Sovet hökumətinin Qarabağın ərazisini
bölüşdürməsi tarixi
4-cü yazı
Bu yazıda AMEA Tarix İnstitutunun araşdırması əsasında
Azərbaycanda Xalq Cümhuriyyətinin süqutundan sonra Sovet
hökumətinin Qarabağ ərazisini bölüşdürməsi
ilə bağlı atdığı addımlar geniş şəkildə
araşdırılır. Araşdırmada
bildirilir ki, “indiyədək Dağlıq Qarabağa muxtariyyət
verilməsi məsələsindən bəhs edilərkən
demək olar ki, onun ərazisinin inzibati bölgüsü
tarixinin ən mühüm hadisələrinə lazımi diqqət
yetirilməyib. Təhlil göstərir ki, Dağlıq Qarabağ
Muxtar Vilayətinin ərazisi real tarixi əks etdirən
elmi-coğrafi prinsiplər əsasında deyil, xüsusi məqsəd
güdən volyuntarist yanaşma əsasında
formalaşdırılıb, yəni o, erməni
yaşayış məskənlərinin üstün olduğu
lokal əraziləri muxtar qurum adı altında birləşdirilmək
yolu ilə təşkil olunub. (Yeri gəlmişkən
qeyd edək ki, bu "prinsip" əsasında ermənilər
kompakt yaşadıqları başqa ölkələrin ərazisində
də özlərinə "muxtariyyət" tələb edə
bilərlər!). İş o yerə
çatmışdı ki, Kəlbəcərə məxsus
Ağdaban, Füzuliyə məxsus Yuxarı Veysəlli kəndləri
Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri
daxilində qalmış, inzibati tabeçilik dəyişdirilmişdi.
Dağlıq Qarabağ muxtariyyətinin əsasnaməsini
hazırlayan komissiyanın qərarına əsasən onun tərkibinə
170-dən çox yaşayış məskəni
verilmişdi. Azərbaycan Mərkəzi
Statistika İdarəsinin 1924-cü ilə aid məlumatında
isə artıq həmin məskənlərin sayının
200-dən çox olduğu göstərilir. Q.Koçaryan familiyalı erməni isə 1925-ci ildə
nəşr edilmiş kitabçada bu məskənlərin
sayının 215 olduğunu bildirir. Bu
faktlar Dağlıq Qarabağ muxtar vilayətinin ərazisinin rəsmi
sənədlərin əksinə olaraq genişləndirildiyini
və yeni yaşayış məskənləri hesabına əhalisinin
sayı və etnik tərkibinin ermənilərin xeyrinə dəyişdirildiyini
sübut edir".
Dağlıq
Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra onun tərkibinə
verilmiş yaşayış məskənləri rayon-volost-kənd
pillələri əsasında inzibati baxımdan
aşağıdaki kimi bölünmüşdü:
1. Dizaq
rayonu. Bu rayonun tərkibində 5 volost (Hadrut, Tuğ, Xozabyurd,
Arakül, Edilli) və 48 kənd var idi;
2. Vərəndə
rayonu. Bu rayonun tərkibində 5 volost
(Tağavert, Sus, Çartaz, Noraşen) və 46 kənd var idi.
3. Şuşa rayonu. Şuşa şəhəri və Malıbəyli
volostundan (12 kənd) ibarət idi;
4.
Xaçın rayonu. Bu rayonun tərkibində 4
volost (Daşbulaq, Əsgəran, Krasnoselsk, Qala dərəsi) və
53 kənd var idi.
5. Ceraberd
rayonu. Bu rayonun tərkibində 4 volost
(Marquşevan, Orataq, Dovşanlı, Aterk) və 53 kənd var
idi.
Yeni inzibati-ərazi bölgüsi həyata keçirilərkən
DQMV-də dəyişiklik baş verir. 1930-cu ilin avqustunda DQMV ərazisi
yenə də 5 rayona bölünür: Ceraberd, Martuni,
Stepanakert, Dizaq, Şuşa. Göründüyü
kimi, Vərəndə Martuni adlandırılır,
Xaçının ərazisi isə Stepanakertə aid edilir.
1939-cu il avqustun 17-də Ceraberd Mardakert,
Dizaq isə Hadrut adlandırılır. Başqa sözlə,
Azərbaycan dövləti olan Qafqaz Albaniyası dövrünə
aid olan Dizaq, Vərəndə, Xaçın, Ceraberd kimi
tarixi-coğrafi adlar unutdurulur və xüsusi məqsədlə
Rusiya işğalları dövründə bura
köçürülüb gətirilmiş ermənilərə
məxsus adlarla əvəz olunur. 1960-cı illərin
əvvəllərində rayonların iriləşdirilməsi
siyasəti həyata keçirilərkən əsas zərbə
Şuşaya vurulur. 1963-cü il
yanvarın 4-də Şuşa rayonu ləğv edilir, onun ərazisi
Stepanakert rayonuna verilir. Lakin N.S.Xruşşovun
hakimiyyətdən uzaqlaşdırılmasından sonra inzibati
ərazi bölgüsündə yeni dəyişiklik baş
verir. 1965-ci il yanvarın 6-da
Şuşa rayonu yenidən təşkil olunur. 1978-ci
ildə Stepanakert rayonu əsasında Əsgəran rayonu təşkil
edilir. SSRİ-nin dağılmasınadək
Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazi
bölgüsü belə idi.
Azərbaycanın Qarabağ torpağına
köçürülüb gətirilmiş ermənilərin
bizim torpaqlarda özlərinə dövlət yaratmaq hiyləsinin
anatomiyası çox aydın görünür. Ermənilər
vaxtilə Qərbi Azərbaycanda - köç
saldıqları İrəvan xanlığının ərazisində
də belə etmişdilər, indi Qarabağda da bu hiyləni
işlətmək niyyətindədirlər.
Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixində ermənilər
tərəfindən ən çox saxtalaşdırılan məsələlərdən
biri onun əhalisinin say dinamikası və etnik tərkibi ilə
bağlı olan məsələdir".
Bu barədə
erməni müəlliflərinin mövqeyini əyani göstərmək
üçün prof.Y.Barseqovun təqdim etdiyi bir cədvəl
təqdim olunur: "Dağılq Qarabağ Muxtar Vilayəti əhalisinin
faktik (əhali siyahıya almalar üzrə) sayı və
prof. Y.Barsaqovun guya əhalinin təbii hərəkəti əsasında
müəyyən edilmiş "hesablama" sayının
müqayisəsi şübhə doğurur.
Y.Barseqov oxucunu çaşdırmaq üçün
yalnız mütləq rəqəmləri verir, şərhin
daha aydın olması üçün isə nisbi rəqəmlərə
ehtiyac var. Cədvələ belə hesablamaları əlavə
etdikdə onun nə dərəcədə absurd olduğu
aşkara çıxır. Bu hansı məntiqə uyğundur
ki, 1921-1939-cu illər arasında ermənilərin faktik
artımı 3,6% olduğu halda, hesablamalarla 38,5%-ə
qaldırılsın, azərbaycanlılarda isə faktik
artım 46,1% olduğu halda, hesablamalarla 23,1%-ə endirilsin? Belə yanaşma həqiqətin qəsdən təhrifinə
yönəlib və elə kobud şəkildə həyata
keçirilib ki, bu oxucunu ələ salmaqdan başqa bir şey
deyil".
Araşdırmada
ermənilərin Ermənistanda və Y.Barseqovun Dağlıq
Qarabağ Muxtar Vilayətində əhalinin "hesablama" yolu
ilə müəyyən edilmiş sayı üzrə DQMV-də
orta sıxlığı və onların müqayisəsi (hər
kv. km.-ə) təqdim edilir, bununla da onların daha bir
yalanı ifşa olunur. Y.Barseqovun hesablamalarının
qeyri-elmiliyi elə bir dərəcəyə çatır ki,
adından da məlum olduğu kimi 4,4 min
kv. km-lik dağlıq ərazidə, yəni
Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində ermənilərin
orta sıxlığı üçün astronomik rəqəmlər
irəli sürür! Beləliklə, erməni
müəllifləri (daha doğrusu millətçiləri!)
tarixi o dərəcədə təhrif edirlər ki, həqiqəti
aşkar etmək müşkül bir işə çevrilir.
Həqiqətdə isə 1926-1988-ci illərdə
Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin say
dinamikası azərbaycanlıların xeyrinə dəyişib.
Rəsmi sovet əhali siyahıyaalmalarının (1989-cu il istisna olmaqla) nəticələri real vəziyyəti
daha doğru əks etdirir və erməni müəlliflərinin
xüsusi məqsədlə uydurduqları (daha doğrusu,
şişirtdikləri!) qondarma rəqəmlər onları təkzib
edə bilməz. SSRİ-nin dağılması ərəfəsində
keçirilən 1989-cu il əhali
siyahıyaalması dövrün təsirinə məruz qalsa
da, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi həmin
siyahıyaalmanın materialları əsasında Dağlıq
Qarabağ Muxtar Vilayətinin etnik xəritəsini çap
etdirib. Burada bir əsas məqama diqqət yetirmək
gərəkdir ki, ermənilər onillərlə Dağlıq
Qarabağda saylarının artması üçün hər
cür yola əl atıblar.
Araşdırmada
daha sonra vurğulanır ki, 1939-1979-cu il əhali
siyahıya almalarına görə, Dağlıq Qarabağ
Muxtar Vilayəti əhalisi içərisində azərbaycanlıların
sayı müəyyən dərəcədə artıb. Bu erməni separatçılarının təqiblərinə
baxmayaraq, azərbaycanlıların öz doğma
torpaqlarına bağlılığı və onların
içərisində təbii artımın üstün
olması ilə əlaqədar olub. Ermənilərin
isə əksinə, miqrasiyaya meylli olmaqları ilə bərabər,
təbii artımları da aşağı olub. 1989-cu il əhali
siyahıyaalması ərəfəsində Mərkəzdən
bütün vasitələrlə himayə olunan erməni
separatçılarının vilayətin etnik tərkibində
azərbaycanlıların sayını süni şəkildə
azaltmaq cəhdləri isə azərbaycanlıların nisbi
sayının 21,5%-ə endirilməsinə
səbəb olub.
Dağlıq
Qarabağın bir tərəfdən Azərbaycanın tarixi
torpaqları kimi onun tərkibində saxlanması və bununla
da digər Azərbaycan torpaqları ilə tarixi
bağlılıq ənənələrini davam etdirməsi,
digər tərəfdən Dağlıq Qarabağ Muxtar Vilayətinə
Azərbaycanın göstərdiyi xüsusi qayğı bu diyarın
sovet hakimiyyəti illərində sosial-siyasi və iqtisadi
inkişafı üçün müstəsna şərait
yaratdı. Ancaq 1980-ci illərin sonlarında
Dağlıq Qarabağı Azərbaycandan ayırmağı
qarşılarına məqsəd qoymuş erməni
"ideoloqları" və onların himayəçiləri
bunu açıq-aşkar inkar etməyə başladılar.
Lakin faktlar faktlığında qalır.
Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində
nə qədər yüksək inkişafa nail olması Vilayət
Statistika İdarəsinin Stepanakertdə nəşr etdirdiyi
statistik məcmuələrdə əksini tapıb. Sonralar məhz həmin Stepanakert bu nəşrlərə
göz yummağa çalışıb. Halbuki onlara
göz yummaq deyil, daha diqqətlə yanaşmağa
böyük ehtiyac var. Statistik məcmuələrdən biri
muxtar vilayətin yaranmasından keçən 40 il ərzində
(1923-1963) mədəniyyət, iqtisadiyyat, səhiyyə və
s. sahələrdəki vəziyyət barədə yazıb:
İnqilaba qədər (yəni 1917-i il Oktyabr
çevrilişinədək) Dağlıq Qarabağda orta
ixtisas təhsilli müəssisələr, kütləvi
kitabxanalar, teatrlar yox idi. Şuşa şəhərində
yalnız üç xüsusi mədəni-maarif müəssisəsi
və bir xüsusi kinoteatr var idi... 1963-cü ilin əvvəllərində
Dağlıq Qarabağın kənd təsərrüfatında
1,4 min ədəd traktor, 224 kombayn, 670 yük avtomobili və
minlərlə digər müasir kənd təsərrüfat
maşını olduğu göstərilir. 40 il
ərzində Dağlıq Qarabağ Muxtar Vilayətinin sənaye
potensialının reallaşdırılmasında da xeyli
iş görülmüşdü. 1940-cı ilə
nisbətən 1962-ci ildə bütün sənayenin ümumi
məhsulu 341%, elektrik enerjisi 945% və sairə
artmışdı. 1960-cı illərin
ortalarından sonra da vilayətin sosial-iqtisadi həyatı
dinamik inkişaf etmişdi.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2017.- 21 dekabr.-
S.13.