Sovet hökumətinin Qarabağın ərazisini
bölüşdürməsi tarixi
1-ci yazı
Bu gün ermənilərin Qarabağı
“özününküləşdirmək” uğrunda
çabaları artsa da, ümumiyyətlə, ermənilərin
bu sərsəm istəklərinin gələcəyi yoxdur. Tarixi təhrif
etmək ustası olan ermənilər suda boğulan saman
çöpündən yapışan kimi, hər cür vasitələrə
əl atır, cəhdlər edir, hətta tarix boyu davam edən
amansız davranışlarında özlərinə haqq
qazandırmaq üçün “əsaslar tapırlar”. Bu yazıda AMEA Tarix İnstitutunun
araşdırması əsasında Azərbaycanda Xalq
Cümhuriyyətinin süqutundan sonra Sovet hökumətinin
Qarabağ ərazisini bölüşdürməsi ilə
bağlı atdığı amansız addımlar geniş
şəkildə araşdırılır, müəyyən
qənaətlərə gəlinir.
Araşdırmada bildirilir ki, “Rusiyada Sovet hakimiyyəti
möhkəmləndikcə çar Rusiyası sərhədlərinin
bərpa edilməsinə başlandı. Azərbaycan
Xalq Cümhuriyyətinin şimal sərhədlərində
möhkəmlənən XI Qırmızı Ordu hissələrinə
respublikanın işğalı planını
reallaşdırmaq üçün müvafiq əmr və sərəncamlar
verildi. Azərbaycan Parlamenti daxilində
sovet dövlətini müdafiə edən qüvvələr və
Qarabağda erməni-daşnak separatçılarının
qaldırdıqları mart qiyamı Azərbaycan Xalq
Cümhuriyyətinin süqutunu sürətləndirdi. 23 ay yaşamış olan Azərbaycan Xalq
Cümhuriyyəti XI Qırmızı Ordunun süngüləri
ilə devrildi, Şimali Azərbaycanda sovet hakimiyyəti
quruldu. Bununla Qarabağ ətrafındakı
hadisələrin yeni mərhələsi başlandı”.
Bu problemin şərhi üçün əvvəlcə
Dağlıq Qarabağın coğrafiyası və
"Dağlıq Qarabağ" anlayışı üzərində
dayanaq. Relyefinə görə Qarabağ aran (düzən) və
dağlıq hissələrə bölünür. Bu reallıq elmdə də öz təsdiqini
tapıb. Tanınmış qafqazşünas
M.A.Skibitskinin oğlu A.M.Skibitski "Qafqaz böhranı"
adlı məqaləsində yazır: "Qarabağ
xanlığının dağlıq hissəsi o vaxt
Dağlıq Qarabağ adlanırdı. Şərqdə
Qarabağ dağ silsiləsi, Qərbdə isə Zəngəzur
dağları arasındakı torpaqlar, habelə Yuxarı
Qarabağla, aran yeri olan Aşağı Qarabağı
bir-birindən ayıran Qarabağ yaylası həmin yerə
aid idi".
Aydın
olduğu kimi, çar Rusiyası tərkibində olduğu
zaman Qarabağın ərazisi, daha doğrusu, keçmiş
Qarabağ xanlığının torpaqları müxtəlif
inzibati bölgülərə məruz qaldığından,
"Qarabağ" anlayışı əvvəlki
inzibati-siyasi mənasını itirmişdi: “Lakin Azərbaycan
Xalq Cümhuriyyəti dövründə (1918-1920)
"Qarabağ" anlayışı öz əvvəlki mənasını
yenidən özünə qaytardı. S.Şadunsun
yuxarıda göstərilən fikrindən aydın olduğu
kimi, elə “Dağlıq Qarabağ” termini də bu zaman
daşnaklar tərəfindən meydana gətirildi. Bu zamandan "Dağlıq Qarabağ"
anlayışı yalnız coğrafi deyil, siyasi maraq da kəsb
etməyə başladı. Bolşeviklər
Şimali Azərbaycanda hakimiyyəti ələ keçirdikdən
sonra bu anlayış inzibati-siyasi məna kəsb etməyə
başlayır, Azərbaycan-Ermənistan münasibətlərində
və ona müdaxilə edən Rusiyanın siyasi leksikonunda əsas
anlayışlardan birinə çevrilir. Elə
bu zaman Dağlıq Qarabağın coğrafi baxımdan əhatə
dairəsində də dəyişiklik baş verir. Yenə
A.M.Skibitskinin yazdığı kimi "... Qarabağ
yaylası 1923-cü ildə muxtariyyət almış və
Muxtar Dağlıq Qarabağ Vilayəti və ya Azərbaycanın
yeni sərhədləri daxilində qısaca olaraq
Dağlıq Qarabağ adlanır”. Dağlıq
Qarabağ Muxtar Vilayətinin yaradılmasının prinsipial məsələlərini
müəyyən etmək, daha doğrusu bu prosesi tam
aydınlığı ilə təsəvvür etmək
üçün əsas hadisələrə mənsubiyyəti
üzrə sinxron şəkildə diqqət yetirək.
"RK
(b) P MK Qafqaz Bürosu plenumunun iclasının protokolu, 5 iyul
1921-ci il. İştirak edirlər: MK
üzvü Stalin, Qafbüronun üzvləri: yol. Orconikidze,
Kirov, Oraxelişvili, Fiqatner, Nərimanov, Myasnikov, ASSR Xalq Xariji
İşlər Komissarı Hüseynov. Orconikidze
və Nazaretyan əvvəlki Plenumun Qarabağ haqqında qərarına
yenidən baxılması məsələsini
qaldırdılar.
1) Müsəlmanlar
və ermənilər arasında milli sülhün zəruriliyindən
və yuxarı və aşağı Qarabağın Azərbaycanla
kifayət qədər iqtisadi əlaqələrini nəzərə
alaraq Dağlıq Qarabağ ASSR tərkibində
saxlanılsın, ona muxtar vilayətin tərkibində
saxlanılan, inzibati mərkəzi Şuşa
ş. olmaqla geniş vilayət muxtariyyəti verilsin. Səs verirlər - 4 lehinə, 3 bitərəf.
2) Azərbaycan
MK-ya tapşırılsın ki, sonradan RKP MK Qafbürosunun təsdiqinə
verməklə muxtar vilayətin sərhədlərini müəyyən
etsin. 3) RKP MK Qafbürosunun Rəyasət Heyətinə
Dağlıq Qarabağın Fövqəladə Komitəsinə
namizəd haqqında Azərbaycan və Ermənistan MK ilə
danışıq aparması tapşırılsın. 4) Azərbaycan
MK tərəfindən Dağlıq Qarabağın muxtariyyət
həcmi müəyyən edilsin və təsdiq
üçün MK Qafbürosuna təqdim edilsin. MK
Qafbürosunun Katibi: Fiqatner."
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Xalq
Komissarlar Soveti yaradıldıqda yerlərə fövqəladə
komissarlar da təyin olundu. Bu əsasla A.N.Karakozov
(1890-1938) Dağlıq Qarabağ üzrə fövqəladə
komissar təyin olundu. Azərbaycan Sovet hökuməti
1920-ci il 30 apreldə Ermənistan
Respublikasına nota verdi və tələb etdi ki, Zəngəzurdan
və Qarabağdan öz qoşunlarını
çıxarsın. May ayında Qarabağda
Sovet hakimiyyətinın qurulması elan olundu: “Bu dövrdə
Sovet Rusiyası Qafqazın sovetləşdirilməsi
planını həyata keçirməkdə davam edir, yeni
sovet dövlətlərinin sərhədlərinin müəyyənləşdirilməsi
prinsiplərini irəli sürməklə mövcud və gələcək
dövlətlərin fəaliyyətini nəzarət altına
almağa cəhd göstərirdi. Rusiya Kommunist
(bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz
Bürosu Qafqaz Cəbhəsi Hərbi-inqilabi şurasına 7
iyul tarixli təlimatında bu məsələyə
toxunmuşdu. Ermənistanda Sovet hakimiyyətinin
qurulması ilə (1920, 29 noyabr) xarici sərhədlərlə
yanaşı, sərhədlər daxilində də
bölgülərin aparılması kəskinləşdi.
Azərbaycan İnqilab Komitəsinin Ermənistan
Sovet Respublikasına 30 noyabr teleqramı və 1 dekabr Bəyannaməsində
də Qarabağ və onun dağlıq hissəsindən bəhs
olunurdu. Bu sənədlərin erməni
tarixşünaslığında təhrif edilməsi əsas
şəkildə sübut edilib. Bəyannamədə
Dağlıq Qarabağın əməkçi kəndlilərinə
tam öz müqəddəratını təyinetmə
hüququ verildiyi elan edilirdi. Ermənistan
İnqilab Komitəsi isə 28 dekabr bəyannaməsində
Naxçıvana iddiadan əl çəkdiyini bildirirdi.
Lakin Ermənistan Qarabağı "əldən
vermək" istəmirdi. Azərbaycan və
Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi
məsələsində Dağlıq Qarabağ yenidən
gündəmə gəldi. Qafqaz Bürosu
3 iyun 1921-ci ildə Dağlıq Qarabağın Ermənistana
məxsus olmasının Ermənistan hökumət bəyannaməsində
göstərilməsi barədə qərar qəbul etdi.
Ermənistan Xalq Komissarları Soveti isə 12
iyunda bunu dekretləşdirdi. İşlərin
belə gedişi Azərbaycanı təmin edə bilməzdi.
Tiflisdə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası
Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat
Bürosunun, Azərbaycan Kommunist (bolşeviklər)
Partiyası Mərkəzi Komitəsinin katibi Q.Kaminskinin
(1895-1938) sədrliyilə keçirilən 27 iyun iclasında
komissiyanın işi ilə əlaqədar Azərbaycanın
Ermənistanla sərhədi haqqında məsələ
müzakirə edildi. Bu iclasda 5 maddədən
ibarət qərar qəbul olundu. İlk dəfə burada
Dağlıq Qarabağa bəyan edilən öz müqəddəratını
təyin etməyə Azərbaycanın baxışı ifadə
olundu: "Məsələnin (Dağlıq Qarabağ
haqqında) yeganə həlli erməni və müsəlman
kütləsinin Sovet quruculuğu işinə geniş cəlb
edilməsi (yol. Nərimanovun bəyannaməsindən aydın
olduğu kimi) ola bilər". Problemin həlli haqqında Siyasi Büro və Təşkilat
Bürosunun fikrinin Tiflisə çatdırılması Nərimanova
həvalə edildi. Nərimanovun Tiflisdə
olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri
M.H.Hacıyev və xarici işlər naziri M.D.Hüseynovla elə
həmin gün birbaşa xətlə
danışığı oldu. Nərimanov: "Deyin ki,
bu Siyasi və Təşkilat Bürosunun fikridir. Əgər
onlar mənim bəyannaməmə istinad edirlərsə, bəyannamədə
hərfən belə deyilib: Dağlıq Qarabağa tam azad
öz müqəddəratını təyin etmə hüququ
verilir".
Hüseynov:
"Yaxşı. Hər şeyi
çatdıraram. Hər halda deyim ki, bizim
qərarımız, şübhəsiz, çox soyuq
qarşılanacaq". Yenə həmin gün
Hüseynov bu barədə Qafqaz Bürosuna məlumat verdi. Bu məsələ üzrə
Qafqaz Bürosunun fövqəladə plenumunu
çağırmaq, Nərimanov və Myasnikyanı Tiflisə
dəvət etmək qərara alındı.
Azərbaycanın
ayrılmaz hissəsinə necə "muxtariyyət"
verildi: Qafqaz Bürosu plenumunun 1921-ci il 4 və
5 iyul tarixli qərarları əsasında. Belə
bir zəmində Tiflisdə Qafqaz Bürosu plenumunun iclası
keçirildi.
Araşdırmada
Qafqaz Bürosunun 4 iyul axşam və 5 iyul iclas protokolundan
çıxarışları olduğu kimi verilməklə təhlil
edilir: “Ermənilər Qafqaz Bürosunun 5 iyul tarixli qərarının
qəbul edilməsində Stalinin əsas rol
oynadığını sübut etməyə
çalışır. Əslində Rusiya Kommunist
(bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz
Bürosunun 4 və 5 iyul iclaslarında Stalinin təzyiqinin nədən
ibarət olması faktlarla təsdiq olunmur. Bir
sözlə, SSRİ-nin yaradılması (1922, 30 dekabr) ərəfəsindəki
mübarizədə özünün "muxtariyyətləşdirmə"
planı ilə çıxış edən Stalinin guya
sosialist dövlətinin federativ quruluşunun Lenin
ideyasını həyata keçirməsi ağlabatan
görünmür. Ona görə də məsələ
daha dərin və ətraflı şəkildə nəzərdən
keçirilməlidir:
1) Mərkəz Qafqaz Bürosunun timsalında hələ
SSRİ-nin yaradılmasından, Azərbaycan və Ermənistan
SSR-nin ittifaq dövlətində birləşdirilməsindən
əvvəl praktik olaraq sərhəd məsələsinə
müdaxilə etməklə səlahiyyətli tərəf
kimi çıxış etdi. Dağlıq Qarabağ məsələsi
üçtərəfli müzakirə məsələsinə
çevrildi;
2) Qafqaz
Bürosu bu "hüququndan" istifadə edərək Azərbaycanın
Dağlıq Qarabağ barəsində elan etdiyi öz müqəddəratını
təyinetmə müddəasının təbii-tarixi şəkildə
yerinə yetirilməsinə imkan vermədi, onu "geniş
vilayət muxtariyyəti" kimi ifadə etdi;
3) Qafqaz
Bürosu 4 iyul qərarı ilə Azərbaycana (yəni,
Dağlıq Qarabağ Ermənistana verilə bilər!), səhəri
gün isə bu məsələyə qayıtmaqla Ermənistana
təsir göstərmək (yəni Dağlıq
Qarabağın Azərbaycanın tərkibində qalması təsdiq
edilə bilər!) və Mərkəz üçün əlverişli
mövqeni təmin etmək istəyirdi, buna da (yəni
Dağlıq Qarabağa muxtariyyət verilməsinə) nail
oldu. Beləliklə, Qafqaz Bürosu plenumunun 5 iyul qərarından
sonra Dağlıq Qarabağ ətrafında hadisələr
yeni istiqamət aldı: Qafqaz Bürosu Mərkəz
üçün əlverişli qərarı təmin edib,
onun reallaşdırılması uğrunda təzyiqlərə
başladı. Bununla Azərbaycan SSR
özünün ayrılmaz tərkib hissəsi olan
Dağlıq Qarabağa məcburi şəkildə muxtariyyət
verilməsi nəticəsində yeni şəraitlə
qarşılaşdı. Ermənistan isə
Dağlıq Qarabağ məsələsi ilə bağlı
olaraq Qafqaz Bürosu ilə Azərbaycan arasında münasibətləri
kəskinləşdirməyə, Dağlıq Qarabağa
muxtariyyət verilməsilə onun işlərinə
qarışmaq imkanlarından istifadə edərək,
Dağlıq Qarabağa olan iddialarını həyata
keçirməyə çalışdı”.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2017.- 16 dekabr.-
S.13.