Qulam Yəhyanın xatirələri
VI yazı
Təşkilat vüsətləndikcə,
təşkilatda toplananların birliyi möhkəmləndikcə
irtica da quduzlaşır, daha da təsirli yollar
axtarırdılar. Bu məqsədlə onlar xeyriyyə təkilatının
yığıncağını keçirmək qərarına
gəldilər. Hər halda bu
yığıncağı Miyananın özündə təşkil
etməyə cəsarət etmədilər. Odur ki, o zaman Miyanada fərmandar olan ənsarinin
atasının köməyi və jandarmların yaxından
iştirakı ilə bu işi kənddə keçirmək qərarına
gəldilər. Onlar bu
yığıncağı hizbin şöbə təşkilatının
klubunda keçirmək istədikləri üçün hizbin
kənddəki təşkilat rəsulundan klubun
açarlarını istəmişlər. Hizbin təşkilat sədri imtina etdikdə onu bərk
döyüb, klubun qapısını sındıraraq, tablosunu
da çıxarıb atmışlar. Bu
haqda hizbə xəbər verdilər və mən fovri
büronu yığıb, məsləhətləşdik, belə
qərara gəldik ki, mən, Abbasəli Pənbeyi və Sadiqi
Məmiqulu həmin kəndə gedək. Biz
yola düşdük. Yolda kəndlilər
bizə xəbər verdilər ki, əgər biz kəndə
getmək istəsək, onlar belə qərara gəliblər
ki, hizb tərəfindən kimlər gəlsə
öldürsünlər. Mən
yoldaşlara təklif etdim ki, indi ki vəziyyət belə gərgin
hal alıb, onlar qayıdıb getsinlər, mən tək gedim.
Dedim ki, əgər mən getməsəm, onda onlar deyərlər
ki, biz qorxduq və sonra bütün kəndlərdə təşkilatları
bu hala salıb, bağlayarlar.
Yoldaşlar dedilər, madam
ki, sən gedirsən, biz də gedirik. Mən nə qədər
təkid etdimsə, yoldaşlar məndən
ayrılmadılar. Mən yoldaşları
qane edə bilmədim ki, düşmən tərəfindən
bir nəfərin öldürülməsi bir neçə nəfərin
ölməsindən daha yaxşıdır. Yoldaşlar məndən ayrılmaq istəmədilər
və bizə xəbər gətirən yoldaş da bizə
qoşuldu. Biz kənd tərəfə
yolumuzu davam etdik. Kəndə yaxınlaşanda
çoxlu adam gördük, təqribən
məsələ aydın idi. Mən Sadiqiyə və bizə
xəbər gətirən adama dedim ki, siz kəndin
yaxınlığında olan təpənin üstünə
çıxın və oradan bizə nəzarət edin, bizim
başımıza nə hadisə gəlsə, sonradan siz
gedib, xəbər verərsiz. Onlar razı
olmadılar və bizdən ayrılmaq istəmədilər.
Mən işi belə gördükdə, hizbin məsulu
kimi onlara əmr etdim ki, mənim dediyim kimi etsinlər. Onlar yenə də qulaq asmaq istəmədikdə mən
onların hizbi hüquq və vəzifələrini bir də
onların yadına saldım. Beləliklə,
onlar yarımixtiyari təpəyə tərəf yollandılar
və gedib orada gizləndilər. Bu zaman başda ənsari
olmaqla bizim üzərimizə 200 nəfərdən çox adam hücum etdi. Bizi o qədər
vurdular ki, axır tərpənməyə belə
halımız qalmadı. Bu halda
başımın qanı axa-axa, məni bir nəfər tutub
oturtdu, çün özüm otura bilmirdim. Başımdan axan qan gözümün birini
tutduğu üçün mən ancaq bir gözümlə
görürdüm. Bu zaman ənsari mənə
tərəf əyilib, soruşdu ki, indi çıxıb
öz yerinə gedərsən? Cavab verdim ki, yox! O bir də
istehza ilə soruşdu ki, niyə qayıtmırsan? Bunu deməkdə məqsədi o idi ki, artıq
ölürsən.
Ona görə də
“qayıdıb-qayıtmamağının” əhəmiyyəti
yoxdur. Mən yenidən cavab verdim ki, qayıtmayacağam.
Ona görə ki, hələ mübarizəmiz
qutarmayıb. O, bir də mənə baxıb,
bütün gücü ilə sillə vürub əmr etdi ki,
bizi diri-diri basdırsınlar, izimiz də tapılmasın. Bu
zaman hiss etdim ki, mənim kimsə xəncərlə
başımı kəsmək istəyir. Çənəmi
döşümə tərəf sıxdım. Ona görə də xəncər nəfəs boruma
yetişmədi. Hər halda
boğazımın xeyli hissəsi kəsilmişdi. Oradakılar bizi diri-diri qəbrə
basdırdılar. Ənsarigil bir qədər
uzaqlaşan kimi təpədə gizlənənlər gəlib,
bizi “qəbrdən” çıxardılar. Bizim
qəbirdən çıxardılmağımıza ənsarinin
dəstəsindən olan kəndlilər də kömək
etmişdilər. Biz yeriyə bilmədiyimiz
üçün gedib, qonşu kənddən tabut gətirib,
bizi diri-diri tabuta qoyub, çiyinlərində qonşu kəndə
apardılar. Həmin kənddən Miyanaya
xəbər göndərib, hizbi yoldaşlara bu hadisə
haqqında xəbər vermişdilər. Yoldaşlar
gələnə qədər bizə kənddə “ilk
yardım” göstərildi. Hər şeydən
əvvəl qanı axan yaralarımızı
bağladılar. İranın hər yerində
olduğu kimi, Miyananın kəndlərində də həkim
və başqa tibb işçisinə rast gəlmək
mümkün deyildi. Ona görə də hər
kəndin özünün öz yerli “həkimləri” olurdu.
Bunların əksəriyyəti yaşlı
qadın və bəzən yaşlı kişilərdən
ibarət olurlar. Bunlar müəyyən xəstəlikləri
ot-alafla “müalicə” edirlər. Bizim
yaralarımızı bağladıqdan sonra, bizə cəftə
suyu da içirmişdilər ki, qorxu bizdən getsin. Sonra bizim axan qanımızın yerini “doldurmaq”
üçün əridilmiş kərə yağı
içirtdilər. Mənim xəbərim
olmayıb, deyilənlərə görə bizim qəhrəmanlığımıza
“göz dəyməsin” deyə bizə üzərlik də
yandırıblar. Yəqin ki, onu “Üzərliksən-havasan,
hazar dərdə davasan” sözlərilə başlayan
mahnımızı da oxuyublar. Nəhayət,
mən bir də özümə gələrkən
özümü Miyana xəstəxanasında gördüm.
Bu hadisə çox
böyük surətlə hər yerə, o cümlədən
Sarab mahalına da çatdı. Hər halda bizim diri
qalmağımızı hamı möcüzə hesab edirdi.
Bizim “ilahi qüvvələr” tərəfindən
də müdafiə olunmağımıza şayiələr
yayılmışdılar. Çünki
bizi öldürməyə gələnlər 200-250 nəfərdən
çox idilər. Bundan başqa ənsari
özü bu işə rəhbərlik etmiş, bizi tam mənasında
öldürmüşlər və hətta
başımızı da kəsmişlər və nəhayət,
bizim öldüyümüzü görüb,
basdırmışlar. Hər kəs
olmasından asılı olmayaraq “min canı” olanın bu hadisələr
“bir canı” belə qurtarmaz. Hər halda geniş xalq
kütlələri içərisində cürbəcür
“ilahi qüvvə” kömək etməsi kimi şayiələr
gəzmiş və yəqin ki, inananlar da az
olmaməşdı.
Mən təkcə onu deyə bilərəm
ki, çoxlu hadisələr, çoxlu faktlar göstərmək
olar ki, bir kommunist tamamilə “öldürüləndən”
sonra yenə də “dirilib” – görünür, deyilənlər
doğrudur. Kommunistlər “xüsusi
metaldandırlar”. O ki, mənə qalarsa, mən kommunistlərin
cismani hansı metaldan olmasını deyə bilmərəm. Lakin onu deyə bilərəm ki, kommunistlər bir
qayda olaraq polad iradəli olurlar və məncə ona görə
də başqalarına nisbətən davamlı olub, hələ-hələ
ölmürlər və bəzən cismani ölsələr
də, mənəvi cəhətdən ölməzliyə
qovuşurlar. Hər halda biz də ölmədik
– sağ qaldıq və sonradan bacardığımız qədər
mübarizəmizə davam etdik.
Qeyd etdiyim kimi bu hadisə ətrafa
çox tez yayıldı, hər yerdən yoldaşlar
görüşümüzə gəlir və bütün
quruluşa qarşı öz nifrətlərini bildirirdilər. Çox
tezliklə hamı başa düşdü ki, irtica qüvvəliliyindən
yox, bəlkə acizliyindən və son günlərini
keçirdiyindən belə bir qeyri-insani işə əl
atıb. Bu hadisə özlüyündə
təşkilatın möhkəmlənməsinə,
yoldaşların təşkilatla əlaqələrinin
artmasına səbəb olmaqla irticanın, o cümlədən
Seyid Ziyaəddinin xeyriyyə təşkilatının
nüfuzdan düşməsinə və
yaramazlığının aşkara çıxmasına səbəb
oldu.
Sarabda bu hadisələri eşidən
kəndlilər təşkilata toplaşıb,birlikdə
gedərək kəndi də tutmaq qərarına gəldilər.
Bu işə Sarab təşkilati mane olur. Kəndlilər içərisində izahat işi
aparır. Nəhayət, kəndlilərin
qarşısınının alınmasının o qədər
də asan olmayacını görüb, belə qərara gəlirlər
ki, kəndlilər öz nümayəndələrini mənim
yanıma göndərsinlər, mən nə məsləhət
görsəm, onlar elə də hərəkət etsinlər.
Bu təklifə razı olan kəndlilər
öz nümayəndələrini mənim yanıma göndərdilər.
Çox danışıqdan sonra yenə də
onlar düşməndən intiqam almaqdan
danışırdılar. Keçmişdə
belə idi ki, bir feodal özünün düşmənindən
intiqam almaq üçün onun kənd və kəndlilərini
qarət edirdilər. Mən
yoldaşları hər halda başa salmağa
çalışırdım ki, onlar da bilsinlər ki, belə
“intiqam almaq” qaydası keçmiş feodalizm dövründən
qalma tədbirdir. Onları başa
saldıqdan sonra onların axırıncı sualı bu oldu
ki, bəs biz irticanın bu azğınlığı
müqabilində nə edək? Mən dedim ki, istəyirsiz
ki, irticaya onun elədiklərindən lap qat-qat artıq edəsiz
onda gedib, təşkilatı daha da möhkəmlədin. Onda irticaya ən ağır və
öldürücü zərbə vurmuş olarsınız.
Onları nəhayət, razı saldım və
söz verdim ki, xəstəxanadan çıxan kimi Pənbəyi
ilə hökmən Saraba gələrik. Yoldaşlar
mənimlə razılaşıb, getdilər. Onlardan
xahiş etdim ki, görüşənə qədər
yoldaşlara bizdən salam yetirsinlər. Xəstəxanaya çoxlu yoldaşlar gəlir, hal-əhvalımızı
xəbər aldıqdan sonra, intiqam almaq üçün hərə
bir cür təkliflər edirdilər. Kimi ənsarini
öldürmək, kimi jandarm rəisini terror etmək, kimi daha
bir başqasından müxtəlif vasitələrlə intiqam
almağı təklif edirdilər. Mən təqribən
yoldaşların yaş, savad, bilik və siyasi məlumat dərəcələrindən
asılı olaraq müxtəlif tərzdə danışsaq
da, söhbətimizin məzmunu ondan ibarət olurdu ki, bizim ən
yaxşı kəsərli və təsirli “intiqamımız”
təşkilatımızın möhkəmlənməsi olar.
Sonralar gələnlərin sayı o qədər
çoxaldı ki, xəstəxana da görüşməyə
imkan olmadığından hər neçə saatdan bir həkimlərdən
və ya xəstəxana işçilərindən
başqası vaxtaşırı çıxıb, gələn
yoldaşlara məlumat verirdilər.
Seyid Ziyaəddinin təşkil
etdiyi xeyriyyə təşkilatı öz mahiyyətini
büruzə verdiyinə görə çox tez bir zamanda
dağılmağa başladı. Bizim yanımıza
Miyana komendantı Məhərrəmov və Abdulla Ənsari gəlmişdilər.
Məni bu vəziyyətdə görən Məhərrəmov
soruşdu ki, bu nə əhvalatdır? Bu
necə olmuş? Sizi nə
üçün belə hala salıblar? Bizim
vəziyyətimizin həqiqətən böhranlı vaxtı
gəlmiş Məhərrəmov yalnız belə qısa, təəccübləndirici
suallar verməkdən başqa sanki ayrı söz tapıb deməkdə
çətinlik çəkir, sanki başqa sözlər onun
yadından çıxmışdı. Mən onun bir
neçə qısa sualının cavabını məndən
yox, yanındakı bişərəfdən soruş-dedim.
Üzümü Ənsariyə çevirib dedim ki,
yaxşı oldu ki, ölmədim, buradan durub sizinlə
hesablaşarıq. Məhərrəmov çox
mütəəsir halda xəstəxanadan çıxdı.
Ənsarinin nə kökə düşməsini
görə bilmirdim, hər halda onu bildim ki, özünü
ayaq üstə çox çətin saxlayıb, xəstəxanadan
çıxıb getdi. Ənsarilərdən
ikinci şəxslə “görüşümüz” belə
başa çatdı. Gələcək
“görüşlərimiz” haqqında sonralar yeri gəldikdə
deyərəm.
Biz xəstəxanada ay
yarımdan bir qədər də çox qalmalı olduq. Hər halda
belə tez bir zaman, daha doğrusu, 50 gün içərisində
xəstəxanadan çıxmağımızda
işçilərin səyi ilə bizim əyadətimizə
ardı-arası kəsilmədən gələn
yoldaşlarımızın böyük mənəvi köməkləri
oldu. Biz xəstəxanada olduğumuz
müddətdə və buradan çıxandan sonra da
saysız-hesabsız məktublarda yoldaşlar onlarla
görüşməyimizi arzu etdiklərini bildirirdilər.
Bizim hadisədən
yaxında olanlar özləri xəbər tutmuşdularsa,
İranın başqa yerlərində olanlar haqqımızda
“Rəhbər” ruznaməsinin yazmasından bilirdilər. Ona görə
də çoxlu yoldaşlar bizimlə görüşmək
fikrində olduqlarını bildirdilər və belə
yoldaşların göndərdikləri məktubların
sayı getdikcə artırdı. Biz məktublara
cavab verməyə belə vaxt tapmırdıq. Hər halda biz tədricən verdiyimiz vədlərə
əməl etməyə başladıq. Təşkilatlara
gedir, mitinqlərdə çıxış edib, irticanın əməllərindən,
onların cinayət, fitnəkarlıq və bu kimi yaramaz faciələri
ilə yanaşı onların zəifliyindən,
qorxaqlığından və son anlarında hər cürə
qeyri-insani hərəkətlərə al atmağa hazır
olduqlarından danışıb, bunun müqabilində təşkilatın
möhkəmləndirilməsini tövsiyə edirdik. Bu hadisə o qədər qəmgin və qəbih idi
ki, hətta İran heyəti hakiməsi bu faciəni törədənləri
Təbrizə aparıb, orada bir həftə saxladıqdan sonra
Tehrana aparmışdılar.
(Əvvəli qəzetimizin
ötən saylarında)
Uğur
Xalq cəbhəsi.-
2017.- 1 fevral.- S.14.