkişafına
kömək etmiş, həm də və ilk növbədə
ticarətin güclənməsinə, iqtisadi və mədəni
əlaqələrin artmasına, əhalinin miqrasiyasına
böyük təkan verib.
Təddqiqatçılar
dəvənin ev heyvanına çevrilməsi
və yayılmasını türk mədəniyyətinin
nailiyyəti hesab edirlər. Monqollar və çinlilər də
dəvə ilə ilk dəfə türklər vasitəsilə
tanış olublar. Avropa xalqlarından
macarlar və serblərdə, Qafqaz xalqlarından osetinlərdə
də dəvə termini türkcədir. Respublikamızın
ərazisində tunc dövrünə aid tapılan dəvə
fiqur və bəzəkləri qədimlərdən əhalinin
məişətində dəvəçiliyin mühüm sahə
olduğunu göstərir. Füzuli rayonunun
Qarabulaq kəndi yaxınlığında eramızdan əvvəl
ikinci minilliyin sonuna aid kurqanda bəzədilib qəbilə
başçısı ilə bir yerdə dəfn olunmuş
iki dəvə qalığı tapılıb ki, bu da dəvənin
hələ o dövrlərdən müqəddəsləşdiyini
göstərir. Dəvələrin müqəddəsləşdirilməsi
ilə bağlı Azərbaycan folklorunda çoxlu inanclar var.
Belə ki, dəvənin bir tikə yununu parçaya
büküb dua əvəzinə uşağın paltarına
tikər və inanardılar ki, bu, uşağı qan-qadadan, xəstəliklərdən
qoruyacaq. Elə bu səbəbdən də
dəvə yunundan heç vaxt corab və palaz toxunmaz,
döşək və keçə salınmazdı. Çünki inanca görə, dəvə yunu
tapdanmamalı idi.
Şərq xalqları arasında mövcud olan bir inama
görə, dəvə günəşdən yaranıb. Digər inamda
isə dəvə ilə insanın bir torpaqdan yoğrulmuş
palçığın müxtəlif hissələrindən
yarandığından bəhs edilir. Ağ
dəvə isə müqəddəslik və xeyirxahlıq
simvolu hesab olunur. Azərbaycan ərazisində
qayalara dəvə rəsmlərinin çəkilməsi, dəvə
heykəllərinin qoyulması, pirlərin yaranması onun hələ
uzaq keçmişlərdən müqəd-dəsləşdiyinin
göstəricisidir. Dəvəçi əhalinin
inamına görə, dəvə əti ruhu təmizləyir,
onu qoruyur, dünyaya övlad gətirilməsinə kömək
edir. Dəvə sümüyü isə
sehrli müalicə təsirinə malikdir. Körpələri
bədnəzərdən qorumaq, psixi xəstə
uşaqların ruhundan qorxunu çıxarmaq üçün
üstünə dəvə tükü tikirlər.
Xalq təbabətində
dəvə məhsulları digər ev
heyvanlarının məhsulları ilə müqayisədə
daha böyük əhəmiyyət daşıyır. Dəvə əti bədənə istilik verir, bədən
orqanlarını qüvvətləndirir, sarılıq, şəkərli
diabet xəstəliklərində təsirli dərman kimi istifadə
olunur. Dəvə yunu xalq təbabətində
ən çox işlədilən məhsullardan hesab olunur.
Yunu yandırıb külünü yaraya qoymaqla
qanaxmanı dayandırırlar. Revmatizm xəstəliyi
olan adamlar dəvə yunundan toxunmuş paltar geyməklə bədənlərində
olan ağrının azalmasına nail olurlar. Dəvə
südü göy öskürək, boğaz
ağrısı, vərəm, mədə-bağırsaq xəstəliklərinin
müalicəsində əvəzsiz hesab olunur. Dəvə iliyi və hörgücünün
yağı qüvvətli müalicə təsirinə
malikdir. Onun südündən
hazırlanmış yağdan kosmetik xəstəliklərin
müfalicəsində istifadə olunur.
Dəvənin müqəddəsləşdirilməsində
məhsullarının müalicə əhəmiyyəti ilə
yanaşı, onun hissiyatı, insana münasibəti də
mühüm rol oynayıb. O, çox hissiyyatlı heyvandır,
ona göstərilən mehribanlıq və kobudluq heç vaxt
əvəzsiz qalmır. Sahibi ilə arasında
səmimiyyət olduqda dəvə həmişə onun
göstərişini könüllü yerinə yetirir. Təsadüfi deyil ki, ən kinli adamı ancaq dəvə
ilə müqayisə edir, “filankəsdə dəvə kini
var” deyirlər. Kobudluğa qarşı isə
çox kinli olan dəvə gözünə vuranda daha
çox amansız olur. Elə ki, dəvə
kin bəslədi, ömrü boyu intiqam hissi ilə
yaşayır, fürsət düşən kimi kin
saxladığı adamı öldürür və cənazə
ətrafında cövlan edir, şadlanır. Lakin dəvələr həm də ədalətli
olurlar. Bəzən erkək dəvə
qızanda səhvən adamı da öldürür. Bu zaman onlar tez səhvlərini duyur, baş
götürüb, hadisə yerindən qaçırlar. Belə hallarda dəvələr çox peşman
olur, hətta kədərdən ölürlər. Sahibi ölən dəvə ağlayaraq göz
yaşları tökür. Örüşdə
olan dəvə ailəyə üz verən kədəri duyur,
qapıya gəlir və ağlayır.
Müharibələr zamanı dəvələrdən
istifadə olunmasına dair tarixdə xeyli faktlar var. Belə
müharibələrdə dəvələr hətta bir
çox döyüşlərin taleyinə həlledici təsir
göstərib. 1389-cu ildə Anselman
döyüşündə türklər birləşmiş
slavyan qoşunlarına qarşı meydana döyüş dəvələri
çıxarmışdılar. Teymurləng
Hindistana hücumu zamanı döyüş fillərinə
qarşı dəvələrdən istifadə etmiş və
həmin döyüşdə qalib gəlmişdi. Tarixi-etnoqrafik baxımdan, Azərbaycanda dəvəçilik
haqqında ətraflı məlumat verən ilk mükəmməl
yazılı abidə “Kitabi Dədə Qorqud”
dastanıdır. Dastan Azərbaycan
xalqının məişətində dəvəçiliyin
mövqeyini, mövcud olmuş dəvə cinslərini, onunla
bağlı inam və etiqadları öyrənmək
üçün geniş imkan verən qiymətli mənbədir.
Dəvəçiliyin insan həyatında xüsusi
önəm daşımasının səbəblərindən
biri də onun aclığa, susuzluğa
dözümlülüyü, uzun müddət susuz qala bilməsidir. Dəvələr
bir dəfəyə 200 litrə qədər su içə
bilir və bundan sonra bir həftə suya yaxın getmir. Dəvələr nə olsa yeyir, həmçinin
dodaqları və ağız boşluğunu zədələmədən
tikan da yeyə bilirlər. Dəvə
çox fəhmli heyvandır, o, bir dəfə keçdiyi
yolu ömrü boyu çaşdırmır. Dəvənin
bu keyfiyyəti haqqında yaranmış xalq məsəlində
bu, çox dəqiqliklə ifadə olunub: “Dəvə asta gedər,
çox gedər”. Görmə qabiliyyəti
güclü olan dəvə örüşdə ona lazım
olan otu seçib, ancaq öz payını götürür.
Hətta ac olanda belə bitkini bütöv yemir,
ondan müəyyən hissəni qoparmaqla kifayətlənir.
Susuz dəvələr 60-70 kilometrlik məsafədə
suyun olduğu səmti asanlıqla duyub tapırlar. Dəvə həmçinin yüksək keyfiyyətli
süd məhsulları verir. Onun
südü yüksək bakterisidlik xassəsinə malik
olduğundan onu 2-3 gün adi hava şəraitində
saxladıqda belə çürümür. Dəvə ildə bir dəfə – mart-aprel
aylarında qırxılır. Maksimum yun
göstəricisi 21 kq-dır. Onun yunu
qoyunun zərif yunundan da qiymətlidir. Qaramal
gönü ilə müqayisədə dəvə gönü
dabbaqçılıqda daha yüksək qiymətləndirilir.
Azərbaycan zərgərlik sənətində
dəvə sümüyü tarixən qiymətli material
olmuşdur. Dəvə sümüyündən
hazırlanmış təsbeh, qadın boyunbağısı və
muncuqları əhali tərəfindən həmişə bəyənilib.
Əziz Ələkbərli
Filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2017.- 5 dekabr.-
S.14.