Sovet hökumətinin Qarabağın ərazisini
bölüşdürməsi tarixi
3-cü yazı
Bu yazıda AMEA Taarix İnstitutunun araşdırması əsasında
Azərbaycanda Xalq Cümhuriyyətinin süqutundan sonra Sovet
hökumətinin Qarabağ ərazisini bölüşdürməsi
ilə bağlı atdığı addımlar geniş şəkildə
araşdırılır. Araşdırmada
bildirilir ki, “Dağlıq Qarabağın Azərbaycanın tərkibində
saxlanması və ona muxtariyyət verilməsi məsələsində
Ermənistanın mövqeyi də maraq doğurur. Ermənistan
ilk dövrdə məsələnin bu şəkildə həlli
ilə razılaşmaq istəməmiş, 1921-ci il iyulun 16-da
Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi Qafqaz
Bürosunun 5 iyul tarixli qərarının onu təmin etmədiyini
bildirmiş və Dağlıq Qarabağa iddiasını davam
etdirməyə başlamışdı. Lakin sonra Qafqaz
Bürosunun ona hədiyyə etdiyi Dağlıq Qarabağa
muxtariyyət verilməsini məqsədinə
uyğunlaşdırmağa başlamış, Dağlıq
Qarabağ uğrunda mübarizə belə bir formula
almışdı: Dağlıq Qarabağa muxtariyyət verilməsindən
onun Azərbaycanın idarəsi altından
çıxarılmasına - Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsinə doğru. Bu
formulanın əsasında Dağlıq Qarabağda və onun
ətrafında erməni şovinizminin gücləndirilməsi
dururdu. İş o yerə
çatmışdı ki, Rusiya Kommunist (bolşeviklər)
Partiyası Mərkəzi Komitəsi XII qurultayında (1923,
17-25 aprel) K.Radek Azərbaycanda erməni şovinizmindən
(aprelin 23-də) bəhs etmişdi. İ.Stalin
isə ona qarşı çıxmışdı. Adətən Qafqaz Bürosunun 5 iyul qərarından
bəhs etdikdə Stalinlə barışa bilməyən erməni
müəllifi burada onun sözlərindən gen-bol iqtibas gətirir.
Bu həmin partiya qurultayıdır ki, orada
Leninin "Qurultaya məktub"u oxunmuş və orada Stalinin
obyektiv xarakteristikası verilmişdi. XII
qurultayda seçilmiş Mərkəzi Komitə üzvlərinin
repressiyası da məlum faktdır. Ona
görə də K.Radekin çıxışı ilə əlaqədar
məsələlər də yenidən tədqiq
olunmalıdır".
Stalinin
timsalında güclü müdafiəyə malik olan ermənilər
çox çəkmədən əsl niyyətlərini
açıqladılar: "Şaduns 13 iyunda Zaqafqaziya Ölkə
Komitəsinə yazdı ki, bu muxtar vilayət (Dağlıq
Qarabağ) bilavasitə Zaqafqaziya Ölkə Komitəsilə
bağlı olmalıdır. Zaqfederasiyanın rəhbərləri
problemin belə alternativ, daha ağıllı həllinə
getmədilər". Bununla o, Ermənistanın
Dağlıq Qarabağla bağlı sonrakı fəaliyyətinin
əsas formulası haqqında yuxarıda söylənənləri
çox aydın təsdiq edir.
Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Qarabağın
dağlıq hissəsinə muxtariyyət verilməsi və
onun ətrafında yaranan məsələlərə
münasibət Kirovun AK(b)P-nın VI
qurultayında (1924, 5 may) yekunlaşdırılır. Onun
Dağlıq Qarabağa muxtariyyət verilməsinə olan
şübhə və inamsızlığı hər cümlədə
hiss olunur. O, həmin qurultayda demişdi: "Bu məsələni
biz, nəhayət (!) həll etdik və
şübhəsiz, (!) tamamilə düzgün iş
gördük. Bu məsələni, əsasən
yenidən həll etməyə qayıtmayacağımıza
heç bir şübhə (?!) yoxdur". Əslində isə yuxarıda göstərildiyi
kimi, Kirovun bu məsələnin düzgün həll
olunduğuna şübhəsi vardı və bu tamamilə əsaslı
şübhə idi".
Yuxarıda
göstərilənlərdən aydın olduğu kimi Azərbaycan
Xalq Cümhuriyyəti hökuməti Azərbaycanın
tarixi-coğrafi ərazi bölgüsü ənənələrinə
sadiq qalaraq Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur
qəzalarını Qarabağ general-qubernatorluğunda birləşdirmişdi
və bu regiona vahid inzibati ərazi kimi baxırdı: "Azərbaycan
SSR hökuməti də artıq yuxarıda qeyd edildiyi kimi,
1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur
və Qarabağı öz qoşunlarından təmizləməsini
tələb etmişdi. Lakin sonralar, sovet
dövründə, müəyyən məqsədlər əsas
götürülərək Zəngəzurun Qarabağdan
ayrı olması təsəvvürünün
yaradılmasına başlandı. Bu həmin
torpaqların taleyinin həllində Azərbaycana təzyiqi
gücləndirmək məqsədi güdürdü. Hadisələrin sonrakı gedişi göstərdi
ki, Sovet Rusiyasının təzyiqi nəticəsində 1920-ci
ilin aprelindən noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti
qurulmasınadək olan dövrdə Zəngəzura münasibətdə
mövqe dəyişdi. Azərbaycan İnqilab Komitəsinin
Ermənistan Sovet Respublikasına 30 noyabr tarixli teleqramı və
1 dekabr bəyannaməsində ("Nərimanov Bəyannaməsi"),
artıq Zəngəzurun Ermənistana verilməsindən bəhs
olunur. Lakin həqiqətdə Zəngəzur qəzasının
6.742 kvadrat verstlik ərazisindən 3.105 kv.versti Azərbaycan
SSR tərkibində qalmış, 3.637 kv.verstlik hissəsi isə
Ermənistana verilmişdi. Azərbaycanın
tarix ədəbiyyatında bu problem kifayət qədər həllini
tapmayıb. Bu məsələ hələlik
A.M.Skubitskinin yuxarıda adı çəkilən məqaləsində
müəyyən dərəcədə əks olunmuşdu.
O yazırdı: "N.Nərimanovun Zəngəzur qəzasını
"Sovet Ermənistanının ayrılmaz hissəsi elan edən
Bəyannaməsi" ilə bağlı əsaslı bir
düzəliş də bu gün diqqətimizdən
yayınır. Bu "Dağlıq
Qarabağın əməkçi kəndlilərinə öz
müqəddaratlarını təyin etmək
üçün tam hüquq verilməsi" haqqında Azərbaycan
hökumətinin bəyanatıdır. Bu gün həmin
bəyanat ancaq Muxtar Dağlıq Qarabağ Vilayətinə
aid edilir. O vaxtlar isə bütövlükdə Dağlıq
Qarabağa və özü də təkcə Azərbaycan sərhədləri
daxilində yaşayan ermənilərə yox, həmçinin
Ermənistana təklif edilən Zəngəzur qəzasının
daxilində kürdlərə muxtariyyət verilməsini nəzərdə
tuturdu… Ermənistan İnqilab Komitəsinin sədri
Ş.İ.Kasyan… qəzanın kürdlər yaşayan şərq
hissəsinin Azərbaycanda qalmasını daha ağıllı
və məqsədəuyğun hərəkət
saymışdı". Bu baxış
Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi
Qafqaz Bürosu tərəfindən qəbul edilmişdi. Ermənistana verilmiş hissə Zəngəzur
adını saxlamış, Azərbaycan SSR inzibati
bölgüsündə isə dəyişiklik baş vermişdi".
Araşdırmada
vurğulanır ki, Azərbaycana vurulan ən ağır zərbə,
həyata keçirilən ən böyük düşmənçilik
aktı isə bu idi ki, Zəngəzurun Ermənistana verilməsi
ilə Naxçıvanla Azərbaycanın digər
torpaqları arasında əlaqələr kəsildi,
Naxçıvan Azərbaycandan ayrı salındı. Digər tərəfdən bu ermənilərin
Naxçıvanla bağlı gələcək məkrli niyyətlərinin
həyata keçirilməsi üçün bir
hazırlıq xarakteri daşıyırdı".
1920-1923-ci
illərdə məqsədyönlü surətdə həyata
keçirilən proseslər nəticəsində
keçmiş Qarabağ xanlığının tərkibinə
daxil olan Azərbaycan torpaqları ənənəvi
tarixi-coğrafi vahidliyini və ya bütövlüyünü
itirdi: "Azərbaycanın 1917 və 1921-ci il
kənd təsərrüfat siyahıya almalarının
materialları əsasında nəşr edilmiş
yaşayış məskənləri siyahısında ölkə
ərazisi 15 qəzaya ayrılır. Qarabağ ərazisində
Cəbrayıl (Karyagin), Cavanşir, Qubadlı (keçmiş
Zəngəzur qəzasının bir hissəsi), Şuşa qəzalarının olduğu
göstərilir. Göründüyü kimi, bu
mərhələdə artıq Zəngəzur qəzasının
bölünməsi öz əksini tapır, digər qəzaların
əraziləri isə hələlik əvvəlki sərhədləri
daxilində qalır. Dağlıq Qarabağ Muxtar Vilayətinin
təşkili nəticəsində Cavanşir, Şuşa
və Qubadlı qəzalarının bəzi
yaşayış məskənləri ənənəvi
inzibati bölgüsündən qoparılaraq onun tərkibinə
verildi. Nəticədə yeni inzibati bölgü
aparmaq tələbi meydana gəldi. Bu məsələ
Dağlıq Qarabağ Muxtar Vilayəti Əsasnaməsini
hazırlayan komissiyanın iclasında müzakirə edildi.
Aran (düzən) Qarabağın idarə forması və
inzibati bölgüsünə dair 3-cü məsələ
üzrə belə bir qərar çıxarıldı: Tərkibinə
Cavanşir qəzasının aran hissəsi, Şuşa,
Qubadlı və Karyagin (Cəbrayıl) qəzalarının
daxil olduğu Aşağı Qarabağ Vilayət İcraiyyə
Komitəsi yaratmaq, ona RSFSR-in quberniya icrakomları haqqında
1923-ci il əsasnaməsini tətbiq etmək, Aran Qarabağ
vilayətinin rayonlaşdırılmasını Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsi yanında Xüsusi komissiyaya həvalə
etmək. Bu iclasda Kürdüstanın idarə
forması və inzibati bölgüsi haqqında 4-cü məsələ
də müzakirə olundu. Buradan aydın
olduğu kimi, Dağlıq Qarabağ Muxtar Vilayəti
yaradıldığı dövrdə Aran Qarabağın da
xüsusi bir inzibati-ərazi vahidində birləşdirilməsi
fikri olmuşdu. Lakin az bir vaxt
keçdikdən sonra bu fikir dəyişmişdi. Azərbaycan
Mərkəzi İcraiyyə Komitəsi sədri Qasımov,
Xalq Komissarları Soveti sədrinin müavini M.Quliyev və
Daxili işlər naziri İ.Sviridovun imzaladığı Azərbaycan
Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 6 avqust tarixli əmrinə əsasən
Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan
sonra Qarabağın qalan hissəsindən Ağdam, Cəbrayıl
və Kürdüstan qəzaları yaradılmışdı.
Həmin sənədə görə Ağdam, Cəbrayıl
və Kürdüstan qəzalarının ərazilərinin tərkibi,
mərkəzləri, qəza icrakom sədrləri və b. məsələlər
müəyyənləşdirilmişdi, Qubadlı qəzası
isə ləğv edilmişdi.
Azərbaycan Mərkəzi Statistika idarəsi Azərbaycan SSR-də həyata keçirilən bu və digər inzibati-ərazi bölgülərini nəzərə alaraq 1921-ci il kənd təsərrüfatı siyahıya almasının materialları əsasında onların ərazisinin sahəsi, əhalisinin milli tərkibi və b. məsələlər üzrə hesablamalar aparmışdı. Həmin hesablamalara görə Qarabağın tarixi ərazisindən (xanlığın sərhədləri üzrə) Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti - 4.160,5 kv.km., Cəbrayıl qəzası - 4.268,5 kv.km., Ağdam qəzası - 4.135,4 kv.km., Kürdüstan qəzası - 3.432,4 kv.km. (cəmi 15.996,9 kv.km.) qalmışdı Qarabağın tarixi ərazilərindən bir hissə isə Azərbaycandan qoparılaraq Ermənistana verilmişdi. Sonrakı inzibati-ərazi bölgüləri prosesində Zəngəzur qəzasının Azərbaycan SSR tərkibində qalan hissəsində Zəngilan (0,7 min kv.km), Qubadlı (0,8 min kv.km), Laçın (1,8 min kv.km) rayonları yaradıldı. Ağdam və Cəbrayıl qəzalarının ərazisində isə Ağdam (1,1 min kv.km), Bərdə (1,0 min kv.km), Ağcabədi (1,8 min kv.km), Tərtər (0,4 min kv.km), Cəbrayıl (1,0 min kv.km) rayonları yaradıldı. Beləliklə, Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan Qarabağ xanlığının ərazisi parçalanaraq bir hissəsi Ermənistana verildi, Azərbaycanda qalan hissəsində isə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2017.- 20 dekabr.-
S.13.