Klassik havalar və dastan
bilicisi
1984-cü ildə
Aşıq Şakirin səsi sovet hakimiyyətinin ideoloji
düşməni olan ölkələrdə dillənilirdi
Şirvan aşıq mühiti təşəkküldən
üzü bəri həm ifaçı, həm də yaradıcı
mühit kimi fəaliyyət göstərib. Eyni zamanda
söyləməliyik ki, ayrı-ayrı aşıq mühitlərində
bu sənətin ənənələri, məktəbləri,
hava və üslub xüsusiyyətləri, sənətkarlıq
və ifaçılıq qaydaları ustad aşıqların
yaradıcılığında qorunaraq inkişaf edib, daha da zənginləşib.
Ötən çağlarda olduğu kimi, XX
yüzillikdə də bu mühit qüdrətli sənətkarlar
yetişdirib. Bu görkəmli sənətkarlardan
biri də Şirvan diyarının yetirdiyi ustad aşıq
Şakir Hacıyevdir. Zəngin sənət
irsi olan aşıq Şakir Hacıyev Şirvan aşıq
mühitini bütöv Azərbaycan aşıq sənəti səviyyəsinə
qaldıran yaradıcı aşıq olub. Böyük
ənənəni yaşatmış Şirvan aşıq
mühitinin yetişdirməsi aşıq Şakir Hacıyev
Şirvan aşıq məktəbinin inkişafı və onun
formalaşmasında xüsusi yer tutur. Aşığın
yaradıcılığı çoxcəhətlidir. Aşıq Şakir klassik havalar və dastan bilicisi
kimi eyni zamanda neçə-neçə qoşma, gəraylı,
dastan və aşıq mahnılarının müəllifidir.
XX əsrin ortalarında Şirvan aşıq məktəbi
məhz ustad aşıq Şakir Hacıyevin şəxsində
öz tərəqqi və inkişaf dövrünü
yaşadı.
Aşıq Şakir Hacıyev Şirvan
aşıq məktəbinin ənənələrini davam
etdirməklə bərabər yaşadıb, təkmilləşdirib
və yeni bir sənət cığırı açıb.
Seyfəddin Qəniyev Aşıq Şakir haqqında ilk olaraq
yazmış olduğu “Adım Şakir, mahalım Şirvan”
kitabında Aşıq Şakirin şərəfli
ömür yolunu, sənətkar taleyini xarakterizə edərək
yazır: “Dədə Şakir haqqında yazmaq
üçün neçə-neçə insanla
görüşmüş, onların ustad haqqında çox
dəyərli fikirlərini eşitmişəm. Ünsiyyətdə
olduğum yüzlərlə insanın Şakir haqqında fəxrlə
dedikləri “Aşıq Şakirinki Allah vergisi, Allah qisməti
idi. Yoxsa heç kəs öz hünəri,
öz səyi ilə Şakir mərtəbəsinə ucala
bilməzdi”…Və bir “Şakir mərtəbəsin”də
neçə-neçə Şakirlərin
“yaşadığının” şahidi olmuşam.
Aşıq Şakir, Xanəndə Şakir, Natiq Şakir, Rəqqas
Şakir, Eyhami – Şirvan Şakir, Dirijor Şakir, bir də
camalı ilə gözəllikdə Yusif misallı Şakir… Bəli,
bu qədər bənzərsizliyi qeyri-adiliyi yalnız və
yalnız Allah-taala ürəkdən sevdiyi bəndələrinə
əta edir…”
Aşıq Şakir Hacıyevin
yaradıcılığının ana xəttini Azərbaycanın
füsunkar təbiəti, başı qarlı dağları, bərəkətli
çölləri, əməksevər insanları haqqında
yazılmış əsərlər təşkil edir. Onun
yaradıcılığında vətənə
bağlılıq, sülh, düşmənə nifrət, əmək
adamlarının tərənnümü yer tuturdu. Aşıq Şakir xalq içindən
çıxıb xalq üçün oxumuşdu. Böyük ustad aşıqlığın yüksək
vəzifəsini gözəl duyurdu. Aşıq Şakirlə
bizi ayıran təxminən 36 il belə bu
el aşığını xalqın yaddaşından silə
bilməyib. Onun ölməz sənəti səs
xəzinəmizdə insanların yaddaşında, xatirəsində
bu gün də yaşayır. Aşıq Şakir
Hacıyevin yaradıcılıq irsinin öyrənilməsi XX
əsr aşıq musiqisinin maraqlı çalarlarının
üzə çıxarılması, eyni zamanda aşıq
Şakirin musiqi irsi, dövrü, poetik irsi,
yaradıcılığının müxtəlif mərhələlərində
Şirvan aşıq musiqisinə verdiyi töhfələrin tədqiqata
cəlb olunması baxımından mühüm əhəmiyyət
kəsb edir.
Bütün bunlar onu deməyə imkan verir ki, XX əsr
zaman kəsimində Şirvan aşıq mühitinin
Aşıq Şakir Hacıyev kimi böyük bir nümayəndəsinin
olması və bu gün onun araşdırılması
bütövlükdə Şirvan aşıq musiqisi xəzinəsinə
yeni nəzərlərlə baxmağı tələb edir. Bu gün
Aşıq Şakir sənət irsinin
musiqişünaslıqda da sistemli və kompleks şəkildə
araşdırılması həllini gözləyən məsələlərdən
biridir. Mürsəl Mürsəlov, Seyfəddin Qəniyev,
Ağalar Mirzə, Əhliman Rəhimov, Yaqut Bahadurqızı
Əşrəfova, Qalib Sayılov, Tariyel Qəniyev, Tofiq
Abdullayev, Şirvanın böyük ustad aşıqları
Aşıq Mirzə Bilal, Xaltanlı Tağı, Aşıq
Şakir, Aşıq Əhməd, Aşıq Bəylər,
Aşıq Pənah və s. haqqında monoqrafiya və məqalələrində
buna yer ayırıblar. Bütövlükdə Şirvanın
aşıq mühitinin ustad aşıqlarının hər
birinin özünəməxsus xüsusiyyətləri, ifa mədəniyyəti,
oxu üslubu, bütövlükdə aşıq sənətinə
verdikləri töhfələr var. Bu baxımdan onların
yaradıcılığının öyrənilməsi, ifa
etdikləri aşıq havaları və mahnılarının
nota yazılması və tədqiqata cəlb olunması
musiqişünaslıqda öz həllini gözləyən
aktual məsələlərdən biridir. Məhz
Aşıq Şakirin yaradıcılığı
bütün strukturu və özünəməxsusluğu ilə
mənsub olduğu Şirvan aşıq mühitinə xas hadisədir.
Sənətkarın
yaradıcılığının öyrənilməsi istər
folklorşünaslıq, istərsə də
musiqişünaslıq baxımından obyektiv metodoloji baza
kimi həmin mühit kontekstində tədqiq olunmalıdır.
Aşıq
Şakirin ifasında ondan artıq havacat – “Şirvan şikəstəsi”,
“Döymə Kərəmi”, “Maral”, “Bala Nərgiz”, “Yurdumun”, “Kəndimiz”,
“Boylana-boylana”, “Bakı”, “Nə bağ bildi, nə də
bağban”, “Telli sazım”, “İnciməsin”, “Səhər-səhər”
və s. ki¬mi aşıq nümunələrini
aşığın şəxsi arxivindən, radionun
qızıl fondundan, internet resurslarından əldə
etmişik. Bu havaların hər birinin
melopoetikası, melodik variantlılığı, ifa tərzi,
təfsir üslubu, havalarda musiqi və şeirin melodik
intonasiya, ritmik və bədii əlaqəsi – bütün bu
kimi məsələlər araşdırmada öz həllini
gözləyir.
Şirvan aşıq yaradıcılığında
“aşıq havaları” və “aşıq mahnıları”
kimi anlayışlar mövcuddur. Bütövlükdə
Şirvan aşıq mühitinin ənənəvi xüsusiyyətlərindən
biri də ustad aşıqların mahnı
yaradıcılığıdır. Mahnı
yaradıcılığı və mahnı
ifaçılığı Şirvan aşıq mühitinin
qədim sənətkarlıq ənənələrindən
biridir. Peşəkar ustad
aşıqların yaratdıqları mahnılar
aşıqların repertuarına daxil edilmiş, tədricən
mühitin ənənəvi havasına çevrilib,
ifaçılıqda ənənəvi hava kimi yaşayıb.
Aşıq Şakirin özünün bəstələdiyi
bir neçə aşıq mahnısı “Səhər-səhər”,
“Kəndimiz”, “Yurdumun”, “Xub yaraşır nazlı yara” və s.
kimi mahnılar bu gün də aşıqların, xanəndələrin
repertuarında geniş yer tutur. Məhz ustad
aşığın ifasında olan bu mahnıların notlaşdırılması,
melodiya, forma, lad və üslub baxımından
araşdırılması nəzərdə tutulan sahələrdir.
Aşıq Şakirin yaradıcılığının ən
kamil nümunələri təkcə Şirvanda deyil, Azərbaycanın
digər bölgələrində – Güney Azərbaycan,
Dağıstan, Anadolu aşıqlarının repertuarının
aktiv hissəsinə daxil olub, bu gün də sevə-sevə
oxunur.
Vaxtilə Aşıq Şakirin səsi Moskvanın
böyük sütunlu salonlarında əks-səda verib. Hələ
sovet dönəmində, 1984-cü ildə Aşıq
Şakirin səsi sovet hakimiyyətinin ideoloji düşməni
olan ölkələrdə dillənilirdi. ABŞ-dan
dövlət mühafizəsinə verilib və ABŞ-ın
Los-Anceles şəhər radiosu ilə səsləndirilən
iki veriliş yazılıb. Ayda bir dəfə
efirə çıxan “Sandi Oprea” adlı bu verilişin
aparıcıları Fret Həyat və Fret Azad olmuşdular.
Verilişin biri dahi bəstəkar Üzeyir Hacıbəyova həsr
olunmuş, ikincisi isə ümumilikdə Azərbaycan xalq
musiqi alətlərindən, onların xüsusiyyətləri
və ifa tərzlərindən bəhs edilən bu verilişin
daimi rubrikası aşıq yaradıcılığı olub.
Aparıcıların qeyd etdiklərinə görə, ayda bir
dəfə efirə çıxan bu radio proqramının
redaksiyasına dinləyicilər tərəfindən göndərilən
çoxsaylı məktublarda Aşıq Şakirin lent
yazılarının səsləndirilməsi xahiş olunurdu.
Şirvan bölgəsində şifahi ənənəli musiqinin iki professional qolunun – aşıq və muğam sənətinin əsrlər boyu yanaşı addımlaması peşəkar xanəndə-sazəndə ifaçılığının inkişaf etməsi Aşıq Şakir ifaçılığında da özünü əyani şəkildə büruzə verir. Onun oxuduğu aşıq havalarında xanəndə nəfəslərinin olması havaların arasında vokal ifa etdiyi muğam parçalarını buna misal gətirmək olar. Aşıq Şakir muğamlarımızın da mahir bilicisi və ifaçısı olub. Onu yaxından dinləyən xanəndələr, ziyalılar və müasirləri qeyd edirlər ki, Aşıq Şakir aşıq kimi də, xanəndə kimi də əvəzedilməz idi. Ustad xanəndə Ağaxan Abdullayevin dediklərindən: “Mən Aşıq Şakiri kəndimizdə – Türkanda toy məclislərində görmüşəm. Oxuduğu “Zəminxarə”, “Dilkəş” və s. kimi muğam şöbələri eşidənlərə xüsusi zövq verirdi. Əgər Şakir sazı yerə qoysaydı, ondan gözəl xanəndə olardı”.
Aşıq Şakir yaradıcı ustad aşıqlardandır. Onun özünün yaratdığı iki dastan, onlarla gəraylı, qoşma, aşıq mahnısı var ki, bu gün də Şirvan aşıqlarının repertuarında aktiv yer tutaraq, dillər əzbəri olub. Aşıq Şakir Şirvan aşıq ifaçılığını öz arxasınca çəkib aparmağı bacardı. Aşıq Şakirin şagirdi olub-olmamasından asılı olmayaraq Şirvan “üstündə” oxuyan yüzlərlə aşığın müəllimi olub. Aşıq Şakiri hətta görməyən aşıqlar belə radiodan, lent yazılarından onun ifaçılıq tərzini, oxu üslubunu öyrənməklə özlərinə ustad bildilər. Şakirsevər insanların toy-düyünlərdə, səsini yazdıqları lent yazılarında, toy mərasimində aşığın iştirakının bəzi spesifik məqamlarını görürük. Aşıq Şakirin gözəl, rəvan danışığının və gözəl səsinin, ifasının və necə gözəl məclis apardığının şahidi oluruq. Dastan, nağıl söyləyərkən, yaxud hər hansı havanı oxuyarkən çox məharətlə obraza girir, dinləyiciyə xüsusi zövq bəxş edir. Onun oxuduğu məclislərin şahidi olan müasirlərinin söylədiklərinə görə Aşıq Şakir məclislər, toy-büsatlar yaraşığı idi. Onun apardığı məclislər əsl sənətkarlıq nümunəsi idi.
Xalqımızın görkəmli ustad aşığı Şakir Hacıyevin ifalarını layiqincə qorumaq və onun sənət irsini tədqiq etmək həm də bizim mənəvi borcumuzdur. Bu məqsədlə Şakir Hacıyevin yaradıcılığı haqqında tədqiqat işi üzərində işləməyi lazım bildik. Bununla Aşıq Şakirin söz və musiqi repertuarı, şairliyi və aşıqlığının səciyyəvi cəhətlərini müəyyənləşdirilməklə Şirvan aşıq mühitinin regional özəllikləri və Şirvan aşıq musiqisi haqqında elmi təsəvvürləri genişləndirmək, Aşıq Şakirin ifasında olan aşıq havalarının məqam və melodiya xüsusiyyətlərini aşkar etmək, bir sözlə, Aşıq Şakir irsini müfəssəl tədqiq etmiş olarıq. Həm də düşünürük ki, bu Aşıq Şakiri sevənlərə bir töhfə olar.
Fəridə Mirişova
Mədəniyyət.- 2017.- 27
dekabr.- S.14.