Tənbur ifaçılığı və hayla yaradıcılığı

 

1-ci yazı

 

Azərbaycanda vaxtilə geniş yayılmış tənbur sənəti hazırda yalnız Zaqatala-Balakən bölgəsində yaşayır. Bu bölgədə tənbura dambır, dambırla oxunan mahnılara isə hayla deyirlər. Bölgədə həm qadın, həm də kişi dambırçılar olmuşdur. Bəs hayla sözünün etimologiyası nədir? Hayla deyəndə yada ilk əvvəl “haylamaq”, “haraylamaq”, “səsləmək”, “çağırmaq” feilləri düşür. Maraqlıdır ki, xakaslar, altaylar, şorlar, tuvalılar, başqırdlar dastana “kay”, “kayla”, yaxud “hay”, “hayla”, dastan söyləyənə isə “kayçı”, “hayçı” deyirlər. Bu sözün bir mənası da “boğazda oxuyan”, yaxud da “boğaz oxuması” anlamını verir. Prof. Metin Ergin “Hakas hayçıları və hayçılık sanatı” adlı tədqiqatında qeyd edir ki, “Hakaslar arasında nimax, yaxud da alıptıx nimaxlar söyləməyə hayla deyilir”.

Bizim hayla sənəti və dambırçılarla tanışlığımız 2005-ci ildən başlayır. 2005-ci ilin avqust ayında biz Balakən rayonunun Tülü kəndində Dabaxov Nizamla görüşərək ondan bir kasetlik material toplamışdıq. Haylanın məhz canlı ifada, vəziyyətə, əhval-ruhiyyəyə uyğunlaşdırılaraq yaradıldığını ilk dəfə onda müşahidə etmişdik. Eyni zamanda dambırçıların deyişməsini də ilk dəfə o zaman görmüşdük. Dambırçı Nizamın oğlu İlkinlə deyişməsinin şahidi olmuşduq. Dambırçıların deyişməsini haylanı canlı ifada yaratmaq baxımından bir növ meyxanaçıların deyişməsinə bənzətmək olar. Amma meyxanadan fərqli olaraq, haylada vulqar söz və ifadələrin işlədilməsi halları ilə, dambırçıların aqresiya nümayişi ilə qarşılaşmırıq. Dambırçılar, adətən, ədəb çərçivəsindən çıxmır, qayda-qanunu gözləyirlər. Deyişmənin maraqlı cəhətlərindən biri də budur ki, sözə başlayan dambırçı hansı havada çalıb-oxuyursa, qarşı tərəf də məhz o havanın üstündə cavab verməlidir. Əgər ikinci tərəf qaydanı pozarsa, bu, qarşı tərəfin və dinləyicilərin etirazına səbəb olur. 2014-cü ilin may və avqust aylarında, 2016-cı ilin avqust ayında yenidən dambırçılarla görüşlərimiz oldu. Biz Balakən şəhərində, Gülüzanbinə, Hənifə, Qullar, Tülü, Qazma, İtitala kəndlərində, Qabaqçöldə toplama işləri apardıq. Bu səfərlərimizdə 40 saatlıq material toplaya bildik.

Balakənin dambırçı, haylaçı və meyçiləri haqqında məlumat. Tahirə Sultanın verdiyi məlumata görə, ötən əsrdə Tülü dambırçıları məktəb yaratmışlar. Və bu məktəbin də görkəmli nümayəndələri olub. Ata Bilal, Dabax Mehralı, Kor Ata, Serjant Zeynalabid, Ata Kamal, Alagöz Tacəddin, Səkinə Teyyubqızı, Diriquş İbrahim (Axverdiyev), Üneyzət Hüseynova, Qarayev İbadulla və s. kimi məşhur dambırçılar məhz Tülü məktəbinin yetirmələri olublar. Bu dambırçılar dambır çalmaqla yanaşı, həm də ustad hayla deyənlər idilər. Dabax Zalxa, Samrat arvad, Moca Soltan (Qarayev) və s. isə dambır çalmasalar da, hayla deyişmələrində xüsusi fərqlənən haylaçılar kimi bu gün də tülülülərin xatirələrində yaşayırlar. Dabaxov Nizamı Tülü dambırçılarının davamçısı saymaq olar. O, yaxşı dambır ifaçısı olmaqla bərabər, bədahətən hayla demək qabiliyyəti də var. Tülüdə yalnız dambırçılar və hayla deyənlər deyil, eyni zamanda ustad mey (Balakəndə yastı balabana mey deyirlər - L.S.) çalanlar da olub. Tülüdə ilk mey çalan Akubayev İsrafil olub. İsrafil kişi Çolpa İdrisin, Çolpa İdris Usub kişinin, Usub kişi isə Dabax Rəcəbin ustadı olmuşdur. Tülü kənd sakini Teyyub kişi həm yaxşı mey, həm də dambır çalırmış. O, balakənlilər arasında Meyçalan Teyyub kimi xatırlanır.

Talalar kənd sakini İlqar Padarovun ifadəsi ilə desək, “Meysiz dambır yetim uşağa bənzəyir”. Bəzən iri məclislərdə (əsgər qonaqlığı, hörmətli məclislərdə və s.) saatlarla meyçinin gəlməsini gözləyərdilər. Onun dediyinə görə, Dabaxov Rəcəb saatlarla gözlənilən meyçi idi. Rəcəb kişi həm də yaxşı üzməyi bacarırmış. Padarov İlqarın dediyinə görə, Sovet dövründə balakənlilər Qanıx çayının Gürcüstana düşən sahilində işləyərmiş (ağac qırardılar və s.). O zaman Qanığın üstündə körpü yox imiş. İşçilər günorta yeməyi zamanı trosla dartılan salla çayın bu tərəfinə keçirmişlər. Salı trosla dartmaq olduqca əziyyətli bir iş imiş. Odur ki, Dabax Rəcəb çayın bu tərəf sahilində qadınların bişirdikləri yeməyi, saldıqları maxaranı (Maxara – südlə un çalınar, sacın üstünə tökülərək bişirilərdi - L.S.) tək əlində tutaraq havaya qaldıraraq qarşı sahilə keçirərmiş. Qadınlar maxaranı bişirib Rəcəb kişini gözləyərmişlər ki, gəlib daşısın. Qanıxda o zaman hər adam çimməyə ürək eləmirmiş. Çay həm dərin imiş, həm də içində iri ağac budaqları var imiş.

Amma bu, heç də o demək deyil ki, Balakən dambırı elə Tülü kəndi ilə məhdudlaşır. Haylaçı Sənəm kimi azman dambırçı Gülüzən kəndindən, Qaz Zeynalabid, Kriskom Murtuzəli, Murad Abdusalam, Mirəli Molla Musa, İska Ramazan, Kriskom Qüdrət, Yasəmən arvad, Daşdəmir Cavad, Yetim Ərəbiddin, Həsrətəli müəllim Qazma kəndindən, Oruc Rəcəb, Sayıl Məhəmməd, Sayıl Şəmsəddin, Xipi Səkinə (Xipi – Balakənlilər suvaq çəkən malaya xipi də deyirlər. Səkinənin mənsub olduğu nəsil Balakəndə Xipilər adı ilə məşhurdur-L.S.), Rəşid İsgəndər oğlu, Ayişə İsmayılqızı Qullar kəndindən, Meset Xızrıqızı, Atbaz Əfqan Hənfə kəndindən, Rövşən Talalar kəndindən çıxmış dambırçı və haylaçılardır. Onlar arasında Azərbaycan aşıqlarının birinci qurultayının iştirakçıları olanlar da vardır. Haylaçı Sənəm və Sayıl Məhəmməd həmin qurultayın iştirakçılarından olmuşlar. Bunlardan başqa Qazma kəndindən Miralıların Möhüddin mey ifaçısı kimi, Miralı Mazan və Əlisoltan kişi zurna ifaçıları kimi, Doka Əziz qoşa nağara ifaçısı kimi, Hənifə kəndindən Ziyo kişi qoşa nağara ifaçısı kimi məşhur olublar. Biz bir neçə kəndin adını çəkdik. Balakənin adını çəkmədiyimiz digər kəndlərində də dambırçılar olublar. Qeyd edək ki, Balakən hayla sənətini yalnız dambırçılarla məhdudlaşdırmaq olmaz. Burada dambırçılarla yanaşı mey çalanlar, zurna çalanlar, qoşa nağara çalanlar da olub. Yəni dambır meyin, zurnanın, qoşa nağaranın müşayəti ilə çalınıb. Qazma kəndindən olan Miralı Mühiddin mey ifaçısı kimi, Qazmalı Əlisoltan, Miralı Mazan zurna ifaçıları kimi, yenə həmin kənddən olan Doka Əziz, Hənfəli Ziyov qoşa nağara ifaçısı kimi bütün ətraf kəndlərdə məşhur olublar. Həmçinin dambır çalmadan da hayla söyləyənlər Balakən rayonunda çox olmuşdur və indi də var. Söyləyicilərin verdikləri məlumatlara görə, hayla deməyi bacaranlar hətta sini (məcməyi) də çalıb oxuyarmışlar. Meşəşambul kənd sakini 1951-ci il təvəllüdlü Osbanov Hacı Nurmahama oğlununun dediyinə görə, Qaysayev Ömər özü diş həkimi olsa da, həm dambır çala bilirmiş, həm də yaxşı sini çalırmış. Eləcə də, dambır ifaçıları dambırsız da hayla dediklərini etiraf edirdilər. Məsələn, Dambırçı İbadullah deyir ki, xəstələnib yatanda o qədər hayla fikirləşirəm ki, məclisdə belə deyəcəm, elə deyəcəm. Amma qalxandan sonra biri də yadıma düşmür.

Dambırın auditoriyası. Söyləyicilərin dediklərinə görə, əvvəllər dambır kənd iməciliklərində daha çox çalınarmış. Balakən rayonunda sovet dövründə böyüklü-kiçikli on səkkiz kolxoz var imiş. Kiçik kolxozlarda yeddi-səkkiz, böyük kolxozlarda isə on üç-on dörd briqada birləşirmiş. Hər briqada da sezon vaxdı tütün düzmə iməcilikləri keçirirmiş. Yəni heç olmasa, bir evdə iməcilik keçirilirmiş. Bəzən də bir briqadaya aid üç-dörd evdə iməcilik olurdu. Bütün qızlar yığışıb bir yerdə – sarayda oturardı. Sarayın altına çəkilən işıq gecənin yarısına kimi orada işləmək imkanı verərdi. Qızlar gecənin bir yarısına kimi tütün düzər, düzülən tütünü ipə boşaldar, iplərə boşaldılmış tütünü seyrəldər, sonra isə seyrəldilmiş ipləri onlar üçün sarayda xüsusi hazırlanmış yerlərə bağlayardılar (Buna el arasında ramka deyərdilər -L.S.). Tütün becərmək həm sahədə, həm də sarayda olduqca ağır zəhmət tələb edir. Balakəndə tütünün elə ilk mərhələlərindən iməciliklər təşkil olunmağa başlayır. “Balakən rayonunun Katex kəndindən Şəkinin Baqqal kəndinə gəlin gəlmiş bir söyləyici ilə söhbətimizi olduğu kimi veririk: “Balakəndə tütün əkərdik. Mənim bacım da zvena (manqa) başçısıydı. Hərəmiz bir cızın (cərgə, lək, kərdi) başında dayanardıq, əlimizdə də toxa, lapatka. Birinci cızın başında dayanan qız işləyə-işləyə bir bayatı çəkərdi, yanındakı da ona cavab verərdi, sonra da növbəylə hamı bir-bir bayatı deyərdi, yenə sıra hərlənib gələrdi birinci qızın üstünə. Belə-belə işin nə vaxt qurtardığını bilməzdik. Sonra bura gəldim. Habırda, tütünnuxda bayatı disanı diyəllər ki, bax hələ, filankəsin hağlı qaçıfdı, mahnı oxuyü. Adama ayif eliyəllər”. Deməli, folklor mətnlərində olduğu kimi, folklor məclislərinin özündə də regional fərqlər müşahidə etmək mümkündür”.

Əhali bu çətinliyi aradan qaldırmaq üçün iməciliklər təşkil edər, görülən işin səmərəliliyini artırmaq üçün sarayda şənliklər də keçirərdilər. Bu cür şənliklərdə isə təbii ki, dambır çalınıb oxunardı, dambır musiqisinin sədaları altında cavan qız və oğlanlar rəqs edərdilər. İstədiyi havanı sifariş verən oğlan ortaya girər, bir neçə dəfə dövrə vurduqdan sonra bacısını, nişanlısını, qonşu qızlarını və s.-i rəqsə dəvət edər, birgə oynayardılar. Bəzən belə iməciliklər gələcək ailələrin də təməlini qoyardı. Bəzən iməciliklər gecə saat ikiyə kimi, üçə kimi davam edərdi. Balakən iməcilikləri tütünlə məhdudlaşmazdı. Barama təmizləmək üçün, yun didmək üçün, qarğıdalı ovmaq üçün, fındığı qərzəyindən ayırmaq üçün, doşab bişirmək üçün və s. iməciliklər də təşkil olunardı. Söyləyicilərin dediyinə görə, bu iməciliklərin hər birində deyib-gülmək, çalıb-oxumaq da olardı. Bu cür iməciliklərin təbii ki, hər birinə dambırçılar dəvət olunardılar. Hətta bəzi dambırçıların dediklərinə görə, onlar ilk dəfə iməciliklərdə dambır çalmağa başlamışlar. Məsələn, Qarayev İbadullah Zeynalabdin oğlunun dediyinə görə, o, ilk dəfə on beş yaşında qarğıdalı ovmaq üçün təşkil olunmuş iməcilikdə dambır çalıb oxumuşdur. Məşhur dambırçıları Balakənin müxtəlif kəndlərində keçirilən iməciliklərə və digər tədbirlərə dəvət edərmişlər. Orada onlara pul verərmişlər. Bundan başqa iməciliklərdə və başqa tədbirlərdə yaxşıca yeyib-içmiş cavanlar da dambırçılara xeyli şabaş verərmişlər. Elə buradaca onu da qeyd edim ki, dəfələrlə müşahidə etdik ki, dambırçılar yeyib-içəndən sonra daha şövqlə çalıb-oxumağa başlayırlar. Onlar adətən, belə hallarda rəsmiyyətdən bir növ kənara çıxır, daha sərbəst olurlar. Söyləyicilərin dediklərinə görə, əvvəllər dambır məclislərində içki içilməzdi. Rəhmanov Əfqan Zeybəddin oğlu bizim rast gəldiyimiz tək-tük dambır ifaçılarından biridir ki, onun yaxşı oxuması üçün içki məclisinə ehtiyac yoxdur.

 

Ləman Vaqifqızı (Süleymanova)

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Xalq Cəbhəsi.- 2017.- 14 dekabr.- S.14.