“Dədə Qorqud“ eposunda şaman görüşləri

 

1-ci yazı

 

“Dədə Qorqud” eposu üzərində aparılan müşahidələr göstərir ki, boyların əksəriyyəti yaranma və formalaşma baxımından oğuzların müxtəlif dinlərə etiqad dövrlərini əhatə edir. Abidənin mətnindən göründüyü kimi, boyları düzüb-qoşan ozanlar ozanı Dədə Qorquddur. Dədə Qorqud isə “Rəsul əleyhissəlam zamanına yaqın” dünyaya gəlmiş bir Oğuz bilicisidir. Əsərin müqəddimə hissəsində verilmiş bu məlumata fərqli baxış bucağından yanaşılmasına baxmyaraq, fikrimizcə, Qorqud Ata oğuzların islamaqədərki mərhələsində, təqribən V-VI əsrlərdə yaşamış tarixi şəxsiyyətdir. O, oğuzlar arasında geniş yayılmış qədim dastan və rəvayətləri zamanın ruhuna uyğun yeni məzmunda işlədiyi kimi, yaşadığı dövrün adlı-canlı igidlərinin şərəfinə boylar düzüb-qoşmaqla gələcək nəsli vahid dövlətçilik ideyası ətrafında birləşdirmək məqsədi güdüb.

Göy Tanrı dininə tapınan qədim türklərin baxışlar sistemidə şamanizmlə bağlılıq problemi türkoloji tədqiqatlarda ətraflı araşdırılmış məsələlərdəndir. “Dədə Qorqud” eposunda islamaqədərki dini baxışlardan bəhs edən A.İnan, M.Seyidov, J.Roux, R.Qafarlı, S.Rzasoy, K.Rüstəm və b. tədqiqatçılar dağ, su, qurd, ağac kultu, əcdad ruhu ilə bağlı inanclardan, ovetmə, evlənmə, andicmə, çadırqurma, yum – xeyir-dua vermə və s. kimi ritual xarakterli ayinlərdən çıxış edərək, oğuzların dünyagörüşündə şamanlığın mühüm yer tutduğunu əsaslı dəlillərlə şərh ediblər. Əgər eposda şamanizmlə bağlı ayinlərə bu qədər geniş yer verilibsə, deməli, onları icra edən əsas simanın – şamanın hansı obraz vasitəsilə canlandırılması maraq doğurur.

Şaman ayinləri icra edən, ölənlərin ruhu ilə onların yaxınları arasında əlaqə yaradan, taleləri oxuyan, xəstəlikləri müalicə edən bilici, görücü, əfsunçu şəxsdir. Abidənin giriş hissəsində Dədə Qorqud Oğuz elinin bilicisi, qeybdən dürlü xəbərlər söyləyən və dedikləri gerçəkləşən, Tanrının könlünə ilham verdiyi bir insan kimi təqdim olunur. O, boyları düzüb-qoşan ozan olmaqla yanaşı, sadalanan xüsusiyyətləri özündə ümumiləşdirən bir şamandır. Şamanlar isə “seçilmiş” insanlardır. Onlar vəcdə gəlib ekstaz halını almaqla ruhlarını göylərə yüksəldə və ya yeraltına endirə bilirlər. Bu qeyri-adi xüsusiyyət Dədə Qorqudda da özünü göstərir. “Bamsı Beyrək” boyunda Banı Çiçəyə elçiliyə gələn Dədə Qorqud qardaşı Dəli Qarçarın qəzəbindən qorxub gətirdiyi atlara minərək canını qurtarmaq istəyir. “Kitab”da sonrakı hadisələr belə təsvir olunur: “Dədəyi qova-qova Dəli Qarçar on yelək yer aşurdı. Dədə Qorquduñ ardından Dəli Qarçar irdi. Dədəniñ anısı anıtdı. Tañrıya sıqındı. İsmi-əzəm oqıdı. Dəli Qarçar qılıcın əlinə aldı. Yuqarısından öykə ilə həmlə qıldı. Dəli bəg dilədi ki, Dədəyi dəpərə çala. Dədə Qorqut aydır: “Çalarsañ, əlüñ qurusun!” – dedi. Haq Taalanıñ əmriylə Dəli Qarçarıñ əli yuqarıda asılu qaldı. Zira Dədə Qorqut vilayət issi idi, diləgi qəbul olurdı”.

Mətn parçasının təhlilindən aydın görünür ki, söyləyici ozan əski dini baxışlara islami don geyindirməklə Dədə Qorqudun şamanlıq keyfiyyətlərini arxa plana çəkməyə çalışıb. Fikrimizcə, Dədənin ismi-əzəm oxuması eposun formalaşdığı sonrakı dövrün dini ayini olub, daha arxaik ritualı pərdələməyə xidmət edir. Lakin bu əvəzləmə əməliyyatı axıra qədər həyata keçirilə bilinməyib, Dədənin “vilayət issi”, yəni elin, obanın ruh yiyəsi, kahini olması ilkin anlamında saxlanılıb. O, şaman olaraq çətin məqamda ruhunu canlandırıb Oğuz elinin əski çağlardan tapındığı Tanrıya sığınır. Araşdırma göstərir ki, “anısı anıtdı” ifadəsi “ruhu hazırlamaq, ruhu canlandırmaq, ruhu çağırmaq, ruhdan kömək istəmək” anlamlarında işlənilib. Bu ifadəyə “Andıran anıq, qurbağa tanıq” qədim oğuz məsəlində də rast gəlinir ki, “Canlandıran ruhdur, qurbağa da şahiddir” anlamını daşıyır. Ruhlarla bağlantı, daha dəqiq desək, onların çağırılması türk mifologiyasında “ang” sözü ilə ifadə olunub ki, “Dədə Qorqid kitabı”nın dilindəki “anmaq”, “añmaq”, “anıtmaq”, añdırmaq” feilləri ilə kökdaş olan bu sözdən (-n- və -nq- səslərinin fonetik variantlarından olan -ng- səsi ilə deyilib) törənən “angışmaq” feili şaman baxışlarının geniş yayıldığı Yenisey çayı hövzəsində tapılan bir məzar daşında da qeydə alınıb.

Dədə Qorqudun şaman-ozan simasında verilməsi eposun islamaqədərki yaranma göstəricisidir. Ruhlar dünyası ilə danışan, əlaqə quran ağzı dualı şaman və bu oğuznamələri düzüb-qoşan yaradıcı ozan – Dədə Qorqud obrazının bir-birini tamamlayan əsas xüsusiyyətləridir. Əslində ozan Qorqud tərəfindən düzülüb-qoşulan bütün boyların ilkin variantda şaman Qorqud tərəfindən verilən yumlarla tamamlanması bu bütövlüyə işarədir. Lakin islamı qəbul edən sonrakı nəsil ozanları şaman Qorqudu müsəlmanlaşdırıb onun haqqında məzmunca yeni rəvayətlər qoşduqları kimi, “Kitab”da getmiş bəzi boyların sonundakı yumları da islami mahiyyət daşıyan dualarla genişləndirməyi, yaxud əvəz etməyi lazım biliblər. Nümunə üçün bəzi boylara müraciət edək.

Yaranma baxımından daha qədim köklərə – Oğuz etnosunun yaranma tarixi ilə bağlı olan və buna görə də “Kitab”da müqəddimədən sonra birinci verilən “Dirsə xan öğli Buğac” boyu aşağıdakı yumla bitir:

 

Yarlu qara tağlarıñ yıqılmasun!

Kölgəlicəqaba ağacıñ kəsilməsün!

Qamın aqan görkli suyıñ qurımasun!

Qanadlarıñ ucları qırılmasun!

Çaparkən ağboz atıñ büdrəməsüñ!

Çalışanda qara polat uz qılıcıñ gedilməsün!

Dürtüşərkən ala göndəriñ ufanmasun!

Ağ birçəklü anañ yeri behişt olsun!

Ağ saqallu babañ yeri uçmağ olsun!

Haq yandıran çırağıñ yana tursun!

Qadir Tañrı səni namərdə möhtac eyləməsün, xanım hey!

Məzmundan göründüyü kimi, şaman-ozan yumlarında – alqışlarında dağ, ağac, su (çay), çadır, at, döyüş yaraqları, ata-ana kultu başlıca yer tutur. Sırf şaman ritualı – “şaman sözü, şaman duası” kimi dəyərləndirilən bu yumlar bəzi boylarda islam dininə məxsus dualarla genişləndirilib. Məsələn, “Qazan xanın evinin yağmalanması” boyunda eynilə təkraralanan bu yumun davamı olaraq aşağıdakı dualar söylənilir:

 

Axır-soñı arı imandan ayırmasun!

“Amin!” deyənlər didargörsin!

Ağ alnuñda beş kəlmə dua qıldıq, qəbul olsun!

Allah verən umudıñ üzülməsün!

Yığışdırsun, dürüşdürsün günahlarını,

Adı görklü Məhəmməd Mustafa yüzi suyuna bağışlasun, xanım, hey!

 

Bəzi boylarda, xüsusilə “Qañlı qoca oğlu Qan Turalı”, “Bəkil oğlu Əmran”, “Uşun qoca oğlı Səgrək” boylarında isə şaman baxışlarının ifadəsi olan həmin yumlar tamamilə əvəzlənib ki, bu da islam etiqadının, ayinlərinin oğuzlar arasında yayılması ilə izah oluna bilər. Lakin boyların məzmunundan göründüyü kimi, yeni dini baxışlar yüzillərlə oğuz düşüncəsində kök atmış əski inancları bütünlüklə unutdurmaq gücündə deyil. Beləliklə, Dədə Qorqudun yaşadığı Oğuz zamanını Gök Tanrı dininə, şaman baxışlarına tapınılan dövr kimi səciyyələndirmək mümkündürsə, yeni nəsil ozanlarının yaradıcı müdaxiləsi ilə əski boyların zənginləşdirilərək formalaşdırılma və ilkin olaraq yazıya alınma tarixini islam dininə keçid dövrü kimi dəyərləndirmək olar. Məhz buna görə də əslində bir-birini hardasa təkzib edən hər iki baxış boyların məzmununda bəzən yanaşı verilib, bəzən isə biri digərinin, konkret desək, şaman baxışları, inancları islam dini ayinləri daxilində əridilib. “Kitab”ın şaman baxışlarını ifadə edən qədim sözləri bu mülahizənin doğruluğuna əminlik yaradan dəlillərdəndir. Təbii ki, bu kontekstdə yanaşdıqda diqqəti çəkən ilk fakt “şaman” anlıyışı bildirən “qam” sözüdür.

Araşdırma göstərir ki, abidənin mətnində şaman görüşlərindən bəhs edən əksər qorqudşünaslar Oğuz elinin başçısı Bayındır xanla bağlı işlədilmiş “Qam Ğan oğlu” ifadəsi üzərində dayanıblar. Bu addakı “Ğan” sözü abidənin mətnində “qan” və “xan” variantlarında işlənilmiş eyni sözün deyiliş variantı olmalıdır. Məlumdur ki, q-ğ-x səs keçidi dilimizin tarixi inkişafı prosesində qabarıq nəzərə çarpan fonetik hadisələrdəndir və “Kitab”ın mətnində neçə-neçə sözdə özünü göstərir. Məsələn: “Banı Çiçək otaxdan baqırdı. Amma sormaq eyib olmasun, bu otaq kimündür?” – dedi. Qısırca yengə aydır: “Bəg yigidim, bu otağ Bay Becan bəg qızı Banı Çiçəgiñdir”, – dedi. “Qara polad uz qılıcı çalmayınca qırım dönməz. Mərə kafir, səniñ qızıñdan oğlı toğsun, siz anı Qazan bəgə qırım qoyasız”, − dedi. “Yayxan Keşiş oğlından oğlı toğar, biz anı saña ğırım qoruz”, − dedilər. Əvvəl Dəmür Qapu Dərvəndiñdə bəg olan , qarğu süñü ucında ər bögürdən, ğırıma yetdügində “kimsən?” deyü sormıyan Qıyan Selcük oğlı Dəli Tondar səniñlə bilə varsun! – dedi. Cılasun qoç yigitlərə qalaba ülkə verdi, şalvar, cübbə, çuqa verdi. Ğalaba toyum oldu.

“Qam” sözü, ondan bəhs edən əksər alimlərin qeyd etdiyi kimi, ilk dəfə M. Kaşğari lüğətində 4 dəfə işlədilərək “şaman, kahin” anlamında izah edilib. Burada verilmiş nümunələrdən aydın olur ki, qamlar əfsun oxuyan, fala baxan şəxslərdir. Ulu dilçi ilə eyni əsrdə yaşamış Y.Balasaqunlunun “Qudatqu bilik” əsərindən belə məlum olur ki, qam xəstə insanların ruh dünyası ilə təmas etmək gücünə qadir kahindir:

 

Kerek tut otaçı kerek erse kam

ölüglüke hergiz asığ kilmaz em.

(Çevirməsi: İstər həkim gətir, istər qam,

Ölməkdə olana heç bir əlac fayda verməz).

 

Gətirilən beytdən belə çıxır ki, otaçı, yəni həkim insanın bədənini, qam isə ruhunu müalicə edə bilir. Lakin əcəl gələndə bunların heç birinin faydası olmur. Ümumiyyətlə, həmin sözün işlənildiyi digər beytlərdə xaqanın “xalqa qam olmasından bəhs edilir”. Aydın olur ki, qam-şaman xəstə insanları mənəvi baxımdan müalicə edən bir ruh adamıdır və dövlət başçısı olmaq istəyən hər kəsbu keyfiyyətlərə yiyələnməlidir. Məntiqi yanaşdıqda, “Dədə Qorqud” eposunda “Qam Ğan oğlu” ifadəsi dövlət başçısının xalqın ruhani, mənəvi dünyasını anlayıb ona əlac etməyi bacaran nəsildən olması fikrinə işarədir.

 

Asif Hacıyev

pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 

Xalq Cəbhəsi.- 2017.- 22 dekabr.- S.14.