Türk əsilli ruslar - Dostoyevski

 

 

2-ci yazı

 

Dünyanı yalnız gözəllik xilas edəcək!” deyir, özü buna hər kəsdən artıq inanırdı. Yeganə xilaskar olaraq gözəlliyi qəbul edirdi. Ürəkləri fəth edən, iblisi diz çökdürən gözəlliyi. Axı öz insanlıq simasını itirən, içində gözəlliyi boğan, şər qüvvələrə təslim olan çirkinləşən yalnız bədbəxtlərdir. Yazıçı beləliklə əsirlikdə qalan, çarmıxa çəkilən ruhani gözəlliyin azad olmasını bəşəriyyətin xilasının başlıca şərti olaraq qəbul edirdi. Mitya Karamazov da belə düşünür. Bu natural gözəllikdən kənar uca tutulan mənəvi gözəllik, ürəklərin, düşüncələrin gözəlliyidir. Bu gözəlliyi - nəfsdən uzaq gözəlliyi o dəhşətlər içində öz ürəyində daşıyırdı.

Əslən fransız olan sevimli arvadının ölümü, ölmüş qardaşının boynuna çəkdiyi ailəsinin xərcləri, boğazadək girdiyi borclar onu bədbəxt edirdi. Onun katorqa cəzası bitmişdisə masa arxasında əsil katorqaçı kimi işləyirdi. Yeni arvadı - atası xaxol, anası alman qızı olan Anya daim təşviş içində idi. Xəstə kişiyə güvənə bilmirdi. Onu uşaqlarının gələcəyi dərdə salırdı. Odur ki, o, xəstə yazıçını ciddi rejimli şəraitinə salmışdı. Alman dəqiqliyibu qızın öz cəza metodu idi.

Yazıçı isə çəkdiyi qayğının dəhşətindən fantastikaya qapılırdı, xəyallara güc verirdi. Ən qəribəsi o idi ki, İstanbula qaçıb getmək istəyirdi. Hətta bu məqsədlə İstanbuldakı rus konsuluna tövsiyə məktubu da almışdı. Artıq bu fakt bunun əyləncə, xəyal yox, ciddi məqsəd olduğunu göstərirdi. Kilsə əsiri idi imanında, sevgisində ifrata varırdı, dərvişlər kimi vəcdə gəlirdi. Bir dəfə belə olur: arvadı ilə ciddi bir dalınca gedirlər. Küçədə yığıncaq olduğunu görüb dayanırlar. Müharibə başlamış, 12 apreldə (1877) rus ordusu türk sərhədlərini aşmış, indi qəzetlərdə çap olunmuş müharibənin elan olunduğu manifest əllərdədir. Manifesti müjdə kimi əlində tutan yazıçı ekstaz içində: "Kilsəyə" deyə sürücüyə əmr edir. Düşüb özü kimi ağlını itirmiş kütləyə qarışır sidq-ürəklə rus silahının şərəfinə duaya başlayır. Həmin gün aldığı o manifesti göz bəbəyi kimi qoruyur. İndi arxivində mühüm sənədlər arasında həmin manifest var.

Ölümündən 4-5 ay əvvəl naşir Suvorinin arvadını kilsədə cani-dildən ibadət edərkən görüb dərhal ona yaxınlaşır, and-aman edib yalvarır ki, söz ver mən öldükdə məndən ötrü belə dua edəcəksən. Qadın Suvorinin ikinci arvadı idi; çox cavan təravətli idi. Belə qadınlar dua edərkən mələyə oxşayarlar...

Qəribəlikləri çox idi. Təbiətən həssas olan Dostoyevski elə buna görə tez-tez mənzil dəyişirdi. Bu zaman ona fikir verirdi ki, evin pəncərələrindən dünyanın əbədi mənası olan kilsə qübbələri xaçları görünsün; bu harmoniya ona dinclik, rahatlıq verirmiş. Bir vaxt Sibir katorqasında onunla birlikdə cəza çəkən, xüsusən öz mənəvi təmizliyinə eləcə öz aralarında bir-birinə mehri-ülfəti ilə nəzərləri cəlb edən Qafqazlı müsəlmanları (Qafqazda milli-azadlıq müharibəsi gedirdi Sibir həbsxanaları müsəlmanlarla dolu idi) böyük ehtiramla yad edir.

...Ölüm hökmü katorqa ilə əvəz olunduqda qəlbi əfvin riqqəti ilə dolan yazıçı elə o edam kürsüsündən yeni adam kimi düşür. Bu minnətdarlığı ömrü boyu özü ilə gəzdirir. Sonrakı dinc həyatında onu çarpərəstlikdə məzəmmət edənlərə: "Mən çara qarşı çıxa bilmərəm, o mənə həyat bəxş etdi" - deyir. Həmişə padşahı yerdə Allahın kölgəsi sanmağında qalır. Çox gec ata olmuşdu, daim onların fikrini çəkir, sabahını düşünürdü. Anasının çox varlı bacısı övladsız ölərkən var-dövlətini bacısı uşaqlarına vəsiyyət etmişdi. Artıq onuncu il idi ki, vərəsələr arasında miras davası gedirdi; hər kəs öz payının az olduğunu, aldadıldığını düşünürdü. Beləailədavalarının birində ən çox sevdiyi bacısı ilə aralarında düşən mübahisə yazıçının ölümü ilə nəticələndi. Qədimi türk ailəsinin axırına sevdiyi pul çıxdı.

... Oktyabr çevrilişinin yaratdığı o müdhiş hərc-mərclikdə yazıçının dul arvadı Adler yaxınlığında aldıqları torpaqlarındakı malikanəsində yaşayırdı. Bu malikanəyə o “Otradaadı vermişdi. İndi gəlini nəvələri onunla idi. Amma onun öz dalandarı müharibədən qayıdıb elə baş-gözlə ona hücum çəkdi ki, bu təhdid və qorxudan sonra o evdə qalmaq olmazdı. Yazıq Anna YaltadaFransa” otelində xəstə yatırdı. Vətəndaş müharibəsi gedirdi. Oğlu onu itirmiş, qızı isə unutmuşdu.

Oğlunun var qüvvəsini sərf etdiyi, sevdiyiöyündüyü atçılıq idi; indi o, özünün at zavodunu itirmişdisə də, atlarından ayrılmır, müsadirə edilmiş at zavodunda mehtərbaşı işləyirdi. Görünür, ömrü at belində keçən babalarının - Qızıl Orda xanı Arslan Çələbinin ruhu ölüb-itməmişdi. Anna isə özü ilə bir səbət götürə bilmişdi. Bu səbətdə Dostoyevskinin ona, onunsa Dostoyevskiyə məktubları vardı. Ölümqabağı Anna ərinin məktublarındakı bir çox sözləri, cümlələri bərk-bərk pozdu. Elə pozdu ki, kimsə onu təkrar oxuya bilməsin. Yarımdəli yazıçı Təpəgöz gücündə bir məşuq idi; arvaddan uzaqda bu ehtirası o sözlərə köçürürdü. O yazmağı yaxşı bilən türk idi...

 

Minaxanım Təkləli

Professor

 

Xalq Cəbhəsi.- 2017.- 27 dekabr.- S.14.