“Rahatlığım olsaydı, on uşaq böyüdərdim”

 

Firəngiz Mütəllimova: “Əhd eləmişəm ki, Şuşa alınsın, mədəniyyət evinin qabağında ayaqyalın oynayacam”

 

Xalq artisti Firəngiz Mütəllimovanın APA-ya müsahibəsi (ixtisarla)

- Firəngiz xanım, kənardan bir az sadəlövh görünürsünüz. Deyəsən, oynayırsınız, axı...

- Yox, yox, vallah. Allah eləməsin. Amma bil ki, o qədər də sadəlövh deyiləm. Kim düşünürsə ki, mən avam adamam, bəli, onlarla oynayıram. Çünki buna məcburam. Birincisi, qoç bürcüyəm, liderəm. İkincisi, zəhmətkeşəm, ortada yeyib, qıraqda gəzmirəm.

- Vaxtilə çox məşhur olan aktyorları indi tanımayan nəsil böyüyür. Siz də belə hallarla qarşılaşırsınız?

- Vaxt olub, hətta üzümü gizlətmişəm, səsimdən tanıyıblar. Ona görə özümü xoşbəxt sayıram ki, məni uşaqlar da, gənclər də, qocalar da tanıyır. Amma etiraf edim ki, bu bir tərəfdən pisdir. Küçədə, məclisdə, marketdə hamı sənə baxır, hamı səndən danışır və narahat olursan. Bazara gedəndə hiss edirəm, bir manat olan şeyi üç manata satmaq istəyirlər. Deyirəm, ay balam, mən milyonçu deyiləm, maaşla yaşayan adamam. Amma bəzən olur ki, ümumiyyətlə, pul götürmürlər. Sağ olsunlar, çətin vaxtlarda mənə çox güzəşt edirlər. Məsələn, həkimə gedirəm, təmənna güdmürlər. Hətta Türkiyədəki həkimim də məndən pul almamışdı.

- Yəqin ki, sizdən kömək uman, sizə zəng etdirən qohum-qonşu olur...

- O qədər olub... Mənim qohum-əqrəbam qaçqındırlar. Onların çətin vaxtlarında ora-bura zəng edirdim ki, nolar, onlara kömək edin, vəziyyətləri yaxşı deyil. Hara üz tutmuşamsa, məni eşidiblər. Amma özlüyümdə bilirəm ki, kimin qapısını döymək olar, kimin yox. İndi qapı döymək də çətinləşib. Gərək neçə mərhələdən keçəsən ki, kiminsə qəbuluna düşəsən.

- Bildiyim qədər Şuşanın icra başçısı Bayram Səfərovla dostsunuz. Adamların da ən çox işi icra hakimiyyətlərinə düşür...

- Bayram müəllimi gəncliyimdən tanıyıram. Özü də ondan qorxub-çəkinirdik. Bilmirəm niyə. Görən kimi qaçıb evə girirdik ki, birdən bizə hirslənər. (Gülür).

Özü də tək mən yox, bütün qızlar yaxşı mənada çəkinirdik. Bayram cavan oğlan idi, yaxşı ticarəti var idi. Tanıyan-bilən görür ki, ürəyi təmiz, mülayim adamdır.

Amma kənardan çox zəhmli görünür, ona görə də çəkinirdik. Gəncliyimdə Bayram olan, indi mənim üçün Bayram müəllimdir. Allah canını sağ eləsin. Bayramın ailəsini tanıyıram. Rəhmətlik ata-anasını da tanıyırdım. Şuşada hamı bir-birinə yaxın idi. O ki qaldı icra hakimiyyətinə qohumların işinin düşməyinə, Bayram elə şeyləri sevmir. Ona görə də məni heç kim vasitəçi salmır.

- Firəngiz xanım, Siz Şuşada doğulmusunuz, amma sənədlərdə Ağcabədi yazılıb. Bunun tarixçəsi necə olub?

- Atamla anam Ağcabədidə işləyirdilər, ona görə şəhadətnaməni oradan alıblar. Şəxsiyyət vəsiqəmdə yazılıb ki, Ağcabədinin Avşar kəndində doğulmuşam. Atam qəbələli, anam şuşalıdır. Təyinatla gəliblər Avşar kəndinə, bir-birini seviblər, atam anamı qaçırıb. Mənim ömrümün ən gözəl illəri Şuşada, Qəbələdə, bir də Avşar kəndində keçib. Avşardan üçüncü sinifdə çıxmışam, amma indi gözüyumulu o kəndi gəzə bilərəm. Şuşanın işğalını eşidəndə Türkiyədə qastrolda idik. Birdən Ramiz Novruz başını tutub çıxdı ki, vay, Şuşanı aldılar. Mikayıl Mirzə başını divara çırpdı. Mən donub qalmışdım. Heç yerə də əlim çatmırdı. Səhəri qardaşım dedi, evdəkilər Bakıdadırlar, Şuşa yoxdur. Şuşadan sonra anam atama tez-tez deyirdi ki, evdən çıxanda “xolodelnik”i niyə söndürmədin? Atam da deyirdi, səni necə başa salım, Şuşa yoxdur, Şəfiqə, Şuşayoxdur. Anam da sakitləşə bilmirdi, atamla dava edirdi ki, Qacarın ala bilmədiyi Şuşanı erməni alacaq? Biz hər şeyimizi orda qoyub gəlmişik. Deyirdilər, Şuşadan çıxmaq istəməyənlər acından ölməmək üçün bizim evdəki ərzaqları aparıb yeyirmişlər. Sonradan məhəlləmizin görüntülərinə baxmışam. Bizim evimiz kinoteatr, polis, bank olan məhəllədə idi. Baxdım ki, evimizdən heç nə qalmayıb. Mən böyüyən ev darmadağın olub.

- Bir müddət teatrdan uzaq düşmüşdünüz. Sizi yenidən teatra kim qaytardı?

- Atam. Mən ailə həyatı qurmuşdum, xaricdə yaşayırdım. Atam dedi, uşağın olsaydı, deməzdim, amma indi yoldaşından ayrılıb, sənətə qayıtsan yaxşıdır. Bakı ilə London, İstanbul, Dubay arasında yollarda qalmışdım.

Onda əməkdar artist idim. Yoldaşım da Bakıda yaşamaq istəmirdi. Atam da dedi, ayrıl, birdəfəlik çıx, gəl. Rəhmətlik Həsənağa Turabov yerimə bir il heç kimi götürmədi. Yoldaşım da teatrın nə olduğunu bilmirdi. Deyirdi, mənə sənin teatrın lazım deyil.

- İndi əlaqələriniz var?

- Yox. Heç bilmirəm, haradadır. On beş il olar nə o axtarır, nə mən. Bilmirəm, bəlkə də rəhmətə gedib.

- Bu qədərmi etibarsızlıq?

- Bilmək də istəmirəm. İnsan görmək istədiyi adamı axtarar. Biz dörd il bir yerdə olduq. Vallah, mənim onunla heç bir incikliyim olmayıb. Əksinə, dünyanın yarısını onunla gəzmişəm. Həmişə deyirdim, beynəlxalq qastrola çıxmışam, sadəcə, tamaşa oynamıram. Çox imkanlı adam idi. Nə gizlədim, onunla xoşbəxt həyat yaşamışam. Bir var qadına bir paltar alasan, bir də var, mağazanı yığıb gətirəsən. Londonda bir mağazanın paltarını alıb mənim üçün gətirirdi. İnsanın sevinməyi onun xoşuna gəlirdi.

Özü də təkcə mənə yox, bacılarıma, gəlinlərimizə də hədiyyələr alırdı. Özləri Meşkinşəhərdən idilər, atası-anası Tehranda yaşayırdı. Qayınatamla qaynanam da məni çox istəyirdilər. Hətta qayınatam mənə ləhcə ilə şeir oxuyurdu: “Gözəllərin gözəlidir gəlinimiz...”. Yoldaşım antikvar malların ticarəti ilə məşğul idi. Tanışlığımız sənə maraqlıdırsa, danışım.

- Danışın...

- Bakıda yas yerində təsadüfən tanış olmuşuq. O vaxt xaricilər az-az gəlirdilər. Hətta İngiltərə əvəzinə demişdilər, İtaliyadan qonaqlar gəlib. Mənə bircə dəfə baxdı, başını aşağı saldı. Səhəri bizi qonaq çağırdılar. Dedi, xanım, “Yad qızı”nın kasetini mənə gətirərsiniz? Kaseti verdim, qayıtdı ki, axşam sizə gəlmək, atanızı-ananızı görmək istəyirəm. Atamla görüşən kimi dedi, ata, mən bu kaseti yox, sənin qızını istəyirəm. Bu da mənim xoşuma gəldi. Həmin vaxt Cənnət Səlimovanın tamaşası ilə Almaniyaya qastrol hazırlaşırdıq. Dedim, görüm məni gözləyəcək, ya gedəcək? Minskdən zəng etdim, dedilər, 20 gündür səni gözləyir, getmir. Onu özüm üçün arxamda dağ bilirdim. Ondan sonra peşmançılığını çox çəkdim. Vəkil tutub ayrılmağa gedirdim, salam verib əlimə toxunan kimi deyirdim, ayrılmıram, qalıram səninlə. Birinci dəfə vəkili görəndə soruşdu ki, bu kimdir? Dedim, ayrılmağa gəlmişəm. Türkiyədə “Hilton” otelinin balkonuna çıxdı ki, ayrılsan, özümü atıb öldürəcəyəm. Bir təhər başa saldım ki, atam ağır xəstədir, mən Bakıda olmalıyam.

- Ondan sizə nə qaldı?

- Ev, bağ, maşın deyirsənsə, heç nə. Üç dəfə maşın almaq istəyib, razı olmamışam. O mənə başqa şeylərdə kömək edib. Qohumlarım qaçqın düşmüşdülər, xəstələrimiz, yarımçıq qalan toylarımız var idi. Maşından qabaq mənə doğmalarımın ehtiyacları vacib idi. O yaxşı adam idi. Yalandan deyə bilmərəm ki, pis idi. Sadəcə, işi xoşuma gəlmirdi. Antikvar dolaşıq işdir. Bu adam belə idi: səhər saat beşdə dururdu, saat 11-ə qədər işlərini görüb gəlirdi. Bakıda olanda deyirdi, mən işlərimi görüb bitirmişəm, sənin qohumların isə hələ də yatır, ona görə də acından öləcəklər. Deyirdi, 11-də kişi evə pul gətirər, səninkilər hələ yatır. Təsəvvür et, bir işi görürdü, 300 min qazanırdı, bizimkilər kimi demirdi, bir ay yeməyim var.

Gələn həftə onun üstünə 500 min gətirirdi. Pul üstümüzə qar kimi yağırdı. Özü də təkcə antikvarla məşğul deyildi. Məsələn, Kiprdən Avropaya kürklər daşıtdırıb, satdırırdı. Mənimlə gedən vəkil yolda deyirdi, onu rədd elə, getsin. Tanış oldular, necə şirin dilinə saldısa, vəkil dedi, boşanma, bunun kimi ağıllı adam görməmişəm. Ona rast gələnə qədər Türkiyədən olan bir nəfərlə evlənməyə hazırlaşırdım. Nişan üzüklərimizə qədər alınmışdı. Sonra baş tutmadı. Mən evlənəndən sonra həmin adam zəng vurdu, yoldaşım götürdü telefonu.

Dedikləri indiyə qədər yadımdadır: “Allah sənin atana rəhmət eləsin, sən Firəngizi almadın, özüm aldım. Ona zəng vurma”. Bir dənə də yaxşı söyüş söydü, o bu, bir də zəng gəlmədi. Təsəvvür elə, mənim üçün hər şeyi edirdi, sevinə bilmirdim. Soruşurdu ki, üzün niyə gülmür? Deyirdim, Məhəmməd, mən bu qədər var-dövləti heç vaxt görməmişəm. Öyrəşmişəm ki, bir şeyi zülm-zillətlə qazanım, sonra sevinim. Xaricə gedirdik, onu aeroportda maşın karvanı gözləyirdi. Türkiyədə “Hilton” otelinin sahibi demişdi, qonağımsan, otel bir həftəlik sənin ixtiyarındadır. Yenə deyirəm, uşağım olsaydı, bəlkə onunla yaşayardım.

- Sonralar uşaq götürmək niyyətiniz də olmayıb...

- Heç vaxt. Çünki rahat həyatım olmayıb. Rahatlığım olsaydı, on uşaq böyüdərdim. Özümə güclə baxırdım, uşağa necə baxacaqdım? Bacımın uşaqları mənim öz balalarımdır, onları oxutmuşam, istəyirəm, bir tərəfə çıxsınlar. Hər ikisi çox yaxşı övladlardır. Mənim heç nəyim olmasa da, sınmamışam. Pullarımı sayıb qurtara bilmədiyim vaxtlarım olub. Elə gün də olub, 1 manata ehtiyacım olub. Vacib olan can sağlığı və adam olmaqdır.

- Sizin çəkilişindən imtina etdiyiniz çoxlu filmlər olub...

- Çox olub. Seçimə çağırıb təsdiq edirdilər, sonra alınmırdı. Mənim də qəlbim incimişdi. Həsən Turabovun çəkildiyi filmlərə razı olurdum. Bir də Vaqif Mustafayevlə Ceyhun Mirzəyevin filmlərinə çəkilmişəm. Ən yaxşı qonorarlarımı Turabovun çəkildiyi filmlərdən almışam. O vaxt verilişlərə gedəndə də qonorar alırdıq. İndi heç nə vermirlər, mən də getmirəm. Şikayət etmirəm, şükür Allaha, yaşayırıq. Prezident mükafatı alıram, dövlətimiz tərəfindən evlə təmin olunmuşam. Adam gərək düzünü danışa, dövlət tərəfindən, nazirlik tərəfindən öz üzərimdə həmişə qayğı hiss etmişəm. Əməliyyatdan çıxandan sonra özüm deməmişdim, amma nazirlikdən neçə nəfər zəng etdi ki, bizə niyə xəbər etməmisən.

- Mədəniyyət və İncəsənət Universitetində dərs deyirsiniz. Tələbələrinizdən razısınız?

- Tələbələrimdən çox razıyam. Builki uşaqlardan çox şey gözləyirəm, çox istedadlıdırlar.

- Çətinliyiniz olanda kimlərlə danışıb yüngülləşirsiniz?

- Teatrda Nurəddin Mehdixanlı ilə dərdləşirəm. Evdə də nə sözüm, sıxıntım olur, bacımla danışıram.

- Nə arzunuz, nə sözünüz var?

- Ən böyük arzum Şuşanın qayıtmasıdır... Teatrımızın kollektivinə sağlamlıq arzu edirəm. İstəyirəm, ailə üzvlərim hamısı xoşbəxt olsunlar. Qardaşımın nəvələrinin toyunu görməyi arzu edirəm, bacımın balalarının yaxşı işə düzəlməsini istəyirəm.

- Bir neçə il əvvəl ziyalılar Şuşaya getmişdilər. Sizə də şəhərinizi gedib görmək istəyərdinizmi?

- Yox, istəmirəm. Mən Şuşanı o vəziyyətdə görsəm, ürəyim dayanar. Desəydilər də, getməzdim. Əhd eləmişəm: mənim şəhərim, mənim Şuşam alınsın, mədəniyyət evinin qabağında ayaqyalın oynayacağam. Qar da yağsa oynayacağam, yağış da yağsa...

 

Xalq Cəbhəsi.- 2017.- 8 dekabr.- S.13.