Tənbur ifaçılığı və
hayla yaradıcılığı
2-ci yazı
1939-cu ildə Balakən şəhərində
doğulmuş Əhmədova Səyyarə Molla
qızının dediyinə görə, kolxozda briqadir işləyən
dayısı ilə tez-tez iməciliklərə get¬məyi sevərmiş. Odur ki, Balakən
iməciliklərini yaxşı xatırlayır. Onun dediyinə görə, Balakən iki dövlətin
– Rusiya və Gürcüstanın sərhəddində yerləşdiyi
üçün bu rayonun qadınları daha sərbəst və
müstəqildirlər. Və iməciliklərdə
də daha fəal iştirak edərmişlər. Əhmədova
Səyyarə Balakən iməciliklərini iki yerə
böldü: ev və saray iməcilikləri.
Hər bir kolxozun ərazisində saray
üçün böyük bir ərazi ayrılardı.
Həmin ərazinin üstü örtülər,
içində isə tütün ramkaları
üçün işıqla işləyən müxtəlif
qurğular quraşdırılardı. Kolxozda
işləyən hər bir ailənin sarayın içində
öz yeri və qurğusu olardı. Bu yerlər
bir-birindən xüsusi arakəsmə ilə ayrılmazdı.
İşləyən hər kəs bir-birini
görərdi, söhbətləşərdi. Tütün və qarğıdalı iməcilikləri
sarayda, barama və yun iməcilikləri isə evlərdə
keçirilərdi. Əhmədova Səyyarə daha
çox saray iməciliklərində olduğunu qeyd etsə də,
ev iməciliklərini də təsvir etdi.
Kənddə əvvəlcədən ev iməciliklərinin
keçirilməsi bilinərdi. Yəni bircə
kəlmə söz bəs edərdi ki, kəndin cavanları,
qızı-gəlini, ətraf qohum-qardaş, qonşular –
hamı iməcilik keçiriləcək evə
yığılıb cərgə ilə otursun. Ortada isə meydan şəklində boş bir yer
buraxılardı. İməciyə gələnlər
axşamüstü gələr, işin qurtarmasından sonra
dağılışardılar. Bu, bəzən
gecənin yarısına qədər davam edərdi. İməciliklərdə gələnlərə
çay-çörək verilməzdi. İşləyənlərin
yorulmaması üçün iməciliyə
dambırçı dəvət olunardı və bütün
iməciliyin gedişində işləyənləri
dambırçı müşayət edərdi. İməciliyə yığılanlar işləməklə
yanaşı, dambır musiqisinin sədaları altında rəqs
edər, oxuyar, şənlənərdilər. Belə
iş şəraitində iməcilik camaatı heç
yorulmaz, əksinə, razı halda iməcilikdən
ayrılardılar. Səyyarə xanımın
söylədiklərinə görə, iməciliklərə əvvəllər
kəndin bütün cavanları
yığışardılar, yəni oraya qohum-yad olmasına
baxmayaraq bütün gənclər toplanardılar.
İməcilərdən başqa el şənliklərinə,
kiçik toylara, əsgər yola salma məclislərinə də
dambırçılar çağırılarmış. Söyləyicilərin
bir qismi yalnız dambırla aparılan toy
gördüyünü xatırlamadı. Onların
dediklərinə görə, Balakən toylarında
gündüzlər nağara-zurna çalınar, gecələr
isə toya dambırçılar, mey çalanlar
(balabançılar) dəvət olunarmış. Belə söyləyicilərin fikrincə, dambır
daha çox xudmani məclislərin alətidir. Bir qisim söyləyicilər isə keçmiş
Balakən toylarının dambırla keçirildiyini qeyd etdilər.
1950-ci il təvəllüdlü Balakən
rayonunun Tülü kənd sakini Qarayev İbadullah Zeynalabdin
oğlunun dediyinə görə, belə toylar mey və
dambırın müşayəti ilə keçirilərmiş.
Odur ki, bu iki çalğı aləti bir yerdə
olarsa, buna mey-dambır deyərmişlər. O,
mey-dambırlı toyların çox gözəl olduğunu
da qeyd etdi. İbadullah kişi həmçinin
tamamilə dambırla keçirilməyən toyların səhərisi
günü toy evinə dambırçının dəvət
olunduğunu və üz görümlüyündə (Üz
görümlüyü – gəlinin üzə
çıxarılma məclisi. Toyun
üçüncü günü keçirilərdi - L.S.)
dambırın
çalındığını da dedi. Balakənlilər
toylarda dambır çalanlara, mey çalanlara şabaş verəndə
gətirib şapqasının altına qoyarlarmış.
Şabaş dambırçının,
zurnaçının gözünün üstündən
sallanarmış. Çox bəyəndikləri
ifaçının isə şabaşını alnına
yapışdırarlarmış.
Yaşlı insanlar həmçinin 1970-1975 illərdən
sonra Balakən rayonunda palatka toylarının keçirilməyə
başladığını qeyd edirdilər. O vaxtadək söyləyicilərin
dili ilə desək, “Balakəndə palatka toyları mod
deyilmiş”, toylar açıq havada keçirilirmiş. Yağış yağarsa, yalnız xörək
bişirilən yerin – ocaqlığın üstü
örtürülərmiş. Müasir
dövrdə dambırla toyda yalnız bir-iki mahnı ifa olunur.
Ümumiyyətlə, rayonda hər hansı bir məclis
olsa, insanların kefi saz olan kimi məclisə
dambırçılar gətirirlər. Dambırçıya
məclis sahibi pul verir. Bundan başqa,
dambırçı məclisə yığışan
adamların adlarını çəkir, onlara uyğun haylalar
deyir, bunun müqabilində pul alır. Eyni
zamanda onlar, orada baş verən müxtəlif situasiyalara
uyğun atmacalı haylalar da deyərək, bir-biri ilə
deyişərək məclis əhlini şənləndirirlər.
Padarov İlqarın dediyinə görə, məclis
başlayanda əvvəlcə təmtəraqla
dambırçını gətirirdilər. Dambırçı
da əvvəlcə özünü naza qoyardı. Həyətə girən kimi həyətdəkilərlə,
xüsusilə də qadınlarla zarafatlaşmağa
başlayardılar. Bunlara tünd zarafat deyərdilər.
Bayramov Cəbrayıl Əbdülfəttah
oğlunun verdiyi məlumata görə, Tülü kəndində
1950-ci illərdə hər 3-4 evdən bir dambırçalan
var idi. Bu kənddə sadəcə söz
qoşmaq dəb deyildi, həm də yaxşı deyişmə
bacarığına da malik olmaq lazım idi. Deyişməsiz dambır çalıb-oxumaq
tülülülərin dili ilə desək, tovdan
sayılmazdı. Tülünün
Qıraqoba adlanan hissəsində gecələr insanlar bir yerə
yığışar, dambır deyişmələrinə
qulaq asarmışlar. Bu deyişmələrdə
bağlamalar da deyilərmiş. Dambır
havaları. Dambırda ifa olunan bəzi havaların
adlarını öyrənə bildik: “Tərəkəmə”
(Bu havanı avarlar “Takıma” adlandırırlar.), “Aqquş”
(Bu havaya avarlar Əkkoş deyirlər.), “Gəlin gətirən”
(Bu hava gəlin qapıdan çıxarkən
çalınır.), “Çay daşı, çaylax
daşı”, “Ay aman, aman”, “Hacı Murad”, “Qərib hava”,
“Köhnə hvva”, “Cütçü”, “Sıçrama”
(Söyləyicilərin dili ilə desək, daha çox dəlihuy
adamların havası idi, çünki bu havaya oynayan adam hərdənbir
sıçramalı idi), “Yerli hava” və s.
Yerli hava. Rəqsə əvvəl qızlar çıxardı. Qız birinci dövrəni vurmamış o qızı tanıyan, ya o qızdan xoşu gələn, ya da sadəcə oynamaq istəyən bir oğlan birdən ortalığa atılaraq oynamağa başlayardı. Səyyarə müəllim oğlanın rəqsə çıxmasını “özü də çox qəribə şəkildə ortaya atılmaq” adlandırdı. Bəzən eyni zamanda iki oğlanın ortaya atılması ucbatından dava da düşərdi. Qızla oğlan heç vaxt yanaşı oynamazdılar, aralarında müəyyən məsafə olardı. Qadın elə fırlanardı ki, qarşısındakı kişi çaşmasın. Kişi oynayan zaman gözünü qadından çəkməz, baxışları ilə onun hərəkətlərini izləyərmiş. Qadın isə kişiyə deyil, ayağının altına baxar, sağ əlini isə gözünün üstə tutar, üzünü sanki gizlədərmiş. Qadın fırlanar, fırlanar, sonra qəfildən istiqamətini dəyişərdi. Bütün diqqətini qadının üstündə cəmləşdirən kişi rəqsini qadının hərəkətlərinə uyğun qurur, qadın istiqamətini dəyişdiyi zaman kişi də elə etməli idi ki, arxası qadına tərəf düşməsin. Kişi oyunçunun arxasının qadına tərəf düşməsi onun pis rəqs etməsi deməkdir. Bu rəqsdə qadınla kişi üzbəüz oynamalı idilər. Bu oyun o qədər uzun çəkmir, yəni saatlarla oynanılan oyun deyil, bütün elementlər göstəriləndən sonra əvvəlcə qadın dayanır, iki dəfə əl çaldıqdan sonra çıxırdı. Dambırçı Qarayev İbadullah Zeynalabdin oğlunun dediyinə görə, Bəxtiyar “Yerli hava” rəqsini özünəməxsus şəkildə, yaxşı, amma bir qədər dəyişilmiş şəkildə çalarmış. Səyyarə müəllim onu da qeyd etdi ki, “toylarda görürsən diyir ki, bizim yerli havanı çal, Bəxtiyarınkını yox. O deməhdi ki, düzgün yerli hava çal”.
1941-ci ildə Balakən rayonunun Şambul kəndində doğulmuş Dambırçı Qaralov Əli Həbullah oğlunun dediyinə görə, “Yerli hava” üç mərhələdən ibarətdir. Birinci rəqsdə yalnız bir nəfər oğlan çıxır oynayır. O, bir neçə dövrə vurduqdan sonra tamaşaçılar dambırçıdan tələb edirlər ki, bəsdir, ikincini çal. Dambırçı ikinci havanı çalır, ikinci havada da tək-tək rəqs edirlər. Üçüncü havada isə cüt-cüt oynayırlar. Yəni oyuna çıxan gənc bəyəndiyi qızı da oyuna dəvət edir və onlar birgə rəqs edirlər. Bəzən isə bu mərhələni də oğlan özü tək oynayır.
Qaralov Əli Həbullah oğlunun dediyinə görə də “Yerli hava” üç mərhələdən ibarətdir. Birinci havada qadınla kişi oynayır. Oyuna əvvəl kişi çıxır, sonra qadın. Oynayarkən qadın baxışları ilə kişinin ayaqlarının hərəkətini izləyir, kişi də qadının ayaq hərəkətlərini izləyərək öz hərəkətlərini ona uyğun qurur. “Yerli hava” əsl Balakən havasıdı. Bu mərhələdə kişi həmin havada oynamağı bacaran hər hansı qadını oyuna dəvət edir. Qadın rəqsə çıxa da bilər, çıxmaya da. “Yerli hava”nın bu mərhələsini “Ər-arvad” oyunu da adlandırırlar. İkinci hava çalınanda tək kişi oynayır. Tək kişi oynayıb qurtarandan sonra deyirlər, ə, bir “Gemiqulu” çal. Bunun adına “Sıçrama” da deyirlər. Bunu axsaya-axsaya oynayırlar. Üçüncü havada isə cüt kişi oynayır. Zoğala gedən. “Zoğala gedən” havasında ancaq kişilər oynayardılar. Dörd kişi meydana çıxardı. Əvvəl hamısı eyni cərgədə oynayar, sonra iki-iki ayrılardılar. Bir qədər oynadıqdan sonra, sonra yer dəyişdirərdilər, yəni cütlüklər ayrılardı. Onların yer dəyişməsi də çox qəribə olarmış, onların necə yer dəyişdiyini müşahidə etmək çox çətin olarmış. Kimin kimlə oynayacağı əvvəlcədən müəyyən olunmurdu, çünki öncədən məşq etmirdilər. Söyləyicinin dediyinə görə, “Zoğala gedən” nadir rəqs idi, az-az hallarda oynanılardı, çünki o havanı hamı oynaya bilmirdi.
Onu da qeyd edək ki, oyun havalarında hayla oxunmaz, oyun havaları sadəcə, oynamaq üçündür. Yuxarıda adlarını qeyd etdiyimiz havaların bir qismi (“Tərəkəmə”, “Yerli hava”, “Sıçrama” və s.) oyun havaları, bir qismi isə hayla oxumaq üçün çalınan havalardır (“Çay daşı, çaylaq daşı”, “Qərib hava”, “Köhnə hava” və s.). Oyun havalarında, adətən, hayla deməsələr də, hayla deyilən havalarda həm də oynayırlar. Dambırçılar ifa edərkən çox zaman ifa etdikləri mahnıların adlarını bilmir, sadəcə, çalıb oxuyurdular. Bəzən də havaları dambırçıların adları ilə adlandırırdılar. Məsələn, Ata Bilalın havası, Ata Kamalın havası və s.
Ləman Vaqifqızı (Süleymanova)
filologiya üzrə fəlsəfə doktoru,
dosent
Xalq Cəbhəsi.- 2017.- 15 dekabr.-
S.14.