Ermənilər 1941-1945-ci illər
müharibəsindən sonra yenidən fəallaşdılar
5-ci yazı
Ermənilər sovet vaxtı - Azərbaycanın tarixi, rəsmi
dövlət ərazisi olan Dağlıq Qarabağ Muxtar Vilayətində
yaşadıqları zaman hər cür imtiyazlarla təmin
olunmuşdular.
AMEA Tarix İnstitutunun araşdırmalarında
bildirilir ki, "1965-1987-ci illərdə bütövlükdə
Azərbaycan SSR, o cümlədən onun Naxçıvan MSSR və
Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə iqtisadi və
sosial inkişafa dair göstəricilərin müqayisəsi həmin
dövrdə muxtar vilayətin nə qədər yüksək
templə tərəqqi etdiyini çox aydın göstərir.
Buradan aydın olur ki, 1987-ci ildə hər 10 min nəfər
üzrə sənayedə çalışanların sayı
respublika üzrə 686, Naxçıvan MSSR üzrə 387
olduğu halda, Dağlıq Qarabağ Muxtar Vilayətində
657 olmuşdu. Adambaşına düşən ümumi kənd
təsərrüfatı məhsulları müvafiq olaraq 588,
501 və 692 (!) idi və i.a. Sosial inkişafa dair göstəricilərə
gəldikdə isə bu rəqəmlər nəinki Azərbaycan
SSR, hətta Ermənistan SSR və bütövlükdə
SSRİ üzrə rəqəmlərdən də xeyli
yüksək idi. Hər 10 min nəfərə xəstəxana
çarpayısı ilə təminat Ermənistan SSR-də
86,2, Azərbaycan SSR-də 97,7 olduğu halda Dağlıq
Qarabağ Muxtar Vilayətində 101,7 idi və s. Hətta erməni
separatçılarının Mərkəzdəki himayəçilərinin
xüsusi cidd-cəhdləri nəticəsində Sovet
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və
SSRİ Nazirlər Sovetinin Dağlıq Qarabağ Muxtar Vilayətinin
sosial-iqtisadi inkişafına dair qəbul etdiyi 1988-ci il 24 mart
tarixli qərarının preambulasında da vilayətdə
sosial və iqtisadi inkişaf sahəsində əldə
edilmiş nailiyyətlər xüsusi qeyd edilirdi. Separatçıların uydurduqları saxta məlumatların
baş alıb getdiyi dövrdə də Azərbaycan onun tərkib
hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin
sosial-iqtisadi vəziyyətinə dair faktları olduğu kimi
geniş ictimaiyyətin müzakirəsinə
çıxarmaqdan çəkinməmiş, əksinə
mövcud vəziyyətin daha da
aydınlaşdırılmasında maraqlı olmuşdu.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan
Dağlıq Qarabağa muxtariyyət verildikdən sonra da istər
Dağlıq Qarabağ, istər Ermənistan, istərsə də
bu hüdudlardan kənardakı ermənilər
separatçılıq fəaliyyətini dayandırmadılar. Erməni
"siyasətçilərinin" susduqları dövrdə
yazıçılar, şairlər və başqa zümrədən
olanlar strateji məqsədin - separatçılığın
daşıyıcılarına çevrildilər, daha
doğrusu "siyasətçilər" onları qabağa
verdilər (bu erməni separatçılığının
"tarixi" ənənəsidir). Tanınmış
erməni yazıçısı M.Şaginyan (1888-1982)
Dağlıq Qarabağa muxtariyyət verilməsindən az sonra "Dağlıq Qarabağ" adlı
kitabça (1927) çap etdirdi. Bu
"kitabçada" tarixi həqiqəti
açıq-aşkar təhrif etdi.
1920-30-cu
illərdə istədiklərinə nail ola
bilməyən ermənilər 1941-1945-ci illər müharibəsindən
sonra yenidən fəallaşdılar. 1945-ci ilin noyabrında
Ermənistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi
Komitəsi katibi Qr.Arutinov İ.Stalinə müraciət edərək
Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin
Qarabağ vilayəti adı altında Ermənistan SSR-in tərkibinə
daxil edilməsi haqqında məsələ qaldırdı. Həmin
müraciətin mətnini Ümumittifaq Kommunist (bolşeviklər)
Partiyası Mərkəzi Komitəsi katibi G.M.Malenkov 1945-i il 28
noyabrda Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi
Komitəsinın birinci katibi M..Bağırova
göndərdi. Malenkov Ermənistan Kommunist (bolşeviklər)
Partiyası Mərkəzi Komitəsinin
qaldırdığı məsələyə öz rəyini
bildirməsini ona təklif etdi. M.Bağırov bununla əlaqədar
1945-i il dekabrın 10-da cavabını
Moskvaya bildirdi. M.Bağırov cavabında yazırdı:
"Tam məxfidir. Malenkov yoldaşa. Ermənistan
Kommunist (bolşeviklər) Partiyası MK-nın katibi Arutinov
yoldaşın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan
SSR-nin tərkibinə daxil edilməsi haqqında təklifi ilə
əlaqədar Sizin teleqramınıza cavab olaraq məlumat
verirəm: Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi
qədim zamanlardan, mərkəzi 1747-ci ildə Qarabağlı
Pənah xan tərəfindən qala kimi tikdirilmiş Pənahabad
şəhəri olan Qarabağ xanlığının tərkibində
olub. 1826-cı ildə Qarabağ çar
Rusiyasına birləşdirilmişdir. Sonralar indiki
Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi Yelizavetpol
quberniyasının Şuşa,
Cavanşir, Qaryagin və Qubadlı qəzalarının tərkibində
olub. 918-1920-ci illərdə müsavatçıların Azərbaycanda
və daşnakların Ermənistanda ağalığı
dövründə Musavat hökuməti tərəfindən mərkəzi
Şuşa (keçmiş Pənahabad)
şəhəri olan general-qubernatorluq təşkil edilib. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti
qurulduqdan sonra ilk dövrlərdə bütün
Qarabağın təsərrüfat-siyasi həyatına rəhbərlik
vahid Vilayət İnqilab Komitəsi tərəfindən həyata
keçirilirdi. 923-cü ildə
Qarabağın əsasən ermənilərin məskunlaşdığı
dağlıq hissəsinin Ermənistan SSR-ə birləşdirilməsi
məsələsi qaldırıldı. Lakin bu ərazinin
Ermənistan SSR ilə ümumi sərhədlərinin
olmaması və Ermənistandan yalnız azərbaycanlıların
yaşadığı Qubadlı, Laçın, Kəlbəcər
və Dəstəfur rayonları ilə ayrılması səbəbindən,
partiya orqanlarının göstərişi əsasında Azərbaycan
Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il
tarixli dekreti ilə mərkəzi Xankəndi, indi Stepanakert adlanan
Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti
ərazi cəhətdən heç vaxt Ermənistan SSR-ə
bitişik olmamışdır və hazırda da bitişik
deyil.
Azərbaycanda Sovet hakimiyyəti illərində
Dağlıq Qarabağda vilayətin təsərrüfat-siyasi
və mədəni inkişafı sahəsində böyük
işlər görülmüşdür. Bu
inkişafın ən parlaq nümunələrindən biri -
DQMV-ın hazırki mərkəzi Stepanakert şəhərinin
başlı-başına buraxılmış və
dağıdılmış bir kənddən Azərbaycanın
ən gözəl, abad və mədəni şəhərlərindən
birinə çevrilməsidir. Azərbayan SSR-nin
bütün ali təhsil məktəbləri və
texnikumları tələbələrinin 20,5%-ni,
əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətindən
olan ermənilər təşkil edir. Respublikanın partiya,
sovet, təsərrüfat rəhbərləri - Azərbaycan
K(b)P MK-nın katibləri, müavinləri, xalq komissarları,
xalq komissarları müavinləri və s. arasında
Dağlıq Qarabağdan olan yoldaşlar da az deyil. Bununla belə
biz Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan
SSR-in tərkibinə qatılmasına etiraz etmirik, lakin
Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində
olmasına baxmayaraq, hazırda da əsasən azərbaycanlıların
yaşadığı Şuşa rayonunun Ermənistan SSR-ə
verilməsinə razı deyilik. Şuşa
şəhəri bina edildiyi gündən Qarabağın
inzibati-siyasi və mədəni mərkəzi olmaqla
yanaşı, həm də Azərbaycan xalqının öz
müstəqilliyi uğrunda İran
işğalçıları ilə apardığı
mübarizədə müstəsna rol oynayıb. Ən qaniçən fatehlərdən biri, Zaqafqaziya
xalqlarının cəlladı Ağa Məhəmməd
şah Qacar məhz Şuşada öldürülüb.
Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti
bu şəhərdə formalaşıb. İbrahim
xan, Vaqif, Natəvan və digər bu kimi görkəmli siyasət
və mədəniyyət xadimlərinin adları onunla
bağlıdır.
Eyni
zamanda, ÜİK(b)P MK-nın nəzərinə
çatdırmağı zəruri hesab edirik ki, DQMV-ın Ermənistan
SSR-in tərkibinə daxil edilməsi məsələsinə
baxılarkən, Ermənistan SSR-in Azərbayan Respublikasına
bitişik olan və əsasən azərbaycanlıların
yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar
rayonlarının Azərbaycan SSR-in tərkibinə daxil edilməsi
məsələsinə də baxılmalıdır. Bu rayonların mədəni və iqtisadi cəhətdən
son dərəcədə geridə qalmasını nəzərə
almaqla, bunların Azərbaycana verilməsi əhalinin maddi-məişət
şəraitini və ona mədəni-siyasi xidmət işini
yaxşılaşdırmağa imkan yaradardı. ÜİK(b)P MK-dan yuxarıda göstərilənlərdən
əlavə aşağıdakı məsələlərə
baxılmasını xahiş edirik:
Gürcüstanlı yoldaşlar Azərbaycan SSR-in Balakən,
Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-in tərkibinə
daxil edilməsi məsələsini qoyurlar. Göstərilən
rayonlarda əhalinin ümumi sayı 79.000 nəfər
olduğu halda cəmi 9.000 gürcü-inqiloyun
yaşamasına baxmayaraq biz bu məsələyə
baxılmasına etiraz etmirik, lakin bu məsələ ilə
bir zamanda, Gürcüstan SSR-in demək olar, yalnız azərbayanlıların
yaşadığı və bilavasitə Azərbaycan SSR-ə
bitişik olan Borçalı rayonunun Azərbaycan SSR-nin tərkibinə
daxil edilməsi məsələsinə də
baxılmalıdır. Və nəhayət biz,
Dağıstan SSR-in keçmişdə Azərbaycanın bir
hissəsi kimi Bakı quberniyası tərkibinə daxil olan və
hazırda Azərbaycan SSR-ə bitişik olan Dərbənd və
Qasımkənd rayonları ərazilərinin Azərbaycan SSR tərkibinə
qatılması məsələsini nəzərdən
keçirmənizi xahiş edirik. Bu
rayonların əhalisi əsasən azərbaycanlılardan ibarətdir,
özü də maldarlıqla məşğul olan bu əhalinin
yarıdan çoxu ilin 9 ayını Azərbaycan ərazisində
keçirir. Qaldırılmış bütün məsələlər
üzrə təkliflərin hazırlanması
üçün tərkibinə marağı olan hər bir
respublikadan nümayəndələr daxil edilməklə ÜİK(b)P MK komissiyasının
yaradılmasını məqsədəuyğun hesab edirik. Azərbaycan
K(b)P MK katibi M.C.Bağırov, 10 dekabr
1945-ci il, № 330, Bakı şəhəri".
Bu cavab bir sıra tədqiqatçıların diqqətini
cəlb edib və onun barəsində müəyyən
mülahizələr söylənilib. Lakin buna yenidən
qayıtmağa ehtiyac var. Bu sənəddə diqqəti
çəkən məsələlər hansılardır?!
Hər şeydən əvvəl: 1) O zamankı partiya bürokratiyası
şəraitində Malenkovun təklifi kimi mürəkkəb
məsələyə qısa müddətə cavab verilməsi
diqqəti cəlb edir. Bu göstərir ki, belə
bir təklif Azərbaycan Kommunist (bolşeviklər)
Partiyası Mərkəzi Komitəsi üçün gözlənilməz
olmayıb. 2) Mətnin siyasi, elmi-tarixi və tekstoloji təhlili
də zəruridir. Bunların üzərində
ləngimədən bir vacib məqama diqqət yetirək.
Buradan aydın olur ki, bəzən iddia olunduğunun əksinə
olaraq, Azərbaycan rəhbərliyi belə bir problemdən
heç zaman qaçmayıb, əksinə ən yüksək
səviyyədə onun müzakirəsinə və konkret təkliflərlə
çıxış etməyə hazır olub və s. Məhz
belə bir əsaslandırılmış mövqe o zaman
Moskvanı Azərbaycana təzyiqdən çəkindirmişdi.
Bununla belə, Ermənistan rəhbərliyi məqsədindən
əl çəkməmiş, 1948-1953-cü illərdə azərbaycanlıların
Ermənistan SSR-dən - oz ata-baba torpaqlarından kütləvi
surətdə deportasiyasına nail ola
bilmişdi".
Elçin
Qaliboğlu
Xalq
Cəbhəsi.- 2017.- 22 dekabr.- S.13.