Vətəni qibləgah edən şəhidlər
Kəşfiyyatçı Nicat İsgəndərovun qəhrəmanlığı
Aida Eyvazlının sənədli hekayəsində
Günlərin ən gözəl idi. 25 aprel 2014-cü il.Sabah nişan aparacaqdılar. Bu gün
həm də evin birinci nəvəsi Nihadın doğum
gününü qeyd edirdilər. Nicatgilin
şüşəbəndli evləri qonaqla dolu idi. Nicat hamıdan çox sevinirdi. Əmi,
bibi, xala, dayı uşaqlarını bağrına basıb
öpürdü. Evdən gələn
musiqi səsləri qonşu həyətlərə də
yayılmışdı. Nicatın gözəl
rəqs etməyi var idi. Uca boyu ilə
meydanda sındıra-sındıra süzərdi. Bu gün də rəqs etməkdən yorulmadı.
Oynadıqca oynayırdı. Bu
evin səsi-küyü, işığı-nuru idi, nəğməsi-nəfəsi
idi Nicat. Təkcə evinmi? Bütün qohum-əqraba, el-oba Nicatın adı gələndə
“bərəkallah” deyərdi.
Bu gün də onun şad gününə hamı həvəslə
gəlmişdi. Hamıdan çox bacısı Xəndan
sevinirdi. Nicatdan başqa
qardaş-bacısı yox idi axı. Nicat həm
qardaşı, həm bacısı, həm dostu, həm də
dünyası idi Xəndanın. O aprel gecəsində
neçə dəfə qardaşı ilə qol-boyun olub
oynadılar, dedilər, güldülər, oxudular şənləndilər...
Yazının
əvvəlində qeyd etdiyim nişan
tarixini Nicatdan yadigar qalan vidolentlər və şəkillərə
baxandan sonra yazdım. Bəli, Nicatlı günlər
indi tarixə dönüb. İndi ancaq
şəkillərdən, daşlardan boylanır 27
yaşlı, 27-dən sonra heç zaman böyüməyəcək
Nicat İsgəndərov.
Həmin
o nişan günündən
danışırdım axı. Sabah nişan
aparacaqları qızı anası bəyənmişdi Nicat
üçün. Görək şəhid anası Maya İsgəndərova
nə danışır:
- Nicat
gözümün nuru, nəfəsim, işığım idi.
Bir gün dedim ki, bala, gəl səni evləndirək.Dedi ki,
“ana, sən qızı seç, xoşuna gəlsin, mən də
baxaram, bəyənsəm, kimi desən alacam”. Bir
məclisdə o qızı tutdu gözüm. Nicata da dedim gedib baxdı. Qızın
evindən qayıdanda məni qolları üstündə
qaldırıb, fırlatdı. Elə sevinirdi ki... Qızı çox bəyənmişdi. Az bir müddət keçəndən sonra
nişan hazırlıqları gördük. Nicatın
o oynamağı da həmin nişana hazırlaşan gecə
çəkilib. Bacısı Xəndan daha
yerə-göyə sığmırdı. Səhərisi
gün nişan apardıq. Xəndan
gəlinin başına qırmızı duvaq örtdü.
Nicat üzük taxdı barmağına:
Gəlin
dağdan enəsən,
Duvaqtək
yellənəsən
Qurban olum
o günə
Qardaş evinə gələsən.
O gündən
sonra bu iki cavan bir-biri üçün dəli –divanə
oldular. Gəlin dərzilik oxuyurdu.
Nişanlı olduqları iki il ərzində
bəlkə də Nicatın 2000 min dənə rəsmini
çəkdi. Eşqdən, sevgidən qıza
rəssamlıq gəlmişdi. Toyu ildən-ilə
atladıq. Çünki Nicat hərbi
işini yarımçıq qoya bilmirdi. Həm də ki, iş yeri sərhədboyu cəbhəyə
yaxın yerdə idi. Ona görə
yoldaşım Bəhruz razı olmurdu evləndirməyə.
Deyirdi ki, nə vaxt şəhər içinə,
evə yaxın yerə köçürərlər, ondan
sonra evlənər. Gəlini od-alovun
içərisinə aparmaq olmaz.
Füzulidə
xidmət etməsinin 5 ili 2016-cı ilim
mart ayında tamam olmuşdu. Artıq evə
yaxın tərəfə gəlməsi haqqında
razılıq alınmışdı. Ona
görə toyuna hazırlaşırdıq.Nəhayət toyu
eləməyi aprel ayının 26-na qərarlaşdırdıq.
Özüm də oğul anası kimi toya o qədər həvəsli
idim ki... İstəyirdim ki, hər şeyin
gözəli Nicat üçün, sevdiyi qız
üçün olsun. Çünki
Nicatın üstümüzdə əziyyəti çox
olmuşdu. 13 yaşından bu evə qazanc
gətirib, günortaya qədər məktəbdə, sonra
işə gedib mağazada işləmişdi. İşi də ağır idi. Gedib
zülmlərini görürdüm. Deyirdim
ki, Nicat sənə elə bir toy çaldıracağam
ki...Atası da əhd etmişdi ki, Nicatın toyunda nəmər
yığmayacaq. İndi
görürsünüzmü bəy otağı edəcəyimiz
evin təmiri yarımçıqdır. Nicat
o qədər həvəsli idi ki, evin təmirini də
özü edirdi. Məzuniyyəti olanda iki
aydan bir, üç aydan bir gəlib, evin işini görüb
gedirdi.
Nicat İsgəndərovun atasını Tərtərdə
hamı sakit, abırlı, zəhmətkeş bir insan kimi
tanıyır.
Özünün də müharibənin
qızğın vaxtlarında - 1992-ci ildən bəri
düşmənlə üzbəüz
döyüşdüyü günləri də olub.
Ümumiyyətlə ermənilərlə indi yaranan sərhədlərdə,
cəbhə zonalarında yerləşən Azərbaycan ərazilərində
elə bir kənd, oba,el, mahal, rayon yoxdur ki, oranın
insanlarının evinə müharibənin acı xəbəri
gəlməmiş olsun, elə bir ailə yoxdur ki, onun
kişisi müharibdən, döyüşdən
qaçsın. Tərtər rayonu da onun kimi.
Hər bir tərtərli davanın ilk günlərində
gah səngər qazıb, gah silah daşıyıb, ya da evinin
sonuncu tikəsini aparıb səngərdə yatan əsgərlərimizlə
bölüşüb.
Bəhruz
İsəndərov, şəhdin atası:
- Dövlətimizin
bugünkü gücü o zaman yox idi. Düşmənin
atdığı toplar onda da gəlib həyətimizə
düşürdü. Hələ bu
gün də yaşadığım bu həyətdə
partlamamış mərmi var. Nicatın 2-3 yaşı
olardı. O vaxt evin həyətinə gəlib top mərmisi
düşmüşdü. Onda heç birimizə
xətər dəymədi. Tanrı
Nicatı böyütdü, ucaltdı ki, Vətənimizə
şad xəbər gətirənlərdən olsun. Bizim bu Tərtər tərəfdə olan yüksəkliklərdə
ermənilər dayanmışdılar. Rus
onları təpədən dırnağa qədər
silahlandırmışdı. Biz heç təklülə
tapmırdıq onlara ataq. O vaxt döyüş səriştəmiz,
komandirimiz yox idi. Hərə əlinə bir
silah alıb komandirlik edirdi. Başımıza
nə gəldisə, nizamlı ordumuzun olmamasından, zəifliyimizdən
olurdu.
Ruhən zəif deyildik, silah təminatından zəif
idik. Hərc-mərclik var idi. İndi
şükür Allaha güclənmişik. Müzəffər və mükəmməl odrumuz
var.
Nicatı da o illərdə böyütdüm. Əlbəttə,onu elə əsgər kimi böyütmək
istəyirdim. 3 yaşıolanda artıq sərbəst
idman edirdi. Aparıb karate məktəbinə
yazdırmışdım. Deyim ki, məktəbdə
əla oxuyurdu, yalan olar. Lakin məktəbin
ən fəal şagirdi idi. Ən çətin
işlərin dalınca o gedərdi. Çünki
haraya getsə, əliboş qayıtmırdı. Mən ona boş vaxt saxlamırdım. Dərsdən sonra idmanla, işlə məşğul
olurdu. Dəmir kimi döymüşdüm
onu, vaxtından əvvəl bərkitmişdim. 2007-2009-cu illərdə hərbi xidmətə
yollandı. Bakıda keçirdi hərbi
xidmətini. 1 il yarım ərzində
bir dəfə də olsun yanına getmədik. Qardaşım
Eldar Bakıda olduğundan o gedib-gəlirdi. Hər dəfə Nicatın görüşündən
qayıdandan sonra, dil-boğaza qoymurdu. Bir
gün də əsgərlikdən məzuniyyət götürüb
evə gəldi. Hərbi paltarda oğlumu
görəndə matım-qutum qurudu. Qarşımda
boylu-buxunlu, yaraşıqlı bir zabit dayanmışdı.
Hərbi forma ona necə yaraşırdı.
Dedim oğul, vallah, sən elə əsl hərbçisənmiş...
Əsl döyüşçü sənin kimi
olar.
Əsgərliyini çəkib gələndən sonra
gedib bir-iki ay Bakıda qardaşımın yanında dülgərlik
elədi. Bizim dədə-baba sənətimiz dülgərlikdir.
Sonra bir gün gəlib dedi ki, “ata, mən
bu işləri ürəkdən görə bilmirəm. Adam gərək hər işini cani-dildən
görsün. Mənim könlüm hərbidə
qalıb. İzn ver, gedim, peşəmi təkmilləşdirim”.
Gedb 3 aylıq MAXE kursunu oxudu. Sonra Sumqayıtın yaxınlığında
Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi
hissədə qulluq etdi. Bir müddət
sonra TTM-də 6 aylıq kurs keçdi. Ona
demişdim ki, Quru Qoşunlarından başqa yerə yazılma.
Mənə “hə” dedi. Lakin sən demə ömründə
ilk dəfə məsləki xatirinə məndən icazəsiz, iş görüb,
özünün seçdiyi peşəyə yiyələnmək
üçün gedib kəşfiyyata yazılıb.
Maya
İsgəndərova, Nicatın anası:
- Nicat təhsilini
bitirib, evə məzuniyyətə gəlmişdi. Bir gün paltar dolabını səliqəyə
salırdım. Birdən paltar
dolabının arasından bir sertifikat düşdü.
Baxdım ki, Nicatın adına
yazılıb. Öz-özümə fikirləşdim
ki, bu sertifikatı niyə məndən gizlədib. Üstündə yazılanları oxuyanda
gördüm ki, kəşfiyyat bölüyüdür. Əlim-ayağım yerdən üzüldü.
Başladım ağlamağa.
Mənə
ürək-dirək verdi. Dedi ki, “ana, kəşfiyyata
xüsusi vərəqəyə qol çəkməsən,
dilindən kağız verməsən, məcbur göndərmirlər.
Sən atama heç nə demə, and olsun ki, kəşfiyyata
gedən deyiləm”. Qaldım səksəkədə.
2014-cü
il mart ayının 16-sı idi. Hərbi hissəyə qayıtmaq vaxtı idi. Aparıb onu yerləşdirdik Füzulidəki hərbi
hissəsinə. Baxdım ki, buralarda evlər
darmadağındır, düşmənin atdığı
bombalardan evlər viran olub. Dedim “ay bala, sizin yeriniz nə
yaman narahatdır”. Yenə ürək-dirək verdi
ki, “biz üzbəüz düşməndən sizi qoruyuruq, sərhədi
qoruyuruq. Narahat olmağa əsas yoxdur”.
Ürəyim qaldı Nicatın yanında. O gündən sonra səksəkədə
yaşayırdım...
Nicat tərbiyəli-təlimli oğul idi. Bütün məhlənin
adamları öz övladlarına Nicatı nümunə kimi
göstərirdilər. Ev-eşik, ata,
bacı düşkünü idi.
Şəhid
atası:
- Aprelin 1-dən 2-nə keçən gecə idi. Bir də gördüm ki, ev silkələnir. Elə bildim zəlzələdir.
Çıxdım küçəyə,
baxdım ki, məhəllənin adamları hamısı
çöldədir. Dedilər ki, ermənilər
atırlar. Dava başlayıb. İnanmadım. Bir az
keçəndən sonra gerçəkdən anladım ki,
atılan topdur, minomyotdur, gələn güllə səsləridir...
səhərin alatoranlığında getdim iş yerimə,
orda da qərar tuta bilmədim.
Maya Bərdədə qardaşıgildə idi. Mən də
getdim ora. Qaynım oğluna dedim ki, Nicatdan bir xəbər
öyrənin, telefonuna zəng çatmır. O tərəfdə
bir yaxın qohumum hərbi xidmətdədir. Ona
zəng vurdum. Söylədi ki, xəbər
öyrənib deyəcək. Sonra yeznəmlə,
qızımın əri ilə danışdım. O da
dedi ki, xəbər bilən kimi bizi də agah edəcək.
Xəndan
İsgəndərova, Nicatın bacısı:
- Nicatla
bir-birimizə çox bağlı idik. Mənim
toyumda ona söz verdilər. Dedi ki, “mən bacım
haqqında nə deyim, o mənim, dünyamdır”. Nicat da mənim dünyam idi. Anama
“mama”, mənə “ana” deyirdi. Sirrimiz-söhbətimiz
bir idi. Bir gün gəlib mənə dedi ki, kəşfiyyata
yazılıb. Ürəyimdə həyəcan
keçirsəm də, onun kəşfiyyat bölüyünə
yazıldığını kimsəyə demədim. Anam qəfildən bilmişdi.
O aprel gecəsindən
1 gün əvvəl - 31 martda Nicatdan telefonla səsli məktub
aldım. Belə deyirdi: “Ana mən gedirəm, Mamagilə
heç nə demə. Hara getdiyimi deyəbilmərəm, ana,
sadəcə deyirəm, hər şey ola
bilər... Gecəniz xeyrə qalsın...
hamınızı öpürəm”.
Dəli oldum ki, bu nə söz, bu nə söhbətdir. Ancaq ki, səsini
bir də dinlədim. Baxdım ki, yolla irəliləyən
çoxlu maşın səsləri gəlir. Arada bir güllə səsləri də eşidilir.
Sonra axşamüstü saat 5-də telefon
açdı. Dedi ki, “bacı, ayın
2-si gələcəyəm. Heç kimi yox, səni,
uşaqları, ata-anamı götürüb gedəcəyəm
Peyğəmbər ocağına. Qurban kəsəcəyəm”.
Dedim “ay qardaş, Allah qəbul eləsin”.
Fikirləşdim ki, toyuna görə öz ürəyində
qurbanlıq tutub, əlbət, onu kəsmək istəyir. İndi həmin
günlərdəki dostları ilə olan danışıq səslərini
də toplayıb saxlamışıq. Dostları ilə
elə ruh yüksəkliyi, elə sevgi ilədanışırdı
ki... Ancaq onlarla da danışığında vəziyyətin
gərgin olduğunu, gedib də qayıtmamaq kimi bir təhlükənin
olmasını anladır. Hətta səsli məktubunun
birində deyir ki, “Hamıyla hallaşdım, təkcə atama
deməyə ürək eləmirəm...”.
Şəhid
anası:
- Ətrafımızda hamı narahat idi. Mən isə
bir yerdə qərara tuta bilmirdim. Bacım oğlundan
soruşdum ki, “ay bala, Nicatdan bir xəbər
çıxmadı ki...” Bir də gördüm
ki, hamı bir-biri ilə pıçıldaşır. Bacımın oğlundan israrla soruşdum ki, bəs
bu kişilər hara getdi. Bacımın oğlu, dedi ki,
“xala qorxma, Bəhruz dayımla atam getdilər Nicatın
yanına, Nicat yaralanıb”.
Əl atım başıma, səsim aləmi
götürdü. Dedim “necə yəni, Nicat yaralanıb, bəs mən
burda nə gəzirəm. Tez apar məni də
Nicatın yanına”.
Yolun yarısını getmişdik ki,
nişanlısı zəng vurdu. Dedim ki, “bala, Nicat yaralıdır, xəstəxanaya
çatım, verəcəm özü ilə
danışarsan”.
Gəlib yetişdik Əhmədbəyli hospitalına. Orada dedilər
ki, Beyləqan hərbi hospitalılna apardılar. Gəldik hospitala. Burada adam əlindən
iynə atsan yerə düşməzdi. Hamısı
öz balasını, doğmasını axtarmağa gəlmişdilər.
Kimsə məndən soruşdu ki, kimi
axtarırsan. Dedim Nicatı... Belə deyəndə,
camaat yığışdı başıma... Sonra
qızım ilə baldızım keçdilər xəstəxanaya...
bir də baxdım ki, o biri üzdən bunların ağlayan səsləri
gəlir...
Baldızım
“Nicat” deyib haray çəkdi... Xəstəxananın
darvazası zəncirlə bir-birinə
bağlanmışdı. Gözətçi
bizi buraxmırdı. Bilmirəm o güc mənə
haradn gəldisə, qabağımda olan hamını itələyib,
darvazanın zəncirini qırdım... Və
içəri keçdim. Dedim balam hanı? Dedilər aparırlar Peyğəmbərə. Biz də öz maşınımıza oturub,
Peyğəmbər ziyarətgahına getdik. Orada da adam əlindən tərpənmək olmurdu. Hər dəfə bu pirdən keçəndə nəzir
qoyurdum ki, balam sağ-salamat bitirisin hərbini. Nəzirlərimi
qəbul eləməyibmiş Allah...
Aprel balamın uğur ayı idi. Ancaq 2016-nın
apreli bizi alğlatdı. Hə... onu
deyirdim axı, Peyğəmbər ocağında girdik
çardağın altına. Ətrafda səs-küy,
ağlaşma səsləri gəlirdi. Burada
cəbhə bölgəsindəşəhid olanları da gətirib
burada yuyub-kəfənləyirlər. Çardağın
altındayerə böyük xalı salınmışdı.
Xalının da üstündə bir tabut qoyulmuşdu. Bir hərbçi oğlan
bizə yaxınlaşıb dedi ki, ana kimi
axtarırsınız? Dedim ki, Nicat İsgəndərovu.
Başını aşağı saldı...
Dedim bala,
düzünü de, o tabutdakı mənim oğlumdur?!.. Dinmədi. Peşiman-peşiman
ağlar gözləri ilə mənə baxdı...
Xəndan
cumdu tabutun üstünə ... “Qardaş” deyib
saçını yellərə verdi. Yenə dayanmışam heykəl kimi, mənə
çatmır ki, Nicat niyə ölməlidir? Nicat niyə ölə bilər? Nicatın
toyu olacaq axı? Onun toyu necə vaya
dönə bilər?! Axı mən Nicata toy
xonçaları bağlayırdım... İndi
onları neyləyəcəkdim?! Nicat
ölə bilməzdi. Onun atası
uşaqlıqdan o qədər əziyyət vermişdi ki, bədəni
bərkiyib dəmirə-daşa dönmüşdü. Soruşurdum ki, bala niyə sənin ətin bu qədər
dəmir kimidir. Deyirdi ki, “ana mən kəşfiyyatçıyam,
mən dağda-daşda yatıram. Belə
olmalıdır da bədənim...”.
Tabutu
götürüb, ata-baba həyətimizə gəldik...
Buraya gəlin gətirməli idik...
Maya xanım danışdıqca göz yaşları sinəsinə
tökülürdü. Əslində təsəvvür edə
bildinizsə, ana müharibənin ən ağrılı
tablosunu çəkdi. Peyğəmbər ocağında
balalarına hər zaman xoşbəxtlik, can
sağlığı diləyən ana, həmin yerdə
oğlunun tabutu ilə rastlaşır... Və dünyada bundan
da ağır və kədərli səhnə ola
bilməz... Sonra da oğlunun bayrağa bükülmüş
tabutunu özü götürüb evinə gətirir... O ana
görəsən o yolu evinə necə gəlib
çatdı... Tanrı insanlara dərdi və
ağrını yaşamağa da güc verir... Ən güclü analar balasını itirən və
dəfn edən analardır, ən yazıq analar da yenə elə
həmin analardır. Zülm etdi yol boyu özünə,
fəryad etdi Maya ana:
Oğulda
gözüm qaldı,
Demədim özüm, qaldı.
Oğlumla
öz aramda
Bir pünhan sözüm qaldı.
Eləmi
bax bu şana,
Arı
qonmaz bu şana.
Getdin qayıtmaz yola.
Qoymadln bir nişana.
... Aprelin 2-dir. Gecədən xeyli keçib, həmsərhəd
rayonların hamısı kimi, Tərtər camaatı da
yatmayıb. İnsanlar savaşda iştirak
etmək üçün axın-axın döyüş
bölgəsinə sarı gedir. Atılan
top mərmilərin, minamyotların, güllələrin səsi
elə bil ki, Tərtər rayonunun içindədir. İnsanlar müharibəyə getməkdən
ötrü cavandan yaşlısına qədər
hamısı səfərbər olub, Ali Baş Komandanın əmrini
gözləyirlər. Yaxından uzaqdan, Bəhruz
kişinin evinə vay düşməsindən də insanlar xəbər
tutdular. Bu həyət də gecə ilə
dolub-daşdı.
Nicatın yaxın və doğmaları tabutu
açıb, onunla sonuncu dəfə görüşmək
istəyirdilər. Bu zaman qohumlardan birinin
qışqırıq səsinə hamı eyvana tərəf
baxdı. Xəndanın bibisi qızı
ağlaya-ağlaya gəldi ki, Xəndan evin zirzəmisinə
girib,bıçaqla ürəyinə xəsarət
yetirib, qolunun şah damarını kəsəndə, onu
görüb bıçağı əlindən alıblar...
Maya
İsgəndərova, Nicatın anası:
- Dedim hə,
bizim nəslin sonudur. Oğlum qabağımda
döşəli qalıb, qızım da əldən gedir.
Deməli bu gün hamımız ölməliyik.
Çünki dağılan tifağım daha
tikilməyəcək. Sonra həkim gəldi.
Xəndanın yarası çox dərin deyildi,
güclü stress keçirmişdi. Tabutun
içərisinə əlimi salıb balamı tumarladım.
Əllərini həmişə
bükülü tutardı. Yenə də
bükülü idi əlləri. Ürəyinin
üstündə yarası var idi. Xəndana
görə, Nicatın tabutunu açıb, oğlumla son dəfə
görüşə bilmədim. Səhər Nicatı elə
evimizin arxasında basdırdıq...
Maya xanım, “Evimizin arxasında basdırdıq” deyəndə
təəccüblənmişdim. Söhbətimizi
bitirib, Nicatın təmiri yarımçıq,
yarıqaranlıq bəy otağına girəndə mənə
pəncərədən çölü göstərdilər.
Pəncərənin həyətə
açıldığı yer düz Tərtər şəhərinin
qəbristanlığı idi. Pəncərədən
isə Nicatın qəbri görünürdü. Onun uyuduğu yer ilə evin arası 20 metr
olmazdı. Gecənin qaranlığında
masmavi işıqlar yanırdı Nicatın daşa
dönmüş otağında. İndi Maya xanım da,
Bəhruz kişi də gündə yüz
dəfə o qəbrin başına dolanıb gəlirlər. Uşaqlığında Nicat bu yerlərdə
oynayanda bir dəfə səsləmələri ilə 30 saniyəyə
qaçıb evə gələrdi. İndi
həmin o 30 saniyəlik yerdə daşa dönüb
dayanıb. Anası da deyir ki:
Daşlara
zikr edərəm,
Gündə
min fikr edərəm,
Aç
qapını özün gəl,
Allaha şükr edərəm.
... Azərbaycan Ordusunun qəhrəman giziri Nicat İsgəndərov
Lələtəpə yüksəkliyinin alınmasında ilk
döyüşə atılan kəşfiyyatçılardan
biri olub.Həmin gün əsgərlərimiz düşmən
üzərinə hərbi parada getdikləri kimi gedirdilər.
Əynindəki paltarları da təzə idi.
Deyirdilər ki, 24 ildir ki, pas atmışdıq.
Pasımız açıldı. Nicat da yanındakı dostlarına deyirdi ki, müqəddəs
torpaqlarda şəhid olmağa gedir. Şəhid
olsa cənnətə düşəcək. Allahın sevimli bəndəsi olacaq. Deyirdi ki, biz bu gün tarix yazırıq. Əsgərlərin ruhu o qədər yüksək
idi ki, onları dünyanın ən güclü ordusu da əyə
bilməzdi. Kəşfiyyat və
döyüş qaydalarına uyğun olaraq, Nicat öz qrupu ilə
irəliləyirdi. O qədər getmişdilər ki,
artıq düşmənin hər addımını lap
yaxından hiss edirdilər. Nicatın çox
yaxınlığında hərbçi dostu,
istehkamçı Emin Əhmədov gedirdi. Demək olar ki, onlar bir yerdə çiyin-çiyinə
vuruşurdular. Danışmaq mümkün
olmayanda işarə ilə anlaşırdılar.
Artıq düşmənə
yaxınlaşmışdılar. Gecənin
qaranlığında güllələr başlarının
üstündən yağış kimi yağırdı.
Lakin qarşıya irəlilədikcə,ermənilər
onları görüb qaçırdılar. Ermənidə
olan mövqeləri 40 dəqiqə ərzində ələ
keçirmiş, 2 saatdan sonra isə 24 il erməni nəzarətində
olan ən starteji yüksəklik olan Lələtəpəni
almışdılar.
Onlar minalanmış sahələri təmizlədikcə,
arxadan da komandir Mais Bərxudarovun başçılıq
etdiyi hərbçilər köməyə gəlirdilər. Döyüş
taktikası o qədər mükəmməl qurulmuşdu ki, əsgərlər
irəlilədikcə, düşmənlər səngərləri
qoyub qurtulmaq istəyirdilər. Bu
qürurverici səhnələri seyr etdikcə, hərbçilərimizin
sevinc səsləri göydəki atəş səslərinə
qarışırdı. Nicat İsgəndərov
ilə Emin Əhmədovun arasında 1-2 metr məsafə var
idi. Birdən Nicat Eminə dedi: “Məni vurdular”. Və əlindəki silaha bərk sarılaraq,
dayandığı yerdən 10-15 metr qaça-qaça geriyə
qayıtdı. Emin silah
yoldaşının geri qaçdığını və
yaralı halda silahı da əlindən
buraxmadığını görüb, ona köməyə
getdi. Nicatın yanına çatanda
gördü ki, o yerə yıxılıb. Emini görəndə
əlindən yapışıb “Qoyma ölüm, qoyma
ölüm” dedi.
Emin dərhal
ona ürək-dirək verdi: “Nicat qorxma,
heç nə olmayıb, indi uşaqlar gəlib səni
aparacaqlar”. Sonra onu ermənidən təzəcə
təmizlədikləri DOD-un yanına qoymaq istəyəndə,
elə bil ki, Nicata yenidən güc-qüvvət gəldi.
Nicat ayaqlarını yerə dirəyib, sanki yenidən
döyüşə getmək istəyirdi...
Və
birdən Emin hiss elədi ki, Nicatın bədəni
boşaldı... Başqa əlacı yox idi.
“Sançast, sançast” deyə
qışqırıb Nicata kömək etməyə həkim
briqadasını çağırdı.
Döyüş dostunu güllələrin altından nisbətən
kənara çıxara bilmişdi deyə, yenidən
döyüşə girmək üçün irəliyə
qayıdanda onun da böyrünə qumbara düşdü...
Elə həmin vaxt, aprelin 2-də səhərin
alatoranında, Nicat şəhadətə qovuşanda, Emin də
ağır yaralandı...
Bir
neçə dəqiqə Emin heç nə eşitməyib,
və heç nə görmədi... Hissiyatı
nisbətən özünə qayıdanda
döyüşün ikinci dəstək qrupu artıq onlara
yaxınlaşmışdı, həkimlər də burada idilər.
Onu xərəyə qoyub çıxaranda, kimsə dedi ki,
Nicat elə indicə şəhid olub... Nicatın yarasından
qan axırdı... Əslində Eminin də bədəni
deşik-deşik olmuşdu... yaraları ağır
olduğundan onu döyüş meydanından
çıxarıb təcili Əhmədbəylidəki
hospitala göndərmişdilər.
-
Nicatı çox böyük təntənə ilə dəfn
etdilər,- deyir şəhid atası Bəhruz İsgəndərov,-
ölümündən sonra onu Azərbaycan
Respublikasının Ali Baş Komandanı İlham Əliyev
“İgidliyə görə” medlı ilə təltif etdi. Nicat mənim nəfəsim idi, Nicat haqqında
kitablar yazsam, bitib-tükənməz. Nicat
mənim xəzinəm idi. İndi
qızımın böyük oğlu Nihadı öz adıma
keçirib, onu evimin varisi etmək istəyirəm. Bu yurdum boş qalmasın. Bu həyət
mənə ata-babamdan yadigardır. Barı
məndən sonra Nicatın qəbrini hər gün ziyarət
edən olsun. Hər gün pəncərəsində
də, daş otağında da işığını
yandıran olsun. Nədirsə, işimi
çətinə salıblar, o uşağı mənim
adıma keçirmək istəmirlər. Mən
də yurdumun boş qalmasını istəmirəm.
Maya xanımdan söhbətimizin sonunda Nicatın
nişanlısını soruşdum. Qızın
nişanlı olarkən çəkdiyi rəsmləri
tökdü qarşıma. Dedi ki, bax belə aşiq
olmuşdu gözəl oğluma. Boy-buxunlu, mərd
, vətənpərvər oğluma. Onun
şəkillərini daha çox hərbi formada çəkirdi.
Oğlumu dəfn edəndən sonra Nicatın
barmağındakı üzüyü də
nişanlısına vermişdilər. O da hər iki
üzüyü öpüb-əziləyirdi. Boynunda
gəzdirirdi. Bu il aprel ayının
2-də Nicata il mərasimi verəndə, qız evinin
adamları da gəlmişdi. Qızın nənəsi
yaxınlaşıb Xəndana deyib ki, “qızımızı
başqasına ərə veririk, götürün
üzüyünüzü, qaytarırıq sizə”. Xəndan da deyib ki, “o üzüyü mən verməmişəm,
böyüklərim verib, yasımızı yola verək, sonra
gətirin verin yiyələrinə. İndi yas
günü bizim öz dərdimiz özümüzə bəs
deyilmi ki, yasın içində nişan
qaytarırsınız?”.
Oğlumun ilindən 1 həftə sonra
nişanını geri qaytardılar. Nə deyim ki, oturub Nicatı gözləməyəcəkdi
ki... getsin, xoşbəxt olsun...
Xalq
Cəbhəsi.- 2017.- 30 dekabr.- S.10-11.