Soltan Soltanlının bənzərsiz
sənət dünyası
Tanınmış rəssamın çəkdikləri çağdaş
incəsənətin, rəssamlığın
yetkin örnəkləridir
Soltan Soltanlı
1976-cı ildə Ağsu
rayonunun Kalva kəndində müəllim
ailəsində doğulub. Soltan Soltanlı
20 ildən artıqdır
ki, rəssamlıq sənəti ilə məşğul olur.
Rəngkar, qrafika ustası
və karikaturaçıdır.
O, "Soltan gülür”,
"Soltanın cizgiləri”
və "Karikaturalar”
kitablarının müəllifidir.
2000, 2003-cü illərdə Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova
adına sərgi salonunda, 2001-ci ildə M.F.Axundov adına Milli Kitabxanada, 2004-cü ildə Azərbaycan Karikatura Evində, İranın Təbriz və Ərdəbil şəhərlərində (2004) fərdi sərgiləri təşkil olunub. Bundan başqa rəssam Azərbaycan Karikatura Evini yaradıb (2004), orada bir sıra
yerli və beynəlxalq sərgilər
təşkil edib.
2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
O, uşaqlıqdan rəsm çəkməyə başlayıb.
Yeniyetməlik çağlarında rəssam olmaq həvəsi onda daha da güclənir.
Bu məqsədlə 1991-ci ildə Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə
gəlir və istəyi baş tutmur. Bundan sonra kəndə
qayıdan və orta təhsilini davam etdirən Soltan rəssamlığa daha da bağlanır,
təbiətlə təmaslarını
artırır, onu dərindən duymağa çalışır.
Onun ədəbiyyata
da böyük marağı vardı. Beləliklə, 1993-cü ildə o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul
olunur, 1997-ci ildə oranı bitirir. 1997-2000-ci illərdə isə həmin universitetin dilçilik üzrə magistraturasında
oxuyur. Soltan Bakıya gəldikdən
sonra rəssamlıqla
daha dərindən maraqlanır, sərgi salonlarına gedir, tanınmış rəssam
və heykəltəraşların
emalatxanalarında olur,
onlar haqqında məqalələr yazır,
daim öyrənməyə
çalışırdı. Onun fikri qəti
idi: universitet təhsilini yarımçıq
qoyub rəssamlıq məktəbinə getmək.
İndi artıq onun rəssamlıq haqqında
yetərincə bilgisi
vardı. O, rəssamların
yaradıcılığı haqqında ümumiləşdirmələr
aparır, onların əsərlərini özü
üçün izah etməyə çalışırdı.
Gənc Soltanı tanış olduğu rəssamların
rəng ustalığı
heyran etsə də, onların mövzuları təmin etmirdi. Onun nəzərincə, gördüyü rəssamların
hamısının yaradıcılığı
haradasa bir-birinə oxşayırdı. Bu isə
onu düşündürürdü:
niyə rəssamların
yaradıcılıqları bir-birinə bənzəyir?
Soltan belə düşüncəyə
gəlir ki, bütün rəssamların
bir məktəbdən
keçməsi, eyni müəllimlərdən dərs
alması, eyni şeyləri öyrənməsi
sonda onların bir-birinə bənzəməsinə
gətirib çıxarır.
Belə olan halda rəssamlıq
təhsili almağa gərək varmı?
1995-ci ildə Soltan qəbul olmaq istədiyi Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə
öyrənmək məqsədilə
dərslərə gedir
və oradakı ənənəvi təhsilin
xəyallarındakı yaradıcılıq
üçün yetərsizliyini
görür, onda qəti olaraq rəssamlıq təhsili almamaq düşüncəsi
yaranır. Onun məqsədi fərqli
rəssam olmaq idi. Bu fərqliliyi
ona hansı məktəbdə hansı
müəllim öyrədəcəkdi?
Ona görə o, özündən
öyrənməyə üstünlük
verir.
O, Soltan öz üslubunu yaratmaq istəyirdi. Onun istədiyi rəssamlıq
insan idrakının dərin qatlarından qaynaqlanan, daha çox fəlsəfi, düşündürücü, əbədi ideyaları əhatə edən, duyğusal, heyrətli rəssamlıq olmalı idi.
“Bəs necə fərqli olmaq?” sualı onu çox düşündürdü. Bu sualın
cavabını tapmaq üçün o, geniş
mütaliəyə başlayır,
Azərbaycan rəssamlığını
öyrənir, çatışmayan
başlıca nöqtəni
tapır: mövcud olduğu müddətdə
Azərbaycan rəssamlığı
düşüncədən, fəlsəfədən məhrum
olub, fikrin dəqiq, aydın, fəlsəfi ifadəsi olmayıb. Böyük ənənəsi olan Azərbaycan ədəbiyyatı, muğamı
daha fəlsəfidir.
Demək,
belə fəlsəfiliyi
rəssamlıqda da yaratmaq olar. Bütün bunlardan sonra Soltan o düşüncəyə
gəlir ki, rəssamlıq təkcə
təsvir sənəti
deyil, o ən başlıcası, düşüncə
sənətidir. Rəssam anlayırdı
ki, sənət gerçəkliyi əks etdirəndə gerçəkliyin
özü kimi ötəri və ölümlü olur.
Ona görə sənət əbədi mövzulara baş vurmalı, özünün əbədi
qalmaq təminatını
yaratmalıdır. Həm də
bu yaradıcılıq
indi çoxlarının
üz tutduğu anlaşılmazlıqdan uzaq
olmalıydı.
Soltanın çəkdikləri çağdaş
incəsənətin, rəssamlığın
yetkin örnəkləridir. Bu əsərlərdə dərin
məzmun qatları
var. O, mövzunu tamaşaçı
üçün bütünlüklə
açmağa çalışır,
bunu özünün borcu sayır. Onun fikrincə, əsər rəssama – yaradıcıya
aydın deyilsə, tamaşaçıya yerli-dibli
aydın deyil. Bir sözlə, aydın düşüncəsi
olmayan rəssam aydın əsər yarada bilməz! Gərək rəssam ən dərin fəlsəfi əsəri elə sadə çəksin ki, tamaşaçı onu dərk etməkdə
çətinliyə düşməsin.
Soltanın yaradıcılığı üçün idrakilik və fəlsəfilik başlıca özəllikdir.
Çağımızda hər
sayaq anlaşılmazlığın
“dərin”, “fəlsəfi”
sayılmasını qəbul
etməyən rəssam
tamaşaçını aldatmaq
istəmir, əsərlərilə
insanların xəyal dünyasını genişləndirməyə,
gerçək dünyanın
mahiyyəti göstərməyə
çalışır.
O, fantaziyalarına inanır və təsvir etdiyi hadisələrin gerçəkdən ola biləcəyinə
tamaşaçıda inam
yaradır. Bu təsvirlər qeyri-realdır.
Ona görə, o, öz əsərlərini “irreal”
adlandırır və
ilk dəfə olaraq bu termini rəssamlığa
gətirir. İrreal – gerçək
olmayandır. Sənətin
təqdim etdiyi irreallıq isə əslində olandır! Bəs harada? Yalnız düşüncədə, xəyalda,
mahiyyətdə! Demək, dünya
təkcə reallıqdan
– gerçəklikdən ibarət
deyil, o həm də dərin, fəlsəfi irreallıqdan
ibarətdir. Beləliklə, onun mənsub olduğu, yaranması üçün çalışdığı
irrealizm cərəyanının
əsas məqsədi
dünyaya, həyata dərin idraki, fəlsəfi və məntiqi baxış, yanaşmadır. Onun fikrincə,
irrealizm – gerçəkdə
olmayanı yaratmaqdır.
Soltan həm də qrafik və karikaturaçıdır. Bununla bağlı onun ölkədə və yurd dışında sərgiləri keçirilib,
kitabları çap olunub. Beynəlxalq müsabiqələrin qalib və mükafatçısı,
sərgilərin iştirakçısı
olan rəssamın əsərləri çoxlu
beynəlxalq kataloqlarda
yer alıb. Əsərləri müxtəlif ölkələrdəki
muzeylərdə və
özəl kolleksiyalarda
saxlanılır.
Bu ilin əvvəlində
Soltan Soltanlı İspaniyanın Madrid şəhərində
keçirilən 6-cı beynəlxalq
rəsm müsabiqəsində
2-ci yerə layiq görülüb. O, yarışmaya
"Kalva ətrafında
döyüş” əsəri
ilə qatılıb.
Əsəri öncə yağlı
boya ilə kətan üzərində
çəkən rəssam
sonradan onun qrafik variantını işləyib və həmin fotonu müsabiqəyə göndərib.
O, sözügedən əsəri
keçən ilin aprel döyüşlərindən
təsirlənərək yaradıb.
Rəssamın dediklərindən:
" Müsabiqədə
çoxsaylı əsərlər
olub. 77 əsər
finala vəsiqə qazanıb. Onlardan 3-ü son finala qədər
gəlib çıxıb.
Çox
şadam ki, finalçılar sırasında
mən də varam. Bu şəkli
ötən ilin aprel döyüşlərində
çəkmişəm. O döyüşlərdə çox
şəhidlər verdik
və mən bundan təsirləndim. Müharibə mövzusu məni
çox cəlb etdi. Elə bir şey çəkmək istədim
ki, sadəcə təsvirdən ibarət olmasın. Burada səngər həm
də əsgərin məzardır. O öz
qəbrini qazaraq döyüşə girir və bilir ki,
bu döyüşdə
həlak olacaq. Bunun üçün mən səngəri ənənəvi
formada deyil, qəbir formasında təsvir etdim. Bununla da əsgər öz qəbrindən düşmənə qarşı
döyüşür. Orada yağlı boya variantında döyüşçülərin
Azərbaycan əsgəri
olmasını sübut
etmək üçün
bir əsgərin qolunda Azərbaycan bayrağını da əks etdirmişəm.
Əsərin adı "Kalva
ətrafında döyüş”dür.
Kalva mənim kəndimdir.
Bunu nə üçün məsələn, Cəbrayıl
üzərində döyüş
yox, Kalva üzərində döyüş
kimi qeyd etmişəm? Elə hesab
etdim ki, o döyüş mənim kəndimdə baş verir. Bu sənətdə
bir rəmzləşdirmə,
bir rəng var.
Sənətkar başqalarını heyrətləndirməyi,
təəccübləndirməyi hökmən bacarmalıdır. Gərək dünyaya
elə bir söz deyəsən ki, fərqli olsun. Azərbaycan rəssamı elə
bir əsər ortaya çıxarmalıdır
ki, desinlər, bəli, bu ölkənin
rəssamı da sözünü deməyi
bacarır".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2017.- 6 dekabr.-
S.14.