Gənc Azərbaycan “postmodernistləri”nin yaradıcılığına yığcam baxış

 

Artıq neçə illərdir ki, gənc Azərbaycan yazarları oxucuları normaldan daha çox anormal düşüncəyə və düşünməyə sürükləməklə onlar belə vəziyyəti normal kimi qiymətləndirməyə çalışırlar. Rafiq Tağı, Rasim Qaraca, Zahir Əzəmət, Həmid Herisçi, Seymur Baycan, Nərmin Kamal, Sevinc Pərvanə, Aqşin Yenisey, Əli Əkbər, Kəramət Böyükçöl, Pərviz Cəbrayıl, Şərif Lətifə, Nuranə Lətifə və başqaları özlərini postmodernist adlandırıb, metaroman yazıb metatarix yaratdıqlarını söyləyirlər. Sağ olsunlar. Lakin bu əsərlərin janrını onların özlərinin əvvəlcədən necə müəyyənləşdirdikləri bizdə şübhə doğurur. Birinci, ona görə ki, bizdə hələ də postmodernist əsərlər təmiz şəkildə mövcud deyil. İkinci, ən vacib məsələ postmodernizmin nəzəri bazası da bizdə açılmayıb, işlənməmiş qalmaqdadır. Qərbi Avropa və Amerika, Türkiyə və rus ədəbiyyatşünaslığında problem xeyli dərəcədə işlənsə də, Azərbaycan ədəbiyyatşünaslığında, fəlsəfi-estetik fikrində məsələ aydınlaşdırılmayıb. Adlarını çəkdiyimiz əksər gənc yazıçılar əsasən milli təfəkkürlü olduğundan onların mükəmməl nəzəri bazaya yiyələnmələri də hələ ki, inandırıcı görünmür.

Postmodernizm özündə nə qədər «hibridlik» daşıyıb bir sənət üslubu, tərzi kimi bütün situasiya və hallara uyğunlaşdırılıb arzu olunan istiqamətlərə çevrilməyə meylli olsa da, yalnız Qərb estetik fikri onun nəzəri və praktik bazasını qurmağa daha yaxşı müvəffəq ola bilib. Bəs belə olduğu halda Azərbaycan postmodernistləri həmin nəzəri bazanın postulatlarını yetərincə mənimsəməyə biliblərmi?! Bu sualın bizdə təsdiqedici cavabı olmayacaq. Mətni istədiyin kimi eybəcər hala salmaq hələ də postmodernistlik hesab oluna bilməz. Bunu biz Azərbaycan postmodernistlərinin əksəriyyətinin əsərləri ilə tanış olduğumuza görə söyləyirik. Azərbaycanda cücərməkdə olan postmodernist təzahürlər, bu estetikanın bədii-fəlsəfi strukturunu, kompozisiyasını, məzmun və mahiyyətini hələ nə cıza bilməyib, nə də müəyyənləşdirməyib.

Maraqlıdır ki, Azərbaycan postmodernlərinin əksəriyyəti həm nəzm, həm də nəsr nümunələrində “qüvvə”lərini sınayırlar. Məsələn, H.Herisçi «Nekroloq», «Konspiroloq» romanı ilə yanaşı, «Bu şeir Bayıl zindanında ölümə məhkum olunmuş Əhədlə vidalaşdığımdı…», «Ey, mənə bənzər insan», «Mən daim səni axtarıram…», «Ağıllı kukla» və s. kimi çoxsaylı şeirlər də yazıb. «Konspi-roloq» kitabında müəllifin dediyinə görə, burada qırx sirrin üstünü açıb. Kitabda ədəbi mətnləri, layihələri deşifrə edib. Guya əsərdə həqiqi mətn üzdə yox, dərinlikdə, gizlindədir. O, pərdə arxasında olan andeqraund ənənələrinə söykənilməklə Əl Ərəbi, Rixard Zorge, Benksi, Davud Münşizadə kimi fərqli və məxfi fiqurların yeni portretlərini yaratmağa müvəffəq olub. Əsərdə «Tehran 43», «İki qadın», «Sehrli xalat», «Pijamalı təyyarəçilər», «Bir cənub şəhərində» filmlərindən mesajlar təqdim etməklə guya Birinci və İkinci Dünya müharibələrinin əsl səbəblərini öz yozumunda ortaya qoyub.

Həmid Herisçi “disput. az” saytına verdiyi müsahibədə bildirir ki, Azərbaycana postmodernizmi o gətirib, o da aparır. Bunu necə başa düşmək lazımdır?! Bizcə, postmodernizm ədəbi-fəlsəfi-estetik bir istiqamət, cərəyan kimi lokal mədəni hadisə deyil. Buna görə də onun digər sənət cərəyanları kimi məqamı yetişəndə hər hansı regionda, mədəniyyətdə gəlişməsi zəruriyyətə çevrilir.

Aqşin Yenisey «Nəsiminin soyulmuş dərisi haqqı», «Amalyanın cib dəftəri üçün…», «Qadınlar haqqında məruzə», «Aynurənin ümidsizliyi», «Buludxan», «Məktub», «Yeni il tənhalığı», «Gecəyarısı boş küçəyə suallar», «Həmid Herisçi ilə yolüstü söhbət», «Sabahdan bütün cinayətkarlar mənəm…», «Sınmış pəncərədə ay işığı», «9 ay tora-bora mağarasında», “Yastığa hopmuş qadın” və s. şeirlərlə yanaşı, «Taqqulabdan sonra lella» (hekayə), «Göləqarğısancan» (roman) nəsr nümunələri ilə oxucularla “həmsöhbət” olmaq istəyir.

Aqşin Yeniseyin “postmodernist” “şeirləri” şeirdən daha çox publika üçün əxlaqsızlığı nümayiş etdirməyi qarşıya məqsəd qoyur. Bu mətndə estetiklikdən daha çox estetiksizlik oxucunu qıcıqlandırır. Oxucunun (tədqiqatçının) mətnə (onun müəllifinə) nifrəti daha çox artır. Bunu Aqşinin “Yastığa hopmuş qadın” “postmodernist şeir”ində illüstrasiya edə bilərik:

 

İlk ərindən boşanandan sonra

tez-tez səninlə görüşən

sonra başqa birisinə ərə gedən qadınla

bəzən yuxuda cinsi əlaqədə olursan

bu həmin qadının sənə, sənin evinə, evindəki əşyalara

hopmasından xəbər verir

adamın arxasınca hopduğu əşyalar da yox olur

 

Bu, nədir?! Bunu şeir adlandırmaq olar?! Məgər müəllif “yastığa hopmuş qadın”ın başqa xüsusiyyətlərini, özəlliklərini oxucuya çatdıra, onun diqqətini məşğul edə bilməzdimi?! Bu tipli mətnlər??? boşuna atılmış güllələrdir, istifadə edilən kağızlardır. Görəsən, bu şeirdə müəllif kimin haqqında düşünür, kimin nostaljisini çəkir?! Fikrimizcə, elə mübhəm hisslər var ki, onları yalnız bir, yaxud iki nəfərlə bölüşə bilərsən. Belə hissləri ictimailəşdirməyə lüzüm varmı? Yeri gəlmişkən bildirək ki, Aqşinin digər şeirləri də təxminən elə belə məzmundadır. Məsələn, “9 ay tora-bora mağarasında” şeirində “kişi qolları arasında qadın üçün həmişə qaranlıqdır həmişə. Qadının azadlığı qaranlıqdır”, – deməklə müəllif nə istəyir?! Və yaxud “Sınmış pəncərədə ay” şeirində:

 

“Susur pişiklərin intim səsləri

sınmış pəncərədə əl kəsir gecə

bu gecə qadınla olmağım gəlir

ruhum qoymur məni su dağıtmağa”.

 

 

Görəsən, müəllif belə cılız sətirlərlə oxucuda nəyi aşılamaq istəyir?! Belə fikirləri aləmə car çəkməyə ehtiyac varmı?!

Təəssüf ki, digər çağdaş postmodernistlərimizin də yazdıqları Aqşinin quramalarından, “şeir”, “fikir”, “ideya” icadından o yana getmir. Belə hal təəssüfedici olsa da, onun bu gün ortada olduğunu da inkar etmək doğru olmazdı.

Sevinc Pərvanənin şeir yaradıcılığı arsenalında «Yoxsan», «Fantastik», «Yerli Haykular», «Ayrılıq», «Oğluma nəsihət», «Müəllimdən rica», «Babək», «Nifrət dolu ürəyim», «Döyüş alnınıza yazılıb», «Bizim dinimiz», «Müğənni olmaq istəyirəm», «Aldanma bu qara hicablı qadına», «Mazoxist», «Atamın xatirəsinə», «Mənim sirrim» və s. bərabər, həm də «Süd», «Qadağan saatları» kimi hekayələri və «Şəhər» adlı romanı var. Sevinc Pərvanənin iki müxtəlif şeirindən gətirəcəyimiz qısa parçalar onun «postmodernist yaradıcılığı» haqqında düşünürük ki, ümumi mənzərə yaradacaq¬. «Mənim sirrim» şeirindən bir bəndə nəzər salaq:

 

Oxucularımın ən uğurlu saydığı şeirlər

Unitazda oturarkən ağlıma gələnlərdir…

 

Buyurun, bu da yeni bədii-poetik təfəkkür, postmodernist düşüncə və ifadə tərzi. Olsun. Müəllif fikir söyləməkdə sərbəstdir, azaddır. O, heç bir siyasi-iqtisadi, sosial-mədəni hədlərin və dairələrin içində qapanıb qalmaq istəmir. O, fikrini nə klassik, nə yeni dövr, nə XX əsr ədəbi-mədəni ştampları içində saxlamaqda maraqlı deyil. Bir sözlə, müstəqildir. Olsun. Buna biz də heç nə demirik. Amma azad, sərbəst fikir söyləmək üçün məgər özünə postmodernist deyən kəs öz fikir və düşüncəsini yalnız tərbiyəsiz sözlərdən yoğurub, özünü çılpaq şəkildə oxucunun gözü qarşısında qoymalıdır?!. Bəziləri deyə bilər ki, postmodernist düşüncə elə tabuların faş edilməsi ilə ortada durur. Bizsə soruşuruq: Məgər tabular aradan götürüldükdə böyük sənət nümunələri yaranır?! Yoxsa bizim postmodenistlər qulaqlarında sırğa ediblər ki, postmodernist düşüncə hər yerə, hər şeyə nüfuz etdiyindən, o belə şəkildə hər şeydən ola bilər. Qərb estetikasında bunun müəyyən hədləri, qəlibləri var və bunun praktik istifadəsi nəzəri bazayla da möhkəmləndirilir. Bəs bizimkilər bunu necə başa düşürlər? Hər halda nəzərdən keçirdiyimiz əksər nümunələrdə gənc Azərbaycan yazarlarının postmodernist düşüncəni nə şəkildə dərk etmələri bizim üçün hələ də aydınlıq yaratmır.

Xaqani Hassın yazdığı guya sürrealist «Gül və Panoptikon», «Böyüməyə proloqamena» (“Panoptikon” sözünün mənasını başa düşə bilmədik. Lakin “panoptikum” sözünün olmasından xəbərdarıq. Bu söz “pan” və yunanca “optikos” birləşməsindən əmələ gəlib “unikal, nadir əşyalar yığını” mənasını verməkdədir. Panoptikon”u necə başa düşək?!, “... proloqamena” sözü də bu qəbildəndir. Onu başa düşmək üçün bəlkə falçıya müraciət etmək gərəkdir?!) şeirlər kitabı ilə bərabər, həm də “Müasir insanın iyi”, «Burdalıq», «Ən böyük cinayətin şahidi olmur», «Ölümün taleyi», «Azad seçim», «Tarixin obyektiv inkişaf meylinə etiraz», «Natürmort sevgi», «Kölgənin ölümüdür qaranlıq» və s. nümunələri hiss və duyğularımızı qətiyyən riqqətə gətirmir. Yaxud Xaqani Hass öz oxucularıyla görüşür. Onlara dövlət, cəmiyyət, hakimiyyət haqqında, müstəqil düşüncə haqqında nələrisə demək istəyir. Lakin bütün bunlar müəllifin fərdi yaradıcılıq istiqaməti ilə təsdiqlənmir. Məlumdur ki, bədii ədəbiyyat cəmiyyət həyatının barometri olmalı, onun istəklərinin, arzularının, ehtiyac və tələblərinin ifadəçisi kimi çıxış etməlidir. Gənc Azərbaycan postmodernistləri isə bunları hələ də ifadə etməkdə əziyyət çəkirlər.

Baxın, Türkiyə ədəbiyyatında nə baş verdi: Orxan Pamuka qədər (1982-ci il) bu ədəbiyyatda postmo¬dernizmi yamsılayan əsərlər yaranmışdı. Bu daha görümlü şəkildə isə məhz Orxan Pamukda özünü təzahür etdirdi. Lakin həmin postmodernist düşüncə Tənzimat təfəkkürü içində ortada dayanırdı. Bununla belə türk postmodernist romanlarının gəlişməsinə modern romanlar təkan verdi. Məsələn, Pınar Kürün, «Yarın-Yarın» (1976), «Küçük oyunçu» (1977), «Asılacak kadın» (1979) və s. kimi romanları sonra Pınarın postmodernist tərzdə yazdığı «Cinayət Romanı»nı ortaya çıxardı. Bizim “postmodernistlər” bu məqama diqqətlə yanaşmalıdırlar.

Ümumiyyətlə, sənətin bir ədəbiyyatdan, bir ölkədən digərinə daşınması yalnız şərti xarakterlidir. İctimai-siyasi, mədəni-iqtisadi şərait yaranmayınca onun ortaya çıxması müşkül məsələdir. Bununla belə ədəbiyyatımızın inkişafına kim zərrə qədər kömək etməyə səy göstərirsə, biz onları bütün hallarda dəstəkləyəcəyik. Ədəbiyyatımızın milliliyini və estetikliyini qorumaq lazımdır, dostlar. Xalqımızın milli-mənəvi dəyərlərinə sayğı ilə yanaşın. Tariximizin, mədəniyyətimizin, ədəbiyyatımızın sabahı naminə.

 

Nizami Tağısoy

Professor

 

Xalq cəbhəsi.  2017.- 10 fevral.- S.14.