“Şəmkir zəngin xalçaçılıq ənənələrinə malikdir

 

 Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov qurumun Şəmkir rayonunda fəaliyyət göstərən tədris-hazırlıq kursunun toxucuları ilə görüşüb.

ASC-dən verilən məlumata görə, görüşdə bir sıra mühüm təşkilati işlər, kadr məsələləri müzakirə edilib. Toxucuların bacarıqları yoxlanılıb, onları istehsalat təcrübəsi sınaqdan keçirilib.

Ötən ilin avqust ayında fəaliyyət başlamış kursda indiyədək rayonun müxtəlif kəndlərindən, həmçinin Şəmkir şəhərindən olan 120-yə yaxın toxucu hazırlıq keçib. Onlar Azərbaycan xalçaçılıq sənətinə dair nəzəri praktiki biliklər qazanıb, qədim xalça çeşniləri əsasında xalça toxumaq vərdişlərinə yiyələniblər.

Cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradov bildirib ki, “Şəmkir Gəncəbasar bölgəsinin zəngin xalçaçılıq ənənələrinə malik rayonlarından biridir:

"Burada bir çox kəndlərdə tarixən xalçaçılıqla yanaşı, boyaqçılıq sənəti, xalça ticarəti işigeniş miqyas alıb. “Azərxalça”nın Şəmkir rayon filialının, o cümlədən burada tədris-hazırlıq kurslarının təşkili də bu ənənələrin uğurlu davamı olacaq. Kurslarda peşəkar xalçaçılar, xalça rəssamları toxuculara Azərbaycann xalçalarının bütün qruplarına aid nümunələr, xüsusilə qədim Gəncəbasar çeşniləri əsasında xalçaların rəng, naxış xüsusiyyətlərini, toxuma texnologiyasını tədris ediblər. Nəticə qənaətbəxşdir. Hazırda “Azərxalça”nın Şəmkir filialının tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Hesab edirik ki, bu toxucular mart ayının sonlarında fəaliyyətə başlaması nəzərdə tutulan Şəmkir filialında uğurla fəaliyyət göstərə biləcəklər”.

 

Xalq cəbhəsi.- 2017.- 8 fevral.- S.16.