Xəlil Rza Ulutürkün tərcüməçilik
fəaliyyəti
Xəlil Rza heç də tərcümə
praktiki kimi fəaliyyət göstərmirdi. O, həm də tərcümənin
elmi-nəzəri və metodoloji problemlərinə dair
mülahizələr irəli sürür və bu sahədə
tərcümə işinin konseptual bir magistral üzərinə
keçirilməsi ilə bağlı məqalələr
yazır, çıxışlar edirdi. Bu baxımdan onun
müxtəlif illərdə «Şairlik və bədii tərcümə,
«Abay poeziyası Azərbaycan dilində», «Moabit dəftərinin
tərcüməsinə dair», «Bədii tərcümə milli
mədəniyyətin ayrılmaz hissəsi kimi», «Bədii tərcümə
bədii kəşf olmalıdır», «Rusiyada kimin günü
xoş keçir» epopeyası və onun tərcüməsinə
dair» «Ukrayna poeziyası və bədii tərcümənin
aktual problemləri», «Tərcümə və bədii dil»,
«Poetik tərcümədə şairliyin elmi-filoloji əməyə
arxalanması zərurəti», «Tərcümənin bədiiliyi
uğrunda» və s. ortaya qoyduğu nəzəri müddəaları
nəinki tərcüməyə şair kimi, həm də ədəbiyyatşünas
kimi baxdığını sübut etməkdədir. Xəlil
Rzanın az qala 30 ilə yaxın bir zaman kəsiyini
əhatə edən tərcüməçilik fəaliyyəti
dövründə onun özgə ədəbiyyatlardan dilimizə
etdiyi poetik tərcümələrin keyfiyyəti kifayətqədər
yüksəlib, həm də milli tərcümə məktəbimizin
nəzəri və praktik istiqamətdə
formalaşmasında hiss olunacaq rol oynayıb. XX əsrin
70-ci illərindən onun respublika mətbuatında nəşr
etdirdiyi tərcümə nümunələri, demək olar ki,
oxucuların daim diqqət mərkəzində olub.
Poeziyadan tərcümələrə belə davamlı,
ardıcıl, intensiv, xüsusilə adekvat münasibət
sonralar onun bir-birinin ardınca 1982-ci ildə «Qardaşlıq
çələngi», 1984-cü ildə «Dünyaya pəncərə»,
1992-ci ildə «Turan çələngi», 1994-cü ildə
«Qutadqu bilik», ölümündən sonra 2000-ci ildə «Yeddi
gözəl», 2002-ci ildə «İsgəndərnamə», 2010-cu
ildə yenə də «Dünyaya pəncərə» (bu kitab 72
çap vərəqi, yaxud 1151 səhifədən ibarətdir
və bu mənbədə az qala əksər dünya xalqlarının
poeziyasından nümunələr yer alıb – N.T.) kimi
kitabları nəşr olunub.
«Dünyanın ədəbi
xəritəsi» kitabında Xəlil Rza müxtəlif dünya
xalqlarının ədəbi nümunələrindən
örnəklər verməklə yanaşı, həm də tərcüməyə
cəlb etdiyi müəlliflərin yaradıcılıq xüsusiyyətləri
haqqında qısa və dolğun məlumatlar verib. Məsələn, özbək
poeziyasından nümunələr gətirdikdə Ə. Nəvai,
M.Şeyxzadə, A.Arif, S.Eyni, Zülfiyyə, C. Kamal, Q.Qulam,
A.Qəhhar; kalmık poeziyasından – D.Kuqultinov; türkməndən
– Məhdimqulu; qazaxdan – Abay, M.Əvəzov; Türkiyədən
– T.Fikrət, C.Rumi; farsdan – Sədi, Xəyyam; slavyan
xalqları ədəbiyyatından – rus-K.Simonov, A.Blok,
A.Voznesenki, Y.Yevtuşenko, N.Tixonov, V.Luqovskoy, İ.Selvinski,
N.Nekrasov; ukrayna - T.Şevçenko; belarus –Y.Kolas, Y.Kupala; Pribaltikadan
– eston – R.Rummodan, U.Lantdan, L.Seppeldən, L.Koyduladan; Latviya -
İ.Auzindən, V.Belşevitsadan, M.Çaylaysdan, A.Skalbedən;
litva – Ş.Vladasdan, K.Donelaytisdən, E.Mejelaytisdən,
Y.Martsinkyaviçusdan, A.Maldonisdən, A.Baltakisdən, V.Qalinisdən;
eyni zamanda Avropa və Amerika xalqları ədəbiyyatından,
xüsusən H.Lonqfellonun «Hayavata haqqında nəğmə»dən
örnəklər verməklə, həm də X.R.Ulutürk tərcümə
etdiyi ədəbi şəxsiyyətlərin
yaradıcılığına nəzər salaraq oxucuya daha gərəkli
məlumatlar verir. Nəzərə alsaq ki, burada ən
mühüm məqam ədəbiyyatların
qarşılıqlı əlaqələrində tərcümə
məsələləri daim ön planda durur və Xəlil Rza
məhz burada milli ədəbiyyatların zənginləşməsində
tərcümənin rolundan danışmaqla, onun
adekvatlığının zəruriliyini qeyd edir, bu zaman onun
şair-mütərcim kimi yaradıcı portreti oxucu (eyni
zamanda tədqiqatçı) diqqətini özünə daha
çox yönəldir.
Xəlil Rza tərcümənin
praktik və nəzəri problemlərini yetərincə mənimsədiyindən
onun metodik prinsiplərində orijinala sadiqlik, onu adekvat
çevirmək istəyi ön planda dururdu. Buna görə də nəzəri
müddəalardan (orijinalın dilini mükəmməl bilmək,
orijinalda əksini tapmış gerçəkliyi başa
düşmək və doğma dili gözəl bilməyin zəruriliyini
ortaya qoymaqdan yetərincə qidalanan mütərcim tərcümə
işini qan köçürmə sənətinə bənzətməklə,
qan qruplarının bir-birinə uyğun gəlməsindən
söhbət açmaqla, qruplar düzgün müəyyənləşdirilmədikdə
fəlakət baş verəcəyi kimi tərcümədə
də səhvə yol veriləcəyi təqdirdə
anlaşılmazlıq yaranacağını söyləyib. Eyni zamanda X.R.Ulutürk ədəbiyyatın müxtəlif
inkişaf mərhələlərinin bədii sirlərini
mükəmməl bilən şair olmaqdan əlavə, bədii
əsəri incədən-incəyə duyan
şeirşünas və alim olmağın gerçəkliyini
vurğulayıb. Bütün bu məsələlərə
münasibət sərgiləyərkən X.R.Ulutürk
tanınmış tərcümə nəzəriyyəçisi
Y.Etkindin fikirlərinə istinad edərək şeir tərcüməsi
sənətində şairin yaradıcı təsəvvürünün
sərbəst uçuşunun dəqiq bilik və
araşdırma hesablamaları ilə uyuşduğunu söyləməklə,
bu cür vəhdətin, bir tərəfdən, tərcüməni
etibardan salan subyektivlikdən, digər tərəfdən, quru
qeyri-bədii akademizmdən qurtulmağa təminat verdiyini diqqət
mərkəzinə çəkir.
Bütün bunlar
X.R.Ulutürkün tərcümə zamanı mütərcimin
adekvatlığı hansı parametrlərdə gözləməsini
təsdiqləyir. Düzdür, adekvat tərcümə məsələlərinə
də tərcüməşünaslıqda birmənalı
yanaşılmır. Çünki
adekvatlıq problemi uzun zaman kəsiyində müxtəlif
mübahisələrə səbəb olmaqla, müxtəlif
müddəaların və fərziyyələrin
doğulmasını şərtləndirir, onlardan bəziləri
gah diskussiyalar zəminində rədd edilir, gah da qəbul
olunmaqla zənginləşdirilir.
Hər hansı özgə mədəniyyətin
və ədəbiyyatın doğma mədəniyyətə və
ədəbiyyata gəlməsində, daxil olmasında mütərcimin
həlledici rolu var. L.Çerkasski bununla bağlı yazır:
«…onun (tərcüməçinin – N.T. ) ideya inamından, estetik oriyentasiyasından, hətta
istedadı haqqında danışmadan, əsərin taleyi
asılıdır ki, o qəbul edən ədəbiyyatın
hadisəsinə çevrilməklə, öz
mühümlüyü ilə oxucuları inandıracaq, yoxsa əksinə,
vərdiş edilmiş norma və zövqlərlə bir araya
gəlməyib psixoloji və estetik uyğunsuzluğu ilə təəccüb,
və ya təəssüf doğuracaq». Belə
olduğu təqdirdə mətnin tərcüməsində
mütərcim fərdiliyinin ortaya çıxması
qaçılmazdır, lakin bu da müxtəlif şəkildə
ifadə olunur. Burada yüksək sənət
nümunəsinə müraciət edərkən mütərcimin
orijinalın tərcüməsinə öz
möhürünü vurmasından, onun orijinalla tərcümə
arasında inamlı və nüfuzlu vasitəçi
olmasından savayı, müəllif mətnindəki situativ məqamların
mütərcim tərəfindən zəiflədilməsi,
yaxud gücləndirilməsi daha önəmlidir.
Əlbəttə, tərcümə
o zaman yüksək sənət nümunəsi kimi qəbul
edilə bilər ki, o əksər parametrləri ilə
orijinala adekvat olsun. Adekvatlıqla ekvivalentlik termini bir-birinə
uyğundur. Ancaq burada söhbət heç də ondan
getmir ki, tərcüməçi ekvivalentliyə, yaxud
adekvatlığa böyük zəhmət sərf etmədən
nail ola bilir.
Adekvat tərcümə
orijinalla eyni olmayıb, ona bərabər tərcümədir. Dil
stixiyası xalq mədəniyyətinin bütün rəngarəngliyini
toplayıb əks etdirdiyindən, mətnin ikinci
doğuluşu orijinal mətnin bütün sisteminə toxunan
bir prosesdir ki, onun hər bir atomu bu sistemlərin yetərincə
dəyişilməsini, yenidən qurulmasını tələb
edir. X.R.Ulutürk bütün bu prosesi dərindən
dərk edən mütərcim kimi hər bir orijinalın
psixoloji və emosional simasını, onun bədii, fəlsəfi
və estetik konsepsiyasını, obrazlar sistemini,
intonasiyasını, ritmikasını və harmoniyasını
uyğun yaratmağa çalışır. O, bir tərəfdən,
leksik adekvatlığa çalışırsa, digər tərəfdən,
müavfiq deyim konstruksiyaları axtarışında olarkən
bəzən çıxılmaz vəziyyətlərə
düşür. Belə hallar qrammatik
normaların, ölçünün orijinalda və tərcümədəki
uyğunsuzluqları ilə yaranır. X.R.Ulutürk
bir sıra mütərcimlərdən fərqli olaraq heç
də Azərbaycan dilinə tərcümə zamanı rus
hecasında və misrasında yer almış bütün
hecanı və deyim tərzini saxlamağa çalışmır,
orijinal misraların söz, ifadə və frazalarını da
qorumağa səy göstərmir. Bəzi
mütərcimlər yaddan çıxarırlar ki, orijinalda
yer almış sözlərin sırası bədii olmaqla,
orijinalın dil normalarına uyğundur.
Tərcümədə isə
sıranı saxlamaq tərcümə dilində qrammatik
normaların elementar şəkildə pozulmasına xidmət
edə bilər. Əlbəttə, belə olduğu təqdirdə
adekvat tərcümə haqqında danışmaq da olmaz.
Belə olduğu halda orijinala sadiqlik, həm də
tərcümə etdiyin dilə sadiqliyi əks etdirməlidir.
Yəni mütərcim müəllif qavrayışının
təzə-tərliyini, orijinalın bədii gerçəkliyini
əks etdirməyi diqqət mərkəzində
saxlamalıdır.
X.R.Ulutürkə görə mütərcim filoloji dəqiqliyi poetik harmoniya ilə sintez etməyi bacarmalıdır. Onun tərcümə prosesində digər xeyli mühüm məqamlarla yanaşı, hər iki dili və onların müqayisəli üslubiyyatını yaxşı bilmədən, hər iki ədəbiyyatda janrların, poeziya və nitq üslublarının inkişaf qanunlarını anlamadan, hər iki ədəbiyyatın tarixini və onların qarşılıqlı təsirini öyrənmədən əsil yaradıcı tərcümənin ortaya çıxmasına nail olma şübhə doğurur. Göründüyü kimi, X.R.Ulutürk mütərcimliyə orijinal sənətkarın yaradıcılığından heç də az yer verməyib. Onun fikrincə, müəllif kimi tərcüməçi də bədii kəşf qüdrətinə malik sənətkardır. Yaradıcılıq zamanı müəllif həyat həqiqətini, bədii həqiqəti kəşf etdiyi halda, tərcüməçi müəllifi kəşf edir. İşin belə cəhəti ilə yanaşı eyni zamanda o, tərcümə işinə məsuliyyətlə yanaşa bilməyən mütərcimləri də tənqid etməyi zəruri hesab edərək yazır: «Bərbad tərcümənin başlıca təhlükəsi ondadır ki, burada yalnız ayrı-ayrı fikirlər, ifadələr, məcazlar deyil, həmçinin müəllifin mənliyi, yaradıcı siması, dəst-xətti alt-üst edilir, tamamilə başqa bir mənlik, başqa bir üslub ilə əvəz olunur». X.R.Ulutürk bədii üslubu müəllifin yaradıcı portreti kimi dəyərləndirir: “Orijinalın ruhunu təhrif edən, üslubunu aradan qaldıran tərcüməçinin xəyanəti məhz bunda aşkara çıxır ki, oxucuya o, müəllifin avtoportreti əvəzinə öz avtoportretini təqdim etmiş olur”.
Gördüyümüz kimi, X.R.Ulutürkün tərcümə ilə bağlı nəzəri qənaətləri yetərincə dəyərlidir. O, tərcümənin başlıca amilləri kimi orijinalı düzgün oxuma, onu incəliklərinədək qavramaqla başlanır və buna görə də orijinalın dilini, müəllifin yaradıcılığını, üslub keyfiyyətlərini anlamadan, onun mənsub olduğu ədəbiyyat və xalqı lazımınca tanımadan, yalnız sətri tərcüməyə güvənməklə çalışan mütərcimlərin hər hansı bir uğur qazanmayacaqlarını, orijinalı təhrif edəcəklərini vurğulayıb.
Nizami
Tağısoy
Professor
Xalq cəbhəsi.- 2017.- 9 fevral.- S.14.