“ Mənim birinci vətənim Azərbaycandır “
Telman
İsmayılov: “Azərbaycanlılar bir liderin ətrafında
birləşməlidirlər və bütün işlərində
ona dəstək olmalıdırlar”
İş
adamı Telman İsmayılovun "APA-Economics"ə
eksklüziv müsahibəsi (ixtisarla)
- Milyarderləri,
iş adamlarını, sahibkarları Telman İsmayılovun
biznesinin taleyi maraqlandırır. Sözsüz ki, biznes dairələrini,
sadə insanları sizin biznesin hərəkətverici qüvvəsi
olan "AST" şirkətlər qrupunun fəaliyyəti
maraqlandırır. Hazırda "AST"
şirkətlər qrupuna hansı şirkətlər daxildir?
- Bir zamanlar "AST" otel, restoran,
icarə, ticarət və digər müxtəlif biznes növləri
ilə məşğul olan və 30-dan çox şirkəti
birləşdirən böyük holdinq idi. Hazırda
holdinq mövcud deyil.
- "AST" şirkətlər qrupunun fəaliyyətini
dayandırması nə ilə bağlıdır?
- Mən öz biznesimi kreditlər cəlb
etməklə yaratmışam. Banklar hər hansı bir əmlakın
girova qoyulması əsasında kredit verir və mən əsas
aktivlərimi - Moskvada üç böyük binanı -
"Praqa" restoranını, "İzmaylovo"da ticarət
mərkəzini və "Krasnaya Presnya" adlanan ərazidəki
ticarət-ofis mərkəzini girov qoymaq məcburiyyətində
qaldım. Artıq bir neçə ildir ki, mənə
kredit verən bank bu obyektləri əlimdən almaq istəyir.
Buna görə də bütün
gücümü bu problemin həll olunması istiqamətinə
yönəltməli oluram. Bank yalnız mənim
aktivlərimi almaq istəmir, həmçinin kreditin tam məbləğini
geri qaytarmağımı tələb edir. Bu səbəbdən sözügedən məsələ
həllini tapanadək Rusiyada biznesimi tamamilə
dayandırmışam.
- Siz nə
üçün krediti ödəyə bilmirsiniz? Krediti geri qaytara bilməməyinizin səbəbi nədir?
- İki sözlə ifadə
etsəm, vəziyyət mənim üçün ən
xoşagəlməz hal alıb. Şirkətlərim əsas
aktivlərimi girov qoymaqla "Bank Moskva"dan kredit alıblar.
Mən zamin idim. "Çerkizov"
bazarı bağlandıqdan sonra mənim üçün
"Bank Moskva"ya krediti qaytarmaq və faizləri ödəmək
çətin oldu. Lakin bankla münasibətlər
çox konstruktiv olub. Bu banka 50 milyon
dollar əsas borc və 70 milyon dollar faiz ödəmişdim. Bank üç binamın onlarda girovda olduğunu
bildiyindən mənimlə görüşməyə və
kreditin qaytarılması ilə bağlı problemin həllinə
hazır idi. Birgə səylə
üç binamdan ikisinə alıcı tapmışdıq.
Hətta alıcı 15 milyon dollar məbləğində banka avans yerləşdirmişdi. Əgər bu sövdələşmə baş
tutsaydı, onda kreditlərin qaytarılması ilə
bağlı problem həll olunardı. Amma bu zaman
"Bank Moskva"nın özündə
problemlər başladı və onun bütün aktivləri
"Bank VTB"-yə verildi. Nədənsə "Bank
VTB" üç binamı əlimdən almağa
üstünlük verdi və kredit borcunu
tam həcmdə ödəməyi tələb etdi. Hüquqşünaslarım hesab edirlər ki,
"Bank VTB" güc yolu ilə daşınmaz obyektləri
zəbt edib və biz hazırda bütün qanuni üsullarla
bununla mübarizə aparırıq. Ədalətsizlik
ondadır ki, bankın zəbt etdiyi binalar hər ay sabit olaraq
1 milyon dollara yaxın gəlir gətirir. Bank
bu sabit gəlir hesabına borcun məbləğini azalda bilərdi.
Lakin bank bunun əvəzinə mənim
binalarımdan əldə etdiyi gəlirləri
hüquqşünaslara pul xərcləməklə mənə
qarşı istifadə edir. "Bank VTB"-nin zəbt etdiyi daşınmaz obyektlərindən
biri Kremlin yaxınlığında yerləşən, Moskvada
məşhur olan "Praqa" restoranıdır. Bu böyük binanın ümumi sahəsi 10 min
kvadratmetrdir. Bu bina daim kiminsə hədəfindən
olub. Bir zamanlar “Praqa” restoranına 500 milyon
dollar təklif edirdilər. Hətta ərəb
ölkələrindən biri orada öz səfirliyini yerləşdirmək
istəyirdi.
- Keçmişə
nəzər salsaq, siz "Çerkizov" bazarının
bağlanmasından və Antalyada "Mardan Palace" otelinin
tikintisindən daha çox itirmisiniz, yoxsa
qazanmısınız?
- Əlbəttə, həyatımda
itirdiklərim və əldə etdiklərim olub. Bu, tam
normaldır. Mən xoşbəxt insanam.
Çünki böyük və mehriban ailəm,
çoxlu yaxşı və sədaqətli dostlarım var. Bu
isə çox vacibdir. Biznes? Biznesdə hər şeyə hazır olmalısan.
Ağ və qara zolaqlar daim olur. O ki
qaldı "Çerkizov" bazarına, bu məsələ ətrafında
bir çox uydurmalar danışılıb, yazılıb və
göstərilib. Əslində isə heç kim
bilmir ki, bu, mənim üçün sırf icarə biznesi
idi. Biz keçmiş stadionun yerində
böyük sahəni icarəyə
götürmüşdük və arzu edən hər bir şəxsə
icarəyə verirdik. İcarədarlar
arasında əsasən mənim həmyerlilərim, azərbaycanlılar
çoxluq təşkil edirdilər. İnsanlar
"Çerkizov" bazarında ticarət edərək pul
qazana bilirdilər. Bazar bağlandıqdan sonra
çoxları işsiz qaldılar. Nədənsə
bu barədə heç bir məqalədə, heç bir
verilişdə danışmadılar. Fikrimcə,
azərbaycanlılar "Çerkizov" bazarında işləmək
imkanını itiriblər desəm, yanılmaram. Eyni zamanda azərbaycanlılar Türkiyədə əsrarəngiz
"Mardan Palace" otelində çox gözəl dincəlmək
imkanı əldə ediblər. Bu oteli mən
atamın şərəfinə inşa etdirmişəm və
arzumu reallaşdırmışam. Həmişə
istəmişəm ki, valideynlərim mənimlə fəxr
etsinlər. Bu otel məhz bu məqsədlə
inşa edilib. Əslində "Mardan
Palace" arzularımın mücəssəməsidir.
-
Doğrudanmı, Telman İsmayılov müflis olub?
- Hazırda mənim borclarımın
restrukturizasiyası prosesi gedir. Borclarımın
ödənilməsi üçün bütün
mümkün tədbirləri görmək niyyətindəyəm.
Yeni səhifə açaraq yeni biznesə
başlamağı planlaşdırıram.
- Sizi dünyada
ilk müflisləşmiş milyonçu kimi təqdim edirlər.
Bu təqdimatla razısınızmı?
- Xeyr. Bu proseduru artıq bir çox
tanınmış iş adamları keçib. Məsələn,
vaxtilə analoji problemlə hazırda ABŞ-ın prezidenti
olan Donald Tramp da üzləşib. Lakin o
problemləri həll edə və hər şeyə yenidən
başlamağı bacara bilib. İtirməsən
- tapa bilməzsən.
- Moskvada yeni biznes
layihələri həyata keçirməyi
planlaşdırırsınızmı?
- Mən Rusiya
Federasiyasının vətəndaşıyam. Əlbəttə,
Rusiya və Moskvada sabit biznesə sahib olmaq istəyirəm.
Çox təəssüf ki, bu, hələlik
qeyri-mümkündür. Daha öncə
qeyd etdiyim kimi, ilk növbədə "Bank VTB" ilə
problemləri həll etmək lazımdır.
- Bəs digər
dövlətlərdə yeni işgüzar və biznes layihələri
həyata keçirmək niyyətiniz varmı?
- Əlbəttə, mən
yeni şirkətlər açmağa, yeni layihələr
yaratmağa, bizneslə məşğul olmağa vərdiş
etmişəm.
Amma bunun üçün ilk növbədə
pul lazımdır. İndi bu, mənim
üçün mümkün deyil. Əvvəlcə,
kreditorlarımla problemləri həll etmək vacibdir. Yeni işə başlamaq üçün köhnələri
başa çatdırmaq lazımdır. İndi
məhz bununla məşğulam.
- Yeri gəlmişkən,
bayaq Donald Trampı xatırladınız. Daşınmaz əmlak
maqnatı ABŞ-ın prezidenti seçiləndən sonra biznes
dünyasının sayılıb-seçilən simaları
onunla tanış olduqlarını bəyan
etməkdə sanki bir yarışa
çıxmışdılar. Siz Donald Trampla
şəxsən tanışsınızmı?
- Amerikada olarkən Tramp məni evinə
dəvət edib. O zamandan bizim uşaqlarımız dostluq edirlər
və bir-birilərinə qonaq gedirlər.
- Dünya
bazarında neftin qiyməti ilə bağlı fərqli
proqnozlar səsləndirilir. "Qara qızıl"ın dəyəri
ilə bağlı sizin proqnozu bilmək maraqlı olar...
- Güman edirəm ki, neftin qiyməti
kifayət qədər çox dəyişkən olacaq və
yaya qədər "qara qızıl" ucuzlaşacaq. Fikrimcə, bu, dünya iqtisadiyyatına mənfi təsir
göstərəcək.
- Dünya
iqtisadiyyatında baş verən qlobal tendensiyaları izləyirsinizmi?
ABŞ Federal Ehtiyat Sistemi 2017-ci ildə
uçot dərəcəsini üç dəfə
artıracağını bəyan edib. Bu
dünya valyuta bazarına necə təsir göstərəcək?
- Bəli, dünya iqtisadiyyatı son
bir neçə ildə çox güclü sarsıntı
keçirib. Əlbəttə, bu
ayrı-ayrı ölkələrin iqtisadiyyatına təsir
edir. Avropa ölkələrinin defolt
borcları, Asiya bazarında güclü titrəyişlər,
dünya xəritəsində siyasi dəyişikliklər-bütün
bunlar iqtisadiyyatına mənfi təsir edir. Amma əminəm ki, növbəti 10-15 ildə dollar
dünyanın əsas hakim valyutası olaraq qalacaq.
- Siz hansı
ölkəni əsas vətəniniz hesab edirsiniz? Siz 3 dildə
sərbəst danışırsınız, 3 dili isə qənaətbəxş
səviyyədə bilirsiniz. Bəs
düşünəndə hansı dildə
düşünürsünüz?
- Mənim birinci vətənim Azərbaycandır.
Burada doğulmuşam, böyümüşəm,
xoşbəxt uşaqlığımı burada
keçirtmişəm. Mənim Azərbaycanda
çoxlu dostlarım və tanışlarım
yaşayır, Azərbaycanı çox sevirəm. İndiyədək azərbaycanca
düşünürəm. Amma mənim
biznesim və həyatımın böyük bir hissəsi
birbaşa olaraq Rusiya ilə bağlıdır, Rusiya
Federasiyasının vətəndaşıyam. Mətbuat məndə bir neçə ölkənin
pasportu olduğunu və dünyanın müxtəlif ölkələrinin
vətəndaşı kimi təqdim edir. Rəsmi
olaraq bəyan edirəm ki, mən Rusiya vətəndaşıyam
və Rusiya pasportuna sahibəm. Mən bu
ölkəni sevdim və bununla bağlı həyatımda
heç nəyi dəyişmək fikrim yoxdur.
- Dünyada Azərbaycan diasporlarının fəaliyyətini
necə qiymətləndirirsiniz?
- Harada yaşamaqlarından asılı olmayaraq, azərbaycanlılar birləşməli və bir-birlərinə dəstək olmalıdırlar. Tam səmimi deyirəm ki, azərbaycanlılar bir liderin ətrafında birləşməlidirlər və bütün işlərində ona dəstək olmalıdırlar. Azərbaycan prezidenti İlham Əliyevə qarşı çıxan istənilən şəxsi mənə qarşı çıxmış hesab edirəm. Mən tez-tez Azərbaycanda oluram. Azərbaycanın dəyişdiyini və inkişaf etdiyini görürəm. Azərbaycana çoxlu turist axını başlayıb. Hesab edirəm ki, Bakı turizm baxımından gözəl perspektivli şəhəridir. Bura daha çox turistlər gəlməlidir və inanıram ki, belə də olacaq. Bu dəyişikliklər məni özünə cəlb edir. Dayanmaq olmaz və Azərbaycanın indiki lideri bunu anlayır, bunun üçün əlindən gələni edir.
- Rusiya və Azərbaycan milyonerləri ilə münasibətiniz
necədir?
- Mən insanlarla milliyyət
və maddi imkanından asılı olmayaraq ünsiyyətdə
oluram. Mənim üçün əsas insani keyfiyyətlərdir.
Ona görə də maddi parametrlərə görə əhatəmi
seçmirəm. Sadə
insan da, milyoner olan da, yaxşı və pis ola
bilər. Azərbaycanlılara gəldikdə,
onlar arasında mənim çoxlu dostlarım var və
onları heç vaxt kasıb və varlıya bölməmişəm.
- Sizcə,
müasir milyoner işgüzar təfəkkürdən və
intuisiyadan başqa hansı keyfiyyətlərə malik
olmalıdır?
- Təmiz vicdan. Əlbəttə
müasir milyoner hər şeyə hazır olmalıdır.
Əsas odur ki, o, baş verənlərə
düzgün yanaşmalı və heç vaxt təslim
olmamalıdır.
- Ailəniz həyatınızda
hansı yeri tutur? Sizin üçün birinci dərəcəli
ailədir, yoxsa biznes?
- Ailə bu həyatda mənim
üçün ən əsasıdır. Həyat
yoldaşım, uşaqlarım və nəvələrim-bunlar
üçün biznesimi qurmuşam. Mənim iki gözəl
oğlum və artıq dörd nəvəm var. Bir oğlan nəvəm
və üç qız nəvəm var. Onların kiçiyi
bu gün 3 fevralda doğulub. Oğlum onu həyat
yoldaşımın şərəfinə, anasının
şərəfinə adlandırmağı qərara alıb.
Mən düşünürəm ki, bu faktlardan görmək
olar ki, ailəm necə mehriban və möhkəmdir.
Xalq cəbhəsi.-
2017.- 8 fevral.- S.13.