Qulam Yəhyanın xatirələri
11-ci yazı
Zülfüqarinin kəndlilərdən qarət etdiyi
çoxlu mal-heyvan, davar qənimət alınmışdı. Həmin
mal-heyvan məhəlli təşkilatların vasitəsilə sahiblərinə qaytarıldı.
Biz xəmsənin düşmən
dəstələrindən azad edilməsi, ümumiyyətlə,
müəyyən müddət vuruşmalarımızın nəticələri
haqqında Təbrizə bir qədər geniş məlumat
verdik. Cavab isə yenə əvvəlki idi: “Nə bir
addım irəli, nə də geri”. Yoldaşlarla
məsləhətləşib, belə qərara gəldik ki, əsirləri
də Zəncana aparıb, xalqa göstərək və mitinq
təşkil edək. Gecə xəbər
gətirdilər ki, düşmən Sultaniyəyə hücum
etmiş, bir neçə fədai şəhid olmuş və
qalan fədailəri də kəndlilər öz evlərində
gizlətmişlər. Mən fovri Zəncanla əlaqə
saxlayıb, Rəsədiyə dedim ki, Zəncanda olan Mərənd
fədailərini götürüb, Sultaniyəyə
getsin. Mən özüm də oraya gəlirəm.
Belə də etdik. Eyni vaxtda
Sultaniyyəyə çatdıq. Mənə
xəbər verdilər ki, bir nəfər guya düşmən
tərəfindən qaçıb, özü də Mərəndlidir
və öz həmyerlilərinə xəbər gətirib ki,
“düşmənin qüvvəsi sizdən qat-qat
artıqdır. Ona görə də
özünüzü nahaq yerə ölümə verməyin”.
Bu əhvalatı
mənə xəbər verdikdən sonra dedim tutub, həmin
adamı mənim yanıma gətirin, gedib axtardılar tapa bilmədilər.
Onda kəndin kəndxudasım çağırtdırdım
və ona dedim ki, o adamı mənə tapıb verməsə,
özündən küssün. O da bir qədər gedib,
“axatarandan” sonra gəlib dedi ki, tapa bilmədim. Onda
mən göstəriş verdim ki, kəndxudanın oğlunu
tutub, həbs etsinlər. Belə də
etdilər. Kəndxudaya dedim ki, əgər həmin adam tapılmasa sabah sənin oğlun güllələnəcək.
Dedim indi get fikirləş, o getdi və çox çəkmədən
o “adamı” tapıb, gətirdilər. Məlum oldu ki, o adam Zəbərdəst yaxşı təlim
görmüş cəsus imiş. Kəndxudanın
oğlunu azad etdik.
Sabahısı gün həmin şəxsi gətirib, fədailərə
göstərdilər. Onu görənlərin daha doğrusu, onun
görüşdüyü adamların hamısı təsdiq
etdi ki, onları düşmən qüvvəsinin
çoxluğu ilə qorxutmaq istəyən o imiş, o
özü də boynuna almağa məcbur oldu ki, casusluq
üçün buraya gəlib. Fədailərin
gözü qarşısında səhrayi məhkəmənin
ölüm hökmü icra edildi. Mən
üzümü fədailərə tutub dedim ki, biz buraya ana-
bacılarımız və Vətənimizi qorumaqdan ötrü
gəlmişik və onun üçün də silaha
sarılmışıq. Ona görə də kim
düşməndən qorxursa, silahını təhvil verib,
öz yerinə gedə bilər və mən sizə söz
verə bilərəm ki, heç kəsə də heç
bir şey deyilməyəcək. Çünki hər adam anadan olanda qəhrəman və qorxmaz
doğulmur. Onu sonradan yaşadığı
mühit yetirir və hərə özü istədiyi,
özünə münasib bildiyi kimi həyat tərzi intixab
edir. Ona görə də bir təkrar edirəm ki, kim bizlə qalıb, hamımızın
düşməni ilə vuruşmaq istəmirsə
qayıdıb, öz yerinə gedə bilər. Biz
bu haqda sizin yaşayış yerlərinizə də bir
şey yazmayacağıq. Mənim belə
qısa və həqiqətən ürəyimdən gələn
çıxışımdan sonra yoldaşlar söz alıb,
danışdılar. Hərəkətlərini
pislədilər və bir daha bu kimi azərbaycanlı
övladına yaraşmayan hərəkət etməyəcəklərinə
söz verdilər.
Hər dəstə müəyyən edilmiş yerə
getdilər. Doğrudan da sonradan özlərini əməl
meydanında göstərdilər. Düşmən
yenidən doğma və müqəddəs Azərbaycan
torpağından uzaqlaşdırıldı. Beləliklə,
Xəmsə, başqa sözlə, Azərbaycan düşməndən
tamamilə təmizlənmiş oldu. Ara bir qədər
sakitləşəndən sonra mən Təbrizə gedib,
Pişəvəri ilə görüşümdə məndən
söruşdu ki, “Bizim sizə köməyimizdən razı
qaldınız?” Cavabında dedim ki, “Mən və
bütün fədailərsizin bizə
qarşı yardım və başqa münasibətlərinizdən
həddən artıq razıyıq". Amma
"o"- dedikdə, Pişəvəri sözümün
ikincisini deməyə aman vermədən əlavə etdi ki, hər
halda “ammasız” olmur. Mən dedim ki, yoldaş Pişəvəri
mənim amma deməyim heç də sizin bizim fədailərimizə
qarşı olan münasibətlərinizə aid deyildir. Bu amma ona aiddir ki, biz sizə neçə dəfə
məlumat verib, çox səbirsizlik və ümiddolu müəyyən
cavab gözlədiyimiz halda sizdən özü də həmişə
fəqət bir “Nə bir addım irəli və nə bir
addım geri” cavabını alırdıq. Bax bunun mənası mənə aydın deyildir.
Pişəvəri mənim üzümə diqqətlə
baxaraq dərin fikrə getdi və onun mənim dediklərimə
nə qədər inanmasını yəqin edə bilmədiyim
üçün teleqrafları ona göstərdim. Onun teleqraflardan xəbəri olmamasını yəgin
etdim. O teleqramları alıb saxladı və Kaviyanı
çağırıb, ona dedi ki, “günah məndədir ki,
səni vəzir cəng müəyyən etdim”. Hətta
Pişəvəri özünə bir söyüş də verdi və çox əsəbi halda Kaviyana dedi
ki, “Get maaşını al otur evdə, işə
çıxma”. Mən işin bu yerə
çıxacağını düzü bilmirdim. Ona görə də Pişəvəridən
xahiş etdim ki, o bu işi etməsin onun sədası bu ayaqda
yaxşı çıxmaz, qoyun işləsin. Xeyli danışdıqdan sonra Pişəvərini
fikrindən daşındırmağa razı sala bildim. Pişəvərinin sualına cavab olaraq bildirdim ki,
fədai və fədai başçıları arasında
möhkəm səmimiyyət və ruh yüksəkliyi var.
Yadımda qalmış hadisələrdən biri də mənim
hələ Zəncana getdiyimdən xeyli əvvəl
Zülfüqarinin əmlakının zəbt edilib,
Cahanşahlu və Nəqdəli tərəfindən fərmandarlıqda
saxlanılması və Cahanşahlunın oradan bir radio
götürməsi əhvalatıdır. Mən bundan xəbər
tutan kimi fərmandara dedim ki, nə üçün
Zülfüqarinin radiosunu Cahanşahluya veriblər. Bu əmlak heç kəsin yox, ancaq milli hökumətindir.
Ona görə də onun hamısını
aparıb, Təbrizə milli dövlətə təhvil vermək
lazımdır. Mən Cahanşahluya dedim
ki, müsadirə edilməli olan şeylərdən
götürmək yaxşı deyildir. Əgər
sizə radio lazımdırsa, biz alarıq, nəinki
düşmənin əmlakını götürək. Bu əhvalat haqqında çox ciddi söhbətimiz
oldu. Bu da Pişəvəri və Cavidə
çatdırılmışdı. Pişəvəri
məni Təbrizə istədi, əhvalatın necə
olmasını məndən ətraflı soruşdu. Mən
də olduğu kimi ona dedim. Bu söhbətimizdən az müddət sonra Cahanşahlu Zəncandan Təbrizə
aparıldı. Yadəvərlik etmək istədiyim hadisələrdən biri də
Azərbaycan nümayəndələrinin danışıqlar
aparmaq məqsədilə Tehrana gedib, qayıtmalarıdır.
Nümayəndəlik qayıdandan sonra məlum oldu ki, Sərəndəcin
Azərbaycan milli hökuməti sərəncamına və Xəmsənin,
o cümlədən Zəncanın da İran dövləti sərəncamına
verilməsi barədə Tehranda hər iki nümayəndəlik
güya razılığa gəliblər. Mən
bu işin o zaman nə qədər “düz” olub, və ya qələt
olması haqqında danışmaq istəmirəm. Onu həyat özü göstərdi.
Mənim bu haqda demək istədiklərim bilavasitə
özümlə əlaqədar olan məsələdir. Doktor Cavid
Tehrandan qayıdarkən Zəncana gəldi və özü ilə
üç nəfər sərhəngi də gətirmişdi.
Məlum oldu ki, sərhənglər Zəncanı
təhvil almağa gəliblər. Mən Zəncanın
Tehran Hökumətinə, o cümlədən doktor Cavidin gətirdiyi
sərhənglərə təhvil verilməsinə öz
etirazımı bildirdim. Eyni zamanda Cavidə dedim ki, bu sərhəngləri
tamamilə yersiz olaraq buraya gətiribsiz. Tehranda
bağladığınız qərardadın nə kimi şərtlər
və maddələrdən ibarət olması bəlkə də
sizin öz işinizdir. Lakin bu haqda hər
şeydən əvvəl ADF MK-nın Azərbaycan Milli Məclisinin
raz ilığı və qərarı olmalıdır. Mənim bu bəyanımdan dok. Cavid
başa düşdü ki, mən nə demək istəyirəm.
Sonra mən dok. Cavidə dedim ki, sizin gətirdiyiniz
sərhənglərin biri bizim fədailərlə düşmən
tərəfində vuruşmuşdur. Ona görə
də onun Zəncanda qalması xətərlidir. Bir-iki gündən sonra həmin sərhəng Tehrana
qayıtdı.
Sonra mən orada qalmış iki sərhənglə
söhbətimiz əsnasında bildirdim ki, siz əvvəlcə
Cərəndəci verin, sonradan Zəncanı bizdən istəyin. Onlar Zəncanı
tezliklə təhvil almaqda israr edirdilər. Tehrandan gəlmiş komissiyon hələ Zəncanda
olarkən, Qəzvin tərəfindən bizə jandarmlar
hücum etmişdilər. Yeri gəlmişkən bir cəhəti
də deyim ki, Tehrandan gəlmiş sərhəng
“qonaqlarımızın” özlərini çox mülayim
göstərmələrinə baxmayaraq, mən göstəriş vermişdim ki,
postlarımızda fədailərimiz bir qədər
ayıq-sayıq olsunlar. Bizə hücum
etmiş jandarmlardan verdikləri itgidən başqa 6 nəfər
də əsir alınmışdı. Bu
hadisədən sonra “qonaqlarımızın” üzrünü
istəməli olduq. Onlar Tehrana
qayıtdılar.
Yadımda qalan hadisələrdən biri də xalisə torpaqların, ölkədən qaçmış xalq düşmənlərinin və iri torpaq sahiblərinin yerlərinin torpaqsız və aztorpaqlı kəndlilər arasında paylanılmasıdır. Bu torpaqların paylanılması hər yerdə olduğu kimi Xəmsə kəndliləri arasında da böyük şadlığa səbəb olmuşdu. Kəndli bir tərəfdən ərbabın çoxcəhətli zülmündən xilas olur, digər tərəfdən əsrlərdən bəri arzu etdiyi torpaq sahibi olurdu. Bununla yanaşı milli hokumət tərəfindən kəndliyə qismən tolid vəsaiti əldə etmək üçün maddi yardım edilirdi, fəlahət bankı vasitəsilə faizsiz və ya çox aşağı faizlə borc da verilirdi. Doğrusunu deyim ki, ümumiyyətlə, torpaqların kəndlilər arasında nə üsulla paylanılmasının texniki cəhətini yaxşı bilmirdim. Özümün müəyyən müddət kənddə yaşamağıma, kəndlilər içərisində olmağıma, atamın dədə-babamın rəiyyət olmasına baxmayaraq, milli hökumət yaranandan sonra da fədai hərəkatı ilə başım elə qarışıq idi ki, kəndlilərə torpaq paylanılmasının cüzi işlərindən xəbər tutmağa hələ macal tapmamışdım. Ancaq onu bilirdim ki, milli hökumətin təsdiq etdiyi əsasnaməyə əsasən kəndlərdə torpaqlar onu becərənlər arasında təqsim edilir. Bu işlə fırqə, onun məhəlli təşkilatları, fərmandarlar eləcə də başqa əlaqədar təşkilat və şəxslər məşğul olurdular. Nəticə də ondan ibarət idi ki, kəndlilər içərisində böyük ruh yüksəkliyi hökm- fərman idi. Xəmsə mahalında da vəziyyət belə idi. Bu zaman ümumi qaydaya əsasən Cahanşahlunun da atasının kəndləri (torpaqlar) bu qərara şamil edilirdi. Başqa sözlə, bir çoxlarının torpağı ilə birlikdə Cahanşahlunun atasının da torpaqları kəndlilər arasında bölünməli idi.
Pişəvəri mənə məktub yazaraq
bildirirdi ki, doktor Cahanşahlu ondan xahiş edir ki, onun
atasının torpaqlarını bölgüyə
salmasınlar. Ona görə də imkan dairəsində onun
torpaqlar ının bölgüyə salınmamasına
kömək edim. Mən Təbrizə gələrkən
Pişəvəriyə dedim ki, milli hökumət onların kəndlərindəki
əkin sahələrini kəndlilər arasında bölməsə,
yaxşı nəticə verməz. Onda milli hökumətin
verdiyi qanun öz qanunluq qüvvəsini itirmiş olar. Qanun
hamı üçün qanun olmalıdır. Daha doğrusu,
hamı tərəfindən icra edilməlidir. Əgər belə
olmasa onda milli hokumətin qanunları ancaq qismən yerinə
yetirilər. Lakin biz belə edə bilərik, onların
torpaqlarını ümumi qayda üzrə bölək və
onun illik bəhrəsini (icarə haqqını) qabaqcadan pərdaxt
edək. Pişəvəri bir qədər fikirləşdikdən
sonra mənə dedi ki, get özün bildiyin kimi də et. Mən
Zəncana gəldikdən sonra Cahanşahlunun ana və
atası ilə ətraflı söhbət etdim, onlara bildirdim
ki, torpaqları bölgüdən saxlamaq olmaz və məsləhət
də deyil. Amma biz onların torpaqlarının bəhrəsini
qabaqcadan pərdaxt edə bilərik. Bu təklifə
Cahanşahlunun anası razı olmadı və əhvalatı
eşidən Cahanşahlu da məndən incidiyini hiss etdim.
Milli hokumətin qanuna əsasən başqa torpaqlarla birlikdə
onların da torpaqları həmin kəndlərdə
yaşayan kəndlilər arasında ümumi qaydaya əsasən
təqdim edildi.
Xalq Cəbhəsi.- 2017.- 20 dekabr.-
S.14.