Milli ənənənin
simvolu – Novruz bayramı
Milli bayram – xalqın minillərdən
bəri gələn ənənəsinin, yaşam tərzinin
özülündə yaranır, oturuşur, var olur. Bayram
yaradıcılığı – xalqın özünəməxsusluğunun
təsdiqidir. Ümumən Şərqi mahiyyət kəsb edən
Novruz bayramının türk ruhundan gələn, sırf Azərbaycan
mahiyyətini ifadə edən bənzərsiz yönü var.
Bu yön Şərqi ifadə edən muğam sənətində
“Azərbaycan muğamı” anlayışı, gerçəkliyi
qədər özünəməxsus, bənzərsizdir. Novruz
bayramı hələ bundan sonra mahiyyət üstə
geniş araşdırma tələb edən, Azərbaycan
ruhunun çalarlarının daha geniş
araşdırılmalı olduğu genişspektrli bir
mövzudur.
İlk növbədə Novruz
bayramı – milli ənənənin simvoludur. Ənənə
xalqın dayanıqlı mədəniyyətinin,
yaşamının bənzərsiz cəhətlərini
aşkara çıxarır, təsdiq edir. Xalqın bayram
yaradıcılığı minillərdən bəri davam edən
ulusallığı nəinki təsdiq etməlidir, habelə
bundan sonrakı üfüqlər üçün də ciddi
zəmin yaratmalıdır. Bu mənada Novruz bayramı bizim
üçün belə bir yaradıcılıq imkanı
verir.
Ta qədimdən türk
düşüncəsində yazın gəlişi təbiətin
dirilməsinin, yenilənməsinin rəmzi olub. Ümumiyyətlə,
təbiətə ilahi səviyyədə yanaşma əcdadlarımızın
ruhunda yaradıcı bir keyfiyyətdir ki, bu gün də
yaşayır. Dünyanın bir çox xalqlarının mədəniyyət
kompleksində yazın gəlişi ilə bağlı gözəl
düşüncələr var. Ayrıca olaraq Şərq
düşüncəsində Novruz bayramı ilə
bağlı zəngin, maraqlı yanaşmalar – adət-ənənələr
olsa da, Azərbaycan Novruzu bunların hamısından fərqlənir.
Xalqımızın Novruz ənənəsinə
görə, hər bir kəs ilin axır çərşənbə
gecəsində - ilin axırıncı axşamında öz
evində olmalıdır. İnanca görə, bir Novruzu
öz evində, öz yurdunda keçirə bilməyən
insana 7 il öz evində bayram keçirmək qismət olmaz.
Araşdırmaçı S.Qasımovanın fikrincə, bu, o
deməkdir ki, Novruzdan kənarda qalmaq cəmiyyətdən, Vətəndən,
yurddan ayrı düşmək kimi anlaşılıb: “Novruz
da bir bayram mərasimi kimi kütləvi şənliklə,
sevinc və coşğu ilə bağlıdır. İnanca
görə, Novruz bayramında kədərlənmək, qəmlənmək,
qüssə çəkmək, qaşqabaqlı gəzmək,
acıqlanmaq olmaz. Əks halda insan bütün il boyu bu vəziyyətlərdə
qalar. Novruz geniş mənada iştirakçıların
hamısının qabaqcadan bildiyi müəyyən hərəkətlərin
və sözlərin icrasından ibarət mərasimdir. O,
mövsüm mərasimidir; hər vaxt keçirilməz, onun
öz vaxtı var, mart ayında, qışın yaza
keçid vaxtında icra olunur. Novruz bir mərasim növü
kimi, yəni dar mənada, bayramdır, ildəyişmə
bayramıdır. Novruza aid olan nə varsa – hamısı mərasim
ənənələridir”.
Xalqımız minillərdən bəri
ağlında yaşatdığı, yaşamına gətirdiyi
bütün gözəl duyğularını həmişə
Novruzla bağlayıb, mənalandırıb. Ona görə
ki, bayramın başlanğıcı – yaranışı ifadə
etməsinə inanılıb. Bu yaranış inancda təbiət-insan
birliyinin ifadəsi kimi anlaşılıb.
Araşdırmaçı A.Xəlilin fikrincə, türk
xalqlarının da əlamətdar günlərini bil¬di¬rən
anlayışların geniş əhatəli olması belə
bir zəngin ənənənin mövcudluğunu göstərməkdədir.
Bunların içində “toy”/”tuy”/”tu¬yun”/ ”dü¬-yün”,
“şö¬lən”, “yəğ¬ma” və s. anlayışlarla
yanaşı “bay¬ram”/¬“bəyrəm” sözü də iş¬lən¬¬məkdədir.
Xalqın həyatındakı ən əlamətdar günlərdən
biri də bayramlardır. Hər xalqın özünə
görə bayram adət-ənə¬nələri olduğu kimi
bayram anlayı¬şı¬nın da öz dilində mənası
var. XI əsrdə Kaşqarlı Mahmud bu sözü “bedhrem”
kimi “Divan”ında izah edib və oğuzların onu “bayram” şək¬lində
işlətdiklərini qeyd edib, izaha görə “bayram əylənmə,
gülmə halıdır”.
Baharın gəlişi,
havaların istiləşməsi, qarların əriməsi, tə¬biətin
canlanması bütün insanlara olduğu kimi, türklərə
də də¬rin təsir edib, həyəcanlandırıb və
bu dəyişikliyi müxtəlif mə¬¬rasimlərlə qeyd
etmələrinə səbəb olub. Başqa bir inanca görə,
Novruz bayramında kədərlənmək, qəmlənmək,
qüssə çəkmək, qaşqabaqlı gəzmək,
acıqlanmaq olmaz. Əks halda insan bütün il boyu bu durumda
qalar.
Əcdadlarımızdan gələn
düşüncə tarixən ruhumuzun özünəgüvənliyini,
yenilməz nikbinliyini yaradıb. Xalq bayramı o dərəcədə
ruhunun doğması olaraq yaradıb, görüb, cilalayıb,
inanıb ki, onu bütövlükdə mərasim mədəniyyətinin
özülünə çevirib, öz
davranışlarını bayram kuralları ilə
nizamlayıb. Bu, yalnız xalqımızın ruhunun ifadəsi
olan, heç bir xalqda rast gəlinməyən
davranışlar sisteminin bayram-mərasim kompleksindən
güc alması demək olub.
Azərbaycan mədəniyyəti
tarixində Novruz bayramı əbədiyaşar, tarixi və
çağdaş bir abidə olaraq diqqəti çəkir.
Bu bayram mənəvi mədəniyyət abidəsi olaraq milli
mədəniyyət tariximizdəki başqa abidələrdən
özünəxas cəhətlərinə görə fərqlənir.
Bayram yaşına, yaşama gücünə görə ilk
sırada duran mədəniyyət abidəsidir.
Xalqımızın mədəniyyət tarixində
böyük abidələr olub, onlar bütün hallarda tarixin
müəyyən dövrləri, konkret epoxalar, zaman kəsimləri
ilə bağlıdır. Ancaq bu abidələr içərisində
tarixi hamısından qədim olsa da, heç vaxt “qocalmayan”,
daim cavanlaşan bir abidə - Novruz bayramı var.
Araşdırma və gedişatdan görünür ki,
dünya tarixinin bir-birinə zidd ideologiyaları olan
epoxaları biri digərini əvəz etdikcə Novruz
bayramı nəinki aradan qalxmayıb, varlığını
daha böyük coşğu ilə sürdürüb,
müxtəlif dinlər, fərqli sivilizasiyalar, ruhuna zidd olan
ideologiyalarla döyüşlərdən qalib
çıxıb. M.Təhmasib yazır ki, Novruz bayramı
öz mərasimləri ilə birlikdə zaman-zaman Azərbaycanda
hakim kəsilmiş dinlərin hamısından çox sadə
təsərrüfat bayramı, yəni qışın yola
salınması, yazın qarşılanması mərasimi olub.
Məhz elə buna görədir ki, xalqımız müxtəlif
dinlərin, məzhəblərin, siyasi sistemlərin,
ayrı-ayrı hökmdarların təsis etdikləri onlarca
bayramları, mərasimləri unudub, bunu isə insanı əməyə,
zəhmətə, maddi nemətləri yaratmağa
çağıran təsərrüfat bayramı kimi əsrlər
boyu yaşadıb, indi də hər il həvəslə gözləyir,
hörmətlə qarşılayır, xüsusi bir məhəbbətlə
icra edir.
Azərbaycanda Sovet hakimiyyəti
zamanı Novruzla bağlı qadağalar olsa da, xalqımız
onillərlə bu bayramı ağlında-ürəyində
qoruyub, yaşadıb. C.Qasımov yazır ki, 1930-cu illərin
sərt qadağaları, zorakı sistem Novruzun meydan mərasimlərini
müvəqqəti zaman kəsiyində sıradan
çıxarsa da, bu milli bayramı bütövlükdə
yaddaşdan silə bilmədi. Novruz qədim Azərbaycan
türkünün yaddaşına kənardan gətirilməyib,
etnosun fiziki-psixoloji təcrübəsinin içindən
inkişaf edərək mentalitet sisteminin zəruri, ayrılmaz
struktur səviyyəsinə çevrilib.
Tarixən Azərbaycan milli dövlətçilik
ənənəsində Novruz bayramı xüsusi yer tutub. Alman
alimi A.Oleari (1599-1671) XVII əsrin birinci yarısında Səfəvilər
dövlətinin tərkibində olan Şamaxıda Novruz
bayramında iştirak edib, xalqın, dövlət
adamlarının bu bayramı necə böyük coşğu
ilə keçirdiyinin şahidi olub. O yazır ki, bayram
münasibəti ilə bizim bəzilərimiz təbrik
üçün xanın, kələntərin və digər
cənabların yanına yollandıq və onların
böyük ziyafət məclislərində iştirak etmək
üçün dəvət olunduq: “Astroloq tez-tez stolun
arxasına keçir, öz üstürlabı ilə Günəşi
müşahidə edir, saata baxır, beləliklə, Günəşin
gecə ilə gündüzün bərabərləşəcəyi
məqama çatacağı anı gözləyirdi. Elə
ki, arzu olunan dəqiqə çatdı, o bunu bərkdən
elan etdi. Dərhal hərbi toplardan yaylım atəşi
açıldı, şəhərin qala divarları və
bürclərin hər yerində gərənay səsləndi,
təbillər çalındı və beləliklə
böyük şənlik başlandı”.
H.Sarabski “Köhnə Bakı”
adlı əsərində çar dönəmində Bakı
şəhərində Novruz bayramının böyük
coşğu ilə keçirilməsindən yazır,
ayrıca vurğulayır ki, Novruz bayramı Bakıda başqa
bayramlardan dəfələrlə artıq bir təntənə
ilə keçirilərdi.
Novruz bayramı ilə bağlı
mərasim ənənələri dedikdə İlaxır
çərşənbələrlə bağlı, sosial
birlik və paylaşma, tamaşa, oyun, mətbəx ənənələri
nəzərdə tutulur. İnanca görə Novruz ərəfəsində
hər bir evdə aparılan təmizlik işləri yenilənmə
ilə bağlıdır. Yəni ki, bayramda təkcə ilin təzələnməsi
yox, bütünlükdə köhnə ili yaşamış
hər kəsin, hər şeyin təzələnməsi
inancı var. O deməkdir ki, insanlar yaşadıqları evi, həyəti
təmizləyib təzələdikləri kimi,
ruhlarını da hər cür çirkinliklərdən təmizləyib,
yeni ilə yenilənmiş, ruhən, mənən yenidən
doğulmuş halda keçirlər. Təzə pal-paltar ilin
hansı dövründə alınmasından asılı
olmayaraq, ilaxır çərşənbədə – Novruz ərəfəsində
üzə çıxarılardı. Sınıq, yararsız
bir şey evdə qalardısa, inancda bu, yeni ildə
sınıqlığa, yararsızlığa,
uğursuzluğa səbəb olardı.
Novruzda təkcə zaman, həyət-baca,
ev-eşik, bağ-bağat təzələnmir, il ərzində
insanlar, tayfalar, qonşular , nəsillər və s. sosial
qruplar arasında baş vermiş anlaşılmazlıqlar,
dava-dalaşlar (konfliktlər) həll edilir. Novruz inancına
görə, əgər küsülülər, düşmənlər
Novruzda barışmasa, bu halda həmin konflikt onların iradəsindən,
istəyib-istəməməklərindən asılı
olmayaraq, 7 il davam edəcək. Bu isə 7 il sosial gərginlik,
düşmənlik içərisində yaşamaq deməkdir.
Adətən barışıq təklifi günahkar tərəfdən
gəlir. Ağsaqqallar işə qarışır və
konflikt tərəflərini barışdırmaqla sosial
tarazlığı bərpa edirlər. Təbiidir ki, bu,
inancdır, mahiyyətcə inancı yaradan,
qayda-qanunlaşdıran insanlar bu kimi halları da Novruzla
bağlamağa çalışıblar.
Novruzda “Bayramlaşma” adəti fərdlərin
(ayrı-ayrı insanların), sosial qrupların (ailələrin,
qonşuların, nəsil ağsaqqallarının), yaş
qruplarının (kiçiklərin böyükləri) və
s. bir-birini təbrik etməsi şəklində olur, insanlar
arasında olan ilişgilərin daha da möhkəmlənməsi,
doğmalığın artmasına gətirib
çıxarır.
Novruzdakı oyunlar mahiyyətcə
əyləncəviliyə köklənsə də, həm də
bayramdan gələn müəyyən qənaətlərin ilk
növbədə uşaqların ağlında
oturuşmasına, yaddaş tərbiyəsinə xidmət
edir. Kosanın qışı simvolizə etməsi bir sıra
formatlarda özünü göstərir: üzünün
tüksüzlüyü – qışın çılpaqlığını
formaca ifadə edirsə, “Yediyim yarma aşı, yarısı
sudur” deyib qarnına işarə etməklə də
qarnının – bətninin yarısının sudan ibarət
olduğunu bildirməsi də qışın
qarını-suyunu bildirir. Habelə Kosanın pulu və yeməyi
olmadığı da qış azuqəsinin qurtarmasını,
“uzun səfər” isə doqquz aylıq səfəri – doqquz
aydan sonra bir də dekabrda qış qiyafəsində “yeddi qat
paltarla” gələcəyini göstərir.
Araşdırmaçı Ş.Albalıyevin fikirləri maraq
doğurur: “Yazın, baharın rəmzi olan keçinin səhnəyə
gəlməsi, Kosa (qış) üçün pay
yığması və Kosaya (və köməkçi Kosaya)
verməsi də insanların demək olar, sonuncu qış
ehtiyatlarını xərcləyib qışın uzun və
üzücü yolunda sərf etmələrinə işarədir.
Bundan başqa, tamaşanın finalında Kosanın
öldürülməsinə və Kosanın köməkçisinin
onun meyiti üstünə yıxılıb ağlamasına
camaatın şən gülüşlə reaksiya göstərmələri
də buradakı ölümün və ağlamağın
simvolik səciyyə daşıdığını –
qışın ölümü və onun üzərində
qələbə çalmış keçinin və
balalarının timsalında yazın gəlişinə sevinmələrini
əks etdirir”.
Novruz bayramı özünəməxsus
zəngin mətbəx mədəniyyəti sistemi ilə də
diqqəti çəkir. Milli Kulinariya Mərkəzinin rəhbəri
T.Əmiraslanovun fikrincə, Novruz bayramını Novruz mətbəxindən
ayrılıqda təsəvvür etmək mümkün deyil.
Novruz bayramında mətbəx elementləri (paxlava, şəkərbura
bişirmək, yumurta döyüşdürmək, qonağa
pay qoymaq, səməni bişirmək və s.)
götürülsə, şübhəsiz ki, bayramın mahiyyəti
itər və bu mətbəxin elementləri tənəzzülə
uğrayar.
Novruz bayramının Azərbaycan
dövlətçilik ənənələrinin
inkişafında ən böyük rolu Birləşmiş
Millətlər Təşkilatı Baş Məclisinin
64-cü sessiyasında martın 21-nin bütün dünyada
“Beynəlxalq Novruz günü” elan edilməsidir. Burada ən əlamətdar
cəhət ondan ibarətdir ki, dünyanın bir çox
ölkələrində üç yüz milyondan çox
insanın Novruz bayramını qeyd etməsinə baxmayaraq,
BMT-də qəbul olunmuş bu qərar məhz Azərbaycan
dövlətinin təşəbbüsü ilə baş
tutub.
Elçin
Qaliboğlu
Xalq cəbhəsi.-
2017.- 3 fevral.- S. 14.