Qulam Yəhyanın xatirələri
10-cu yazı
Zəncandan ardı-arası kəsilmədən məlumat
gəlirdi ki, Zülfüqari dəstələri Zəncanı
tutmağa hazırlaşırlar. Bu vəziyyəti
yerində yoxlayıb, dəqiq məlumat bilmək
üçün yanvar ayının 15- dən 18-nə qədər
sərhəng Azəri Zəncana göndərildi. Oradan qayıdıb, gələndən sonra verdiyi kətbi
məlumatdan aydın olurdu ki, Zülfüqarinin Zəncana həmlə
edəcəyi xəbəri yalan şayiədən başqa bir
şey deyildi. O məlumatında göstərirdi ki, Zəncanda
sakitlikdir və heç bir narahatedici hadisə və buna
oxşar bir şey yoxdur. Azərinin belə
sakitedici məlumatina baxmayaraq mən fədai
başçılarına tapşırdım ki, daim
düşmənin qəfildən hücumuna hazır olsunlar.
Eyni zamanda vəziyyət haqqında tez-tez məlumat
versinlər. Onlar da bizim
tapşırığımıza əməl edib, tez-tez
oradakı hadisələr, ümumiyyətlə, vəziyyət
haqqında ardıcıl məlumat verirdilər.
Bizə verilən dəqiq məlumatdan aydın oldu ki,
Zülfüqari kəndlərdən özləri
üçün atlılar toplayır. Mən bu haqda
Pişəvəri ilə danışdım. O, mənim
Zəncana getməyimi məsləhət gördü. Mən 1946-ci ilin fevral ayının əvvəllərində
Zəncana getdim. Oradakı yoldaşların çoxu ilə,
xüsusilə, fırqə aktivilə Miyanada olduğum
müddətdən tanış idim. Vəziyyətlə
tanış olduqda məlum oldu ki,
Zülfüqarinin atlıları Zəncanın
yaxınlığında olan kəndlərə qədər gəlib,
özlərini orada möhkəmləndirmişdi. Onun bu yerlərdə
xatircəm ağalıq etməsinə səbəb olan
başlıca səbəb qışın o ili çox sərt
keçməsi, onların olduğu yerlərə yolların
olmaması, eyni zamanda Xəmsə mahalına yaxşı bələd
olmasından əlavə, yerli əhalinin (kəndlilərin)
ondan qorxmas ı idi. Zülfüqari kəndlilərlə
çox qəddarcasına rəftar edir, hər cürə pis
əməldən çəkinmir və hətta kəndlini
öldürmək kimi tədbirlərdən də istifadə
edirdi.
Xəmsə mahalını Zülfüqarilərdən
azad etmək məqsədilə fədailərin özlərini
difa etməkdən həmlə-hücüm etmələrinə
göstəriş verdim. Fədailər mənim
tapşırıqlarımı yerinə yetirərkən,
müəyyən qələbə əldə etmiş oldular.
Ümumiyyətlə, fədailər kəndlərdə
olarkən müəyyən kiçik də olsa xoşagəlməz
hərəkətlərə əl atmış, müəyyən
günahlara mürtəkib olmaları barədə mənim məlumatım
var idi. Bundan başqa fədailər yerli əhalinin
evində qalır, özü onların hesabına qismən
yeyirsə, atını kəndlinin hesabına
saxlayırdı. Ona görə də mən kəndlilərin
ağsaqqallarını yanıma çağırıb,
onlarla səmimi söhbət etdikdən sonra onlardam soruşdum
ki, kənddə kimin boş evi varsa, bizə kirayəyə
versin. Eyni zamanda onlardan xahiş etdim ki, məscidi
qaydaya salıb, bizə versinlər, biz fədailərimizi kirayə
götürdüyümüz otaqlarda və məsciddə
saxlayaq ki, kəndlilərə əziyyətlərə dəyməsin.
Kəndlilər mənim dediklərimə az
inansalar da hər halda dediklərimə əməl etdilər.
Mən fədai başçılarını
çağırıb, məsləhətimizi onlara bildirdikdə
onların bəziləri dediklərimizlə razılaşmayıb,
müxtəlif bəhanələr gətirməyə
başladılar. Mən onlardan soruşdum ki, siz gəlib kəndlilərin
evlərində qaldığınız kimi başqaları da
gəlib sizin evlərinizdə qalsalar, xoşunuza gələrmi?
Əlbəttə yox! Ona görə də fovri
evlərdən çıxıb, müəyyən edilmiş
yerlərə gedin. Əks təqdirdə kim
getmək istəməsə, silahını təhvil verib, gəldiyi
yerə qayıtsın. Qərarın qəti
olmasını görüb hamı evlərdən
çıxıb, müəyyən olmuş yerlərə
getməli oldular. Bir neçə nəfər
də əmri icra etmək istəmədiyinə görə
silahı alınıb, geri qaytarıldı.
Bir neçə gündən sonra yenə də
ağsaqqalları yığıb, onlarla söhbət etdim. Onlardan
xahiş etdim ki, fədailərimizin atlarına arpa-saman verən
kəndliləri müəyyən edib, pullarını da
hesablayın. Ağsaqqallar əvvəl
dedilər ki, onlar da bizi qorumaq üçün buraya gəliblər,
canlarından keçiblər, biz də atlarını
saxlamışıq, milli hökumət də bizim öz
doğma hökumətimizdir. Ona görə
də biz arpa-saman pulunu almaq istəmirik. Mən israr
etdim, onda ağsaqqallar hesabladılar, hamısı beş min tümənə qədər oldu, mən
göstəriş verdim siyahı üzrə hamının
pulunu pərdaxt etdilər.
Bizim kəndlilərlə xoş rəftarımızın
və başqa tədbirlərimizin təsiri bizim gözlədiyimizdən
qat-qat çox oldu. Kəndlilər həqiqətən bizim
onların tərəfdarı olduğumuzu əməldə
gördülər. Biz qüvvələrimizi
bir yerə toplayıb, nizam-intizamı möhkəmlətməklə
Zülfüqarinin qarət etdiyi kəndlərə hücum etməyə
başladıq. Çox keçmədən
həmin kəndləri işğaldan azad etdik. Ətraf kəndləri Zülfüqari
atlılarından azad etdikdən sonra onun əsas ştabı
sayılan Xat kəndinə hücum etdik. Biz
həmin kəndə hücum etməyə əsaslı
hazırlaşıb, yaxşı plan tərtib etməyimizə
baxmayaraq, bərk soyuq və bərk külək olduğuna
görə biz kəndə səhərə yaxın girmək
əvəzinə gün çıxandan sonra kəndin kənarına
çatdıq, daha doğrusu, müəyyən edilmiş
vaxtdan iki saat gec çatdığımız
üçün kəndə girə bilmədik. 14 nəfər yoldaşımıza güllə dəydi
və yenidən köhnə yerimizə qayıtmalı olduq.
Biz məğlub olma səbəblərini
araşdırarkən məlum oldu ki, hələ olduğumuz
yerdən çıxmazdan əvvəl bərk külək
başlamışdı. Ona görə də elə şəraitdə
çıxmaq lazım deyildi. Düşmən
üzərinə hücum edərkən bütün şərait,
o cümlədən yer, zaman və hava şəraiti hökmən
nəzərə alınmalıdır. Pis
havada düşmən üzərinə hücum etdiyimiz
üçün biz həmin kəndə vaxtından bir qədər
sonra çatdıq. Düşmən isti təndirin
qırağında oturub, bizə güllə atmaq imkanına
malik olduğu halda, biz covğunda ağ
qarın üstə qara paltarda idik.
Xülasə həmin gün məğlub olma səbəblərimizi
daha doğrusu səhvlərimizi yoldaşlarla birlikdə
müzakirə edib, gələcək işlərimiz
üçün əməli nəticə
çıxardıq. Qüvvəmizi nəzərdən
keçirib, belə qərara gəldik ki, fədailərin
sayını bir qədər artıraq. Mən
Miyana və Sarab təşkilatlarına müraciət edərək,
hərəsindən 50 nəfər fədai istədim. Çox keçmədən hər iki yerdən 600 nəfərə
qədər fədai Zəncana varid oldular. Göstəriş verdim fədailəri yerbəyer
etdilər. Yeni gəlmiş fədai
başçıları ilə söhbət etdim. Daha
doğrusu, onlarla bir də yaxından tanış
olub, məsləhətləşdim. Qərara alındı ki,
onların müəyyən hissəsi günü sabah cəbhəyə yola düşsünlər.
Belə də oldu. Yeni gəlmiş
fədailər, keçmişdən orada olan fədailərin
möhkəm ruh yüksəkliyi və şadlıqlarına səbəb
oldu. Bu hər şeydən əvvəl ona
görə idi ki, fədailər hiss etdilər ki, onların
arxasında bütün Azərbaycan zəhmətkeşləri
dayanıb, nə zaman müraciət etsələr onların
köməklərinə istədiklərindən, başqa
sözlə, tələb olunduğundan qat-qat atrıq
xalqının qəhrəman oğul və qızları gələcəklər.
Bu dövrün yaddan çıxmayan hadisələrindən
biri də bizim Zəncandakı “məğlubiyyətimizi”
eşidən qadınlarımızın yüzdən
yuxarı klubundan məktublar almağımızdır. Onlar da
düşmənə qarşı vuruşda öz qardaş,
ata, oğul və ərləri ilə bir cəbhədə
vuruşmağa hazır olduqlarını bildirdilər. Miyana və Sarabın sadə Azərbaycan
qadınlarından alınmış bu məktubları ürək
döyüntüsüz, dərin iftixar hissləri keçirmədən
oxumaq mümkün olmurdu. Həqiqətən onda mən
hiss etdim ki, atalar çox yaxşı deyiblər “Aslanın
erkəyi, dişisi olmaz”. Həmişə və
hər yerdə aslan elə aslan olaraq qalır.
Mən göstəriş verdim ki, həmin məktublardan
bir neçəsini fədai yığıncaqlarında, eləcə
də bəzi hövzə iclaslarında oxusunlar. Bütün
bu hadisələrdən hər halda düşmən xəbərsiz
deyil. O da mövqeyini möhkəmləndirir, özünə
əlavə qüvvə toplayır, Tehrandan silah alır,
özü də bizdə olmayan silahlar alırdılar. Bizim də onların bu əməllərindən xəbərimiz
olurdu. Xülasə budur ki, biz düşmənin
“hərbi sirlərini” onun bizim sirlərimizi bilməsindən
daha çox şey bilirdik. Ümumiyyətlə,
xalqın öz nehzətinə əlaqəsini sözlə
ifadə etmək çox çətindir. Bəlkə bu hissləri və əlaqələri
olduğu kimi bəyan edə biləcək söz yoxdur.
Mən Xat kəndinə hücum edib, geri çəkilməyə
məcbur olduğumuz əhvalatı olduğu kimi Təbrizə
məlumat verdim. Məlumatın cavabında deyilirdi ki, “Nə
bir addım irəli, nə bir addım geri”- bu cavabdan məlum
olurdu ki, yerimizdən tərpənməyək. Hərbi dildə desək, hücüm etməyə
icazə verilmədiyi kimi, geri çəkilmək də olmaz.
Lakin fədai hərəkatı nizam-intizam
görmüş, hərbi texnikaya bələd, müharibənin
“elmini” bilən, ona riayət etməyi bacaran qoşundan tamamilə
fərqlidir. Fədai hərəkat
ının da özünə məxsus qayda - qanunları var.
Fədai uzun müddət müdafiədə qala bilməz.
O hərəkət etməli, müəyyən müvəffəqiyyət
əldə etməli, daim onun ruhlandırılması
üçün tədbirlər
araşdırılmalıdır.
Doğrudur, bizim fədailərin və fədai
başçılarının içərisində sərbazlıq
etmişləri də tapılırdı. Lakin yenə də
fədai - fədai olaraq qalır. Bəzən
bizim fədai hərəkatını Qərbi Avropa və ya
Afrika, Asiya, Latın Amerikası ölkələrindəki
partizanların hərəkatı ilə müqayisə edənlər
də tapılır. Mən onu cəsarətlə
deyə bilərəm ki, hər ölkənin hər
zamanın özünə məxsus tələbləri olur ki,
bunu qeyri-nizami hərbi qüvvə (fədai, partizan və s.)
hökmən nəzərə almalıdır. Burada
ümumi, daha doğrusu hamı üçün eyni olan cəhətlər
ya olmur, ya da lap az olur. Bu
işdə özünəməxsusluq daha geniş yer tutur.
Bu işin düzgün təşkili və ona
düzgün rəhbərlik etmək hər halda böyük
bilik, bacarıq, ustalıq, bəlkə də xüsusi talant tələb
edir. Bu haqda ayrıca özü də əsaslı
surətdə danışmaq, bəhs etmək lazımdır.
Biz vəziyyət haqqında Təbrizə məlumat verirdik və
göstərirdik ki, Zülfüqari filan kəndi işqal etdi,
filan cinayəti törətdi, filan yerə hərəkət
etmək istəyir və s. Bizə yenə də
keçmişdəki cavablar təkrar olunurdu: “Nə bir
addım irəli və nə bir addım geri”.
Mən Təbrizə məlumat verdim ki,
düşmən bizi mühasirəyə almağa
hazırlaşır, yenə də həmin “Nə bir addım
irəli və nə bir addım geri” cavabını aldıq. Bu cavablara əməl etməyin nəticəsi bizim məhv
olmağımızla nəticələnəcəyini yəqin
etdikdən sonra hazırlaşıb, düşmənə
gözləmədiyi yerdən hücum etdik və düşməni
müəyyən itgi verməyə və xeyli geri oturmağa
məcbur etdik. Bu qələbəmiz fədailərimizin
böyük ruh yüksəliyinə səbəb olduğu kimi
düşmənin də daxilində çaxnaşma əmələ
gəlməsinə səbəb oldu. Bizim bu dəfə ki, məlumatımıza
da yenə əvvəlki cavab gəldi. Bundan sonra “cavablara” əhəmiyyət
vermədən bildiklərimizə əməl etməyə
başladıq. Dalbadal düşmənə aman
vermədən hücumları davam etdirdik. Əsas fəndimiz
düşmənin gözləmədiyi yerdən həmlə
etmək, az qüvvə ilə çox yerdən hücum etmək,
imkan dairəsində az itgi vermək, mümkün qədər
itgi verməmək, hücumu ardıcıl etmək,
düşmənin “özünə gəlməsinə” imkan
verməmək və s. Nəticədə Zülfüqari dəstələri
Azərbaycandan çıxarıldı, onlardan 450 nəfər
əsir alındı və əsirlərin içərisində
nizami ordu əfsərləri də var idi.
Xalq
Cəbhəsi.- 2017.- 17 dekabr.- S.14.