“Nə
yatmısan, sarı bülbül, oyan bir...”
Kəmalə
Abiyevanın poeziyası haqqında…
Bilmirəm, nədənsə
Kəmalə Abiyevanın poeziyası haqqında yazıya məhz
onun baharlı, yazlı, güllü-çiçəkli
duyğularından, təbiətlə bağlı
düşüncələrindən başladım. Gözlərindəki
dumduru təmizliyəmi, qəlbindən süzülüb həzin
misralarına hopan saflığamı, ruhunu qapsayan bahar təravətli,
həm kəpənək qanadlarına bənzər zəriflik,
incəlik və kövrəklik, həm də ki, qəribə
bir şuxluq təlqin edən hisslərinəmi görə,
deyə bilmərəm. Bəlkə də «Bahar»
şeirindəki bu poetik tapıntılar, orijinal deyim sövq
etdi məni məhz onun baharlı, yazlı, ilıq
duyğularından başlamağa:
Oyanır yuxudan bütün təbiət,
Yaşıl gözəlliyi
gəlir dünyanın.
Səpərək hər yana min bir təravət,
Yaşıl
baxışları gülür dünyanın.
Çiçək
naxışını vurub düzlərin,
Şəlalə səsiylə
dağları bəzər,
Günəş yaylığıyla
qışın izlərin
Hər çöl-çəmənindən
silər dünyanın.
Kəmalənin
dünyamıza, insanlığa, bəşəriyyətə
yaşam imkanı verən Ana təbiətə, Odlar yurdumuza,
Azərbaycana və Azərbaycan xalqına, böyük
türk millətinə sonsuz sevgi və məhəbbətlə
naxışlanan poeziyası özlüyündə mənəvi-əxlaqi,
tərbiyəvi-didaktik bir məktəbdir. XX əsrin
reallıqları, xalqımızın milli müstəqillik,
azadlıq uğrunda mücadiləsi və Azərbaycanın
üzləşdiyi növbəti, daha ağır, daha dəhşətli
sınaq – Qarabağ müharibəsi ədəbiyyatımıza
da sirayət etdi. Şair və
yazıçılarımız günün reallıqları
ilə, dövrün ab-havası ilə yaşayaraq müharibəni
və onun doğurduğu problemləri qələmə
aldıqları əsərlərdə bədii-poetik ampulada əks
etdirməyi özlərinin vətəndaşlıq borcu
saydılar. Kövrək duyğular
şairi kimi tanıdığımız Kəmalə
xanımın da Qarabağ dərdi şəxsi dərdinə,
ağrısına çevrildi. Xalqın
taleyində tarixən, zaman-zaman yol verilmiş səhvlər
incə qəlbinin nisgilinə, ürəyində möhnətə,
qəm yükünə, sinəsində sağalmaz yaralara
döndü. Təbrizdi, Dərbənddi,
Laçındı, Şuşadı, 20 Yanvardı, Xocalıdı,
Ağdamdı, Kəlbəcərdi bu dərdlərin adı:
Oyan bir gör sinəmdəki
dağları,
Öz səsinlə ol dərdimə
həyan bir.
Qarabağım qalıb yadlar əlində,
Nə yatmısan, sarı
bülbül, oyan bir.
Təbriz boyda, Dərbənd boyda
yarayam,
Vallah, yoxdu bu halımı duyan bir,
Laçın dərdli, Şuşa dərdli harayam,
Nə yatmısan, sarı
bülbül, oyan bir...
Cəmaləddin Əfqani
deyib ki, millətdən kənar xoşbəxtlik yoxdur. Bəlkə də
Kəmalənin qəlbindəki və şeirlərindəki həzin
kədər Vətənim – Anam mənim dediyi qədim odlar
yurdunun elə bu sinə dağlarından qaynaqlanıb. Çünki xalqın sevilən şairi o kəslər
olur ki, onun sevincinə sevinib, kədərinə kədərlənsinlər,
qəminə şərik çıxsınlar.
Müharibə onun üçün insanlığın faciəsidi,
insanların bir-birinə xəyanətidi və bu xəyanətlərin
nəticəsində
baş verən ölüm yağışı,
dünya okeanına sığmayan göz yaşıdı. Ancaq bu göz yaşlarının axmasına səbəb
olan dünyanın ən modern silahları belə onun bircə
damlasına dəyməz. Şairin qənaətinə
görə, axıdılan bir damla göz yaşı, bircə
qətrə insan qanı bəşəriyyətin edə biləcəyi
ən böyük günahdı... Müharibənin
övladı ölüm və nifrətdir, müharibə
ölüm və nifrət doğur və nə qədər
acıvericidır ki, doğulan bu övlad heç kəsə
sevinc deyil, dərd, kədər gətirir. Müharibə
həm də ölən sevgilərdi... Ancaq qəribədir
ki, Kəmalə xanım üçün insanın içindəki
sevginin boğulmasından-öldürülməsindən də
dəhşətli qəlbində nifrətin
doğulmasıdı, çünki boğulan-ölüm hokum
verilən sevgilər özü ilə bərabər
insanın ümidini də öldürmür, ancaq içində
doğulan nifrət ümidi öldürür və nifrət,
məhz ölən ümidlərdi. O, Yer üzündəki
bütün xalqların, insanların ürəklərinin nifrətlə
deyil, sevgi ilə, sevinc duyğuları ilə dolmasını
istəyir, çünki bu zaman ömürlər də sevgi,
sevinc, fərəh duyğuları ilə boyaboy dolu
olardı...
Vətəndaş şair
üçün doğulduğu yurd, Azərbaycan «gözlərinin
qarası, həyatının mənası, anasının
anası, igidliyin sarsılmayan qalası, azadlığın sədası,
qalibiyyət dünyası»dır. Vətən bir nəğmədi
onun üçün, dodaqları hər an bu nəğməyə
möhtacdı, Vətən bir ağacdı, o isə
budağı, budaqdısa yarpağı, hər daşı,
torpağı, kiçik bir zərrəsidi...Vətənə
gərəksiz yaşamaq həyat deyil, bu Vətən
daşı üçün zülmdü, işgəncədi:
Bir sinəyəm, sənsən
vuran ürəyim.
Bir ürəyəm, sənsən
arzum, diləyim,
Yaşayaraq yaşamıram əgər
mən,
Ey Vətənim, olmaramsa gərəyin.
Şairin Vətən
sevgisini hayqıran əsərlərində, xüsusilə
“Şəhidlər xiyabanı” lirik poemasının “Vətən
bir də doğulmur” hissəsində həm də aramsız
çalınan həyəcan təbilinin sədalarını
eşidirik.
1990-cı ilin müdhiş 20 Yanvar faciəsinin baş verdiyi
gündən etibarən hər il
Ümumrespublika hüzn günü kimi qeyd olunan və Şəhidlər
xiyabanına axışıb sanki milli istiqlalımız
uğrunda şəhid olmuş igidlərimizin
qarşısında borcunu verən minlərlə
soydaşını bir anlıq ayaq saxlayıb
düşünməyə, olub-keçənlərdən nəticə
çıxarmağa səsləyir... və özü də
maraqlı, həm də ibrətamiz bir nəticəyə gəlir.
Gözlərindən kədər yağan,
nigaran, yaralı ruhları haray salan şəhidlərin dili ilə
illərdən bəri bu xiyabana axışan insan selinə
üz tutur və qəlbindən keçənləri dilinə
gətirərək deyir ki, siz ey insan axını,
ünvanı səhv salmısınız. Şəhidlər
xiyabanının üzərindən “Şəhidlər”
adını götürün, çünki Şəhidlər
xiyabanı Ağdamdı, Şuşadı, Laçın,
Qubadlı, Zəngilan, Xankəndi, Xocalı, Kəlbəcərdi.
Və hələ neçə mahal, neçə şəhərdi...
Tikə-tikə bölünmüş Vətənin
hər tikəsi şəhiddi. Vətəni
şəhid olan oğullarsa şəhid olmur, şəhid
yurdun, torpağın igidi olmaq olmur. Bizlər
dünyanın harasında məskunlaşsaq da,
sığınacaq bulsaq da bir də doğularıq, ancaq
ölən Vətən bir də doğulmur. Şəhid Vətənin qızı olmaq istəməyən
şairin düşüncələri nə qədər qəlb
yandıran, ürək yaxandır. O, məzardan-məzara,
qəbirdən-qəbrə adladıqca hər birisi ilə bərabər
ölüb-dirildiyi şəhidlərin kədərli və qəzəbli
baxışlarının harayına qoşulur, dözümə
qarşı üsyan edir, dözümdən üz çevirənləri,
dözə bilməyənləri səsləyir Vətəni
şəhidlikdən qurtarmağa, “Şəhidlər”
adını özümüzə qaytarmağa...
Şair Kəmalə 26 faciəli
fevral gününü, 8-i may, daha neçə-neçə
işğal günlərini heç sevmir, çünki onun
yaddaş dəftərində “işğal” - “məğlubiyyət”,
“faciə”di, fərqi yoxdu bu günlərin adı nədi...
Onun şeirlərindəki həzinlik, incə bir kədər
daim düşündürür səni... Təbiətən
saf, təmiz insan olduğundan bu cəhətlər
misralarından da apaydınca görünür. Sanki zirvələrin bəyaz qarı, bulaqların
göz yaşı kimi dupduru, şəffaf suyudu duyğuları,
damla-damla süzülüb şeirlərinə. Bu
duruluq, şəffaflıq içərisində bir Ana
obrazı, hər hərəkəti, əməli və
ümman sevgisiylə bu anaya layiq olmağa çalışan
fədakar bir övlad və məsum bir körpə,
qayğısız, dünyanın möhnətindən xəbərsiz,
arın-arxayın, ümmanlara sığmayan ana məhəbbəti,
mehri, şəfqəti içində böyüyən bir
qızcığaz obrazı boylanır. Ömrünü
şam tək övladlarının yolunda əridən, ağ günlərini saçlarına qonduran,
bütün arzusu, diləyi övladını xoşbəxt,
qəmsiz-kədərsiz görmək olan, hər anını,
gününü məhəbbətə bələyən,
ürəyini bütün dünyanın, insanlığın
evinə döndərən bu Ana obrazı sevimlidi, əzizdi!
Ana ürəklərin sönməz
ocağı,
Bəşəri qızdırır
yanar odunda,
Ən güclü arxadır ana
qucağı,
Dünya təzələnir
ana adında.
Qəlbini Günəşə
döndərib canının bir parçası
üçün yandıran ananın övladı da onun
yolunda, bu intəhasız sevginin uğrunda gözlərinin
qarasından, canından keçər. Yuxusuz gecələrdə
beŞiyinin başında çəkdiyi əzabların əvəzini,
müqəddəs ana borcunu bircə zərrə belə
qaytarmaq üçün bütün fədakarlıqlara
hazırdır. Səsinin, isti nəfəsinin,
laylasının, məhəbbətinin həsrətini çəkən
bu övlad ona dünyanı bağışlayan
varlığın ayaqlarını belə gözü üstə
bəsləməyə, ömürlük səcdəsində
durmağa, onuntək yanmağa, ömrünü belə qurban
etməyə, ancaq dərd verməməyə hazırdır:
Bircə nəğmə belə dinləməsəm
mən,
Möhtacam ömürlük
könül laylana.
Qəlbimi səcdənə gətirərəm
mən,
Ömürlük səcdəndə
duraram, ana!
Sənə dərd olmasa, ay ana, inan,
Ömrümü,
günümü sənə verərdim.
Gözünün nurunu itirən anam,
Gözümün nurunu sənə
verərdim.
Kəmalənin ata və ana,
dünyamıza insan – fərəh, sevinc gətirən müqəddəs
varlıqlar arasında apardığı poetik paralellər,
obrazlı müqayisələr də son dərəcə
maraqlıdır, cəlbedici, ibrətamizdir. Ana körpəsinin
beşiyinə dünyanı sığışdıra bilir,
balası ata qucağındaykən elə qüdrətli olur
ki, bu dünyanı özünə oyuncaq sanır:
Ana beşik üstə şam kimi
yanar,
Bir beşiyə sığar
onunçün cahan.
Dünyanı özünə oyuncaq
sanar
Körpə atasına
sığınan zaman...
Kəmalənin
poeziyasındakı kövrəkliyin, həzinliyin, nisgilin
mayasından bir kədər, gecə, sükut obrazı da
rişələnib. Tənhalığı sevdiyindənmi, öz-özü
ilə, daxili «Mən»ilə baş-başa qalmağı
xoşladığındanmı, göz yaşını-
könül yağışını, təkliyinin
yoldaşı, sevinc və kədərinin yaddaşı,
ürəyinin sirdaşı deyib əzizlədiyindənmi, ən
əsası yaşamaq istəyi və yaşamının
qaynağı olduğundanmı yaranıb bu orijinal obraz? Kəmalənin poeziyasında tərtəmiz bir sevgi
dünyası da qurulub. Bu dünyanın sakini sevib-sevilənlər,
ilk sevgi oxu daşa dəyənlər, unudulanlar, unudanlar və
unuda bilməyənlər, unutqan olmayanlardı:
Elə bil zamandan xəbərim yoxdu,
Ağaran saçımdan xəbərim
yoxdu,
Görəsən illərin
nədir günahı?
Mən səni unuda bilmədim
axı...
Onun insan qəlbinin ən sirli,
möcüzəli, sehrli və şirin duyğularını
ifadə edən sevgi şeirlərində özülü
qışqıran, vulqar məhəbbətdən deyil,
abır-həyaya sığınmış tərtəmiz
sevgidən qoyulmuş bir dünyanın qurulduğu hiss olunur,
duyulur. Bu şeirlərdə bir utancaqlıq, ləyaqət,
ismət görünür. Unutqan, vəfasız
sevgilisini qınadığı, həzin, kövrək sevgi
etiraflarının yer aldığı şeirlərində
belə etika, yüksək mədəniyyət, təbii bir səmimiyyət
özünü büruzə verir. Bu böyük məhəbbətə,
həqiqətə arxalanır Kəmalə xanımın
özü də...
Esmira Fuad
ədəbiyyatşünas
Xalq cəbhəsi.-
2017.- 8 fevral.- S.14.